İsmayıllıda tibb işçilərinin peşə bayramı qeyd olundu

Bu gün İsmayıllı səhiyyəsindən həvəslə danışmaq olar. Xəstələrin rayondan Bakıya - mərkəzə getməsinə heç ehtiyac da yoxdur. Çünki həm həkimlər peşəkardırlar, həm də xəstələrin müalicəsi üçün hər cür şərait yaradılıb. Bəli, bu, həqiqətdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ayrılmış vəsaitlə yenidən qurulan və müasir tələblər əsasında təmir olunan rayon mərkəzi xəstəxanasında işlər artıq başa çatıb. Yeni tibb avadanlıqları, diaqnostika və müalicə aparatları quraşdırılıb, həkim kabinetləri bütün ləvazimatlarla təchiz edilib. 2013-cü ildə isə Lahıc qəsəbəsində və İvanovka kəndində yeni xəstəxana, Topçu və Tircan kəndlərində həkim ambulatoriyası istifadəyə verilib. Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına Uşaq poliklinikasının dam örtüyü yeni formada dəyişdirilib, müasir üslubda təmir edilib, ətrafı abadlaşdırılıb. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov “Hər kənddə kitabxana, tibb məntəqəsi və məktəb” təklif layihəsini hazırlayıb, əlaqədar təşkilatlara təqdim edib. Bugünkü mənzərə bax belədir. Demək, təqdir olunan layihələrin rayon üzrə həyata keçirilməsi çox zaman aparmayacaq.

Bir sözlə, 121 nəfər həkimin, 664 nəfər orta tibb və digər xidmət işçilərinin çalışdığı İsmayıllı səhiyyə sisteminin inkişafı və maddi-texniki bazasının yaxşılaşdırılması ilə əlaqədar böyük proqram hazırlanıb.

Bütün bunlardan və səhiyyə sahəsindəki digər nailiyyətlərdən Heydər Əliyev Mərkəzində keçirilən Tibb işçilərinin peşə bayramında ətraflı söhbət açıldı.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. Sonra ulu öndərin adını daşıyan Mərkəzə gəlib, Azərbaycan səhiyyəsinə həsr olunmuş filmə tamaşa etdilər.

Təntənəli tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova açdı. Rayon mərkəzi xəstəxanasının baş həkimi, tibb elmləri namizədi Avtandil Rəhimov çıxış edərək səhiyyəyə göstərilən dövlət qayğısından danışdı. Bildirdi ki, dövlət başçımız cənab İlham Əliyevin səhiyyəyə xüsusi qayğısından günlərlə danışmaq olar. Bu gün Azərbaycanın hər bir şəhər və rayonunda müasir tibb müəssisələri tikilir, onlar dünya standartlarına cavab verən avadanlıqlarla təchiz olunur. Əhalinin sağlamlığını hər şeydən üstün tutan Prezidentin tapşırığı ilə bütün ölkə vətəndaşları pulsuz tibbi müayinədən keçdilər. Mən qətiyyətlə bildirirəm ki, dünyanın heç bir ölkəsində dövlət başçısı tərəfindən belə bir humanitar aksiyanın keçirilməsi görünməyib. Həmin günlərdə həm səhiyyə nazirimiz Oqtay Şirəliyev, həm də rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov daim bu xeyirxah tədbiri nəzarətdə saxlayıb, bizə köməklik göstəriblər.

Tədbirdə çıxış edən digər natiqlər də ölkədə son illər səhiyyə sistemində aparılan islahatlardan və bu sahədə qazanılan uğurlardan danışdılar.  

Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tibb işçilərini təbrik etdi, dövlət səhiyyə siyasətinin uğurlarından, xidmət sahələrində bundan sonra daha çox iş görüləcəyindən, əhalinin sağlamlığının təmin olunması üçün daha əsaslı tədbirlər həyata keçiriləcəyindən danışdı.

Sonra bir qrup qabaqcıl tibb işçisinə rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı və pul mükafatları təqdim edildi.

Rayon rəhbəri tədbir başa çatdıqdan sonra tibb işçiləri ilə görüş keçirdi, hər birinin arzu və təkliflərini dinlədi, problemləri və qayğıları ilə maraqlandı.

 

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında