Dünya şöhrətli alim, qayğıkeş həkim, həssas qəlbli insan

 

 

 

 

Ömür payı  Ulu Yaradanın  insana bəxş etdiyi  əvəzsiz nemətdir. “Qonaq” olduğumuz bu  dünyada kiminin ömür  yolu  uzun,   kimininkisə  qısa olur.  Əslində,  vaxt-zaman  baxımından   hesablanan az, yaxud çox yaşamağın  elə  böyük  fərqi,  daha doğrusu, əhəmiyyəti  yoxdur.  Təki  yaşadığın  illər  hədər getməsin,  mənalı  olsun, xeyirxah  əməllərin  yaddaşlara  hopsun. Xoşbəxt o  insandır ki, dünyasını dəyişdikdən sonra unudulmur,  yaddan çıxmır, elədiyi yaxşılıqlara,  xeyirxah  əməllərə görə, xatirəsi qəlbləri isidir,  xalqının  yaddaşında   əbədi  yaşamaq  hüququ  qazanır. Respublika  ictimaiyyətinin  90 illik yubileyini  böyük  təntənə ilə qeyd  etdiyi  dünya  şöhrətli  oftalmoloq-alim, vətənpərvər ziyalı,  sülhsevər  ictimai  xadim, minlərlə  insanın  gözlərinə  nur bəxş  etmiş həssas  qəlbli  həkim, akademik  Zərifə  xanım Əliyeva  kimi...

Zərifə  xanım 1923-cü  il aprelin  28-də  Naxçıvan Muxtar  Respublikası Şərur  rayonunun  Şahtaxtı kəndində,  sonralar  bütün  Sovetlər  Birliyində  görkəmli  partiya  və  dövlət  xadimi  kimi  yaxşı  tanınan,  Azərbaycan  səhiyyəsinin  təşkilatçılarından  biri,  professor  Əziz Əliyevin  ailəsində  dünyaya  gəlmişdir. Anası  Leyli  xanım  isə   əsilli-nəcabətli  bir nəsildən — İrəvan  xanının  qızı  idi.

Zərifə  xanım  körpə ikən  Əziz  Əliyevin  ailəsi Bakıya  köçür.  Burada  orta  məktəbi əla qiymətlərlə  bitirdikdən sonra  atasının  yolunu  davam etdirərək, sənədlərini  Azərbaycan Dövlət  Tibb  İnstitutuna (indiki  Azərbaycan  Tibb Universiteti)  verir və   müalicə-profilaktika  fakültəsinə  qəbul olunur.

Fitri  istedada, dərin  zəkaya, geniş  dünyagörüşünə  malik,  son  dərəcə  sadə  və  təvazökar  qız olan  Zərifə  xanım tezliklə  həm tələbə  yoldaşlarının, həm də müəllimlərinin   sevimlisinə  çevrilir.  O, ixtisas  fənləri  ilə yanaşı,  digər  fənlərə  də  maraq  göstərir,  hərtərəfli  dünyagörüşünə malik,   zəngin  məlumatlı  həkim kimi formalaşırdı. Onda elmə  maraq  xüsusilə güclü idi.  İnstitutda  Tələbə Elmi Cəmiyyətinin  xətti ilə   keçirilən  konfranslarda, seminarlarda tez-tez elmi məruzələrlə çıxış  edir,  sərbəst  mülahizələr  yürüdür,  alim və   mütəxəssislərlə  fikir mübadiləsi  apara  bilirdi. Hələ o vaxtdan müəllimləri  və  tələbə  yoldaşları onun gələcəkdə görkəmli  alim  kimi yetişəcəyini söyləyirdilər.

Zərifə xanım 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra Moskva şəhərində Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisas kursu  keçərək, 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda ordinator vəzifəsində  əmək fəaliyyətinə  başlamışdır. 1950-1953-cü illərdə institutun aspiranturasında elmi hazırlıq keçmiş və  burada kiçik elmi işçi vəzifəsində elmi fəaliyyətini davam etdirmişdir.

XX əsrin 40-50-ci illərində Azərbaycanın cənub rayonlarının əhalisi arasında traxoma xəstəliyinin geniş yayılması olduqca ciddi bir problemə çevrilmişdi. Oftalmologiya İnstitutu bu xəstəliyə qarşı aparılan mübarizənin önündə gedirdi. Burada təşkil edilmiş xüsusi səyyar həkim briqadaları müntəzəm surətdə rayonlara gedir və yerlərdə əhalinin kütləvi şəkildə müayinəsini, aşkara çıxarılmış traxomalı xəstələrin terapevtik və cərrahi müalicəsini aparırdı. Yerli həkimlərə konsultativ, təşkilati və metodik kömək göstərilirdi. Zərifə xanım traxomaya qarşı   mübarizədə fəal iştirak edir, tez-tez bölgələrdə olurdu. Onun bu fədakar əməyi respublikada traxomanun ləğv edilməsi işinə qiymətli yardım olmuşdur.

Aparılan böyük praktik iş Zərifə xanımın ilk elmi əsərlərinin əsasını qoymuşdur. Fəal elmi axtarışlar traxomanın və onun ağırlaşmalarının müxtəlif müalicə üsullarının işlənilməsi ilə nəticələnmişdir. Bu axtarışların nəticələrinə əsaslanan Zərifə xanım Əliyeva 1959-cu ildə “Traxomanın sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

Z.Ə.Əliyeva 1967-ci ilə kimi — 18 il ərzində Elmi Tədqiqat Oftalmologiya İnstitutunda ordinatorluqdan  baş elmi işçi  vəzifəsinədək əmək yolu keçmişdir. Həmin illərdə virus və bakterial mənşəli konyunktivitlər, keratitlər və gözün digər kəskin və xronik xəstəliklərinə dair aparılmış elmi tədqiqatlar əsasında bir sıra elmi əsərlər, o cümlədən “Kəskin virus konyunktivitləri” və “Gözün herpetik xəstəliyi” kitabları yazılmışdır. Zərifə xanım 1960-cı illərin sonlarında əmək fəaliyyətini Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında davam etdirmiş  və əvvəl assistent, sonra professor, 1982-ci ildə isə kafedra müdiri vəzifələrinə irəli çəkilmişdir. Burada o, oftalmologiyanın yeni istiqaməti olan görmə orqanının peşə patologiyası problemi ilə yaxından məşğul olmağa başlamışdır.

Zərifə xanım müxtəlif peşə zərərlərinin, o cümlədən şin və yod istehsalının, toz, talk, his, kanifol, yod buxarları, turşular, qələvilər, karbohidrogenlər kimi toksik amillərin, respublikada inkişaf etmiş kimya istehsalının digər toksik maddə və məhsullarının görmə orqanına zədələyici təsirinin biokimyəvi mexanizmini tədqiq edərək, bu təsirin qanunauyğunluqlarına dair bir sıra yeni elmi faktlar aşkar etmişdir. Dünya tibb ədəbiyyatında belə fundamental tədqiqatların analoqu yoxdur. Bu tədqiqatlar respublikanın iri sənaye müəssisələrində — Bakı şin və yod, məişət kondisionerləri, elektrotexnika avadanlığı, elektron hesablama maşınları, məişət maşınqayırma zavodlarında, Sumqayıt “Üzvi sintez” İstehsalat Birliyində, Mingəçevir “İzolit”, rezin-texnika məmulatı zavodlarında, Gəncə gil-torpaq kombinatında, Salyan rayon kənd təsərrüfatı müəssisələrində aparılmışdır. Zəhərli maddələrin təkcə görmə orqanına deyil, həm də digər orqanlara, o cümlədən, ağciyər, böyrək, qaraciyər və ürəyə təsiri öyrənilmişdir. Şin və yod istehsalının peşə zərərlərinin görmə orqanına təsirinin erkən əlamətlərinə xüsusi diqqət yetirilmişdir.

Bu klinik-eksperimental tədqiqatlar Zərifə xanımın 1976-cı ildə Helmholts adına Moskva Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müvəffəqiyyətlə müdafiə olunmuş “Kimya sənayesinin bəzi müəssisələrinin işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyasının materiallarını təşkil etmişdir.

1979-cu ildə görkəmli  alimin təşkilatçılığı, şəxsi təşəbbüsü və iştirakı ilə Azərbaycan Elmlər Akademiyası A.İ.Qarayev adına Fizilogiya İnstitutunda istehsalatla elmin vəhdəti olan görmə orqanının fiziologiyası və peşə patologiyası üzrə problem elmi-tədqiqat laboratoriyası yaradılmışdır. Zərifə xanım Əliyeva burada müxtəlif kimyəvi maddələrin və istehsalat tullantılarının görmə orqanına və onun əlavə aparatına uzunmüddətli təsir mexanizminin tədqiqi, bu təsirə qarşı profilaktik tədbirlərin işlənilməsi və tətbiqi sahəsində dünya miqyasında böyük müvəffəqiyyətlər qazanmışdır. Laboratoriya 3 şöbədən ibarət idi: klinik şöbəsi — görmə orqanı üzvünun vəziyyətini öyrənmək üçün; funksional diaqnostika şöbəsi — gözün əsas funksiyalarının müayinəsi üçün və cərrahi şöbə — göz qapaqlarında, əzələlərində və gözyaşı yollarında bəzi cərrahi əməliyyatlar aparmaq üçün.  Beləliklə, laboratoriyada elmi-tədqiqat işi ilə yanaşı, respublikanın iri sənaye müəssisələrinin işçilərinə lazımı müalicə yardımı da göstərilirdi.

Zərifə xanım Əliyevanın apardığı tədqiqatlardan sonra istehsalatda əmələ gələn zərərli maddələrin görmə orqanına mənfi təsirinin qarşısını almaq üçün müxtəlif profilaktik tədbirlər həyata keçirilmişdir. Bir sıra kimya sənayesi müəssisələrində o, işçilərin peşə zədələnmələri ilə əlaqədar olan göz xəstəliklərinə qarşı kompleks sanitar-gigiyenik, texnoloji tədbirlər planının müəyyənləşdirilməsinə və həyata keçirilməsinə nail olmuş, əmək şəraitinin yaxşılaşdırılması, hava hövzəsinin təmizlənməsi, zavod və ona bitişik ərazilərdə çirklənmə və qazla zəhərlənmənin aşağı salınmasında misilsiz işlər görmüşdür.

Görmə orqanının peşə patologiyası probleminə Zərifə xanımın  həsr etdiyi fundamental tədqiqatların nəzəri və praktik əhəmiyyəti çox böyükdür. Şin istehsalatının işçilərində görmə orqanının funksional və orqanik dəyişikliklərinin dərin təhlili, bu intoksikasiyanın erkən əlamətlərinin ilk təsviri, onun qarşısını ola biləcək tədbirlərin təfsilatlı təsviri Zərifə xanımın 1980-cı ildə çap olunmuş “Şin istehsalatında görmə orqanının peşə patologiyası”, 1981-ci ildə buraxılmış “Xronik yod intoksikasiyası nəticəsində oftalmopatologiya” monoqrafiyalarında öz əksini tapmışdır. O, yod buxarlarının təsiri zamanı görmə orqanının müayinəsinin nəticələrini yekunlaşdırmış, müvafiq müalicə və profilaktika tədbirləri haqda tövsiyələrini təqdim etmişdir. Hal-hazırda bu monoqrafiyalar sənaye müəssisələrində işləyən oftalmoloqların və profpatoloqların masaüstü dərsliyidir. Bu tədqiqatlar bir sıra ölkələrin sənaye komplekslərində oftalmoloji peşə patologiyası üzrə xüsusi xidmətin yaradılması üçün əsas olmuşdur. Kimya istehsalında görmə orqanının profilaktikasına dair orijinal elmi əsərlər silsiləsinin çap olunması ilə əlaqədar olaraq, 1981-ci ildə Zərifə Əziz qızı Əliyeva keçmiş Sovet İttifaqının Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına Mükafatı ilə təltif edilmişdir. O, bu yüksək mükafata layiq görülmüş ilk alim qadın olmuşdur.

Görmə orqanının peşə patologiyasına həsr olunmuş tədqiqatlarla yanaşı, Zərifə xanımın rəhbərliyi altındakı laboratoriyada və Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında müasir oftalmologiyanın digər aktual problemlərinə aid tədqiqatlar da aparılırdı. Məsələn, gözün virus zədələnmələri, qlaukoma və gözün hipertenziyası, diabetik retinopatiya, talassemiya xəstəliklərinin görmə orqanında törətdiyi fəsadlar öyrənilirdi. Zərifə xanımın elmi fəaliyyətinin əsas istiqamətlərindən biri də gözyaşı aparatının fiziologiyasının, gözyaşı yolları xəstəliklərinin patogenezinin öyrənilməsi və onların cərrahi müalicə üsullarının işləməsi olmuşdur. Bu tədqiqatlar nəticəsində gözyaşı prosesinin yeni nəzəriyyəsi işlənilmişdir. Göstərilmişdir ki, gözyaşı yolları xəstəliklərinin patogenezində tək peşə zərərlərinin deyil, əlverişsiz ekoloji şəraitin də böyük rolu vardır.

Akademik Z. Əliyevanın rəhbərliyi altında dakriosistitin yeni, daha effektiv və fizioloji olan cərrahi müalicə üsulları işlənilib tətbiq edilmişdir. Həmin cərrahi əməliyyatların aparılması üçün yeni alətlər ixtira olunmuş, gözyaşı kisəsi fleqmonasının kompleks müalicə üsulu işlənilib hazırlanmışdır. Bu problemə Zərifə xanım bir sıra elmi əsərlər həsr etmişdir:  “Gözyaşı ifrazının fiziologiyası” monoqrafiyası buna misal ola bilər.

Akademik Zərifə xanım Əliyeva oftalmomorfoloji, histomikroskopik və histokimyəvi tədqiqatlar da aparmış və bu sahəyə dair elmi əsərlərin müəllifi olmuşdur. “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri” və “Gözün hidrodinamik sisteminin anatomik-fizioloji xüsusiyyətləri” monoqrafiyaları belələrindəndir.

Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin bir istiqaməti də klinik-diaqnostik səciyyəli fundamental müayinələr idi ki, bunların nəticəsi olaraq həkimlər üçün hazırlanmış bir sıra kitablar işıq üzü görmüşdür. Belə əsərlər arasında, ilk növbədə hər bir oftalmoloqun masaüstü kitabı olan “Terapevtik oftalmologiya” və oftalmoloji cəmiyyətdə, praktik həkimlərdə böyük maraq doğurmuş “Oftalmologiyanın aktual problemləri” kimi sanballı monoqrafiyaları qeyd etmək lazımdır. İkinci əsərdə müəllif alim və təcrübəli pedaqoq mövqeyindən çıxış edərək, həkimin mənəvi siması, deontologiya və həkim etikası məsələlərini ətraflı araşdırmış və həkimlərin gənc nəsillərinin tərbiyəsi kimi ciddi problemə geniş yer vermişdir. Zərifə xanım deontologiya məsələlərini “Yüksək əqidə” adlı  monoqrafiyasında geniş izah etmişdir.

Akademik Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin ən maraqlı və perspektivli istiqamətlərindən biri - iridodiaqnostika və iridoterapiya problemlərinin işlənilməsi olmuşdur. Bu tədqiqatların əhəmiyyəti oftalmologiya çərçivəsindən kənara çıxır və hal-hazırda bir çox dünya alimlərinin diqqətini cəlb edir. Belə elmi axtarışların nəticəsi “Gözün bəbək haşiyəsinin adaptasion-qoruyucu funksiyası haqqında” elmi işinin və o zaman Sovet İttifaqında ilk dəfə çıxan, analoqu olmayan iki monoqrafiyanın nəşr edilməsi idi. Bu monoqrafiyaların biri - “İridodiaqnostikanın əsasları” Bakıda “Azərnəşr” nəşriyyatında, ikincisi - “İridodiaqnostika” isə Moskvada “Medisina” nəşriyyatında çap edilmişdir.

Zərifə xanım buynuz qişası, sklera, göz bülluru kimi parairidal strukturların patoloji dəyişiklikləri və qüzehli qişada olan markerlər (nişanlar) arasında olan diaqnostik əlaqələrin mövcudluğu haqqında nəzəriyyə irəli sürmüşdür  ki, bu da yeni maraqlı tədqiqatların başlanğıcı üçün bir təkan olmuşdur. O, yüzlərlə xəstələrə baxmış və nəticədə buynuz qişasında olan Kayzer-Fleyşer halqası ilə hepatolentikulyar distrofiya (Vilson xəstəliyi) arasında, qüzehli qişada mədəaltı vəzin proyeksiyası nahiyəsində halqaşəkilli dartılma tipində əlamətin mövcudluğu ilə diabetik katarakta arasında diaqnostik əlaqələr aşkar etmiş və bu tədqiqatlar üzrə müəlliflik şəhadətnamələri almışdır. Zərifə xanımın əsasını qoyduğu iridoloji müayinə üsulundan hal-hazırda fəal şəkildə istifadə edilir.

Zərifə xanım Əliyeva tibb elminə və praktikasına, tibbi kadrların hazırlanması işinə çox böyük və qiymətli töhfələr vermişdir. Onun elmi irsinə 14 monoqrafiya, 170-dən çox elmi əsər, o cümlədən ixtiralar, metodik tövsiyələr və səmərələşdirici təkliflər daxildir. Çoxşaxəli elmi fəaliyyəti, nəzəri və praktik təbabətin zənginləşdirilməsinə sərf etdiyi fədakar əməyi, elmi-tibbi kadrların hazırlanmasında rolu nəzərə alınaraq Zərifə xanım 1983-cu ildə Azərbaycan Respublikasının Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Akademik Zərifə Əliyeva gərgin elmi işlə yanaşı, pedaqoji fəaliyyətə və tədris prosesinin təşkilinə də böyük diqqət yetirirdi. O, istedadlı müəllim və çox gözəl mühazirəçi olmuşdur, gənc həkimlərə və elmi əməkdaşlarına öz geniş biliklərini böyük məmnuniyyətlə çatdırırdı. Zərifə xanımın mühazirələri həmişə mütəxəssislərin geniş dairələrini cəlb edirdi. Üslubunun sadəliyi və gözəl, bədii ifadəsi, fikrinin dərinliyi və aydınlığı, yüksək nəzəri səviyyəsi, qeyri-adi erudisiyası, məharətlə hazırlanmış əyani material, zəngin klinik təcrübəsindən çəkilən misallar, ziyalı siması dinləyiciləri heyran edirdi.

Kafedrada Zərifə xanımın rəhbərliyi altında aparılan konfranslar həmişə məzmunlu, maraqlı keçir və əsl klinik təcrübə məktəbinə çevrilirdi. Klinik təhlillərin, məsləhətlərin, xəstələrə baş çəkmələrin, konsiliumların gənc həkimlərin peşə tərbiyəsi və ixtisaslarının yüksəldilməsi üçün böyük əhəmiyyəti var idi.

Zərifə xanım elmi tədqiqatların aparılması və təcrübəli elmi mütəxəssislərin hazırlanması üçün müasir avadanlığın əhəmiyyətini çox gözəl başa düşürdü. O, Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına rəhbərlik etdiyi illərdə klinikanı o vaxtın ən müasir diaqnostik və cərrahi avadanlıqlarla təmin etməyə çalışır, oftalmologiyanın yeni sahələrinin tədqiqini təşkil etməyi bacarırdı. O, oftalmologiya sahəsində dünya təcrübəsini təhlil edir, kadrları diqqətlə seçir və müasir praktik vərdişlərə yiyələnmək məqsədilə aparıcı klinikalara göndərərək, elmi axtarışlarında köməkliyini əsirgəmirdi.

Zərifə xanımın praktik həkimlik fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Dərin zəka, aydın təfəkkür sahibi olan alim-həkim çox gözəl, diqqətli, xəstəliyin gözə çarpmayan əlamətlərinin axtarışında yorulmaz bir diaqnost və klinisist idi. O, müşahidələrini bir anda ümumiləşdirməyi bacarır və yeganə düzgün qərara gələ bilirdi. Zərifə xanımın praktik oftalmologiya üzrə geniş bilikləri, bir sıra dərman preparatlarının xüsusiyyətlərinə dərindən bələd olması xəstələrin müalicəsini yüksək səviyyədə aparmağa imkan verirdi.

Akademik Z.Əliyevanın prinsipiallığı, vətəndaş cəsarəti Elmi Şuranın iclaslarında, konfrans və qurultaylarda, digər yüksək səviyyəli toplantılarda çıxışlarında həmişə öz əksini tapırdı. O, böyük ictimai iş də aparırdı. SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini, “Bilik” Ümumittifaq Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin üzvü, “Vestnik oftalğmoloqii” jurnalının redaksiya heyətinin üzvü olmuşdur.

Akademik Z.Əliyevanın xidmətləri orden və medallarla təltif edilmişdir. Ona “Azərbaycan Respublikası Əməkdar elm xadimi” fəxri adı verilmişdir. Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu  2001-ci ildən onun adını daşıyır.

Zərifə xanım Əliyeva bütün şüurlu həyatını, əməli fəaliyyətini tibb elminin inkişafına həsr etmiş, göz xəstəliklərinin tədqiqi sahəsində böyük elmi uğurlar qazanmışdır. Onun Vətən oftalmologiyasının inkişafında xidmətləri çoxdur. Onlardan biri - Bakıda yeni Oftalmoloji Mərkəzin tikintisinə başlanılması haqqında irəli sürdüyü təşəbbüsdür. Belə mərkəzin yaradılması Zərifə xanımın arzularından biri idi. Vaxtilə Zərifə xanım və ulu öndərimiz Heydər Əliyev bu arzunun həyata keçirilməsi üçün böyük səy göstərmişlər. Məhz onların sayəsində mərkəzin təməli hələ SSRİ dövründə qoyulmuşdur. Hazırda həmin arzu  həyata keçmişdir. 2009-cu il mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə  akademik Zərifə Əliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun yeni binasının təntənəli açılışı olmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin  4.8.2009-cu il tarixli  115 saylı qərarı ilə institutun adı dəyişdirilərək, akademik Zərifə Əliyevə adına Milli Oftalmologiya Mərkəzi adlandırılmışdır. Mərkəz yüksək keyfiyyətli, müasir diaqnostik və cərrahi avadanlıqla təchiz edilmişdir. Burada oftalmologiya sahəsində bütün texniki yeniliklərin tətbiqi nəticəsində elmi tədqiqatların və müalicə prosesinin dünya oftalmologiyasında qəbul olunmuş səviyyəyə yüksəldilməsi üçün hər cür şərait yaradılmışdır.

Görkəmli alimə və həkimə, tibb elmi və səhiyyə xadiminə xas olan ictimai və vətənpərvər borcun, yüksək məsuliyyətin dərindən dərk edilməsi, hər bir işə yaradıcı münasibətlə yanaşması,  sadəlik, təvazökarlıq akademik Zərifə Əziz qızı Əliyevaya məxsus olan keyfiyyətlərdir. Bütün bunlar ona ölkəmizdə və  hörmət və məhəbbət qazandırmışdır. Zərifə xanım sözün yüksək  anlamında Böyük İnsan olmuşdur, onun həyatı gələcək nəsillər üçün əbədi nümunə olacaq, xatirəsi  həmişə əziz tutulacaqdır.

Elmar QASIMOV,
akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru,
tibb elmləri doktoru, professor

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında