Zaqatala
Ölkədə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları, bu sahədə yüksək ixtisaslı kadrların hazırlanması və əhaliyə keyfiyyətli xidmətlərin göstərilməsi Azərbaycan səhiyyəsinin inkişafından xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq bütün respublikada olduğu kimi, Zaqatalada da rayon əhalisinin pulsuz tibbi müayinədən keçirilməsi prosesinə başlanılmışdır. Belə ki, rayon ərazisində beş zona üzrə əhalinin tibbi müayinədən keçməsi üçün həkim briqadaları yaradılmışdır. Qrafikə uyğun olaraq ilk növbədə rayonun idarə, müəssisə və təşkilatlarının işçi personalı tibbi müayinədən keçdikdən sonra növbəti mərhələdə rayonun 18 yaşına çatmış digər əhalisinin tam olaraq tibbi müayinədən keçməsi nəzərdə tutulmuşdur. Tibbi müayinələrin keyfiyyətli həyata keçirilməsi məqsədi ilə tibb müəssisələrinin hazırlıq vəziyyətinə gətirilməsi istiqamətində Səhiyyə Nazirliyi tərəfindən zəruri tədbirlər görülmüş, o cümlədən icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılmışdır. Rayon mərkəzi xəstəxanasının baş həkimi Leyla Seyidəliyeva ilə söhbət zamanı bildirdi ki, komissiyanın işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri, habelə müayinənin keçiriləcəyi tibb müəssisələrinin həkim və mütəxəssisləri cəlb edilmiş, tibb müəssisələri lazımi hazırlıq vəziyyətinə gətirilmişdir. Bundan əlavə, rayon ərazisindəki tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar hərbi hissələrdə xidmət edən 390 əsgərə, həmçinin poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərəcəklər. Bu cür müayinələrin aparılması ilk növbədə əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Baş həkim əlavə etdi ki, may ayının 1-dək rayonun 18 yaşdan yuxarı 89632 nəfər əhalisinin tibbi müayinədən keçməsi nəzərdə tutulmuşdur.
Naftalan
Azərbaycanda gedən iqtisadi yüksəliş sosial sahələrin, eləcə də səhiyyənin inkişafına əlverişli şərait yaratmışdır. Ölkə əhalisinin sağlamlığının qorunması üçün dövlət əsaslı tədbirlər həyata keçirir.
Prezident İlham Əliyevin fevralın 17-dən mayın 1-dək vətəndaşların pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq isə səhiyyənin yeniləşmiş və güclənmiş potensialından hamılıqla faydalanmaq kimi nəcib məqsədə xidmət edir. Bu humanitar aksiyaya fevralın 17-dən Naftalan şəhərində də start verilmişdir.
Sakinlərin məlumatlandırılması, prosesin təşkili və ölkə başçısının tapşırığına uyğun olaraq tibbi müayinələrin mütəşəkkil keçirilməsi üçün Naftalan Şəhər İcra Hakimiyyətində komissiya yaradılmışdır. Komissiyanın sədri, icra hakimiyyəti başçısının müavini Afət Cabbarova bildirdi ki, müayinələrin yüksək səviyyədə aparılması üçün şəhər xəstəxanası lazımi avadanlıq və digər vasitələrlə tam təchiz olunmuş, vətəndaşların maneəsiz qəbul edilməsinə normal şərait yaradılmışdır.
Naftalan Şəhər Xəstəxanasının baş həkimi İsmayıl Muradov isə aksiyanın gedişi barədə məlumat verərək dedi ki, qrafikə əsasən ilkin olaraq şəhərin idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanlar tibbi müayinədən keçirilirlər. Xəstəxanaya gələ bilməyən yaşlılara isə evlərində səyyar briqadalar xidmət göstərir. Müayinələri, əsasən, terapevt, stomotoloq, kardioloq, ginekoloq və digər tibb mütəxəssisləri həyata keçirirlər. Bundan başqa, diabetli xəstələrin qan analizi də aparılır. Belə kütləvi müayinələr, ilk növbədə, əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir, bizim gələcək işimizi yüngülləşdirir, sağlam həyatın əsaslarını möhkəmləndirir.
Naftalanda aksiya müddətində 17 yaşdan yuxarı 7349 nəfər şəhər əhalisinin tibbi müayinəsi nəzərdə tutulmuşdur. İlk günlərdə 1200-dən çox sakin müayinədən keçirilmişdir.
İlqar HƏSƏNOV,
Z. SULTANOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.