Muxtar respublikamızda səhiyyə sahəsində həyata keçirilən tədbirlər Babək rayonunu da əhatə etmiş, rayon Mərkəzi Xəstəxanası üçün yeni bina tikilmişdir.
İyulun 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Babək qəsəbəsində rayon Mərkəzi Xəstəxanası üçün tikilən yeni binaya baxmış, verdiyi tapşırıqların icrası ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, 2012-ci ildən tikintisinə başlanılan binada hazırda son tamamlama işləri aparılır. 30 çarpayılıq xəstəxana binası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Burada poliklinika, ümumi stasionar, ginekologiya və doğuş, təcili və təxirəsalınmaz yardım şöbələri, eləcə də hemodializ bölməsi fəaliyyət göstərəcəkdir. Binanın zirzəmisində müasir laboratoriya, morq və fizioterapiya otaqları, qazanxana, camaşırxana, yeməkxana və qarderob vardır. Xəstəxanada quraşdırılan müasir tibbi avadanlıqlar müayinə və müalicə işlərini yüksək səviyyədə aparmağa imkan verəcəkdir.
Binada tibb işçiləri üçün otaqlar, iclas zalı və kitabxana yaradılmış, iki lift quraşdırılmışdır. Tikiniti işləri ilə paralel olaraq binanın həyətində də abadlıq işləri aparılmış, müasir işıqlandırma sistemləri quraşdırılmış, yaşıllıqlar salınmışdır.
Ali Məclisin sədri son tamamlama işlərinin həyata keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar vermişdir.
Sonra Ali Məclisin sədri xəstəxananın yaxınlığındakı Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi binanın da əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Bildirilmişdir ki, binada yenidənqurma işləri yüksək keyfiyyətlə aparılmış, geniş ekspozisiya zalı, fond və 3 iş otağı yaradılmışdır. Burada eksponantların mühafizəsi və nümayişi üçün lazımi şərait yaradılacaqdır.
Binanın həyətindəki abidə də bərpa edilmiş, abadlıq işləri görülmüş, yaşıllıqlar salınmışdır.
* * *
İyulun 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Babək qəsəbəsinin Heydər Əliyev prospektində aparılan tikinti işlərinin gedişi ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, Babək qəsəbəsinin mərkəzi ilə Naxçıvan-Culfa magistralını birləşdirən 4 kilometr uzunluğundakı avtomobil yolu yenidən qurulur. Tikinti işləri zamanı yolun asfalt örtüyü götürülmüş, yol yatağında bərkitmə işləri aparılmışdır. Eni 16 metr olan yolun kənarlarında səkilər salınacaq, yağış sularının axıdılması üçün beton suaxıdıcılar çəkiləcək, işıqlandırma sistemləri qurulacaqdır. Hazırda yola asfalt örtüyünün verilməsi istiqamətində son tamamlama işləri görülür.
Ali Məclisin sədri yolda tikinti işlərinin keyfiyyətlə aparılmasının vacibliyini qeyd etmiş, yenidənqurma işləri ilə əlaqədar müvafiq tapşırıqlar vermişdir.
* * *
İyulun 29-da Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Babək Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin yeni inzibati binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-mayor Şamı Abdullayev açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova raport vermişdir.
Ali Məclisin sədri şəxsi heyəti salamlamışdır.
Tədbirdə çıxış edən fövqəladə hallar naziri Şamı Abdullayev demişdir ki, muxtar respublikada həyata keçirilən quruculuq tədbirləri fövqəladə hallar orqanlarını da əhatə etmişdir. Nazirlik və onun struktur qurumları üçün yeni inzibati binalar tikilib istifadəyə verilmiş, xüsusi təyinatlı nəqliyyat vasitələri, yanğınsöndürmə avtomobilləri, xilasetmə avadanlıqları və digər texniki vasitələr alınmış, maddi-texniki baza gücləndirilmişdir. Həyata keçirilən tədbirlər şəxsi heyətin peşə vərdişlərinin artırılmasına, insanların həyatının, təsərrüfatların və dövlət əmlakının fövqəladə hadisələrdən etibarlı şəkildə qorunmasına şərait yaratmışdır. Şamı Abdullayev göstərilən qayğıya görə kollektiv adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Babək Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin yeni inzibati binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Hər bir hüquqi dövlətin öz vəzifələri, müxtəlif sahələrdə dövlət siyasətini həyata keçirən struktur qurumları vardır. Müstəqil Azərbaycan Respublikası da hüquqi dövlətdir. Ölkəmizdə dövlətin, eləcə də vətəndaşların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilir. Dövlət qurumlarının hüquq və vəzifələri isə ölkəmizdə müvafiq sahələr üzrə qəbul olunmuş qanunlarla tənzimlənərək həyata keçirilir.
Ali Məclisin sədri demişdir: Fövqəladə Hallar Nazirliyi öz fəaliyyətini fövqəladə hadisələrin qarşısının alınması, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi istiqamətində qurur. Ölkəmizdə, eləcə də muxtar respublikamızda nazirliyin fəaliyyəti tam təmin olunmuş, struktur qurumları üçün müasir iş və xidmət şəraiti yaradılmışdır. İnsanların həyatının, dövlət əmlakının, fərdi təsərrüfatların və sahibkarlıq subyektlərinin baş verə biləcək hadisələrdən qorunması nazirliyin və onun müvafiq qurumlarının qarşısında duran başlıca vəzifələrdir.
Ali Məclisin sədri demişdir: Babək rayon Dövlət Yanğın Təhlükəsizlik şöbəsi 1 qəsəbə və 34 kəndi əhatə edir. Rayonda 70 minə yaxın əhali yaşayır. Şöbə rayonda fəaliyyət göstərən sahibkarlıq sübyektlərinin, 16 minə yaxın təsərrüfatın, meşə sahələrinin və dövlət əmlakının yanğın təhlükəsizliyindən qorunması sahəsində fəaliyyətini gücləndirməlidir. Kollektiv hadisələrin baş vermədən qarşısının alınması istiqamətində səylə çalışmalı, mütəmadi olaraq praflaktik tədbirlər həyata keçirilməli, əhali arasında maarifləndirmə işi aparılmalıdır.
Ali Məclisin sədri Babək rayonunda bu işlərin həyata keçirilməsi üçün lazımi şəraitin yaradıldığını bildirmiş, kollektivə fəaliyyətlərində uğurlar arzulamışdır.
Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur.
Məlumat verilmişdir ki, tikinti işləri zamanı ərazidə ikimərtəbəli inzibati bina, 80 kubmetr həcmində yeraltı ehtiyat su hovuzu, təlim qülləsi və 2 anbar yaradılmışdır. İnzibati binanın birinci mərtəbəsində növbətçi yanğınsöndürmə xidmətinin fəaliyyətini təmin edən otaqlar və texniki qaraj yerləşir. Burada sinif otağı, yataqxana, yeməkxana, istirahət otağı, çamaşırxana və qazanxana, binanın ikinci mərtəbəsində isə 7 iş otağı və müşavirə zalı vardır. Sinif otağında şəxsi heyətin təlimatlandırılması üçün lazımi şərait yaradılmış, məlumat stendləri və kitabçalar qoyulmuşdur.
Babək rayonunun yanğından mühafizə planı ilə tanışlıq zamanı bildirilmişdir ki, kollektiv mütəmadi olaraq yaşayış məntəqələrində olur, təsərrüfat sahələrinin, sahibkarlıq subyektlərinin və taxıl zəmilərinin yanğından mühafizəsi istiqamətində profilaktik tədbirlər həyata keçirir. Şöbədə 3 yanğınsöndürən və 1 əməliyyat avtomobili, eləcə də 1 ədəd su pompası vardır. Dispetçer otağında quraşdırılan mərkəzi radiorabitə sistemi fövqəladə hadisələr zamanı avtomobillərin hərəkətinin idarə olunması və şəxsi heyətin məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Binanın həyətində geniş abadlıq işləri aparılmış, yaşıllıqlar salınmış, idman meydançası yaradılmışdır.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.