Prezident İlham Əliyevin tapşırığına əsasən, bütün ölkə vətəndaşlarının tibbi müayinəyə cəlb edilməsi əhalinin sağlamlığına dövlət qayğısının bariz nümunəsidir

 

Cəlilabad

Cəlilabad Rayon İcra Hakimiyyətində idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər, kənd inzibati ərazi dairəsi nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə əhalinin tibbi müayinədən keçirilməsinə hazırlıqla əlaqədar müşavirə keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkə vətəndaşlarının dispanserizasiyası məsələsinə həsr olunmuşdur.

Yığıncaqda çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov bildirmişdir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, bütün ölkə vətəndaşlarının tibbi müayinəyə cəlb edilməsi-dispanserizasiyanın keçirilməsi dövlətimizin başçısının əhalinin sağlamlığına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Qeyd olunmuşdur ki, fevralın 17-dən etibarən Cəlilabad rayonunda əhalinin dispanserizasiyasına başlanacaqdır.

Toplantıda rayon mərkəzi xəstəxanasının baş həkimi İ.Əliyev Azərbaycan Prezidentinin ölkə əhalisinə göstərdiyi yüksək qayğıdan vətəndaşların maksimum yararlanmasının vacibliyini bildirmiş, bununla bağlı təsdiq olunmuş iş qrafiki barədə məlumat vermişdir.

Bildirilmişdir ki, dispanserizasiyaya rayon mərkəzi xəstəxanasının və Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin həkim briqadaları cəlb edilmişdir.

Fevralın 17-dən başlayaraq bu iki səhiyyə müəssisəsində idarə, müəssisə və təşkilatların bütün əməkdaşları, o cümlədən rayonun qəsəbə və kəndlərinin sakinləri yerlərdəki tibb məntəqələrində həkim briqadaları tərəfindən tibbi müayinədən keçiriləcəklər.

Müşavirədə müayinəni yüksək səviyyədə təşkil etmək məqsədilə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Qəbələ

Qəbələ Rayon İcra Hakimiyyəti başçısının yanında şuranın iclası keçirilmişdir.

İclas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2014-cü il fevralın 17-dən mayın 1-dək əhalinin tibbi müayinədən keçirilməsi məsələsinə həsr olunmuşdur.

 İclasda şura üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, inzibati ərazi nümayəndələri, bələdiyyə sədrləri və rayonun səhiyyə işçiləri iştirak etmişlər.

Rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev gündəlikdəki məsələ ilə əlaqədar geniş məlumat vermişdir. O, hələ 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən uşaq və yeniyetmələrin kütləvi dispanserizasiyası haqqında sərəncam imzalandığını və rayonda bu tədbirin uğurla icra edildiyini bildirmişdir.

 Bu il fevralın 17-dən mayın 1-dək əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin verdiyi göstərişin xalqımızın sağlamlığına, uzunömürlülüyünə dövlət qayğısının təzahürü olduğunu vurğulayan Səbuhi Abdullayev bu diqqət və qayğının qəbələlilər tərəfindən razılıq hissi ilə qarşılandığını qeyd etmişdir. O, diqqəti son illərdə respublikamızda gedən sürətli iqtisadi inkişafın bütün sahələrə, o cümlədən səhiyyənin inkişafına əsaslı təkan verdiyinə cəlb etmiş, dövlətimizin başçısı tərəfindən göstərilən diqqət və qayğı nəticəsində Azərbaycan səhiyyəsinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu söyləmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi proqramların ölkə vətəndaşları üçün sağlam həyat tərzinin yaradılmasına xidmət etdiyi bildirilmiş, uşaqların yüksək səviyyədə tibbi xidmətlə əhatə olunduğu xüsusilə vurğulanmışdır.

 Prezident İlham Əliyevin “Hər bir vətəndaş, hər bir insan ildə bir dəfə müayinədən keçməlidir” çağırışına qəbələlilərin yekdilliklə qoşulacağına əminlik ifadə olunmuş və bunun üçün rayonun səhiyyə müəssisələrində bütün hazırlıq işlərinin başa çatdırıldığı bildirilmişdir.

 İclasda rayon mərkəzi xəstəxanasının baş həkimi Sabir Bayramov, Qəbələ Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi Bəxtiyar Haqverdiyev, rayon ağsaqqallar şurasının sədri Nazim Mustafayev və başqaları çıxış edərək, əhalinin tibbi müayinədən keçirilməsinin vacibliyindən ətraflı danışmış, bu mühüm məsələnin reallaşmasına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 Sonda şura iclası müzakirə olunan məsələ ilə bağlı qərar qəbul etmişdir.

İsmayıllı

İsmayıllıdakı Heydər Əliyev Mərkəzində əhalinin tibbi müayinəsinə hazırlıqla əlaqədar görülmüş işlərə həsr olunmuş müşavirə keçirilmişdir.

Rayon mərkəzi xəstəxanasının, qəsəbə, kənd xəstəxanaları və tibb məntəqələrinin, idarə və müəssisələrin rəhbərlərinin, şəhər, qəsəbə kənd icra nümayəndələrinin, bələdiyyə sədrlərinin iştirak etdikləri müşavirəni rayon icra hakimiyyətinin başçısı Mirdamət Seyidov açaraq kampaniyanın əhəmiyyətindən, Prezident İlham Əliyevin insanların sağlamlığına göstərdiyi diqqət və qayğıdan danışmışdır. İcra hakimiyyətinin başçısı fevralın 17-dən mayın 1-dək aparılacaq tibbi müayinənin yüksək səviyyədə və mütəşəkkil keçirilməsi üçün bütün zəruri tədbirlərin görüləcəyini bildirmişdir.

Rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, mərkəzi rayon xəstəxanasının baş həkimi Aftandil Rəhimov çıxış edərək tibbi müayinəyə hazırlıq barədə ətraflı məlumat vermişlər. Qeyd olunmuşdur ki, bu məqsədlə müvafiq komissiya yaradılmış, işçi qrupu təşkil edilmiş, yaşayış məntəqələri, idarə, müəssisə və təşkilatlar üzrə dəqiq cədvəl tutulmuşdur.

 Müşavirədə çıxış edənlər komissiyanın və işçi qrupunun vəzifələri barədə geniş izahat vermiş, hazırlanmış qrafikin dəqiq icrasına nəzarət ediləcəyini, müayinədən hər kəsin yararlanması üçün zəruri tədbirlərin görüləcəyini bildirmişlər.

Əminliklə vurğulanmışdır ki, əhalinin tibbi müayinədən keçirilməsinə cavabdeh olan şəxslər ölkə başçısının bu humanist təşəbbüsünə məsuliyyətlə yanaşacaqlar.

Şəmkir

Şəmkirdə rayon əhalisinin tibbi müayinəsinə hazırlığın vəziyyəti ilə bağlı müşavirə keçirilmişdir.

Müşavirəni giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Nazim Veysov açaraq Prezident İlham Əliyevin tapşırığı ilə ölkə əhalisinin pulsuz müayinəsinin keçirilməsinin əhəmiyyətindən danışmış və bu işin yüksək səviyyədə təşkil olunması üçün qarşıda duran vəzifələri diqqətə çatdırmışdır.

Daha sonra mərkəzi rayon xəstəxanasının baş həkimi Nurəddin Əhmədovun tibbi müayinə ilə əlaqədar görülən hazırlıq işləri barədə məlumatı dinlənilmişdir. Qeyd edilmişdir ki, rayon üzrə 165 min nəfər müayinədən keçirilməlidir. Müayinələr mərkəzi rayon xəstəxanası və poliklinika ilə yanaşı, 7 qəsəbə xəstəxanasında və 8 kənd tibb məntəqəsində aparılacaqdır. Bu məqsədlə yüksək ixtisaslı tibb mütəxəssislərindən ibarət həkim briqadaları yaradılmışdır.

Müşavirədə əhalinin bu vacib kampaniyaya mütəşəkkil cəlb edilməsi üçün müvafiq təbliğat işlərinin gücləndirilməsinə dair tapşırıqlar verilmişdir.

Şəki

Prezident İlham Əliyevin tapşırığına əsasən 2014-cü il fevralın 17-dən mayın 1-dək respublikamızda əhalinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulur.

Bu mühüm tədbirin keçirilməsinə hazırlıq işlərinin gedişi və qarşıda duran vəzifələr fevralın 15-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın geniş iclasında ətraflı müzakirə edilmişdir.

Əlaqədar qurumların, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdiyi iclasda əhalinin sağlamlığının qorunmasına yönələn bu tədbirin yüksək mütəşəkkilliklə keçirilməsinin vacibliyi bir daha qeyd olunmuş, aparılan təşkilati işlər barədə məlumat verilmişdir.

Bildirilmişdir ki, Prezident İlham Əliyev əhalinin sağlamlığının qorunmasını ən vacib məsələlərdən biri hesab edir və bunu çıxışlarında dəfələrlə vurğulamışdır. Təsadüfi deyildir ki, son illər ölkəmizdə səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir, müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni xəstəxanalar, tibb məntəqələri əhalinin istifadəsinə verilir. Təəssüf ki, insanlar çox zaman öz sağlamlıqlarına biganə yanaşır, vaxtında tibbi müayinədən keçmir, xəstəliklər barədə məlumatlı olmurlar. Bəzən xəstəliklər gec müəyyən edildiyindən onların müalicəsi də çətinləşir. Bu baxımdan, Prezident İlham Əliyevin təşəbbüsü  və çağırışı əhali tərəfindən böyük rəğbətlə qarşılanır.

Diqqətə çatdırılmışdır ki, tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılmışdır. Komissiyanın işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri, habelə müayinənin keçiriləcəyi tibb müəssisələrinin həkim və mütəxəssisləri cəlb edilmişlər. Müayinənin müvəffəqiyyətlə həyata keçirilməsi üçün tibb müəssisələri lazımi hazırlıq vəziyyətinə gətirilmişdir. Məlumat verilmişdir ki, müayinəyə əhalinin 18 yaşdan yuxarı hissəsi cəlb olunacaqdır. Bu məqsədlə xüsusi qrafik tərtib edilmişdir. Vurğulanmışdır ki, əhalinin işləməyən təbəqəsinin də bu tədbirə cəlb edilməsi, KİV tərəfindən lazımi izahat və maarifləndirmə işinin aparılması vacibdir.

Şəki mərkəzi rayon xəstəxanasının baş həkimi Məcid Əliyev çıxış edərək tibbi müayinəyə hazırlıq barədə məlumat vermişdir. Bildirilmişdir ki, müayinənin mütəşəkkil keçirilməsini təmin etmək üçün mərkəzi rayon xəstəxanasında xüsusi qərargah yaradılmışdır. Müayinə xəstəxananın konsultativ poliklinika şöbəsində həyata keçiriləcəkdir. Bununla bağlı müayinədə iştirak edəcək bütün həkim və tibb işçiləri əvvəlcədən ətraflı təlimatlandırılmışdır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında