Mərkəzi Klinikanın Gəncə Xəstəxanasında ürək cərrahiyyəsi şöbəsi açılmış və açıq ürək əməliyyatları aparılmışdır

 

 

 

Bu gün Azərbaycan səhiyyəsində atılan hər bir uğurlu addım insanların sağlamlığına xidmət edir. Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində bölgələrdə yaradılan yeni tibb ocaqları ən müasir avadanlıqlarla, eləcə də ixtisaslı mütəxəssislərlə təmin edilir ki, bu da hər bir Azərbaycan vətəndaşının sağlamlığının qorunması istiqamətində aparılan dövlət siyasətinin tərkib hissəsidir.

Belə səhiyyə ocaqlarından biri də 5 il əvvəl fəaliyyətə başlamış Gəncə Diaqnostoka Mərkəzidir. Mərkəzi Klinikanın Gəncə Xəstəxanasına çevrilən bu səhiyyə ocağında aparılan yenidənqurma işlərindən sonra burada urologiya, ümumi cərrahiyyə, travmatologiya, neocərrahiyyə, radiologiya, müasir ümumi reanimasiya, kardio-cərrahiyyə, invazit kardiologiya, təcili yardım şöbələri, eləcə də müasir laboratoriya fəaliyyət göstərir.

Bu günlərdə isə respublikamızın qərb regionu üçün əlamətdar olan daha iki şöbə, ürək-damar cərrahiyyəsi və invazit şöbələri fəaliyyətə başlamışdır. Ürək cərrahiyyəsinin bütün sahələrindən, istər karonar cərrahiyyəsi, istər qapaq cərrahiyyəsi, istər böyük aorta damarlarında, eləcə də digər periferik damarlarda əməliyyatların icrası, demək olar, bölgə üçün əlamətdar hadisədir. Kardialogiya şöbəsinə müraciət edən xəstələrə angioqrafiya tətbiq edildikdən sonra xəstənin əməliyyat, yaxud invazit müdaxilələr edilməsi müəyyənləşdirilir. 150 nəfərlik tibb heyətinə həm Bakıdan ezam olunan, həm də xarici ölkələrdə təcrübə keçmiş həkimlər daxildir.

Region üçün belə bir xəstəxananın, eləcə də şöbələrin fəaliyyət göstərməsi söz yox ki, Azərbaycan Prezidenti İlham Əliyevin regionlarda əhaliyə tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üçün verdiyi tapşırıqların nəticəsidir. Yeni şöbələrin açılışı bölgədə yaşayan insanların vaxt itirərək paytaxt Bakıya getmələrinin qarşısını almaqla yanaşı, eyni zamanda, onların əlavə vəsait xərcləmələrinə də son qoymuşdur.

Mərkəzi Klinikanın baş həkimi, Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri Kamran Musayevin AzərTAc-a müsahibəsində ölkəmizdə ürək-damar xəstəlikləri cərrahiyyəsi ilə bağlı dediyi fikirlər bizdə böyük nikbinlik yaratdı. Tanınmış cərrah qeyd etdi ki, dövlətimizin  başçısının diqqət və qayğısı sayəsində yaradılan şərait heç də xarici xəstəxanalardan geri qalmır. Mərkəzi Klinikanın uğurları artıq bölgələrə də ayaq açır. Bu gün Gəncədə belə bir şöbənin açılması bu sahədə həyata keçirilən islahatların bəhrəsidir. Qarşıya qoyulan əsas məqsəd 7 gün, 24 saat fasiləsiz olaraq ürək cərrahiyyəsi və invazit kardiologiya xidməti göstərməkdir. Ona görə də əsaslı təmirdən sonra 100 çarpayılıq bu müalicə ocağının çoxprofilli xəstəxana kimi fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur.

Tibbi heyətə gəldikdə isə, həkim və orta tibb işçiləri Bakıda və xarici ölkələrdə təhsil almış peşəkar kadrlardır. İndi əminliklə demək olar ki, Bakıda, Mərkəzi Klinikada icra olunan bütün tibbi prosedurlar - diaqnostik və müalicə işləri Gəncə Xəstəxanasında da uğurla icra olunur. Artıq iki gündür ki, burada açıq ürək əməliyyatlarına başlanılmışdır və bütün əməliyyatlar uğurlu keçmişdir. Üç gün ərzində müraciət edən 100-dən artıq xəstədən 14-də uğurlu əməliyyat aparılmışdır. Bu gün də bu əməliyyatlar davam etdirilir və söz yox ki, bu bir başlanğıcdır. Gələcəkdə bu növ əməliyyatların sayı da artırılacaqdır. Mərkəzi Klinikada aparılan əməliyyatların Gəncə Xəstəxanasında da icra edilməsi o deməkdir ki, artıq Gəncədə dünya standartlarına uyğun, təbabətin tələblərinə cavab verən mərkəz yaradılmışdır.

Söhbət zamanı region üçün çox böyük əhəmiyyət daşıyan bu xəstəxanada ürək-cərrahiyyə və invazit kardiologiya şöbələrinin açılmasında böyük əməyi olan Prezidentin Xüsusi Tibbi Xidmətinin rəisi, akademik Cəmil Əliyevə minnətdarlıq edən Kamran Musayev vaxt məhdudluğu olduğunu bildirərək, növbəti ürək əməliyyatına başladı.

Vaxtdan istifadə edib, əməliyyat olunacaq bir neçə xəstə ilə söhbət etdik. Hamısı nikbin idi. Tovuz rayonundan Vüsal Qurbanov, Ağcabədi rayonundan Gəray Həsənov və başqaları uzun illər ürək ağrılarından əziyyət çəkdiklərini, lakin Bakıya getmək imkanlarının olmadığını bildirərək belə bir şöbənin açılmasında əməyi olanlara minnətdarlıqlarını bildirdilər.

Gəncə Xəstəxanasının baş həkimi Musa Abbasov dedi ki, bu, hələ başlanğıcdır. Sağlıq olsun, Mərkəzi Klinikanın Gəncə xəstəxanasının kollektivi etimadı layiqincə doğruldacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında