Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Kırna kənd həkim ambulatoriyasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Ölkəmizdə insanların sağlamlığının qorunması, onlara lazımi tibbi xidmətin göstərilməsi diqqət mərkəzində saxlanılır. Bu gün istifadəyə verilən həkim ambulatoriyası da Kırna kəndinin əhalisinə xidmət göstərəcəkdir.
Yaradılan şərait kollektivin səmərəli fəaliyyət göstərməsinə, səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsinə, insanların sağlamlığının etibarlı şəkildə qorunmasına imkan verəcəkdir. Tibb işçiləri gigyenik qaydalara əməl edilməsi məqsədilə maarifləndirmə işləri aparmalı, azyaşlı uşaqların peyvəndə cəlb olunması, hamilə qadınlara patronaj xidməti vaxtlı-vaxtında təşkil olunmalıdır.
Ali Məclisin sədri kənddə səhiyyə xidmətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin vacibliyini bildirmiş, kollektivə fəaliyyətində uğurlar arzulamışdır.
Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur. Ambulatoriya 2 mərtəbədən ibarətdir. Binada stomatoloq kabinəsi, palata, doğuş, peyvənd, aptek, mama və manipulyasiya otaqları istifadəyə verilmişdir. Lazımi dərman preparatları ilə də təmin olunan ambulatoriya sakinlərə göstərilən tibbi xidməti daha da yaxşılaşdırmağa imkan verəcəkdir.
Tibb bacısı Könül Muradova səhiyyənin inkişafına, insanların sağlamlığının qorunmasına göstərilən hərtərəfli dövlət qayğısına görə kollektiv adından minnətdarlığını bildirmişdir.
Ali Məclisin sədri rayon Mərkəzi Xəstəxanası ilə həkim ambulatoriyalarının qarşılıqlı fəaliyyət göstərməsinin vacibliyini bildirmiş, yaradılanlardan səmərəli istifadə olunması barədə tapşırıqlar vermişdir.
* * *
Təhsilə qayğı ölkənin gələcəyinə xidmət edir. Bu gün təhsil sisteminin müasir tələblər səviyyəsində qurulması muxtar respublikamızda həyata keçirilən sosial siyasətin əsasını təşkil edir. Tikilən hər bir məktəb binası, yaradılan müasir təhsil infrastrukturu savadlı və intellektli gəncliyin yetişdirilməsi kimi ali məqsədə hesablanmışdır.
Sentyabrın 20-də əsaslı yenidənqurma işləri aparılmış Kırna kənd tam orta məktəbi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Kırna kənd tam orta məktəbinin binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Təhsil uşaqları, gəncləri gələcəyə əsl vətəndaş, yüksək səviyyəli mütəxəssis kimi hazırlayan müqəddəs bir sahədir” fikrini xatırladaraq demişdir: Hər bir ölkənin gələcəyi təhsilli və vətənpərvər gənclərdən asılıdır. Ölkənin gələcəyini bilmək üçün onun gəncliyinə nəzər salmaq kifayətdir. Gəncliyi yüksək təhsilli, vətənpərvər və peşəyə sahib olan ölkələrin gələcəyi də parlaq olur. Bu gün ölkəmizdə təhsilə hərtərəfli qayğı göstərilir”.
Ali Məclisin sədri məktəbin nailiyyətlərinin qənaətləndirici olduğunu bildirərək demişdir: “Tədrisin düzgün təşkili Kırna kənd tam orta məktəbində kəmiyyətlə yanaşı, keyfiyyətin artmasına da səbəb olmuşdur. Ötən tədris ilində məktəbin məzunlarından 11-i ali məktəblərə, 2-si orta ixtisas məktəblərinə, 1-i isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olmuşdur. Ali Məclisin sədri qazanılan nailiyyətlərə görə kollektivə təşəkkür etmiş, məktəbdə yaradılan şəraitdən düzgün istifadə ediləcəyinə, nailiyyətlərin daha da artırılacağına, bilikli və vətənpərvər gənclərin yetişdiriləcəyinə əminliyini bildirmişdir”.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan məktəb binası 306 şagird yerlikdir. Binada 17 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompyuter otağı, müəllimlər otağı, kitabxana, bufet və idman zalı yaradılmışdır.
Sonra Ali Məclisin sədri Culfa rayonunun ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan şagirdlərdən bir qrupuna kompyuter dəsti hədiyyə etmiş, onları təhsildə qazandıqları nailiyyətlərə görə təbrik etmiş, binanın açılışını bildirən lenti kəsmişdir.
* * *
Müasir yol infrastrukturunun yaradılması muxtar respublikanın kəndlərində aparılan tikinti-quruculuq işlərinin əsasını təşkil edir. Bu il Kırna kəndində aparılan tikinti işləri zamanı avtomobil yolu da əsaslı şəkildə yenidən qurulmuşdur.
Sentyabrın 20-də Kırna avtomobil yolunun açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Kənd sakini Rahib Məmmədov avtomobil yolunun yenidən qurulmasının kəndin həyatında əlamətdar hadisə olduğunu bildirmiş, sakinlər adından minnətdarlıq etmişdir.
Ali Məclisin sədri yolun istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək demişdir ki, kəndlərdə aparılan tikinti-quruculuq işləri, yaradılan müasir infrasturktur Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişafın tərkib hissəsidir. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram”ına uyğun olaraq muxtar respublikamızda da tədbirlər planı hazırlanaraq icra olunur. Kırna kəndində tikilən yeni sosial obyektlər qəbul edilən dövlət proqramlarının icrası nəticəsində mümkün olmuşdur.
Ali Məclisin sədri bildirmişdir ki, Kəndlərin inkişafında yol infrastrukturunun təkmilləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Hər bir yaşayış məntəqəsinin abadlığı onun yolundan başlanır. Müasir yolların salınması kəndlə şəhər arasındakı əlaqələrin daha səmərəli qurulmasına, kəndlərin inkişafına və insanların rahatlığına xidmət edir. Bu gün Kırna kəndinin avtomobil yolu yenidən qurularaq istifadəyə verilir. Bu, kəndin inkişafı ilə yanaşı, insanların sosial problemlərinin həllinə də öz təsirini göstərəcəkdir.
Ali Məclisin sədri bir daha sakinləri təbrik etmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, yolun uzunluğu 4 kilometr, yol yatağının eni 9, asfalt örtüklü ikizolaqlı hərəkət hissəsinin eni isə 7,2 metrdir. Yolda piyadaların və avtomobillərin təhlükəsiz hərəkəti təmin edilmişdir. Yenidənqurma işləri aparılarkən yola suötürcülər qoyulmuş, yol xətlənmiş və hərəkət qaydalarına uyğun işarələnmişdir. Yolun yenidən qurulması rayon mərkəzi və digər kəndlərlə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasına imkan verəcəkdir.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.