Azərbaycan travmatoloq və ortopedlərinin I qurultayı

Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Dünya standartlarına uyğun  inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin  nüfuzu beynəlxalq aləmdə nəzərəçarpacaq dərəcədə artmışdır.

Bu fikirlər  mayın 17-də Bakıdakı “Hyatt Regency” mehmanxanasında öz işinə başlamış Azərbaycan travmatoloq və ortopedlərinin I qurultayında səsləndirilmişdir.

Qurultayın açılışında çıxış edən Səhiyyə Nazirliyinin tibbi profilaktika şöbəsi müdirinin müavini Yusif Babayev  son on ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səhiyyəyə göstərdiyi qayğı nəticəsində yeni tikilən və ya əsaslı təmirdən çıxan 500-dən artıq tibb ocağının ən müasir avadanlıqla təchiz edildiyini, hazırda ən ucqar bölgələrdə belə mürəkkəb əməliyyatların aparıldığını diqqətə çatdırmışdır.

Səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş 11 proqramın uğurla icra olunduğunu söyləyən Səhiyyə Nazirliyinin rəsmisi demişdir ki, xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi ilə təmin olunması problemi ölkə başçısının qayğı və diqqəti nəticəsində öz həllini tapmışdır. Hazırda respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 30, o cümlədən regionlarda 23 mərkəzdə 2300-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur.

Qeyd edilmişdir ki, ölkələr arasında siyasi, iqtisadi və elmi münasibətlər inkişaf etdikcə, Azərbaycan səhiyyəsinin beynəlxalq aləmə inteqrasiyası artır, əlaqələri genişlənir və səhiyyəmizin beynəlxalq aləmdə nüfuzu getdikcə artır. Azərbaycanın Dünya Səhiyyə Təşkilatının qanunverici strukturlarına seçilməsi artıq xoş bir ənənəyə çevrilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2005-ci ildən etibarən ardıcıl olaraq bu təşkilatın ali orqanlarında təmsil olunmuşdur. Bununla yanaşı, Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatları, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, İtaliya, Rumıniya, Litva və digər ölkələrlə səhiyyə və tibb elmi sahəsində imzalanmış ikitərəfli müqavilələr əsasında əməkdaşlıq aparılır.

Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş travmatoloqu Vaqif Verdiyev isə Azərbaycanda travmatologiya və ortopediyanın inkişaf mərhələlərindən danışmışdır. Bildirmişdir ki, Azərbaycanda keçən əsrin əvvəllərindən formalaşmağa başlayan travmatologiya və ortopediya elmi beynəlxalq standartlara uyğunlaşma tendensiyasını yaşayır. Hazırda Azərbaycanda əsasən Türkiyə və digər ölkələrdə rezidentura (təhsilini) bitirmiş 100-dən artıq istedadlı mütəxəssis çalışır və innovasion texnologiyaların tətbiqi sahəsində mühüm işlər görür.

 Baş travmatoloq qeyd etmişdir ki, regionlarda səhiyyə sisteminin səviyyəsi elə olmalıdır ki, xəstələr müalicə üçün paytaxta üz tutmasınlar. Bu, indi bizim qarşımızda duran mühüm məsələdir. Elə qurultayın keçirilməsində də əsas məqsəd ölkəmizdə bu sahə üzrə vəziyyətin təhlil edilməsi, vətəndaşlara yalnız paytaxtda deyil, bölgələrdə də yüksək səviyyəli ixtisaslaşmış tibbi yardımın göstərilməsinə nail olmaqdır.

Sonra Azərbaycanda travmatologiya və ortopediya təhsili, eləcə də rezidentura təhsilinin vəziyyətinə dair  iştirakçılara məlumat verilmişdir.

Daha sonra qurultay bölmə iclaslarında işini davam etdirmişdir. Bölmə iclaslarında Gəncə, Sumqayıt, Lənkəran, Naxçıvan və digər regionlarda çalışan travmatoloq-ortopedlərin bölgələrdəki vəziyyət və çatışmazlıqlarla bağlı məruzələri dinləniləcəkdir. Eyni zamanda, qurultayda bu sahədə çalışan mütəxəssislərin uğur və problemləri, yeni formalaşan rezidentura təhsil sisteminin təşkili və inkişaf yolları ilə bağlı müzakirələr aparılacaqdır.

 Mayın 18-də isə travmatoloqlar “Oynaq xəstəlikləri və böyük oynaqların protezləşdirilməsi” və “Onurğa cərrahiyyəsi” üzrə fikir mübadiləsi aparacaqlar.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında