Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırığı hər yerdə dərin razılıq və böyuk minnətdarlıq hissi ilə qarşılanmışdır. Hazırda bu xeyirxahlıq, sağlamlıq və mərhəmət aksiyası böyük mütəşəkkilliklə davam etməkdədir. Sadə insanlar əhalinin tibbi müayinədən keçirilməsini ölkə başçısının onların sağlamlığına göstərdiyi gündəlik diqqət və qayğının daha bir nümunəsi kimi qiymətləndirirlər.
Prezidentin xoş məramına uyğun olaraq, Səhiyyə Nazirliyində, rayon və şəhərlərin icra hakimiyyətlərində əlaqədar qurumların, idarə, müəssisə rəhbərlərinin iştirakilə geniş müşavirə keçirilmiş, bu mühüm aksiyanın yüksək səviyyədə təşkil olunması üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Belə bir cəhət xüsusi nəzərə alınmışdır ki, Prezident İlham Əliyev əhalinin sağlamlığının qorunmasını ən vacib məsələlərdən biri hesab edir. Təsadüfi deyildir ki, son illər ölkəmizdə səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir, müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni xəstəxanalar, tibb məntəqələri əhalinin istifadəsinə verilir.
Təəssüf ki, insanlar çox zaman öz sağlamlıqlarına biganə yanaşır, vaxtında tibbi müayinədən keçmirlər. Bir sıra hallarda xəstəliklər gec müəyyən edildiyindən onların müalicəsi də çətinləşir. Bu baxımdan ölkə Prezidentinin “hər bir Azərbaycan vətəndaşı ildə azı bir dəfə həkim müayinəsindən keçməlidir” təşəbbüsü yerdə böyük rəğbətlə qarşılanır.
Beləliklə, bölgələrdə aksiyanın gedişi və bunun əks-sədası barədə qeydlərimizi oxucuların nəzərinə çatdırırıq.
GORANBOY
Hazırda Goranboy Rayon İcra Hakimiyyəti və Mərkəzi Xəstəxananın tərtib etdiyi qrafik əsasında əhalinin tibbi müayinəsi böyük mütəşəkkilliklə davam etdirilir. Tibbi baxışın əsas məqsədi gizlin gedən xəstəliklərin aşkarlanmasından, daha dərin müayinə və müalicənin uyğun klinikalarda, ixtisaslaşdırılmış tibb ocaqlarında aparılmasından ibarətdir. Bu məqsədlə vətəndaşlar yaşadığı ərazi üzrə xəstəxana və həkim məntəqəsinə müraciət edir, tibbi müayinədən keçir, ehtiyac olarsa, Mərkəzi Xəstəxanaya göndərilərək müalicəsi təşkil olunur.
Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rüstəm Budaqovun verdiyi məlumata görə, indiyə kimi tərtib edilmiş qrafik əsasında 23338 nəfər tibbi müayinədən keçirilmişdir. Aşkarlanmış ilkin xəstələrin sayı isə 250 nəfərdir. Onlardan 55 nəfəri ixtisaslaşdırılmış tibb muəssisələrinə göndərilmişdir. Bundan başqa, 5 əlavə həkim briqadası yaradılmışdır. Onlar gəlməyə imkanı olmayan xəstələri evdə müayinə və müalicə edirlər.
AĞDAM
Ağdam Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Gülnar Abbasova son illərdə səhiyyə sahəsində baş vermiş yenilik və kampaniyanın gedişi barədə məlumat verərək bildirdi:
– Prezident İlham Əliyevin səhiyyənin daha da inkişaf etdirilməsinə göstərdiyi gündəlik diqqət və qayğı bölgələrdə də öz nəticələrini verməkdədir. Təkcə bizim rayonda son illərdə müasir standartlara cavab verən 2 yeni tibb ocağı tikilmiş – mərkəzi xəstəxana binası və dogum evi istifadəyə verilmişdir. Bu isə rayonda tibb xidmətinin səviyyəsinin yuksəlməsinə normal şərait yaratmışdır.
Prezidentin tapşırığına əsasən, ölkə vətəndaşlarının pulsuz tbbi muayinəyə cəlb edilməsi əhalinin sağlamlığına dövlət qayğısının növbəti nümunəsidir. Bu mühüm kompaniya rayonumuzda da mütəşəkilliklə davam etməkdədir. Ağdam Rayon İcra Hakimiyyəti və Mərkəzi Xəstəxananın tərtib etdiyi qrafik əsasında fəaliyyət göstərən komissiya yaradılmış, işci qrupu təşkil edilmişdir. Yaşayış məntəqələri, idarə, müəssisə və təşkilatlar üzrə müayinə və müalicə prosesi uğurla davam edir. İndiyə kimi 17212 nəfər tibbi müayinədən kesirilmişdir. Onlardan 2201 nəfəri ambulator, 35 nəfəri isə stasionar müalicəyə cəlb olunmuşdur.
İnqilab Şərifov Quzanlı qəsəbəsində yaşayır. Nə müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkir. Söhbət zamanı o, razılığını belə ifadə etdi:
– Minnətdarlıq ücün söz tapa bilmirəm. İlkin müayinədə yaranmış problem aşkar edildi. İndi müalicə kursu keçirəm. Özümü yaxşı hiss edirəm. Qoca, xəstə və kimsəsiz insanlar üçün belə aksiyaların əhəmiyyəti xüsusilə böyükdür. Mən ölkə başcısının göstərdiyi diqqət və insanpərvərliyi minnətdarlıqla dəyərləndirir, möhtərəm İlham Əliyevə möhkəm cansağlığı, uzun ömür və ölkəmizin tərəqqisi yolunda yeni uğurlar arzulayıram.
AĞDAŞ
İndiyə kimi rayon üzrə 15475 nəfər tibbi müayinədən keçirilmişdir. Onlardan 38-i Ağdaş Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilmiş, 610 nəfərə ambulator müalicə təyin olunmuş, 19 nəfər isə müalicə olunmaq üçün Bakı şəhərinə göndərilmişdir.
Bizə bu məlumatı verən Ağdaş Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nuru Nuruyev daha sonra bildirdi ki, RİH ilə birgə tərtib etdiyimiz qrafik əsasında müayinə və müalicə tədbirləri dəqiq və mütəşəkkilliklə davam etdirilir. Sakinlər Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi proqramların ölkə vətəndaşları üçün yüksək rifah, sağlam həyat tərzi yaradılmasına xidmət etdiyini bildirirlər. Onlar yüksək səviyyədə keçirilən aksiyanın əhəmiyyətini vurğulayır, bu diqqət və qayğıya görə ölkə başcısına hədsiz minnətdarlıqlarını bildirirlər.
Hərtərəfli müayinədən keçən Hamid Həbibov bildirdi:
– Xəstəyə, köməyə ehtiyacı olanlara əl tutmaq, mərhəmət göstərmək dədə-babadan savab iş hesab olunub. Ölkə Prezidentinin əhalinin tibbi müayinədən keçirilməsi haqqında tapşırığı da belə savab və müqəddəs işdir. Sözün düzü, neçə ildir ki, tibbi müayinədən keçə bilmirdim. Buna səbəb isə həm imkansızlıq, bir az da biganəlik, tənbəllik idi. Pulsuz və hamılıqla keçirilən bu aksiya isə lap ürəyimcə oldu. İndi xəstəxanada müalicə olunuram. Həkimlərin münasibətindən, diqqət, qayğısından çox razıyam. Bu xeyirxahlıq, mərhəmət aksiyasını isə hec vaxt unutmaram.
LAÇIN
Laçın rayonunun məcburi köçkünləri respublikanın 58 şəhər və rayonunda müvəqqəti məskunlaşmışlar. Bu isə, əlbəttə, işin daha sistemli və operativ təşkilini tələb edir. Artıq 8225 nəfər tibbi müayinədən keçmişdir. Müalicəyə ehtiyacı olanlar isə aidiyyatı tibb müəssisələrinə göndərilmişlər.
Laçınlılar ölkə başcısının “hər bir insan ildə bir dəfə müayinədən keçməlidir” çağırışına minnətdarlıqla qoşulmuşlar. Onlardan biri də Kərəm Cabbarovdur. Söhbət zamanı o, ürək sözlərini belə ifadə etdi :
– Soyuq qış günlərində Murov dağlarından aşmaq, qz qala, ölümə bərabərdir. Tale elə gətirdi ki, Lacının işğalı zamanı mən də ailəmlə birlikdə həmin dağları aşıb gəlməli oldum. Sağ qalsam da, əllərimi, ayaqlarımı don vurmuşdu. Bu isə müntəzəm, sistemli müalicə tələb edir. Ancaq müxtəlif səbəblərdən müalicəmlə ciddi şəkildə məşğul ola bilmirdim.
Cox sağ olsun, min yaşasın ölkə Prezidenti. Bu nəcib və xeyirxah təşəbbüs hamımızın ürəyincə oldu. Elə ilk gündən mən də həkim müayinəsindən keçdim. Hazırda müalicə olunuram.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.