Xüsusi Müalicə Sağlamlıq Kompleksində əməliyyat blokunun açılışı olmuşdur

 

 

Ölkəmizin ən qocaman səhiyyə müəssisələrindən olan 85 yaşlı tibb ocağı – xalq arasında daha çox “Leçkomissiya” kimi tanınan keçmiş IV Baş İdarənin birinci poliklinikasının əsasında istifadəyə verilmiş Xüsusi Müalicə Sağlamlıq Kompleksi tamamilə müasir görkəm almışdır. Bu səhiyyə ocağı Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın güzəranının yüksəldilməsi, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində apardığı yorulmaz fəaliyyətin bariz nümunəsidir.

Mayın 11-də Yeni Badamdar şosesi, 31 ünvanında hasara alınmış bağlı-bağatlı böyük bir ərazidə yerləşən 2 korpusdan ibarət və ən müasir tələblərə cavab verən sağlamlıq kompleksində əməliyyat blokunun açılış mərasimi keçirilmişdir.

Respublika Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev açılış rəmzini bildirən qırmızı lenti kəsdikdən sonra əməliyyat bloku ilə tanışlıq olmuşdur. Kompleksin direktoru İxtiyar Sultanov məlumat vermişdir ki, əməliyyat bloku müasir avadanlıq və cihazlarla təchiz edilmiş 2 əməliyyat, 1 intensiv terapiya, 2 reanimasiya otağından ibarətdir. Bundan əlavə, burada ən müasir tələblərə cavab verən 18 çarpayılıq palatalar da xəstələrin ixtiyarında olacaqdır.

Bildirilmişdir ki, müəssisənin diaqnostika bölməsində Almaniya, ABŞ və İsrailin istehsalı olan aparatlar vasitəsilə xəstəliklərin dəqiq diaqnozunu qoymağa imkan verən analizlər, hətta dünyanın çox az klinikalarında olan litiumun təyini analizləri aparılır. Müasir təbabətdə ən mükəmməl müayinə metodları hesab edilən kompyuter tomoqrafiyası və maqnit-rezonans müayinələri də kompleksdə bu tipli aparatların axırıncı nəslinə mənsub olan “SİEMENS” şirkətinin cihazları vasitəsilə xaricdə tam təkmilləşmə keçmiş yüksək ixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilir. Kompleksin bütün şöbə və kabinetlərindəki palataların dünya standartlarına cavab verdiyi qeyd edilmişdir. Diqqətə çatdırılmışdır ki, müəssisənin “Mercedes” markalı təcili yardım avtomobilləri ən yüksək tələblərə cavab verən tibb avadanlığı, lazımi dərman və ləvazimatlar, xüsusi radio-telefon rabitəsi ilə təchiz olunmuşdur. Təcili yardım avtomobillərinin səriştəli ekipajları gün ərzində respublikanın istənilən bölgəsindən verilmiş çağırışları icra etməyə, yerində ilkin təcili yardım göstərməyə, xəstələri təyinatı üzrə müalicə müəssisələrinə çatdırmağa hazırdır.

Sonra mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə müəssisənin ərazisində aparılan abadlıq-quruculuq işləri ilə tanış olmuş və yeni salınmış yola baxmışlar.

Akademik Cəmil Əliyev müəssisənin kollektivini təbrik etmiş, onlarla xatirə şəkli çəkdirmişdir.

Cəmil Əliyev kompleksin həkim heyətinə öz tövsiyələrini vermiş və yeni əməliyyat blokunun təcrübəli cərrahlarla təmin edilməsinin vacibliyini bildirmişdir.

Kompleksin həkimləri göstərdiyi diqqət və qayğıya görə akademik Cəmil Əliyevə minnətdarlıqlarını bildirmişlər.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında