“Bakı Ürək Günləri” 3-cü Beynəlxalq Konqresi öz işinə başladı

 

 

Dünən  “Gülüstan” sarayında Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təşkilatçılığı ilə “Bakı Ürək Günləri” 3-cü Beynəlxalq Konqresi öz işinə başladı. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr edilmiş mötəbər tədbirdə yerli mütəxəssislərlə yanaşı, dünyanın 38 ölkəsindən 100-dən artıq  kardioloq və kardiocərrah iştirak edirdi.

Bunların arasında ABŞ, Çin, Kanada, Rusiya, İngiltərə, Türkiyə, İsveçrə, Almaniya, Niderland, Yaponiya, İsrail, Hindistan, Cənubi Koreya kimi ölkələrin aparıcı mütəxəssisləri var idi. Konqresin açılışından əvvəl qonaqlar Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və  Şəhidlər Xiyabanını ziyarət etdilər.

“Bakı Ürək Günləri” 3-cü Beynəlxalq Konqresini AÜDCC-nin sədri, tibb elmləri namizədi, əməkdar həkim Kamran Musayev açaraq qonaqları  salamladı və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin konqres iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxudu. Kamran Musayev bildirdi ki,  belə tədbirlərin ölkəmizdə reallaşması müasir müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli liderimiz Heydər Əliyevin vaxtilə apardığı və bu gün də dövlətimiz, onun Prezidenti  cənab İlham Əliyev tərəfindən davam etdirilən səhiyyə siyasətinin məntiqi nəticəsidir. Natiq qeyd etdi ki, artıq ənənəvi hal alan bu tədbirin keçirilməsində məqsəd  Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. AÜDCC-nin sədri bu konqresin azərbaycanlı  mütəxəssislərin beynəlxalq təcrübədən yararlanmasına şərait yaradacağını, həmçinin Azərbaycanın uğurlarının təbliği işində mühüm rol oynayacağını da vurğuladı.   

Daha sonra çıxış edən tibb elmləri doktoru, akademik Böyükkişi Ağayev ürək-damar xəstəliklərinin  dünyada ölümə səbəb olan xəstəliklər sırasında birinci yerdə olduğunu və bu xəstəliklərin  hər il milyonlarla  insanın həyatına son qoyduğunu dedi. Bu sahəyə ayrılan diqqətin çox vacib olduğunu bildirən  akademik “Bakı Ürək Günləri” kimi tədbirlərin keçirilməsini Azərbaycan səhiyyəsinin inkafında mühüm mərhələ kimi qeyd etdi. 

Sonra  Rusiyanın məşhur kardioloqu, akademik Renat Akçurin və türkiyəli professor, ürək-damar cərrahiyyəsi mütəxəssisi Ali Gürbüz çıxış edərək konqresin beynəlxalq səviyyədə əhəmiyyətindən danışdılar.

Açılışdan sonra elan olunan  fasilədən istifadə edərək konqresdə iştirak edən xarici qonaqlarla görüşdük və onların “Bakı Ürək Günləri” ilə bağlı düşüncələrini öyrəndik. Kanadalı  mütəxəssis Mustafa Çıkrıkçıoğlu konqresə dəvət edilməsindən məmnunluq duyduğunu bildirdi. Qeyd etdi ki, son dəfə ölkəmizdə  iki il öncə olub və iki il ərzində Azərbaycanın inkişaf  sürətininin daha da artması  və “Bakı Ürək Günləri”nin təşkilinin  getdikcə daha  yüksək səviyyəyə çatması onu çox sevindirir: “Ürək və damar cərrahiyyəsi daim yenilənməyi tələb edən bir sahədir və belə tədbirlərin keçirilməsi çox önəmlidir. Düşünürəm ki, bu baxımdan “Bakı Ürək Günləri” Beynəlxalq Konqresi öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir”. Bütün dünyada məşhur olan turkiyəli kardiocərrah Cavat Yakut isə dedi ki, 13 il əvvəl Azərbaycana ilk gəlişi zamanı ürək və damar cərrahiyyəsi sahəsində gördüyü vəziyyətlə indiki arasında çox böyük fərq var: “Mən  türk dünyasının böyük siması Heydər Əliyevin və  onun davamçısı  Prezident İlham Əliyevin hakimiyyəti dövründə  Azərbaycanın  və paralel olaraq ölkənizdə ürək-damar cərrahiyyəsinin inkişafında böyük irəliləyişin olduğunu qeyd etmək istəyirəm və buna görə sizləri təbrik edirəm”.

Fasilədən sonra konqres işini elmi hissə ilə davam etdirdi. Qeyd edək ki, “Bakı Ürək Günləri” 3-cü Beynəlxalq Konqresi  mayın 19-da başa çatacaq.

Aida AYSA,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında