Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradov rayon səhiyyəsində son illər görülən işlərdən danışarkən daha çox icra hakimiyyətinin, Səhiyyə Nazirliyinin adlarını çəkir, onların diqqətini, qayğısını, köməyini qeyd edir, konkret faktlar, rəqəmlər göstərir. Təbii ki, bu, baş həkimin təvazökarlığından xəbər versə də, əslində doğrudan da belədir. Hələ bir neçə il qabaq rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovla söhbət edərkən dedi ki, rayon səhiyyəsində ciddi problemlər, xüsusilə maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində görüləcək işlər çoxdur.
Gərək nümunəvi tibbi xidmət göstərilməsinə nail olaq. Bunun üçün xəstəxana və poliklinikada əsaslı təmir-tikinti işləri aparmalıyıq, yeni tibbi avadanlıqlar alınmalıdır, ixtisaslı kadrlara ehtiyacımız var, kənd yerlərində məntəqələr inşa etməliyik. Rayon mərkəzində yeni, müasir bir xəstəxananın tikintisinə ehtiyac duyulur və sair. Yadımdadır, Tofiq müəllim o zaman dedi ki, nəyə görə bizim rayon sakinləri bu qədər məsafə qət edib, xərc çəkərək Bakıya və digər şəhərlərə üz tutmalıdırlar? Məgər bu şəraiti biz onlara yarada bilmərikmi?
Sonrakı illərdə hər dəfə yolum Tovuza düşərkən hiss etdim ki, başçı bu sözləri elə-belə deməyib. Rayon mərkəzində yeni 80 çarpayılıq xəstəxana binası ucaldılırdı, kənd və qəsəbələrdəki mövcud xəstəxanalar və tibb məntəqələri təmir olunurdu, yeniləri tikilirdi. Adamların bu sahədə maarifləndirilməsi istiqamətində də işlər aparılırdı. İki il qabaq, səhiyyə naziri Oqtay Şirəliyevin iştirakı ilə yuxarıda qeyd etdiyimiz yeni xəstəxana kompleksi istifadəyə verildi. Özü də bütün lazımi tibbi avadanlığı və inventarı ilə birlikdə. Adamlar hədsiz sevinirdilər. İki hektardan çox ərazisi olan yeni tibb ocağı üçmərtəbəli korpusdan, sanitar-epidemioloji və patoloji anatomiya binalarından ibarətdir. Cərrahiyyə, reanimasiya və terapiya şöbələri olan binanın avadanlıqları İtaliya, Almaniya və Çexiyadan gətirilib.
Təbii ki, bütün bunlar dövlətin, ölkə başçısı İlham Əliyevin son illər səhiyyəyə göstərdiyi sonsuz diqqət və qayğının nəticəsidir. Ötən ilin iyulunda Tovuzda Hemodializ Mərkəzinin açılışında Azərbaycan Prezidenti demişdir: “Son 10 il ərzində Azərbaycanda 500-dən çox tibb mərkəzi tikilmişdir və demək olar ki, bütün bölgələrdə keyfiyyətli tibbi xidmət almaq üçün indi imkan vardır. Avadanlıq ən müasir standartlara cavab verir, memarlıq baxımından bütün xəstəxanalar gözəldir, çox genişdir, rahatdır və demək olar ki, indi elə bölgə yoxdur ki, orada müasir tibb ocağı olmasın. Məhz qarşıya belə məqsəd qoyulmuşdur ki, hər bir yaşayış məntəqəsində, böyük şəhərlərdə, rayon mərkəzlərində keyfiyyətli tibbi xidmət olmalıdır. Mən şadam ki, artıq Tovuzda da bu mərkəz yaradılır və insanların sərəncamına verilir”.
Yeri gəlmişkən, haqqında söhbət açdığımız mərkəz istifadəyə verilməmişdən əvvəl Tovuz, Qazax, Ağstafadan olan hemodializ xəstələr Gəncəyə getmək məcburiyyətində qalırdılar. Artıq buna ehtiyac yoxdur.
Tovuzun kənd və qəsəbələrinə baş çəkdikcə açıq-aydın görünür ki, son illər rayonda səhiyyə nə qədər inkişaf etmişdir. Son dörd il ərzində, yəni 2009-cu ildən başlayaraq mərkəzi rayon xəstəxanasının terapiya şöbəsi, daxili aptek, laboratoriya kabineti, akt zalı və inzibati idarə binası bütövlüklə əsaslı təmir olunmuşdur. Bu günlərdə köhnə xəstəxana binasına və orada yerləşən poliklinika şöbəsinə baş çəkdik. Əslində köhnə binadan əsər-əlamət qalmayıb. Bura tamamilə əsaslı şəkildə yenidən qurulub. Sanki təzə bir müasir xəstəxana binası tikilib. Bütün sanitariya qovşaqları, göz oxşayan kabinetləri, dəhlizləri, avadanlıqları ilə.
Ümumiyyətlə, bir fakt diqqəti cəlb edir ki, Tovuzda yeni səhiyyə ocaqları tikilib başa çatdırıldıqdan və ya əsaslı təmir olunduqdan sonra onlar dərhal ən müasir tibbi avadanlıqlarla təchiz edilir. Daha doğrusu, bu işlər paralel aparılır. Həm tikilir, həm də eyni vaxtda avadanlıq sifariş olunur, alınır. Hətta burada işləyəcək tibb heyəti də müəyyənləşdirilir. Maraq üçün son illər tikilib istifadəyə verilən və ya təmir olunan Cilovdarlı-Qədirli, Hunanlar, Aşağı Quşçu, Alakol, Dondar Quşçu, Əlibəyli, Mükülü, Çatax həkim məntəqələrinə baş çəkin. Hamısında ilkin müayinə və yardım üçün şərait yaradılıb, həkimlər, tibb bacıları fəaliyyət göstərir. Adlarını çəkdiyim tibb obyektləri rayon icra hakimiyyətinin və kənd bələdiyyələrinin köməyi ilə binalarla təchiz olunmuşlar. Təkcə keçən il Tovuz Rayon Mərkəzi Xəstəxanasının aldığı tibb avadanlıqlarının siyahısına nəzər yetirsək görərik ki, onlar nə qədər çoxşaxəlidir, müasirdir, təzədir: lor həkim kabineti, iki dəst stomatoloji kabinet, dərman saxlamaq üçün soyuducular, “KF-7” flüoqrafiya aparatı, üçkanallı monitorla təchiz olunmuş EKQ aparatı... Bu siyahını davam etdirməyə ehtiyac yoxdur. Çünki Tovuz səhiyyəsinin inkişafı, müasirləşməsi göz qabağındadır.
Bu sətirləri oxuyan elə fikirləşməsin ki, Tovuzda səhiyyədə olan problemlər artıq aradan qalxıb, tibb işçiləri öhdələrinə düşən işin məsuliyyətini tam dərk edirlər. Xeyr, problemlər var, özü də kifayət qədərdir. Bir sıra kəndlərdəki səhiyyə ocaqlarının ümumi mənzərəsi ürəkaçan deyil. Düzqırıxlı kənd xəstəxanasında olduq. Sovetlər dönəmində tikilmiş binada necə deyərlər, “yel vurub, yellər oynadır”. Xəstə demək olar ki, yoxdur. Bir-iki otaqdan savayı qalanları dağılıb gedir, pənəcərə şüşələri qırıqdır. Baş həkim özü də etiraf etdi ki, burada bir həkim məntəqəsi olsa kifayətdir, bu boyda kollektivi saxlamağa heç ehtiyac da yoxdur.
Əslində rayonda çox ciddi, həm də səmərəli islahatlar aparılıb. Səhiyyə naziri Oqtay Şirəliyevin “Tovuz rayonunun tibb müəssisələri şəbəkəsində dəyişikliklər edilməsi barədə” 11 sentyabr 2009-cu il tarixli 128 saylı əmrinə əsasən səhiyyə müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, səmərəliliyin artırılması, çarpayıların real tələbata uyğunlaşdırılması, ayrılan büdcə vəsaitindən daha səmərəli istifadə olunması məqsədilə bir-birini təkrarlayan ştat vahidlərinin təyinatının dəyişdirilməsi, səmərəsiz çarpayı yükünün azaldılması, stasionar xidmətin keyfiyyətinin yüksəldilməsi, çevik təcili yardım və ambulator xidmətin göstərilməsi üçün müvafiq struktur dəyişikliyi aparılmışdır. İslahata qədər 1310 çarpayı yükü olan rayon mərkəzi xəstəxanası sistemində 21 xəstəxana, 17 həkim ambulatoriyası, 50 feldşer-mama məntəqəsi fəaliyyət göstərirdi. İndi xəstəxanaların sayı 9-a endirilib, 26 həkim və 19 tibb məntəqəsi fəaliyyət göstərir. Hər halda islahatlardan sonra dönüş göz qabağındadır. Görünür, müəyyən məsələlər bir daha gözdən keçirilməli, mərkəzdən uzaq tibb ocaqlarına nəzarət, diqqət, kömək gücləndirilməlidir.
...Rayonda əhalinin ümumi profilaktik müayinəsinin aparılması da yüksək səviyyədə təşkil olunub. Əvvəla, rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov ölkə rəhbərinin tapşırığına əsasən keçirilən bu vacib və məsuliyyətli tədbirə özü şəxsən nəzarət edir. Fevralın 17-dən başlayaraq bu günədək bir neçə dəfə müayinələrin keçirildiyi rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində, digər yerlərdə olub, sakinlərlə görüşüb, onların arzu və istəklərini öyrənib, xidmətin təşkili ilə maraqlanıb.
Bu günlərdə biz də poliklinika şöbəsində olduq və yaradılan şərait, müayinələrin təşkili ilə maraqlandıq. Kifayət qədər rayon sakini gəlmişdi. Xəstələrin sorğularına verilən cavablar, şikayətlərin peşəkarlıqla dinlənilməsi və onların kabinetlərə göndərilməsinin təşkili, həkimlərin müayinə aparması və sair məmnunluq hissi yaradırdı. Müasir ultrasəs aparatı olan səliqəli bir otaqda gənc mütəxəssis Emil Məmmədovla söhbət etdik. Dedi ki, gündüz saat 12-dək 7 xəstəni müayinə etmişəm. Onların birində ciddi qaraciyər xəstəliyi, digərinin böyrəyində daş aşkarlamışam. Eləsi var ki, ömründə ilk dəfədir aparatla müayinə olunur...
Dönükqırıxlı kəndindən gəlmiş Fatma Yusibova, rayon mərkəzindən Mehman Bayramov, Mehparə Məmmədova və başqaları müayinələrə görə ölkə Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər.
Poliklinikanın baş həkimi Zahid Ələsgərov dedi ki, müayinəyə gələnlərə tez və keyfiyyətli xidmət göstərmək üçün hər cür şərait var. Biz bu işlərə ciddi hazırlaşmışıq. Tibbi şurada xüsusi komissiya yaradılıb, kütləvi informasiya vasitələrində çıxışlar etmişik. Mayın 1-nə kimi əhalinin müayinədən keçməsinə nail olacağıq.
Biz poliklinikada olarkən artıq 50 min nəfərdən çox rayon sakini müayinədən keçmişdi. Onların 4 min nəfərə yaxını ambulator müayinəyə qəbul olunmuş, 60 nəfərdən çoxu Bakı şəhərinə göndərilmişdi.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.