Son illər Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə səhiyyənin necə sürətlə inkişaf etməsini görmək üçün tibb ocaqlarına baş çəkmək, həkimlərlə ünsiyyətdə olmaq, xəstələri dinləmək kifayətdir. Nə maddi-texniki baza, nə də ki tibb heyətinin səviyyəsi əvvəlki illərlə heç cür müqayisə oluna bilməz. İndi tamamilə başqa mənzərədir. Əslində, Gəncə artıq Qərb bölgəsinin bir növ tibb mərkəzinə çevrilib. Doğrudur, son illər bölgənin müxtəlif rayonlarında, o cümlədən Qazax, Tovuz, Şəmkir və digər yerlərdə müasir diaqnostika mərkəzləri, hər cür tibb avadanlıqları ilə təchiz olunmuş xəstəxana və poliklinikalar tikilib istifadəyə verilmiş və ya əsaslı şəkildə təmir olunmuşdur.
Amma hər halda, Gəncədə son illər elə mərkəzlər yaradılmışdır ki, artıq nə şəhərin özündən, nə də ətraf rayonlardan Bakı şəhərinə və digər xarici ölkələrə getməyə ehtiyac qalmır. Bir baxın, Gəncə regional Perinatal Mərkəzi nəinki şəhərə yaxın rayonlara, bütövlükdə, 18 rayona xidmət göstərə bilir. Ən müasir avadanlıqlarla təchiz olunmuş mərkəzdir. Həyət-bacasından tutmuş içərisinə kimi hər yer göz oxşayır. Otaqlarda hamilə qadın və yeni doğulmuşlar üçün elə bir şərait yaradılıb ki, onu təkcə təsvir yox, gözlə görmək lazımdır. Bəlkə də bir çox inkişaf etmiş ölkələrdə bu cür mərkəzlərə az rast gəlmək olar. Yeni doğulmuşların həyatının təhlükədən uzaq olmasına artıq bura müraciət edənlərin hər biri əmindir. Belə bir faktı qeyd etmək istəyirik ki, indiyədək Gəncə kimi böyük bir şəhərin doğum evlərində çox vacib olan elementar küveyz aparatları olmayıb. İndi özünüz fikirləşin, belə olan şəraitdə, hansı xidmətdən söhbət gedə bilərdi? Hazırda həm küveyz, həm də digər vacib tibb avadanlıqları nəinki adını çəkdiyimiz mərkəzdə, həm də başqa doğum evlərində, xəstəxana və poliklinikalarda var.
Nigah və Ailə Məsləhətxanası, Ailə Planlaması və Reproduktiv Sağlamlıq Mərkəzi də şəhərin və ətraf rayonların sakinlərinin inamla müraciət etdikləri tibb müəssisələridir. Ən müasir tələblərə cavab verən yeni yaradılmış Şüa korpusu da regionda yeganədir. Burada Çexiya Respublikasının istehsalı olan “Terovalt” aparat kompleksi quraşdırılıb. Əvvəllər xəstələr şüa müalicəsi almaq üçün Bakıya üz tutmalı olurdular. Eyni çətinliklə hemodializ xəstələri üzləşirdilər. Bu problem də aradan qaldırılmışdır. A.Səhhət adına xəstəxananın nəzdində yaradılan rayonlararası hemodializ mərkəzi ən müasir avadanlıqlarla təchiz olunaraq istifadəyə verilmişdir. Hazırda burada 200 nəfərdən çox xəstəyə tibbi yardım göstərilir. Həftədə 2-3 dəfə yardıma ehtiyacı olan bu qədər xəstənin məcbur olub Bakıya getməsi (və ya gedə bilməməsi) görün nə demək idi!
Şəhərdəki Vərəm Əleyhinə Xəstəxana müasir səviyyədə yenidən qurulduqdan sonra burada Rayonlararası Bakterioloji Laboratoriyanın fəaliyyətə başlaması da qarşıya çıxan bir çox çətinliklərə son qoymuşdur.
...Gəncədə illərlə, on illərlə əl vurulmayan tibb ocaqları bir-birinin ardınca təmir olunur, ən müasir səviyyəyə çatdırılır, yeniləri inşa olunur. Özü də indi əvvəllər heç vaxt istilik sistemi, düz-əməlli sanitariya qovşaqları olmayan xəstəxanalar, poliklinikalar istifadəyə verilir.
A.Səhhət adına 1 saylı şəhər və yoluxucu xəstəliklər təcili tibbi yardım, uşaq göz xəstəxanaları, poliklinikaların böyük bir hissəsi, o cümlədən bu yaxınlarda istifadəyə verilmiş uşaq stomatoloji poliklinikası və digər çoxlu sayda tibb ocağı əsaslı şəkildə təmir olunmuş, ən müasir avadanlıqlarla təchiz edilmişdir. Bu işlər hər gün, hər saat davam etdirilir. Tibb sahəsində yeni, müasir nə varsa, Gəncəyə gətirilir. Qeyd etmək lazımdır ki, respublika səhiyyə naziri, şəxsən nazir Oqtay Şirəliyev bu işlərdə Gəncəyə olan köməyini əsirgəmir, şəhər səhiyyə idarəsinin səmərəli təşəbbüslərini müdafiə edir, konkret işlərin həyata keçirilməsinə yardımçı olur. Şəhər səhiyyə idarəsindən bizə verilən məlumata görə, tezliklə Gəncəyə kompyuter-tomoqrafiya, nüvə-maqnit rezonans aparatı da gətiriləcəkdir.
Artıq Psixiatriya Xəstəxanası üçün yeni, müasir bir binanın tikintisi üçün yer ayrılmışdır. 1 saylı uşaq poliklinikasında yeni istilik sistemi quraşdırılır. Şəhərdə böyük poliklinikalardan biri sayılan, 60 mindən çox yaşlı əhaliyə müalicə-profilaktik xidmət göstərən 2 saylı poliklinika da tezliklə öz görkəmini dəyişəcəkdir.
Sual oluna bilər: Gəncədə səhiyyənin bu qədər yüksək sürətlə inkişaf etməsi nə ilə bağlıdır? Əslində, cavab aydındır: bütövlükdə ölkədə səhiyyənin ən müasir səviyyəyə çatdırılması və Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısı.
Ölkə başçısının şəhər və rayonlara az səfərləri olar ki, orada müasir diaqnostika mərkəzləri, xəstəxana və poliklinikalar açılmasın. Dövlət proqramları çərçivəsində inşa olunan səhiyyə müəssisələri bir-birinin ardınca istifadəyə verilir. O cümlədən, Gəncə də istisna deyil. Başqa bir diqqətçəkən məqam yerli icra orqanlarının səhiyyənin inkişafı ilə bağlı ölkədə aparılan genişmiqyaslı işlərə yaxından qoşulmasıdır.
Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi, respublikanın əməkdar həkimi Mehman Rzayev dedi ki, icra hakimiyyətinin başçısı Elmar Vəliyevin diqqəti, köməyi olmasaydı, bu qədər səhiyyə ocağı qısa vaxt ərzində sahmana salınmazdı:
– Zövqlü insandır, – deyə M.Rzayev şəhər rəhbərliyinin onlara daim dəstək olduğunu bildirir, - elə bu yaxınlarda başçının iştirakı ilə açılışını etdiyimiz uşaq stomatoloji poliklinikasını götürək. Birbaşa özünün köməyi, zövqünə uyğun təmir olunmuş və ən müasir avadanlıqlarla təchiz edilmiş əvəzsiz bir obyektdir.
Gəncənin tibb müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilməklə yanaşı, kadrların peşə hazırlığına da xüsusi diqqət yetirilir. Bir məsələni qeyd etmək lazımdır ki, respublikanın əməkdar həkimi Mehman Rzayev səhiyyə idarəsinə rəhbərlik etdiyi vaxtdan, ilk növbədə, nizam-intizama və təbii ki, həkimlərin öz peşə fəaliyyətinə necə yanaşması, onların hazırlığı məsələlərinə xüsusi önəm verib. İki il əvvəl idarə rəisi ilə birlikdə yenicə təmirdən çıxmış ən müasir tibb avadanlıqları ilə təchiz olunmuş bir poliklinikaya baxırdıq. Kabinetlərdən birinə daxil olarkən döşəmədə köhnə, naqilləri calaq olan bir elektrik plitəsi gördük. Tibb bacısı özünü itirdi, “bir günlük gətirmişik həkim, sabahdan olmayacaq” – deyib yığışdırmağa başladı. M.Rzayev otaqda olan ən müasir mebelləri, tibb avadanlıqlarını göstərib, “deyəsən, köhnəliklə, primitivliklə vidalaşmaq istəmirsiniz” deyib narazılığını bildirdi.
İdarənin özündə bir neçə ildir ki, müasir tədris-təcrübə mərkəzi yaradılıb. Hər cür texnika, kompyuter, mebellə təchiz olunub. Vaxtaşırı olaraq kurslar, konfranslar, mübadilə saatları təşkil olunur, qabaqcıl təcrübə öyrənilir. Burada respublika, hətta beynəlxalq əhəmiyyətli tədbirlər də keçirilir.
Əslində, idarə rəhbərinin təşəbbüsü ilə gözəl bir məktəb yaradılıb. Hər bir həkim, tibb bacısı bura həvəslə gəlir. Çünki öyrənir, öyrədir. Həkim etikasından tutmuş peşəkarlığa, xəstə-tibb işçisi münasibətlərinə kimi bütün məsələlərə yer ayrılır. Bütün bunlar həm də maraqlı təşəbbüslərin, təkliflərin ortaya çıxmasına imkan yaradır.
Neçə illərdir şəhər icra hakimiyyətinin təşəbbüsü ilə Hacıkənddə məskunlaşan məcburi köçkünlərə vaxtaşırı tibbi yardım göstərilir, onlar təmənnasız müayinə olunur. Təkcə keçən il 400 nəfərdən çox məcbur köçkün, həmçinin yerli sakinlərə rentgenoflüoqrafik, ultrasəs, elektrokardioqrafik və laborator müayinələri edilmiş, 9 nəfərə stasionar tibbi xidmət göstərilmişdir.
Şəhərin səhiyyə idarəsinin rəhbərliyi istər respublika, istərsə də xarici ölkələrin tibb müəssisələri, tanınmış həkimlər, professorlarla, mütəxəssislərlə sıx, işgüzar əlaqələr qura bilib. Qonaqlar tez-tez olur. Gəncəli həkimlərin də xarici səfərləri, görüşləri az deyil. Ötən il Zərifə Əliyeva adına Elmi - Tədqiqat Göz Xəstəlikləri İnstitutunun bir qrup həkimi iki gün Gəncədə zəruri tibbi avadanlıqla təchiz edilmiş səyyar klinikada katarakt, gözdaxili təzyiq, infeksion və çəpgözlük kimi göz xəstəlikləri üzrə 243 nəfəri müayinə etmiş, 27 nəfərin üzərində “yetişmiş qocalıq kataraktı” üzrə cərrahiyyə əməliyyatı aparmışdır. Yaxud Milli Onkologiya Mərkəzinin xüsusi səyyar maşını və briqadası vasitəsilə min nəfərdən çox onkoloji, ginekoloji, rentgen, USM, həmçinin icra hakimiyyətinin təşəbbüsü ilə şəhər səhiyyə idarəsi tərəfindən sanatoriya tipli internat məktəbinin bütün şagirdləri səyyar rentgenoflüoqrafik müayindən keçirilmişdir. Könüllü qanvermə aksiyaları artıq ənənə şəklini alıb və bu xeyirxah tədbirlərdə iştirak edənlərin sayı ilbəil artır.
Şəkərli diabet xəstələrinin şəkərsalıcı dərman vasitələri ilə təminatına da xüsusi diqqət yetirilir. Keçən ildən başlayaraq, onlara özünənəzarət vasitələri üçün strip testlərinin verilməsinə başlanılmışdır. Endokrinoloji xəstəxanada uşaq pasiyentlərinə diabet məktəbi üzrə məşğələlər, qanda qlükozalaşdırılmış hemoqlabinin təyini laboratoriya müayinələri aparılır...
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə fevralın 17-dən mayın 1-dək respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası da Gəncə sakinləri tərəfindən hədsiz rəğbətlə qarşılanmışdır. Şəhər səhiyyə idarəsində bu işlərə xüsusi hazırlıq görülmüş, müayinələrin mütəşəkkil aparılması üçün lazımi təşkilatı tədbirlər həyata keçirilmişdir. Tədbirlər planında şəhərin bütün yaşayış sahələrini əhatə edən tibb ocaqlarında adamların rahat şəkildə müayinə olunması üçün hər cür şərait yaradılmışdır. Şərait isə yuxarıda qeyd etdiyimiz kimi hərtərəflidir. Ən müasir tibb avadanlıqları, cihazlar, peşəkar həkimlər şəhər sakinlərinə xidmət edir. Bütövlükdə isə tibbin bütün sahələri üzrə 400 nəfərədək həkim bu işlərə cəlb olunmuşdur. Təkcə 3 saylı poliklinika 20 min nəfərdən çox sakinə, o cümlədən 5 orta məktəb, 4 uşaq bağçasına və 5 min nəfərə yaxın işçisi olan Gəncə Avtomobil Zavoduna xidmət göstərir.
Başqa poliklinikalarda, o cümlədən 1,2,3,4,6 saylı poliklinikalarda, həmçinin nigah və ailə məsləhətxanasında, digər yerlərdə əvvəllər olan qələbəlik indi tədricən azalır. Çünki aksiyanın başa çatmasına beş-on gün qalır. Şəhər əhalisinin böyük hissəsi isə müayinələrdən keçmişdir. Rəqəmlərə və faktlara diqqət yetirək: Bu günədək 70 min 153 nəfər müayinədən keçib. Onlardan 20 min nəfərə yaxını rentgenflüoqrafik müayinə olunub. Əhalinin 1883 nəfəri ambulator, 506 nəfəri isə stasionar xəstəxanalarda müayinə edilib və müalicə olunur. Bakı şəhərinə isə 143 nəfər göndərilib. Onlar dərinləşdirilmiş müayinə keçmək üçün paytaxtın xəstəxanalarında olublar.
Görürsünüzmü, ölkə Prezidenti necə xeyirxah, humanist bir təşəbbüs irəli sürdü və göstəriş verdi. Neçə-neçə adamın vaxtında müayinə olunması, onları bəlkə də vaxtsız ölümdən qurtardı.
Bəli, Gəncədə son illər səhiyyə çox inkişaf edib. Bu, danılmaz faktdır. Əhalinin sağlamlığının qorunması istiqamətində aparılan işlər öz səmərəsini verir. Təbii ki, problemlər hələ var. Bir sıra həkimlərin peşə səviyyəsinin artırılması, həkim-xəstə münasibətlərinin daha da təkmilləşdirilməsi qarşıda duran vəzifələrdəndir. Lakin bunlar da tezliklə həll olunacaq. Çünki şəhər rəhbərliyinin və səhiyyə idarəsi kollektivinin tutduğu yol düzgün yoldur.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.