Şriftin ölçüsü:
27.07.2010 05:41 | Oxunma sayı: 1668
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş uğurlu dövlətçilik konsepsiyasının, inkişaf strategiyasının son illərdə dövrün tələblərinə uyğun olaraq inamla davam etdirilməsi nəticəsində ölkəmizin həm regionda, həm də beynəlxalq miqyasda imici sürətlə yüksəlir. Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən geniş islahatlar müsbət nəticələr verir, əhalinin güzəranı getdikcə yaxşılaşır.
Ölkəmizdə sosial yönümlü iqtisadi siyasət yürüdülür, bütün sahələrdə məhz insan amilinə üstünlük verilir. Möhtərəm Prezidentimizin məqsədi odur ki, insanlar sosial rifahlı bir cəmiyyətdə yaşasınlar. Artıq neçə ildir ki, milli iqtisadiyyatımızın yüksək inkişafı səhiyyə sahəsinə də öz təsirini göstərir və bu sahədə köklü islahatlar aparılır. Yeni tibb müəssisələri yaradılır, sistemin maddi-texniki bazası möhkəmləndirilir.
Regional inkişaf üzrə dövlət proqramlarının uğurlu icrası sayəsində son yeddi ildə ölkədə onlarla xəstəxana, poliklinika və diaqnostika mərkəzi tikilərək istifadəyə verilmiş, tibb ocaqları ən müasir ləvazimat və avadanlıqla təchiz edilmişdir. Əgər 2003-cü ildə ölkənin səhiyyə ehtiyaclarına 59 milyon manat ayrılmışdısa, ötən ildə bu rəqəm 502 milyon manat olmuşdur. Bu, səhiyyənin büdcəsinin səkkiz dəfə artması deməkdir. 2008-ci ildən Səhiyyə Nazirliyinin tabeliyində olan bütün müalicə-profilaktika müəssisələrində pullu xidmət ləğv edilmişdir ki, bu da insanların sağlamlığının qorunması sahəsində çox əhəmiyyətli addım sayılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş ikinci dövlət proqramında göstərilmişdir ki, səhiyyə sahəsində regional inkişaf siyasətinin başlıca məqsədi əhalinin sağlamlığının yaxşılaşdırılmasından, orta ömür müddətinin uzadılmasından, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən ibarətdir. Bu yöndə gerçəkləşdirilən layihələr fərəh doğurmaya bilməz. Təkcə ötən il 44-ü regionlarda olmaqla, 63 səhiyyə müəssisəsi tikilib istifadəyə verilmişdir. Səhiyyə islahatları təkcə yeni müəssisələrin inşası, qabaqcıl tibb avadanlıqlarının alınması ilə bitmir. Son illərdə bu sahədə çalışanların əmək haqları bir neçə dəfə artırılmışdır.
Ölkəmizin cənub bölgəsində də səhiyyənin inkişafı ilə bağlı mühüm addımlar atılır. Ölkədə ilk dəfə məhz Lənkəranda Avropa standartlarına uyğun müasir müalicə-diaqnostika mərkəzi tikilərək istifadəyə verilmişdir. Mövcud xəstəxanalar əsaslı təmir edilmişdir. Yardımlı və Lerik mərkəzi rayon xəstəxanaları buna gözəl nümunədir. Masallı MRX-da bu işlər davam edir. Rayonumuzda regional təcili yardım stansiyasının, Lənkəranda əlillərin regional bərpa mərkəzinin, uşaq-sağlamlıq mərkəzinin, perinatal mərkəzin, Biləsuvarda regional ana və uşaq mərkəzinin, Cəlilabadda bölgə üzrə ikinci müalicə-diaqnostika mərkəzinin yaradılması əyalət səhiyyəsinin inkişafına daimi qayğının nəticələridir. Akademik Zərifə Əliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun Masallıda yaradılmış filialı bütün bölgəyə xidmət edir. Ağ ciyər xəstəlikləri dispanseri regional dispanser statusu ilə işləyir.Tibb ocaqlarımızda bir çox beynəlxalq proqramlar uğurla reallaşdırılır.
Bu il aprelin 29-da Cəlilabadda yeni müalicə-diaqnostika mərkəzinin açılışında iştirak edən möhtərəm Prezidentimiz İlham Əliyev dövlət siyasətinin təməlində insana münasibət və qayğı durduğunu vurğulamışdır: "Demək olar ki, bütün bölgələrdə artıq yüksək tibbi xidmət göstərilir. Elə etməliyik ki, hər bir rayonda, rayon mərkəzində belə gözəl şərait olsun. Belə olarsa, onda, biz demək olar ki, səhiyyə sahəsindəki islahatların böyük hissəsini həll edə bilərik. Bu, bizim üçün prioritet məsələdir və son illər ərzində bu sahədə böyük investisiyalar qoyulub. Bu investisiyalar insan kapitalına qoyulan investisiyalardır".
Ötən ay rayonumuzda tibb işçilərinin peşə bayramına həsr olunmuş mərasimdə məruzə ilə çıxış etdim. Qeyd etdim ki, Masallının 1130 nəfərlik tibb işçisi heyəti yaradılan şəraitdən səmərəli istifadə edərək xidmətin səviyyəsini günbəgün yaxşılaşdırmağa və bununla da əhalinin ağxalatlılara inamını daha da artırmağa çalışır. Ümumdünya Səhiyyə Təşkilatının rayonumuza gəlmiş ekspertləri mərkəzi xəstəxanada doğuşa yardım xidmətinin təşkilini müsbət qiymətləndirmişlər. Kollektivimiz QİÇS-ə, vərəmə qarşı ciddi mübarizə aparır. Xroniki böyrək çatışmazlığı olan 29 xəstəyə həftədə iki-üç dəfə olmaqla Lənkəran Müalicə Diaqnostika Mərkəzində dövlət hesabına hemodializ aparılır. İmtiyazlı xəstələrə tibbi xidmət də həkimlərimizin diqqət mərkəzindədir. Onlara, habelə qaçqın və məcburi köçkün ailələrinə qayğını ilbəil artırırıq. Təkcə ötən il bu qruplardan olanlara rayonumuzda 216 min manatadək müxtəlif dərman preparatı verilmişdir. İstər Səhiyyə Nazirliyi, istərsə də rayon rəhbərliyi səviyyəsində uğurlar qazanmağımıza hər cür dəstək verilir...
İndiki şəraitdə tibb işçilərinin qarşısında böyük vəzifələr durur. Xəstələrə qarşı daha qayğıkeş və həssas olmalıyıq. Xaricdən gətirilmiş ən müasir cihaz və avadanlıqlarla yüksək peşəkar səviyyədə işləməyi dərindən öyrənməliyik. Biz həmkarlar ittifaqı təşkilatlarının təmsilçiləri isə hər bir kollektivdə işçilərin mənafeyini müdafiə etməklə bərabər, əmək şəraitinin yaxşılaşdırılması, əmək intizamının möhkəmləndirilməsi, işçilərin maddi və mənəvi həvəsləndirilməsi, əmək və istirahətinin təşkili məsələlərini lazımınca həll etməliyik. Bundan ötrü həmkarlar ittifaqı orqanlarının qabaqcıl təcrübəsini öz işimizdə uğurla tətbiq etməyə çalışırıq.
{nl}
Nazir RUFULLAYEV, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin sədri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.