Səhiyyə sistemində aparılan islahatlar insanların sağlamlığına etibarlı təminat yaradır

Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlişindən sonra ölkədə bütün sahələr üzrə əsaslı dönüş yarandı. Müdrik şəxsiyyətin uzaqgörənliyinin və titanik əməyinin bəhrəsi kimi genişmiqyaslı işlərin nəticəsi olaraq səhiyyənin inkişafı da möhkəm təməllər üzərində quruldu. Xalqımızın sağlamlığının qorunmasını prioritet vəzifə kimi qarşıya qoyan ulu öndər yüksək ixtisaslı tibb kadrlarının yetişdirilməsinə, səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, ən müasir tibbi cihaz və avadanlıqların gətirilməsinə xüsusi diqqət yetirdi.
Sovet İttifaqının süqutundan sonra müttəfiq respublikalar arasında əlaqələr kəsilmiş, bunun nəticəsində isə səhiyyə sahəsində də böhran yaranmışdı. Müstəqilliyimizin ilk illərində hakimiyyətə rəhbərlik edənlərin naşılığı və dövlət idarəçiliyindəki təcrübəsizliyi əhalinin sağlamlığının qorunması sahəsində ciddi geriliyə səbəb olmuşdu. Əhaliyə pulsuz tibbi yardım göstərilməsi sistemi tədricən dağılmışdı. Xalqın təkidli xahişindən sonra ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəldiyi ilk vaxtlardan ölkənin sosial-iqtisadi, elmi-mədəni həyatında böyük canlanma yarandı. Bütün sahələrdə, o cümlədən səhiyyədə də sıçrayışlı inkişaf dövrü başlandı. Yeni, müasir standartlara uyğun səhiyyə obyektlərinin inşası start götürdü. Respublikamızdakı tibb müəssisələrinin çoxu yenidən quruldu, ambulator-poliklinika şəbəkələri genişləndirildi. Kənd səhiyyə xidmətləri yüksək inkişaf səviyyəsinə çatdırıldı. Mərkəzdə və respublikanın digər yerlərində yüksək ixtisaslaşmış müasir səhiyyə mərkəzləri istifadəyə verildi. Bütün bunlar əhalinin sağlamlığının qorunması istiqamətində ulu öndərimizin xalqımıza bəxş etdiyi əvəzsiz töhfələr idi.
Səhiyyənin mövcud potensialından maksimum səmərəli istifadə etməklə əhalinin sağlamlığının qorunması işini daha da yaxşılaşdırmaq məqsədi ilə ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi tədbirlər hesabına səhiyyədə geniş islahatlar proqramı hazırlandı. Səhiyyədə mütərəqqi dəyişikliklərin aparılması və yeni səhiyyə sisteminin qurulması məqsədilə 1994-cü ilin sonunda Azərbaycan Prezidenti Heydər Əliyevlə BMT-nin YUNİSEF təşkilatının rəhbərliyi "Əməkdaşlıq proqramı" imzaladılar. Bir neçə il sonra - 1998-ci il martın 13-də müdrik şəxsiyyət "Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması barədə" sərəncam imzaladı. Aparılan islahatlar nəticəsində əhaliyə göstərilən tibbi xidmət keyfiyyətcə yeni mərhələyə qədəm qoydu və getdikcə yaxşılaşdırıldı. Bunların nəticəsi olaraq tibb müəssisələrinin strukturu daha da yeniləşdirildi və maddi-texniki bazası möhkəmləndirildi. Sağlamlıq və səhiyyə göstəriciləri xeyli yaxşılaşdı, bu sahədə maddi-texniki bazanın gücləndirilməsi ilə əlaqədar əlavə maliyyə vəsaiti ayrıldı.
Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev əhalinin sağlamlığının qorunması istiqamətində bir-birinin ardınca mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə nail oldu. Səhiyyənin beynəlxalq standartlar səviyyəsində qurulması məqsədi ilə doqquz Dövlət Proqramı təsdiq olundu və bu proqramların həyata keçirilməsinə ciddi nəzarət olundu. Müasir dövrdə səhiyyənin inkişafına və ən müasir ləvazimatlarla təchiz olunması məqsədilə bu sahəyə ayrılan büdcə vəsaitinin ildən-ilə artırılması, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, idarəetmənin mütərəqqi formalarının tətbiq edilməsi, habelə yeni təsərrüfat mexanizminin təkmilləşdirilməsi ilə əlaqədar görülən işlər öz nəticəsini vermişdir. Möhtərəm Prezidentimizin diqqət və qayğısı, tövsiyələri, göstərişləri nəticəsində səhiyyə sahəsində əldə olunan uğurlu nəticələr Azərbaycanın ictimai-siyasi , mədəni sosial həyatında baş verən dəyişikliklərlə əlaqədardır. Dövlət başçımızın məqsədyönlü fəaliyyəti bu və ya digər dəyişikliklərin həyata keçirilməsinə səbəb olmuşdur. Hazırda səhiyyə ocaqlarında elə bir şərait yaradılıb ki, insanlar xəstəxanalara böyük inamla gəlib müalicə olunurlar. Onların sağlamlığının qorunması, yeni səhiyyə müəssisələrinin beynəlxalq standartlar səviyyəsində qurulmasında Heydər Əliyev Fondunun da əvəzsiz xidmətləri xüsusi qeyd olunmalıdır. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə dəstəyi ilə tikilmiş tibb mərkəzlərinin ən müasir avadanlıqlarla təchiz olunaraq istifadəyə verilməsi səhiyyəyə göstərilən qayğının bariz nümunəsidir. Mehriban xanım Əliyevanın səyi nəticəsində tikilmiş Tallassemiya Mərkəzi və digər mühüm əhəmiyyətli tibb ocaqları məhz bu bu kompleks tədbirlər sisteminə aiddir.
Möhtərəm Prezidentimizin diqqət və qayğısı nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində bir-birinin ardınca mühüm əhəmiyyətli tədbirlər həyata keçirilir. Dövlət büdcəsindən maliyyələşən müalicə-profilaktika müəssisələrində pullu tibbi xidmətin ləğv edilməsi də məhz bu tədbirlərdəndir. Son illər aparılan islahatlar çərçivəsində əldə olunan əsas nailiyyətlərdən biri də özəl səhiyyə sisteminin tətbiq edilməsidir. Bu istiqamətdə müvafiq hüquqi-normativ baza yaradılıb. Bu, həm səhiyyənin keyfiyyətli xidmətinə, həm də yeni iş yerlərinin yaradılmasına böyük təsir göstərmişdir.
Xəstəxanalarda təcili və təxirəsalınmaz cərrahiyyə xidmətinin optimal təşkili və işinin yaxşılaşdırılması səhiyyə qarşısında duran ən mürəkkəb problemlərdəndir. Aparılan islahatlar nəticəsində bu sahədə də əsaslı dönüş yaranıb. Möhtərəm Prezidentimiz bölgələrdə yeni tibb müəssisələrinin inkişafına xüsusi diqqət yetirərək demişdir: "Uzun illər idi ki, bu, çox geridə qalmış sahə idi. 2005-ci ildən başlayaraq Azərbaycanın müxtəlif bölgələrində ən müasir standartlara cavab verən diaqnostika-müalicə mərkəzlərinin təməl daşı qoyulubdur. Bir il ərzində demək olar ki, Azərbaycanın bütün bölgələrində ən müasir avadanlıqla təchiz edilmiş yeni tibb ocaqları yaradılacaqdır. Bütün bunlar regionların inkişafı deməkdir. Bütün bunlar xalqın daha da yaxşı yaşaması deməkdir. Bu gün respublikamızın 10-dan çox bölgəsində beynəlxalq standartlara cavab verən müasir diaqnostika mərkəzləri inşa edilmişdir. Tibb müəssisələrinin tikinti və yenidənqurma işləri ilə yanaşı onların təchizat məsələlərinə də böyük önəm verilir. Son illər istifadəyə verilmiş müalicə müəssisələrinin əksəriyyətində unikal cərrahiyyə əməliyyatlarının aparılması üçün hər cür şərait yaradılmış, Avropa, Amerika və Yaponiya şirkətlərinin istehsalı olan müasir tibbi avadanlıqlar quraşdırılmışdır. Regionlarda fəaliyyət göstərən tibb müəssisələrinin maddi-texniki bazasının və təchizatının yaxşılaşdırılması nəticəsində rayonlardan Bakıya gələn xəstələrin sayı ötən illə müqayisədə 30 faiz azalmışdır..."
Dövlət başçımızın 30 mart 2010-cu il tarixdə imzaladığı "Ağcabədi, Beyləqan, İmişli və Saatlı rayonlarında əhalinin səhiyyə xidməti ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncamının icrası ilə əlaqədar ciddi işlər gedir, xəstəxanalarda əsaslı təmir işləri aparılır. Əminik ki, səhiyyə müəssisələrində aparılan əsaslı təmirdən, yenidənqurmadan sonra əhaliyə daha yüksək səviyyədə tibbi xidmət göstəriləcək. Biz həkimlər dövlət başçımızın səhiyyəyə göstərdiyi yüksək diqqət və qayğıdan daha da ruhlanaraq, əhaliyə daha yaxşı tibbi xidmət göstərmək üçün bütün imkanlardan istifadə edəcəyik.

{nl}

Əhədağa SOLTANOV, Saatlı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında