Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ürək-damar bölməsində 150 açıq ürək əməliyyatı uğurla həyata keçirilib

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının ürək-damar bölməsində 150 açıq ürək əməliyyatı uğurla həyata keçirilib.

AzərTAc xəbər verir ki, bu barədə iyulun 22-də keçirdiyi mətbuat konfransında hospitalın ürək-damar bölməsinin rəisi, tibb xidməti mayoru Anar Əmrah məlumat verdi.

Anar Əmrah bildirdi ki, doqquz aydır fəaliyyətdə olan ürək – damar bölməsi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində açılıb. Açılış zamanı Ali Baş Komandan hər cür son model avadanlıqla təchiz edilmiş bölməmizdə təkcə hərbiçilərə deyil, bütün ölkə vətəndaşlarına xidmət göstərilməsini tövsiyə edib.

A.Əmrah dedi ki, 30 nəfərdən ibarət tibb komandamız üç il Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının Ürək Damar Mərkəzində xüsusi təlim və təhsil keçib. Sonra Bakıya dönən həmin heyət hazırda Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yeni tikilmiş II müalicə korpusunda açılmış ürək-damar bölməsində fəaliyyət göstərir. Doqquz ay əvvəl bu bölmədə açıq ürək əməliyyatları həmin komanda ilə birlikdə uğurla başlayıb. Bölmədə açıq ürək əməliyyatları hərbi kadrlar tərəfindən icra edilib. İndiyədək 150 açıq ürək əməliyyatı uğurla həyata keçirilib. Şükürlər olsun ki, bu əməliyyatlar zamanı heç bir tələfat olmayıb. Əməliyyat olunanların arasında hərbiçi, onların ailə üzvləri, uşaqları və mülki şəxslər olublar. Həmçinin bu müddət ərzində mərkəzimizdə ürəyi dayandırmadan aorta- koronar şuntlama əməliyyatları, kiçik kəsikdən ürək əməliyyatları, aritmiya cərrahiyyələri və aritmiyanın kataterlə müalicəsi, qapaq əməliyyatları və təmiri, uşaqlarda anadangəlmə ürək qüsurlarının müalicəsi həyata keçirilib.

Rəis qeyd etdi ki, cəbhə bölgəsində səngərdə ümumi yuxu arteriyasının tam qopması ilə zədələnən əsgər hərbi ambulans helikopterlə təcili olaraq hospitala çatdırılıb və burada uğurlu əməliyyatla beyinə gedən yuxu arteriyası öz venası ilə əvəz edilərək bərpa olunub. Əsgər 1 ay sonra sağ-salamat evinə göndərilib.

Damar xəstəliklərinin ən ağır fəsadlarından biri ağciyərlərin tromboemboliyasının sayıldığını deyən həkim vurğuladı ki, bu diaqnoz qoyulan bir çox xəstələr həyatlarını itirirlər. Ancaq ABŞ-da yeni tətbiq olunan üsulu ilk dəfə biz klinikamızda tətbiq edərək böyük uğur qazandıq. Nəticədə sağ ağciyərin massiv tromboemboliyası olan 59 yaşında xəstənin ağciyər arteriyasına xüsusi katater yerləşdirilərək ultrasəs dalğaları və trombolitik dərmanlarla 15 saat ərzində trombun 95 faizi əridilərək xəstənin tənəffüsü bərpa edildi. Eyni zamanda, gələcəkdə aşağı ətrafdan ağciyərə tromb getməsinin qarşısını almaq üçün aşağı boş venaya xüsusi filtr yerləşdirildi.

Bölmənin rəisi diqqətə çatdırdı ki, dövlətimizin başçısının tapşırığına əsasən, Silahlı Qüvvələrinin Baş Klinik Hospitalı ən aşağı qiymətləri müəyyən edib. Hərbiçilərin ailələri xüsusi güzəştlərə malikdirlər.

Anar Əmrahın sözlərinə görə, ürək-damar bölməsi ən son elmi-texniki nailiyyətlərə əsaslanan avadanlıqla təchiz edilib. Bölmədə 5 əməliyyat salonu mövcuddur. Burada gündə 10 açıq ürək əməliyyatı aparmaq imkanı vardır.

AzərTAc 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında