Yay fəsli ilə əlaqədar dünyanın hər yerində epidemioloji xəstəliklərin artmasına təsadüf edilir. Bu kimi halların qarşısını sanitariya nəzarətinin gücləndirilməsi, profilaktik və əksepidemik tədbirlərin ardıcıl həyata keçirilməsi ilə almaq mümkündür.
Masallı rayonunda abadlıq-təmizlik işlərinin davamlı aparılması, əhali arasında kompleks sağlamlaşdırıcı tədbirlərin görülməsi yoluxucu xəstəliklərə qarşı mübarizədə müsbət nəticələr verir. Bu gün Masallı cənub bölgəsinin ən təmiz və abad şəhərlərindən birinə çevrilib. Burada əlverişli ekoloji şərait yaradılıb. Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Kamal Vəkilov bu sahənin təcrübəli adamlarındandır. Onun rəhbərlik etdiyi kollektivin - təmizlik və sağlamlıq carçılarının peşəkar qabiliyyəti, müvafiq pozuntulara qarşı barışmaz mübarizəsi sayəsində həmin amillərin mənfi nəticələrə gətirib çıxarması minimuma endirilib.
Direktor Kamal Vəkilovun dedikləri:
-Hələ yaz aylarından əhalinin sağlamlığının qorunması və ona təsir edən ətraf mühit amillərinin aradan qaldırılması istiqamətində dövlət səviyyəsində mühüm tədbirlərin reallaşdırılmasına başlanmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyev Nazirlər Kabinetinin cari ilin ilk rübünün yekunlarına həsr edilmiş iclasında bu barədə fikirlərini söyləmiş və göstərişlərini vermişdir. Bundan sonra hər yerdə olduğu kimi, rayonumuzda da keyfiyyətsiz ərzaq məhsullarının satılmasına ciddi qadağalar qoyuldu və nəzarət daha da gücləndirildi. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin tapşırığı ilə mərkəzdə ictimai nəzarət komissiyası yaradıldı və ötən dövr ərzində rayonumuzun ərazisində fəaliyyət göstərən bir sıra ticarət-iaşə obyektlərinə baxış keçirildi. Bu iş hazırda da davam etdirilir.
Kənd yerlərində ərzaq məhsullarının saxlanma şəraitinə, xüsusilə də tez xarab olan məhsulların soyuducuda lazımi temperaturda saxlanmasına və yararlılıq müddətlərinə ciddi riayət edilməlidir. Əvvəlki illərdə elektrik enerjisi problemi olduğundan bir çox yerlərdə soyuducuları lazımi qaydada işlətmək imkanı yox idi. Hazırda işıq təchizatında problemlər tam aradan qaldırılıb. Ərazi nümayəndəlikləri və bələdiyyələrlə birlikdə nəzarət gücləndirilib. Belə ki, 24 ticarət obyektində 12 adda yararlılıq müddəti keçmiş ərzaq məhsulu satışdan çıxarılıb. Aşkar edilən nöqsanlara görə 64 fiziki şəxsə xəbərdarlıq olunub və 20 cərimə protokolu tərtib edilib. Cəriməni vaxtında ödəməyənlər barəsində rayon məhkəməsinə rəsmi məktublar göndərilib. Beş dönərxananın fəaliyyətinin dayandırılması barədə qərar çıxarılıb. Bakterioloji laboratoriyada 672 yaxma nümunəsi müayinə edilib və müvafiq tədbirlər görülüb.
Nazirlər Kabinetinin 6 oktyabr 2007-ci il tarixli qərarına əsasən, respublikada istehsal olunan və xaricdən gətirilən yeyinti məhsullarının dövlət qeydiyyatına alınması və dövlət reyestrinin aparılması qaydalarına uyğun olaraq tədbirlər həyata keçirilir. Bu ilin altı ayında Masallıda istehsal edilmiş 16 növ yeyinti məhsuluna gigiyenik sertifikat alınıb. Digər qida məhsullarının da gigiyenik sertifikasiyası plan-cədvəl əsasında aparılır. Rayonda fəaliyyət göstərən çörək sexlərinin sanitar-gigiyenik vəziyyəti daim diqqət mərkəzindədir. Bu məqsədlə GEM-in laboratoriyasında 128 çörək, 126 un məmulatı, 115 duz məhsulu və xeyli su nümunəsi müayinə edilib. Nəticələr normalara uyğun gəlib.
Rayonda fəaliyyət göstərən ət kəsimi və satışı nöqtələri isə sanitar-gigiyenik tələblərə cavab vermədiyindən qəssabların barəsində qanunamüvafiq tədbirlər görülüb, cərimə protokolları tərtib edilib. İlin əvvəlindən qida ilə bağlı obyektlərdə çalışan və obliqat qrupuna aid olan 643 nəfər tibbi müayinədən keçirilib. Bu iş dövri olaraq davam etdirilir.
Ötən il Masallı Rayon GEM-i cənub bölgəsində yeganə olan müasir diaqnostik aparat, avadanlıq və digər ləvazimatla təchiz olunub.
Arif ƏLİYEV, bakterioloji laboratoriyanın müdiri:
- Laboratoriyamız bir sıra bağırsaq və virus infeksiyalarını analiz edir. Virus infeksiyalarını kompyuterlər və analizatorlar, bağırsaq infeksiyalarını isə əkmə üsulu ilə aparırıq. Soyuducu şkafların, sterilizatorların müasirliyi işlərimizi xeyli yüngülləşdirir. Kompyuterləşmiş avtoqlaflar 7-8 proqramla idarə olunur. Yaradılan şəraitdən çox razıyıq.
Masallıda Milli təqvim planına uyğun olaraq yoluxucu xəstəliklərə qarşı profilaktik peyvənd tədbirlərinə xüsusilə ciddi yanaşılır. Ötən yarım ildə müxtəlif qrup infeksiyalar üzrə, o cümlədən tənəffüs orqanlarının yoluxucu xəstəlikləri qeydə alınmayıb. Vərəmə yoluxma və xəstələnmə ilbəil azalmaqdadır. Bağırsaq qrupu infeksiyaları xəstəliklərinə təsadüf edilməyib. Yarım ildə doğulmuş 1500-ə qədər uşaq hepatit B-yə, poliamelitə və vərəmə qarşı peyvəndə cəlb olunub. Yoluxucu uşaq xəstəliklərinə qarşı mübarizə məqsədilə rayonun 2 sahə xəstəxanası, 30 həkim məntəqəsi, 28 tibb sahəsi, Mərkəzi xəstəxananın uşaq və doğuş şöbələrinə peyvəndlərin təqvim qrafikinə uyğun GEM tərəfindən hər ay üçün vaksin bölgüsü aparılıb, lazımi ləvazimat verilib və icrasına nəzarət həyata keçirilib. Doqquz adda xəstəliyə qarşı 23 min nəfərdə peyvənd aparılıb.
Onu da qeyd edək ki, sanitar-epidemioloji salamatlığı təmin etməyə yönəldilmiş norma və qaydalara məhəl qoymadan, dövlət sanitariya orqanı ilə razılaşdırılmadan bina, müəssisə və qurğuların layihələndirilməsinin, tikilməsinin, yenidən qurulmasının və təkmilləşdirilməsinin qarşısını almaqdan ötrü 36 ərazi nümayəndəliyinə, 36 bələdiyyəyə və icra hakimiyyətinə GEM tərəfindən müraciətlər göndərilib. Yaşayış məntəqələrindən kommunal gigiyena ilə bağlı şikayətlərə diqqətlə yanaşılır, yoxlamalar keçirilir və problemlər həllini tapır. Ötən müddətdə Türkoba, Köhnə Alvadı, habelə Təklə kəndlərindən olan şikayətlər buna misal ola bilər. Eyni zamanda müxtəlif təyinatlı obyektlərdə yaranan tullantıların yığışdırılıb daşınması ilə bağlı tədbirlər mütəmadi həyata keçirilir. Bu il 50-yə yaxın ticarət, iaşə və xidmət obyekti ilə müvafiq müqavilələr bağlanıb, standart zibil qutuları qoyulub.
Sənaye sanitariyası üzrə obyektlərdə yoxlamalar aparılarkən 37 akt tərtib edilib və 125 nəfər dövri tibbi müayinədən keçirilib. Məktəb, bağça və idman ocaqlarında isə yoxlamalar üzrə 120 akt tərtib edilib, müayinə üçün 36 su nümunəsi götürülüb, 195 nəfər işçinin tibbi müayinəsi tam başa çatdırılıb...
Masallı Rayon Baytarlıq İdarəsi ümumilikdə 109 yaşayış məntəqəsini əhatə edir. Rəis İsabala Əliyevin verdiyi məlumata görə, idarə bazar sanitar-ekspertiza laboratoriyası və 14 sahə baytarlıq məntəqəsindən ibarətdir. Rayonda mövcud olan 67698 baş iribuynuzlu, 73629 baş xırdabuynuzlu heyvana və 553451 baş ev quşuna baytarlıq xidməti göstərilir. İlin əvvəlindən ərazidə qara yara, dabaq, leptospirioz, quduzluq, taun, bruselyoz kimi infeksion heyvan və quş xəstəliklərinə qarşı profilaktik peyvənd və diaqnostik müayinələr aparılıb. Rast gəlinən xəstə heyvanlar təlimata uyğun şəkildə təsərrüfatlardan çıxarılıb. Baytarlıq idarəsi yoluxmayan daxili xəstəlikləri də diqqətdə saxlayır, daimi müalicə işləri aparır.
Rayonda məhsuldar və sağlam mal-qara yetişdirilməsindən ötrü 441 baş heyvanda süni mayalanma aparılıb və 316 baş bala alınıb. Müxtəlif zoonoz xəstəliklərin insanlara yoluxmasının və heyvanlar arasında yayılmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq heyvandarlıq məhsulları baytar-sanitar ekspertiza müayinəsindən keçirilir. Keyfiyyətsiz məhsullar baytarlıq qanunlarına uyğun ləğv edilir. Rayonun mal-qara satışı bazarında profilaktika üçün dizobaryer yaradılıb. Bazara girib-çıxan bütün maşınlar burada mütəmadi dezinfeksiya olunur.
Ərkivan qəsəbəsində yeni baytarlıq məntəqəsi tikilib. Hazırda orada tamamlama işləri gedir. Məntəqənin ərazisində mal-qaranın profilaktik peyvəndi üçün xüsusi xal-xal yaradılıb.
"Yeni həyat"rayon qəzetində vaxtaşırı baytarlıq mövzusunda maarifləndirici materiallar dərc edilir, baytar-alimlərin məsləhətləri verilir. Məsələn, bu yaxınlarda Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun laboratoriya müdiri Əşrəf Məmmədlinin və institutun Masallı dayaq məntəqəsinin müdiri Əbdürrəhman Səmədovun mastit xəstəliyi barədə yazıları maraqla qarşılanıb.
Masallı rayonu əhalisinin sağlamlığı naminə aparılan Dövlət sanitariya nəzarəti və mal-qaranın xəstəliklərinin qarşısının alınması üçün görülən tədbirlər nəticəsiz qalmır, epidemioloji xəstəliklərə qarşı mübarizədə uğurlar qazanılır.
{nl}
Əli NƏCƏFXANLI, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.