Zərdabda tibbi müayinə aksiyası uğurla davam edir

 

 

Prezident İlham Əliyevin ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırığını uğurla həyata keçirmək üçün Zərdab rayonunun səhiyyə müəssisələri və tibb işçiləri  bu mühüm humanitar aksiya başlanandan xüsüsi iş rejiminə keçmişlər. Ötən müddətdə rayon əhalisinin böyük əksəriyyəti tibbi müayinəyə cəlb olunmuşdur.

Zərdab Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ruslan Nemətovdan aldığımız məlumata görə, həyata keçirilən müayinə və müalicə tədbirləri rayon icra hakimiyyəti və Səhiyyə Nazirliyinin müəyyən etdiyi qrafik əsasında aparılır. Zərdablılar Prezident İlham Əliyevin “hər bir insan ildə bir dəfə tibbi müayinədən keçməlidir” çağırışını böyük razılıq və minnətdarlıqla qarşılamışlar. Tibbi aksiyanın uğurla aparılması üçün rayon mərkəzi xəstəxanasında 3 həkim briqadası yaradılmışdır. Onlardan biri poliklinika şöbəsində, 2-si isə səyyar fəaliyyət göstərir. Komissiyaların tərkibinə terapevtlər, cərrahlar, nevropotoloqlar, stomatoloqlar və başqa ixtisas həkimləri daxildir.

Səyyar həkim briqadaları əsasən Çallı, Alıcanlı, Əlvənd, Şahhüseynli, Təzəkənd, Kəndəbil, Qaravəlli, Ağabağı, Şıxbağı, Yuxarı Seyidlər, Məmmədqasımlı, Yarməmməbağı və başqa kəndlərdə fəaliyyət göstərir. Rayonun təhsil, səhiyyə, mədəni-maarif müəssisələrində, suvarma sistemləri idarəsində, Yuxarı Seyidlər, Qoruqbağı, Əlibəyli, Salahlı və başqa kəndlərdə sakinlərin tibbi müayinədən keçməsi işi daha yaxşı təşkil edilmişdir. Ümumiyyətlə, bu günə kimi rayon üzrə 25392 nəfər tibbi müayinədən keçmişdir. Bu müddətdə 3557 nəfər ambulator, 218 nəfər stasionar müalicəyə cəlb olunmuş, 167 nəfər Bakı şəhərinin müxtəlif səhiyyə müəssisələrinə müalicəyə göndərilmişdir.

Rayonda olarkən bu nəcib aksiyadan bəhrələnən sakinlərdən bir neçəsi ilə görüşüb söhbət etdik.

Könül Həsənova: – Sözün açığı, səhhətimdə problem olduğunu hiss edirdim. Vaxt azlığındanmı, ya nədənsə, müalicəmlə məşğul ola bilmirdim. Ölkə Prezidentinin təşəbbüsü lap ürəyimcə oldu. Allah ondan razı olsun, xalqın sağlamlığını düşünür, qayğısına qalır. Əhalinin kütləvi şəkildə müayinəsi ilə bağlı, bilavasitə, Prezidentin tapşırıq verməsi bir daha sübut edir ki, dövlətimizin başçısı hər bir Azərbaycan vətəndaşının yanındadır və onu sağlam görmək istəyir.

Telman İsmayılov: – Mən həyatımda birinci dəfədir ki belə  nəcib və xeyirxah aksiyanın şahidi oluram. Söhbət, sadəcə, həkim müayinəsindən keçməkdən deyil, insana qayğıdan, onun ehtiyaclarına həssas münasibətdən gedir. Həkimlər də sağ olsunlar, hamısı böyük diqqət və qayğı göstərdilər. Bütün müayinələrdən keçdim. İndi müvafiq müalicə kursu keçirəm, özümü yaxşı hiss edirəm. Sözsüz, ömrü verən böyük yaradandır.  Onu sağlam yaşamaq insanın öz əlində olsa da, xəstələnəndə həkimlərsiz keçinmək olmur. Qoy onların şəfalı əlləri var olsun. Belə misilsiz diqqət və qayğıya görə zərdablılar ölkə Prezidentinə hədsiz təşəkkür və minnətdarlıqlarını bildirirlər.

Hüseyn Həsənov: – İnsanı yaşadan diqqət və qayğıdır. Bu xüsusilə biz yaşlı nəslin nümayəndələrinə aiddir. Demək istədiyim ondan ibarətdir ki, ölkə Prezidentinin bu xeyirxah aksiyası bizim üçün xüsusilə dərin məna kəsb edir. Ona görə ki,  bizim müayinəyə və müalicəyə daha çox ehtiyacımız var. Təsadüfi deyildir ki, həkimlərə müraciət edənlərin arasında yaşlı nəslin nümayəndələri daha çoxdur.

Son illər ölkəmizdə səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir, müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni xəstəxanalar, tibb məntəqələri əhalinin istifadəsinə verilir. Təəssüf ki, biz insanlar çox zaman öz sağlamlığımıza biganə yanaşır, vaxtında tibbi müayinədən keçmir, xəstəliklərimiz barədə məlumatlı olmuruq. Bəzi xəstəliklər gec müəyyən edildiyindən onların müalicəsi də çətinləşir. Bu baxımdan Prezident İlham Əliyevin təşəbbüsü və çağırışı əhali tərəfindən böyük rəğbətlə qarşılanır.

Göründüyü kimi, Zərdabda Prezident İlham Əliyevin tapşırığına əsasən, vətəndaşların tibbi müayinəyə cəlb edilməsi aksiyası  dərin razılıq və böyük mütəşəkilliklə davam etdirilir.

Ziyəddin  SULTANOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında