Səhiyyənin inkişafı və muxtar respublika əhalisinin sağlamlığına qayğı daim diqqət mərkəzindədir

Ulu Naxçıvan diyarının keçdiyi 90 illik şərəfli bir yol. Sirr deyil ki, bu yolda intəhasız əzab-əziyyət çəkilib, məşəqqətlər başdan aşıb. Yadellilərə qarşı müharibə, iqtisadi çətinlik qədim yurd yerimizi çox sınağa çəkib. Son 20 ilin isə bu yurdun tarixində xüsusi yeri var. O mənada ki, ötən əsrin sonlarında erməni daşnaklarının təcavüzkar siyasəti nəticəsində blokadaya alınmış Naxçıvan bu illərdə sürətli bir inkişaf dövrünə imza atıb. Qəhrəmanlıq, yurdsevərlik isə odur ki, belə bir ağır zamanda yaşam tərzini qurasan, torpağının varlığını, inkişafını dünyaya bəyan edəsən.

Danılmaz faktdır ki, bu torpaq sevgisi, yurd məhəbbəti muxtar respublikanın hər qarışını əhatə edib. Biz jurnalistlərinsə vəzifəsi bu inkişafın hər bir sahəsini qələmə almaqdır. Çünki gələcək nəsillər bu gün vətən uğrunda fədəkarcasına çalışılanlar barədə həm də qəzet səhifələrindən öyrənəcəklər. Biləcəklər ki, sovet dövrünün miskinliyindən qurtulmuş regionumuzun hərtərəfli tərəqqi etməsi məhz qəlbi vətən  məhəbbəti ilə döyünənlərin, millət sevgisi ilə yaşayanların rəşadətli əməyinin bəhrəsidir. Onu da öyrənəcəklər ki, düşünülmüş, planlı şəkildə gələcəyə yol almış bu inkişaf tablosunda səhiyyəmizin məxsusi yeri var. Çünki bu günümüz kimi, gələcəyimiz də yalnız sağlam insanların sağlam düşüncələri üzərində qurulacaqdır.

Sözsüz ki, insanların baş tacı onların sağlamlığıdır. Amma xəstəliklərdən də heç zaman sığortalanmamışıq. Xoşbəxtik ki, artıq səhiyyənin acınacaqlı illəri arxada qalmışdır. İndi səhiyyə infrastrukturunda aparılan islahatlar nəticəsində gündən-günə yeni nailiyyətlər əldə olunur. Əlbəttə, bu yazıda söhbət yalnız muxtar respublika səhiyyəsindən gedir və qürurverici haldır ki, bu gün səhiyyəmiz zirvələrə doğru addımlayır? Bu yüksəlişdən dönüb geriyə baxanda nələri xatırlamırıq. Bu yerdə eşitdiyım bir faktı yada salmağı özümə borc bilirəm. İnsanların sağlamlığına “böyük qayğı göstərilən” sovet hakimiyyəti dövründə Şahbuz rayonunun Zırnel kəndində bir neçə günün içərisində yoluxucu xəstəlikdən adamların kütləvi halda öldüyünü görən kənd ağsaqqallarından biri digərinə deyib ki, çıx təpənin başına, kəndə tərəf qışqır ki, “daha qəbristanlıqda yer yoxdur, gətirməyin”.

Baxın, səhiyyənin “səviyyəsi” əlacsız insanları nəyə  aparırmış o zaman?! İstər rayon mərkəzlərində, istər də kəndlərimizdə insanlara tibbi xidmət yarıtmaz vəziyyətdə idi. Əlbəttə, danılmaz faktdır ki, ümummilli liderimiz Heydər Əliyevin sovetlər birliyi dövründə Azərbaycanda siyasi hakimiyyətə gəlişindən sonra ölkəmizin əksər regionlarında olduğu kimi, Naxçıvanda da sosial-iqtisadi inkişaf tamamilə yeni mərhələyə qədəm qoydu. Bu dövrdə təhsilə, səhiyyəyə qayğı tibbi kadrların da yetişməsinə təkan verdi. Bu illərdə muxtar respublika gəncləri qarşısında həkimlik peşəsinə yiyələnmək bir vəzifə kimi durdu.

Ümummilli liderin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışından sonra  həyata keçirməyə başladığı islahatların içərisində Naxçıvandakı universitetlərdə  tibb fakültəsinin yaradılması da yurd sevgisinin böyük ifadəsidir. “Səhiyyə xalqımızın sağlamlığı və gələcəyidir”,-deyən ulu öndər Heydər Əliyev hər zaman bu sahəyə diqqətlə yanaşıb, xüsusi qayğı göstərib. Ölkədə səhiyyənin səmərəsinin yüksəldilməsi, inkişafının intensivləşdirilməsi üçün maddi-texniki bazanın yaradılması istiqamətində əvəzsiz işlər görüb. Bunun sayəsində  muxtar respublikada yeni, müasir tipli səhiyyə müəssisələri həyata vəsiqə alıb. 19 illik qısa bir dönəmdə burada iri sıçrayışla irəliləyən səhiyyə sektorunda indiyədək müxtəlif təyinatlı sağlamlıq obyektlərinin tikilərək və ya yenidən qurularaq istifadəyə verilməsi faktları həm də onu deməyə haqq verir ki, Naxçıvanda səhiyyə sektorunda aparılan kompleks islahatlar ulu öndərin layiqli davamçıları tərəfindən ardıcıllıqla həyata keçirilir.

2006-cı ildə dövlət başçısı İlham Əliyevin iştirakı ilə həyata vəsiqə alan Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi də həyata keçirilən səhiyyə siyasətinin parlaq nümunəsidir. Unikal gözəlliyi və avadanlıqlarının müasirliyinə görə əvəzsiz bir sağlamlıq mərkəzi olan bu tibb ocağı ötən illərdə Naxçıvan səhiyyəsinin tarixində elə bir iz buraxıb ki, bunu bütünlükdə sovetlər birliyi dövründə əldə edilmiş nailiyyətlərlə müqayisə etmək olar. Bu nailiyyətləri Naxçıvan səhiyyəsinin tarixində inqilab, intibah dövrü adlandırmaq olar. İndi öz fəaliyyəti ilə nəinki muxtar respublikada, eyni zamanda, ətraf bölgədə də yaxşı tanınan bu şəfa ocağında Naxçıvan səhiyyəsinin tarixində ilk dəfə olmaqla, bir çox diaqnostik və müalicə üsulları həyata keçirilib. İlk dəfə böyrək köçürülməsi, yemək borusunun plastikası, süni oynaq köçürülməsi, boyun fəqərəsinin çıxığının cərrahi yolla yerinə salınması, ümumi narkoz vermədən (onurğa beyni ağrısızlaşdırması ilə) açıq ürək əməliyyatı aparılması Naxçıvanda cərrahi fəaliyyətin zirvəsi sayıla bilər. Burada muxtar respublika üçün daha bir yenilik laparoskopik və sistoskopik yolla endoskopik əməliyyatların aparılması olub. Bu tibbi terminlərə bir az aydınlıq gətirərək qeyd edək ki, bu əməliyyatın biri Babək rayonunun Hacıvar kəndindən olan 53 yaşlı Fərman Məmmədovun üzərində həyata keçirilib. Xəstədə mədənin funksiyası tamamilə pozulduğundan onun götürülməsi üçün təcili cərrahi əməliyyat aparılıb. Ən müasir tibbi aparat və cihazların tətbiqi ilə həkimlər bu əməliyyatı müvəffəqiyyətlə həyata keçiriblər.

Muxtar respublikada daha bir iri səhiyyə obyekti “Duzdağ” Fizioterapiya Mərkəzidir. Hazırda yeraltı və yerüstü şöbələrdən ibarət xəstəxanaya Türkiyə, Rusiya, İran, Gürcüstan, Qazaxıstan, Özbəkistan və daha neçə-neçə ölkələrdən gələn insanlar tərəfindən bu müalicə mərkəzinin şöhrəti dünyaya yayılıb. Burada bronxial astma və astmatik komponentli xəstələrin sağlamlığı bərpa olunur. Bu möcuzəvi müalicəxanaya baxanda düşünürsən ki, uzaq keçmişdən duzu karvan-karvan dünya ölkələrinə daşınan Duzdağın qoynuna indi müxtəlif ölkələrdən sağlamlıq sorağı ilə gəlirlərsə və Naxçıvan şəfa mənbəyi kimi beynəlxalq səviyyədə tanınınırsa, bunun arxasında yurd sevgisi dayanıb.

Ümumiyyətlə, muxtar respublikanın bütün bölgələrində yüksək memarlıq üslubu ilə inşa olunan, hər cür tibbi ləvazimatla təchiz edilən səhiyyə obyektləri bir gercəkliyi vurğulayır: dövlətimizin əsas amili insan sağlamlığıdır. Elə 2009-cu ildə həyata vəsiqə alan Doğum Mərkəzi də bunu özündə əks etdirir. Nümunəvi şərait yaradılmış Mərkəz muxtar respublikada, qadınların, anaların, həmçinin dünyaya göz açan körpələrin sağlamlıqlarının tam təmini məqsədilə inşa olunub. Mərkəzin nümunəvi fəaliyyəti, ölkə başçısı cənab İlham Əliyevin bu sözlərindəki həqiqəti təsdiq edib: “Son illər ölkədə gedən quruculuq, abadlıq işləri nəticəsində Azərbaycanda uşaq ölümü kəskin şəkildə aşağı düşüb. Naxçıvanda isə bu göstərici inkişaf etmiş ölkələrin səviyyəsindən də aşağıdır. Nəyə görə? Çünki lazımi səviyyədə tibbi xidmət göstərilir. Naxçıvanda artıq təcili tibbi yardım avtomobillərinin sayı da artıb, yəni bu maşınlar vasitəsilə istənilən anda ağır xəstəyə tibbi yardım göstərmək mümkündür. Naxçıvandakı hər bir yaşayış məntəqəsinin gözəl tibb məntəqəsi, tibb ocağı vardır və onlar yüksək səviyyəli, keyfiyyətli avadanlıqla təchiz olunub”.

Bəli, bu gün nəinki muxtar respublikanın şəhər və rayonlarında, həmçinin kəndlərimizdə, sərhəd məntəqələrimizdə tibb ocaqlarında yüksək şərait yaradılıb, günün bütün saatlarında qəflətən ağır vəziyyətə düşən xəstələri abad yollarla, təcili yardım maşınları ilə lazimi səhiyyə ocağına çatdırmaq imkanına nail olunub.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Babək rayonunda səhiyyənin vəziyyəti ilə əlaqədar bir çox kənddə olmuşuq, insanlarla söhbət bir həqiqəti təsdiq edi: əgər dünənəcən Nehrəm kənd sakini, uşaqlıqdan böyrəyindən əziyyət çəkən, bir ayağı xarici ölkələrdə qalan, xeyli vəsait xərcləyən Heydər Muxtaroğlu və eləcə də onun kimi 3 xəstə indi yaxınlıqda, rayon mərkəzindəki xəstəxanada hemodializ aparatı vasitəsilə müalicələrini davam etdirirlərsə, bu sözsüz ki, dövlətimizin insanlara qayğısının əyani göstəricisidir. Bu xəstələr rayonda yeni, cari ilin yanvar ayında istifadəyə verilən dördmərtəbəli binada yaradılan şəraitdən, onlara göstərilən həkim qayğısından ağızdolusu razılıq edirlər.

Babək rayonunun iki böyük kəndi əhalisinin sayına görə muxtar respublika üzrə iri yaşayış məntəqəsi sayılır - Nehrəm və Cəhri. Bu kəndlərin hər birində bu gün ikimərtəbəli, yaraşıqlı səhiyyə ocağı əhaliyə xidmət edir. Rayon Mərkəzi Xəstəxanasında yaradılan şərait eynilə bu kəndlərdə də yaradılıbsa, bu, intibahı əks etdirmirmi? Əlbəttə etdirir.

Cəhri kənd xəstəxanasının 36 illik təcrübəyə malik tibb işçisi Zöhrə Kərimova səhiyyənin inkişafından ağızdolusu danışdı: “Xəstəxanamız elə bir vəziyyətdəydi ki, hər an qorxurduq tavan başımıza uçacaq. Dərman tapa bilmirdik, təmizlik yox idi. Bu şəraitdə uşaqların, anaların xəstələnməsi də qaçılmaz idi. Amma elə təkcə bu il Cəhridə 108 uşaq doğulub, körpələr də, analar da sağlamdırlar”. Əlavə etdi ki, cari ilin fevral ayında əsaslı təmir olunub yenidən qurulan ikimərtəbəli, 20 çarpayılıq xəstəxanamızda bu gün stasionar və poliklinika şöbələri, eləcə də doğuş və ginekologiya bölməsi fəaliyyət göstərir, işıqlı palatalar, stomatologiya, ultrasəslə müayinə, rentgen, peyvənd kabinələri, laboratoriya, fizioterapiya, bufet, yeməkxana və s. otaqlar var, xəstəxana ultrasəslə müayinə, mobil və stomatoloji rentgen aparatları, stomatoloji qurğu, doğuş və cərrahi alət dəstləri, EKQ, hematoloji avtoanalizator və fizioterapiya aparatları ilə təmin edilib. Baxın, bu bir kənd xəstəxanasında yaradılan şəraitdir. Təkcə bu kənddəmi? Qeyd edək ki, bu gün Naxçıvan MR-də əhaliyə ümumilikdə 237, o cümlədən Babək rayonunda 34 səhiyyə müəssisəsi tərəfindən tibbi xidmət göstərilir və hamısında da özünəxas gözəl şərait yaradılıb. Muxtar respublikamızda, eləcə də Babək rayonunda səhiyyə coğrafiyasının inkişafını təsdiq edən faktlardır ki, bu gün ikimərtəbəli həkim ambulatoriyaları inşa olunur, sərhəd kəndlərimiz Gərməçataq, Buzqovda belə əhaliyə yardım edə bilmək vəzifəsinə malik tibb ocaqları fəaliyyət göstərir.

 Rayon Mərkəzi Xəstəxanasının açılış mərasimində Ali Məclisin sədri Vasif Talıbov muxtar respublika səhiyyəsində islahatının bəhrələrini diqqətə çatdırmışdır: “Ölkəmizdə, eləcə də muxtar respublikamızda səhiyyə sahəsində həyata keçirilən tədbirlər nəticəsində təhlükəli yoluxucu və infeksion xəstəliklərin qarşısı alınmış, bu xəstəliklərin statistikasında azalma olmuş, ana və uşaq ölümləri minimuma endirilmişdir”.

Sözsüz ki, əgər bu gün xəstələr pulsuz dərmanlarla təmin olunursa, sağlam gələcəyimiz naminə orta məktəblərdə yoxlamalar aparılırsa, profilaktiki tədbirlər həyata keçirilirsə, anaların, körpələrin vaxtlı-vaxtında müayinəsi həyata keçirilirsə və bu gün müxtəlif ixtisaslı həkim briqadaları təşkil edilərək sıra ilə bütün yaşayış məntəqələrində yaşından, vəzifəsindən asılı olmayaraq insanları yoxlamadan keçirirsə, bu, sağlamlığa göstərilən qayğının insanlara bəxş etdiyi layiqli töhfələrdir. Burda bir haşiyə çıxmağı özümə borc bilirəm. Elə bu gün diyarımızda aparılan çoxşaxəli quruculuq işləri də sağlamlığımıza qayğı kimi diqqət çəkir. Çünki insanlara işıqlı, müasir binalarda, təmiz havalı otaqlarda işləmək imkanı qazanılırsa, həmçinin yaşayış binaları təmir olunursa, hər bir bina istilik sistemi, işıqla təmin edilirsə, axan sular, dağ bulaqları evlərimizin içinəcən çəkilib gətirilirsə, bu, bizə “sağlamlığımıza tükənməz qayğı var”, -deməyə söz haqqı verir. Konkret olaraq qeyd edək ki, muxtar respublikada əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi bu gün dövlətimizin qarşısında duran əsas vəzifələrdəndir. Həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində regionumuzda yeni səhiyyə ocaqları tikilməkdə, müasir dövrün tələbinə cavab verməsi üçün təmirə ehtiyacı olanlar əsaslı surətdə yenidən qurulmaqda, ən müasir tibbi avadanlıqlarla təchiz olunmaqdadır. Bu şəfa ocaqlarına baxdıqca isə düşünürsən ki, diyarımızda səhiyyə sistemi özünün ən sürətli inkişaf dövrünü yaşayır. İnamla demək olar ki, Naxçıvan MR Ali Məclisi sədrinin “Dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır”, - prinsipi əsas götürülərək, muxtar respublikada əhalinin sağlamlığının qorunması, tibbi profilaktikanın genişləndirilməsi, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası bundan sonra da daim diqqət mərkəzində saxlanılacaqdır.

Hafizə ƏLİYEVA,
Babək rayonu,
“Şərqin səhəri” qəzetinin redaktoru,
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında