Azərbaycan Respublikasının Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın “Varian Medikal Sistems” şirkəti arasında əməkdaşlıq sazişi imzalandı

Milli Onkologiya Mərkəzinə rəsmi olaraq beynəlxalq tədris və məsləhət mərkəzi statusu verildi

Oktyabrın 8-də Azərbaycan Respublikasının Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın xərçəng xəstəliyində şüa müalicəsinin aparılması üçün ən müasir texnologiyalar layihələşdirən və istehsal edən “Varian Medikal Sistems” şirkəti arasında əməkdaşlıq sazişi imzalandı.

AzərTAc xəbər verir ki,  əməkdaşlıq sazişini Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev və “Varian Medikal Sistems” şirkətinin vitse-prezidenti Fritz Derrer imzaladılar. Bununla da Milli Onkologiya Mərkəzinə rəsmi olaraq beynəlxalq tədris və məsləhət mərkəzi statusu verildi.

İmzalanma mərasimində çıxış edən Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev Azərbaycanda onkologiya sahəsində dövlət başçısının rəhbərliyi altında mühüm nailiyyətlər əldə olunduğunu diqqətə çatdırdı, onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verdi. Vurğulandı ki, Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın “Varian Medikal Sistems” şirkəti arasında imzalanan əməkdaşlıq sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial siyasətin bəhrəsidir. İmzalanan saziş Azərbaycan Milli Onkologiya Mərkəzində onkoloji xəstələrə yardımın yüksək səviyyəsinin dünyanın digər lider klinikalar tərəfindən qəbul olunmasını təsdiq edir. Saziş, eyni zamanda, tərəfdaşlar arasında əməkdaşlığın daha da genişləndirilməsinə, müasir texnologiyaların Azərbaycana daha qısa müddətdə gətirilməsinə, xarici mütəxəssislərlə geniş fikir mübadiləsi aparılmasına imkan verəcəkdir. Nəticədə ölkə əhalisinə göstərilən onkoloji xidmət daha yüksək səviyyədə olacaqdır.

Diqqətə çatdırıldı ki, Milli Onkologiya Mərkəzinin yüksək kadr potensialına malik şüa müalicəsi şöbəsində hər gün 200-250, il ərzində isə 3 minədək xəstəyə radioterapiya aparılır. “Varian Medikal Sistems” şirkətinin Bakı beynəlxalq tədris və məsləhət mərkəzində radioterapiya üzrə praktiki nümunəvi məşğələlər tədris olunacaq, xarici ölkələrdən olan həkimlər üçün radioterapiyanın müasir metodlarına həsr edilmiş klinik proqramlar üzrə dərslər təşkil olunacaqdır. Eyni zamanda, Azərbaycanın radiasion onkoloqları ilə yanaşı, digər mütəxəssislər - fiziklər, mühəndislər və texniklər üçün seminarlar nəzərdə tutulur.

Qeyd edildi ki, radioterapiya, steriotaktik radiocərrahiyyə və şüa müalicəsinin müasir metodlarla aparılması olduqca mürəkkəb işdir. Bu müalicə metodları yüksək hazırlıqlı kadrlar və müasir texnologiyalar tələb edir. Milli Onkologiya Mərkəzində bu istiqamətdə davamlı işlər aparılır. Şüa müalicəsi şöbəsində ən müasir kompyuter proqramları ilə təchiz edilmiş 5 xətti sürətləndirici, yüksək enerjili braxiterapiya, komyuter tomoqraf simulyator və digər qurğular fəaliyyət göstərir. Ən müasir universal şüalandırma qurğusunun (Trubim-STX) bu il mərkəzdə quraşdırılması sona çatmışdır. Artıq bu aparatda xəstələrə müvəffəqiyyətlə radioterapiya aparılır.

“Varian Medikal Sistems” şirkətinin vitse-prezidenti Fritz Derrer isə təmsil olunduğu şirkətin fəaliyyəti barədə məlumat verərək bildirdi ki, beynəlxalq tədris və məsləhət mərkəzi statusu ancaq ən müasir texnologiyalara, yüksək ixtisaslı kadrlara, xəstələrin müayinə və müalicəsində böyük təcrübəsi olan klinikalara verilir. Belə mərkəzlər Avropanın 5 ölkəsində mövcuddur və bağlanan sazişlə yeni bir mərkəz Bakı şəhərində Milli Onkologiya Mərkəzində fəaliyyət göstərəcəkdir.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında