Bakıda “Oftalmologiyanın ən aktual məsələləri” mövzusunda elmi konfrans keçirilib

Aprelin 28-də akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Oftalmologiyanın ən aktual məsələləri” mövzusunda elmi konfrans keçirilib.

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzində keçirilən konfransda Azərbaycanın tibb ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.

Tədbirdə Zərifə Əliyevanın həyatı və elmi fəaliyyətindən söhbət açılıb, həmçinin görkəmli alimin mənalı ömrünün müxtəlif anlarından bəhs edən film nümayiş olunub.

Açılışda çıxış edən mərkəzin direktoru, Səhiyyə Nazirliyinin baş oftalmoloqu Elmar Qasımov bildirib ki, tibb elmində böyük xidmətləri olan görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva Azərbaycanın XX əsrdə ən tanınmış alimlərindən və şəxsiyyətlərindən biridir. Alimin Azərbaycanda oftalmologiya elminin inkişafında və dünyada tanıdılmasında müstəsna xidmətləri vardır. Bu səbəbdən də hər il unudulmaz alimin anadan olmasının ildönümü münasibətilə konfrans və digər tədbirlərin keçirilməsi ənənə halını alıb. Bu isə xeyirxahlıq mücəssəməsi, bütün ömrü boyu insanlara nur və xoşbəxtlik bəxş etmiş Zərifə xanım Əliyevaya xalqımızın dərin hörmətinin ifadəsidir.

Dəyərli elmi əsərləri ilə Azərbaycan oftalmologiya elmini dünyaya tanıdan görkəmli alimin əvəzsiz xidmətlərini xüsusi qeyd edən mərkəzin direktoru deyib ki, o, ötən əsrin 40-50-ci illərində Azərbaycanın cənub rayonlarında əhali arasında geniş yayılmış traxoma xəstəliyinə qarşı aparılan bütün mübarizə tədbirlərində fəallıq göstərib. Bu böyük praktiki iş Zərifə xanım Əliyevanın bir sıra elmi əsərlərinin əsasını yaradıb. Sonralar böyük alim sənaye müəssisələri işçilərində görmə üzvünün peşə zərərləri təsiri nəticəsində zədələnmələrinin öyrənilməsi ilə ciddi məşğul olub. Bu tədqiqatlar nəticəsində 1976-cı ildə Zərifə xanım Əliyeva “Azərbaycanda kimya sənayesinin bəzi müəssisələrində işçilərin görmə üzvünün vəziyyəti” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Peşə xəstəlikləri ilə bağlı elmi axtarışlarına görə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.

Diqqətə çatdırılıb ki, Zərifə xanım Əliyeva peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlərində də tədqiqatlar aparıb. Onun 200-dək elmi işi, 14 monoqrafiyası, 12 səmərələşdirici təklifi bu gün də aktuallığını qoruyub saxlayır. Belə bir fikir xüsusi qeyd edilib ki, görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım Əliyeva ulu öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı olub. Onun xidmətlərindən biri də budur ki, Azərbaycana Prezident İlham Əliyev kimi lider bəxş edib.

Konfransın elmi hissəsi mövzuya dair məruzələrlə davam edib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında