Dağlıq bölgədə könüllü qanvermə aksiyası

Lerik Mərkəzi Rayon Xəstəxanası əsaslı şəkildə yenidən qurulduqdan sonra burada səhiyyə islahatları daha da sürətlənib. Bir neçə ay öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rayona səfəri çərçivəsində bu böyük tibb ocağının da təntənəli açılışı olub.
Müasir rentgen, ultrasəs aparatları, mərkəzləşdirilmiş oksigen stansiyası, sterilizasiya bloku, iki əməliyyatxana və sair rayon əhalisinin sağlamlığına xidmət edir. Şöbələr tam yeniləşib, xəstəxananın dərman preparatları, ərzaqla təminatı xeyli yaxşılaşıb, xəstələrin rahatlığı və uğurlu müalicəsi üçün hər cür şərait yaradılıb. Anbar, mətbəx, soyuducu sistem, qaz, su və enerji təchizatı ən yüksək səviyyədədir.
Lerik rayonunun ucqar yaşayış məntəqələrində də əhaliyə tibb xidmətinin yaxşılaşması yönümündə mühüm işlər görülür. Kənd yerlərindəki tibb məntəqələrinin maddi-texniki bazası möhkəmləndirilir. Altı kənddə hər biri 15 çarpayılıq xəstəxanalar fəaliyyət göstərir, 19 həkim və 51 feldşer məntəqəsi yerlərdə əhalinin xidmətindədir. Ötən il səhiyyə naziri Oqtay Şirəliyev Blaband və Piran həkim məntəqələrinin açılışında iştirak edib, xeyir-dua verib, tibb heyətlərinə tövsiyələrini çatdırıb. Bir sözlə, Lerikdə abadlıq-quruculuq işlərinin ən geniş miqyasda aparıldığı sahələrdən biri məhz səhiyyə sistemidir.
Səmərəli fəaliyyət üçün yaradılan şəraitin müqabilində rayonun tibb işçiləri əhaliyə xidməti daha da yaxşılaşdırmaqdan ötrü əllərindən gələni edirlər. Hər həftənin iki günü səyyar həkim briqadaları ucqar kəndlərə ezam olunur, xəstələri yerindəcə hərtərəfli müayinədən keçirirlər. Müharibə veteranları, əlillər, şəkərli diabet xəstələri və digərlərinə baxış keçirilir, məsləhətlər verilir. Müalicəyə ehtiyacı olanlar isə səyyar briqadalar tərəfindən Mərkəzi Rayon Xəstəxanasına gətirilir.
Lerikdə xeyirxah aksiyaların keçirilməsinə də diqqət artırılıb. İki ay öncə paytaxtın tanınmış professor-həkim heyəti Yeni Azərbaycan Partiyasının xətti ilə dağlıq rayona gələrək, beş gün ərzində 850 uşağı müayinədən keçirib. Onların bəziləri qeydiyyata götürülüb, bəziləri rayonda və Bakıda müalicəyə cəlb edilib. Bu günlərdə isə Heydər Əliyev Fondunun dəstəyi, Səhiyyə Nazirliyinin və Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilib. Xəstəxananın qarşısında böyük izdiham yaranmışdı. Hər kəs qan xəstəliklərindən əziyyət çəkən talassemiyalı, hemofiliyalı soydaşlarımıza kömək məqsədi ilə həyatverici aksiyaya qoşulmaqdan şərəf duyurdu. Təkcə bir gün ərzində 18-65 yaşlı 170 nəfərin könüllü qan verməsi paytaxtdan gəlmiş mütəxəssislər tərəfindən heyranlıqla qarşılanıb. Rayon rəhbərliyinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, müxtəlif peşə sahibləri, xüsusilə də tibb işçiləri yüksək səviyyədə keçən aksiyada xüsusi fəallıq göstəriblər.
Beləliklə, Respublika Mərkəzi Qan Bankına xeyli miqdarda şəfagətirici qan göndərilib. Bu, qan xəstəliklərindən əziyyət çəkən minlərlə insana yardım baxımından önəmli və ibrətamiz bir aksiya olub.

{nl}

Əli Nəcəfxanlı,"Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında