Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü münasibətilə beynəlxalq elmi konfrans

 

 “Oftalmologiyanın problemləri və son nailiyyətləri”

Aprelin 28-də akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Oftalmologiyanın problemləri və son nailiyyətləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, görkəmli oftalmoloq alim Zərifə Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzində keçirilən konfransda Azərbaycanın tibb ictimaiyyətinin tanınmış nümayəndələri, eləcə də Rusiya Federasiyasının tanınmış tibb  mütəxəssisləri iştirak etmişlər.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə güllər düzülmüşdür.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə əklil qoymuşlar.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində keçirilən tədbirdə görkəmli alimin mənalı ömür yolundan və elmi fəaliyyətindən danışılmışdır.

Konfransın açılışında çıxış edən mərkəzin direktoru, Səhiyyə Nazirliyinin baş oftalmoloqu Elmar Qasımov bildirmişdir ki, tibb elmində böyük xidmətləri olan görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva Azərbaycanın XX əsrdə ən tanınmış alimlərindən və şəxsiyyətlərindən biridir. Alimin Azərbaycanda oftalmologiya elminin inkişafında və dünyada tanıdılmasında müstəsna xidmətləri vardır. Bu səbəbdən də hər il unudulmaz alimin anadan olmasının ildönümü münasibətilə konfrans və digər tədbirlərin keçirilməsi ənənə halını almışdır. Bu isə xeyirxahlıq mücəssəməsi, bütün ömrü boyu insanlara nur və xoşbəxtlik bəxş etmiş Zərifə xanım Əliyevaya xalqımızın dərin hörmətinin ifadəsidir.

Böyük elmi əsərləri ilə Azərbaycan oftalmologiya elmini yüksəklərə qaldıran görkəmli alimin əvəzsiz xidmətlərini xüsusi qeyd edən mərkəzin direktoru demişdir ki, o, ötən əsrin 40-50-ci illərində Azərbaycanın cənub rayonlarında əhali arasında geniş yayılmış traxoma xəstəliyinə qarşı aparılan bütün mübarizə tədbirlərində fəallıq göstərmişdir. Bu böyük praktiki iş Zərifə xanım Əliyevanın bir sıra elmi əsərlərinin əsasını yaratmışdır. Sonralar böyük alim sənaye müəssisələri işçilərində görmə üzvünün peşə zərərləri təsiri nəticəsində zədələnmələrinin öyrənilməsi ilə ciddi məşğul olmuşdur. Bu tədqiqatlar nəticəsində 1976-cı ildə Zərifə xanım Əliyevaya “Azərbaycanda kimya sənayesinin bəzi müəssisələrində işçilərin görmə üzvünün vəziyyəti” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Peşə xəstəlikləri ilə bağlı elmi axtarışlarına görə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür.

Diqqətə çatdırılmışdır ki, Zərifə xanım Əliyeva peşə patologiyası problemləri ilə yanaşı, oftalmologiyanın digər aktual istiqamətlərində də tədqiqatlar aparmışdır. Görkəmli alimin 200-dək elmi işi, 14 monoqrafiyası, 12 səmərələşdirici təklifi bu gün də aktuallığını qoruyub saxlayır.

 E.Qasımov məlumat vermişdir ki, 2013-cü il ərzində Milli Oftalmologiya Mərkəzinə 108 min 25 xəstə daxil olmuş, onlardan  8 min 573 nəfər stasionardan keçmişdir. Mərkəzin Masallı filialında qəbul edilmiş 6 minədək xəstədən 2 minə yaxını əməliyyat olunmuşdur. Mərkəzin Səyyar klinikası isə regionlarda 2 min 500 xəstəyə baxış keçirmiş və onlardan 200 nəfəri əməliyyat edilmişdir. “Son onilliklərdə oftalmologiya dinamik inkişafda olan tibb sahələrindən biridir. Biz həm diaqnostika metodlarının sürətlə təkmilləşməsi, həm də yeni cərrahi və farmakoloji müalicə vasitələrinin oftalmoloji praktikaya tətbiqinin şahidiyik. Bu tərəqqi ilə ayaqlaşmaq üçün oftalmologiya sahəsində nəşr edilən tibbi dərsliklərin, həkimlər üçün vəsaitlərin hər 5-6 ildə yenilənməsinə ehtiyac var”, - deyə mərkəzin direktoru bildirmişdir.

Tədbirdə akademik Zərifə Əliyevanın tələbələri görkəmli alimin Azərbaycan oftalmologiya elminin inkişafında gördüyü işlərdən danışmış və müəllimləri ilə bağlı xatirələrini bölüşmüşlər.

Konfransda rusiyalı alim İqor Karnelovskiy və digər qonaqlar çıxış edərək bütün mənalı ömrünü oftalmologiya elminin inkişafına həsr etmiş Zərifə xanım Əliyevanın zəngin elmi irsindən və yüksək insani keyfiyyətlərindən danışmışlar.

Çıxışlarda belə bir fikir vurğulanmışdır ki, görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım Əliyeva ulu öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı olmuşdur. Onun xidmətlərindən biri də budur ki, Azərbaycana Prezident İlham Əliyev kimi lider bəxş etmişdir.

Akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Göz xəstəlikləri” kitabı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Konfransın elmi hissəsi mövzuya dair məruzələrlə davam etdirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında