Xətai
Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin başlıca istiqamətlərini təşkil edir. Azərbaycanda baş verən sürətli iqtisadi inkişaf ölkə əhalisinin hərtərəfli tibbi müayinədən keçməsini də təmin etmişdir.
Fevralın 17-də Bakının Xətai rayonundakı 38 nömrəli şəhər poliklinikasında rayon sakinlərinin tibbi müayinəsi keçirilmişdir. Ölkəmizdə gedən abadlıq-quruculuq işlərinin tərkib hissəsi olaraq əsaslı təmirdən çıxmış poliklinikada səhər tezdən olmasına baxmayaraq rayonun idarə və müəssisələrdə, təhsil ocaqlarında çalışanlar, pensiyaçılar axın-axın poliklinikaya gəlirdilər. Rayon sakinlərinin mütəşəkkil surətdə tibbi müayinələrə cəlb olunmaları işin yüksək səviyyədə təşkilindən xəbər verirdi.
Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014-cü il fevralın 17-dən may ayının 1-dək bütün ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırıq vermişdir. Tapşırığın icrası ilə bağlı Xətai Rayon İcra Hakimiyyətində operativ tədbirlər görülmüşdür. Belə ki, bir neçə gün bundan əvvəl rayon rəhbərliyi idarə, təşkilat, səhiyyə müəssisələri rəhbərlərinin və rayon fəallarının iştirakı ilə müşavirə keçirmişdir. Müşavirədə səhiyyə müəssisələrinin rəhbərlərinə müəssisələrdə tibbi avadanlıqların işlək vəziyyətdə olması, tibbi heyətin hazırlığı barədə tapşırıq verilmişdir. Müşavirədən sonra rayon icra hakimiyyəti başçısının sərəncamı ilə yaradılan komissiya tapşırıqların icrası istiqamətində işlərə başlamışdır.
J.Abdıyeva demişdir ki, rayonda olan bütün səhiyyə müəssisələri müayinələrin aparılmasına tam hazırdır. Bu gündən etibarən poliklinikalarda müayinələrə başlanılmışdır. Müayinələrin aparılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Əlbəttə, bütün bunlar ölkə başçısı İlham Əliyevin xalqımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bizim də qarşımızda duran əsas vəzifə əhalini tibbi müayinə barədə məlumatlandırmaq və ölkə başçısının tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsini təmin etməkdən ibarətdir.
Poliklinikanın baş həkimi İmamverdi Rzayev isə rəhbərlik etdiyi müəssisənin ən müasir avadanlıqlarla təchiz olunduğunu, eləcə də vətəndaşların tibbi yoxlamalardan keçmələri üçün poliklinikanın hazır vəziyyətə gətirildiyini demişdir. Qeyd edilmişdir ki, poliklinika 68 min rayon sakininə xidmət edir. Bundan əlavə, rayon ərazisindəki tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar isə məktəblərdə, uşaq bağçalarında müayinələr aparacaq, həmçinin poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərəcəklər.
Rayonun 64 yaşlı sakini Zərqələm Allahverdiyeva poliklinikanın həkim heyətindən, burada yaradılan şəraitdən razılığını bildirir. O demişdir ki, dövlət başçısının bu təşəbbüsü ancaq alqışa layiqdir. Bugünkü aksiya onu göstərir ki, hər bir azərbaycanlının Prezidenti olan İlham Əliyev, həm də onların sağlamlıqlarının qeydinə qalır.
Rayon sakini Rəna Bucaqova isə demişdir: - Bütün müayinələrdən keçdim. Həkimlər və tibb bacıları məni xoş üzlə qarşıladılar. Bizim kimi imkansız insanlara müayinə olunmaq imkanı yaratdığına görə dövlət başçına təşəkkür edirəm.
Xaçmaz
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrasına Xaçmazda uğurla başlanılmışdır.
Müayinələrin ilk günündə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına xeyli sayda vətəndaş müraciət edərək dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən tibbi müayinələrdən yararlanmışdır. Burada onlar ixtisaslı həkimlər tərəfindən hərtərəfli müayinə olunmuş, eləcə də ultrasəs müayinələrindən keçmişlər. Xəstəlik aşkarlanan insanlar müvafiq müalicə prosesinə cəlb olunmuşlar.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Səyyaf Tağıyev rayonda aksiyanın mütəşəkkil keçirilməsi üçün ciddi hazırlıq işlərinin görüldüyünü bildirmişdir. Müayinələrin Xaçmaz Rayon Mərkəzi Xəstəxanası, Xudat Şəhər Mərkəzi Xəstəxanası da daxil olmaqla rayondakı 10-dan artıq səhiyyə müəssisəsində keçirilməsi nəzərdə tutulmuşdur. Aksiyaya tibbin bütün sahələri üzrə 200-dək həkim cəlb edilmişdir.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov bildirmişdir ki, tapşırığın icrası ilə bağlı icra hakimiyyətində operativ tədbirlər görülmüşdür. Bu məqsədlə tədbirlər planı hazırlanmış, komissiya və işçi qrupu yaradılmışdır. Rayonda olan bütün səhiyyə müəssisələri müayinələrin aparılması üçün tam hazır vəziyyətə gətirilmişdir. Dövlətimizin başçısının tapşırığına əsasən, müayinələrin aparılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Əlbəttə, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın sağlamlığına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
“Prezidentimiz bizim səhhətimiz haqqında özümüzdən daha çox düşünür. Belə bir səhiyyə aksiyasının təşkil olunması haqqında tapşırıq verilməsi bir daha sübut edir ki, dövlətimizin başçısı hər bir Azərbaycan vətəndaşını sağlam görmək istəyir”.
Bu sözləri pulsuz müayinədən keçdikdən sonra rayon sakini Xöşqədəm Salmanova bildirmişdir.
Müayinə olunmuş digər rayon sakini - Nargilə Salmanova da dövlətimizin başçısının bu xeyirxah təşəbbüsündən olduqca razı qaldığını bildirmişdir. O, vətəndaşlara pulsuz müayinə olunmaq imkanı yaratdığına görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.
Şəki
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq fevralın 17-dən respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Şəkidə də əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmışdır.
Müayinələrin keçirildiyi Şəki mərkəzi rayon xəstəxanasının konsultativ poliklinika şöbəsində əhalinin kütləvi dispanserizasiyasına ciddi hazırlıq işləri görülmüşdür. Müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün xüsusi tədbirlər planı hazırlanmış, qrafik müəyyənləşdirilmişdir. Əhalinin müayinə olunması üçün poliklinika şöbəsində bütün lazımi şərait yaradılmışdır.
Mərkəzi rayon xəstəxananın baş həkimi Məcid Əliyevin verdiyi məlumata görə, tibbi müayinələrin keçirilməsi üçün təcrübəli, yüksək ixtisaslı mütəxəssislərdən ibarət 4 həkim briqadası yaradılmışdır. Aksiyanın davam etdiyi müddətdə poliklinikadakı ümumi və biokimyəvi laboratoriyalar, rentgen, elektrokardioqrafiya, ultrasəs, flüoqrafiya kabinetləri, habelə ehtiyac yaranarsa, digər müayinə kabinetləri əhaliyə pulsuz tibbi xidmət göstərəcəkdir. Səhiyyə ocağı səhər saat 8-dən axşam 8-dək ikinövbəli iş rejimində çalışır. Müayinələr əvvəlcədən müəyyənləşdirilmiş qrafik əsasında həyata keçirilir. Tibbi müayinələrə kənd əhalisi də cəlb olunacaqdır.
Məcid Əliyevin bildirdiyinə görə, əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək insanların müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu tədbir hamının ürəyincədir. Xəstəliklərin ilkin dövrdə aşkar olunması, xəstələrin dispanser qeydiyyatına götürülməsi sonrakı dövrlərdə onların müayinə və müalicəsində böyük əhəmiyyət kəsb edir. Baş həkim insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyaya görə Şəki əhalisi və rayonun səhiyyə işçiləri adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.
Aksiyanın ilk günü günorta saatlarınadək Şəkidə artıq 300 nəfərə yaxın insan tibbi müayinədən keçmişdir.
Tovuz
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən, fevralın 17-dən ölkəmizdə əhalinin ödənişsiz tibbi müayinəsinə başlanılmışdır.
Dövlətimizin başçısının müvafiq göstərişinə uyğun olaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində də rayon sakinlərinin tibbi müayinəsi keçirilir.
Xəstəxananın baş həkimi Paşa Muradov bildirmişdir ki, mayın 1-dək davam edəcək müayinələrdə rayonun bütün sakinləri tibbi müayinədən keçiriləcəklər.
Tibbi müayinə rayonun şəhər və kənd xəstəxanalarında da təşkil olunmuşdur. Xəstəlik aşkar edilən vətəndaşlar rayon xəstəxanasında müalicə ediləcəklər. Müalicəsi rayonda mümkün olmayan xəstələr isə Bakıya göndəriləcəklər.
Tibbi müayinədən keçən rayon sakinlərindən Fərman Qurbanov, Cəlal Abbasov, Nəsimi Əliyev və başqaları göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqların bildirmişlər.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.