Tanrının xalqımıza bağışladığı naftalan möcüzəsinin yaşı az qala 7 əsri adlayıb. Ancaq onun mənbəyinin -Naftalanın müalicə istirahət ocağı- kurort kimi inkişafı keçmiş Sovetlər dönəminə təsadüf edir.
1926-41- ci illərdə SSRİ Elmlər Akademiyasının bütün sahələr üzrə alimləri Naftalanda çalışıb - elmi təcrübələr aparırlar. Bu şəfalı maye ilə fiziki, kimyəvi müalicənin xüsusiyyətləri, müalicə metodikası üzrə uzun müddət aparılan təcrübələrdən bir sıra elmi nailliyyətlər əldə edilir və Naftalanda onların tətbiqinə başlanılır. Nəticələr o qədər uğurlu olur ki, bu günə qədər də həmin metodikalardan istifadə edilir.
1935-ci ildə 25 mövsümi çarpayı ilə isə başlayan Naftalan kurortu 1965-ci ildə artıq ümumittifaq səviyyəsinə yüksəlmişdir. Elə buna görə də 1967-ci ildə Naftalana şəhər statusu verilmişdir.Təbi ki, Azərbaycan müstəqillik qazanandan sonra ümumittifaq əhəmiyyəti olan və Mərkəzi Kurortlar Şurası tərəfindən idarə edilən Naftalan kurortu da artıq müstəqil fəaliyyətə başladı. Çox təəssüf ki, Ermənistanın işğalçılıq müharibəsi nəticəsində yurd yerlərindən didərgin salınmış insanlar 1993-2003-ci illər ərzində Naftalan İstirahət Mərkəzində yerləşdirildiyindən uzun müddət sanatoriyanın fəaliyyətində durğunluq yaranmışdı. Ölkə Prezidentinin “Regionların iqtisadi inkişafı haqqında Dövlət Proqramlarının ” həyata keçirilməsi, “Kurortlar haqqında” qanunun, “Kurortların inkişaf proqramı”nın qəbulu Naftalan kurortunun - özəl sektorun inkişafını təmin edəcək bir istiqamətdə yenidən qurulmasına səbəb oldu. Tanrı möcüzəsi olan Naftalan yenidən öz şəfasını insanlara verə bildi.
Müalicə istirahət ocağının son illər ərzindəki inkişafında “ Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzinin baş həkimi Gültəkin Süleymanovanın da zəhməti az olmayıb. Ali təhsilini başa vuran gündən Naftalan Kurortlar Birliyində iş fəaliyyətinə başlayıb. 3 il həkim fizioterapevt kimi calışdıqdan sonra 22 il Naftalan Kurort Birliyinin baş həkiminin müalicə işləri üzrə müavini vəzifəsində çalışıb. Müxtəlif vaxtlarda Moskvada kurort işinin təşkili sahəsində təkmilləşdirmə kursları keçən Gültəkin xanım həm də Naftalan kurort sistemində birinci lazeraterapevtdir. Baş həkim söhbət zamanı bildirdi ki, bu gün müasir, ən son standartlara uyğun avadanlıqla təchiz edilmiş sağlamlıq və istirahət mərkəzindəki şəraiti göz qabağındadır."Möcüzəli Naftalan"da hər gün müalicə spektri artmaqdadır. Bu cox vacib bir amildir. Bizdə olan müalicələrin sayı Naftalandakı bütün sanatoriyalardan artıqdır. Və hər il yeni - yeni müalicələr əlavə edirik. Mərkəzimizə müraciət edənlər, ilk növbədə, hərtərəfli müayinələrdən keçirlər. Klinik - diaqnostik, biokimyəvi laboratoriya, elektrokardioqrafiya kabineti, ultrasəslə müayinə kabineti, terapevt, nevropatoloq, kardioloq, ginekoloq, uroloq, LOR, stomatoloq kimi mütəxəssis kabinetləri xəstələrin vaxtında müayinə olunmasına və düzgün diaqnoz qoyulmasına təminat verir. Mərkəzdə orta müalicə müddəti 15 gündür. 15 gün ərzində 10-11 naftalan vannası, hər biri 10-11 seans olmaqla digər müalicələr qəbul edilir.
Mərkəzdə xəstələrin diaqnozundan asılı olaraq onlara naftalan və yod-brom vannaları, massaj, MBT və fizioterapiya müalicə kursu təyin edilir.
Mərkəzimizdə xəstələrin müalicəsi kompleks şəkildə aparılır. Belə ki, masaj, vibromasaj, elektroforez, darsonvalizasiya, maqnitoterapiya, lazerlə müalicə, elektroyuxu, iynəsancma, naftaparafin applikasiyaları, müalicə idmanı və başqa müalicələr cox uğurla həyata kecirilir.
Bircə il müalicəyə gələn insanlar yenidən istirahət mərkəzimizə üz tuturlar. “Möcüzəli Naftalan”da xəstənin təkcə müalicəsi deyil,onun istirahəti və əyləncəsi də diqqət mərkəzindədir. Geniş və yaraşıqlı yeməkxanada gündə 3 dəfə xəstələrə azərbaycan və avropa mətbəxinin ləzzətli yeməkləri təqdim olunur.
Xəstələrin asudə vaxtlarının təşkili üçün namaz otağı, kitabxana, kompyuter otağı-internet, stolüstü tennis, bilyard, voleybol, basketbol, aeorosolyariya, qadın və kişi salonları fəaliyyət göstərir. Canlı musiqi ilə rəqs axşamları, bazar günləri respublikanın səfalı yerlərinə gəzintilər müalicəyə gələnlərin Naftalandan xoş təəssüratla ayrılmasına səbəb olur. Həkimdən bircə şey umulur — sağlamlıq. Bizim də vəzifəmiz, qayəmiz, millətimizin sağlamlığının keşiyində durmaq, insanlarin istirahətini yüksək səviyyədə təmin etməkdir. Çox istərdim ki, insanlar bura xəstəliklərini müalicə etmək üşün deyil, xəstələnməmək üçün gəlsinlər.
Tamilla ALLAHVERDİYEVA
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.