Martın 14-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) Dövlət Sərhəd Xidmətinin (DSX), Ambroise Pare adına Beynəlxalq Cərrahiyyə Forumu və Türk-Azərbaycan Enoskopik Cərrahlar Assosiasiyasının birgə təşkilatçılığı ilə “Bakı hərbi cərrahi simpoziumu–hərbi cərrahiyyədə təhsil” mövzusunda Beynəlxalq simpozium işə başlamışdır.
AzərTAc xəbər verir ki, martın 16-dək davam edəcək simpoziumda Azərbaycanın Milli Təhlükəsizlik, Müdafiə, Ədliyyə, Səhiyyə, Fövqəladə Hallar, Daxili İşlər nazirliklərinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, DSX-nin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Gömrük Komitəsinin, eyni zamanda, dünyanın müxtəlif ölkələrindən hərbi cərrahiyyə sahəsində nüfuzlu tibb müəssisələrinin yüksək ixtisaslı mütəxəssisləri iştirak edirlər.
Əvvəlcə ADA-nın yeni tibb mərkəzi ilə tanışlıq olmuşdur.
Tədbirin açılışında xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev, DSX-nin rəisi Elçin Quliyev, səhiyyə naziri Oqtay Şirəliyev, Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, Milli Məclisin deputatı Əhliman Əmiraslanov, Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Böyükkişi Ağayev çıxış edərək beynəlxalq tədbirin hərbi cərrahiyə sahəsində qabaqcıl təcrübədən faydalanmaq və əməkdaşlıq baxımından aktuallığını yüksək qiymətləndirmiş, tədbirin Azərbaycanın hərbi tibb sahəsinə öz töhfəsini verəcəyi diqqətə çatdırılmışdır.
Qeyd olunmuşdur ki, müasir dövrümüzdə baş verən silahlı münaqişələr və təbii fəlakətlər nəticəsində sağlamlığını itirmiş hərbi və mülki şəxslərin müalicəsində hərbi cərrahların fəaliyyəti mühüm əhəmiyyət daşıyır.
Bildirilmişdir ki, artıq 20 ildən çoxdur Azərbaycan torpaqları işğala məruz qalmışdır. Azərbaycan Respublikasının əzəli torpaqları olan Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmış, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu çətinliklərə baxmayaraq ölkəmiz müstəqillik dövründə böyük inkişaf yolu keçmişdir. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş dövlət siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz iqtisadi inkişaf templərinə görə dünyada qabaqcıl mövqelərə yüksəlmiş, ictimai həyatın bütün sahələrində, o cümlədən tibb sahəsində əhəmiyyətli islahatlar aparılmışdır.
Qeyd edilmişdir ki, son vaxtlar Azərbaycanda səhiyyə sahəsində çox sayda beynəlxalq tədbirlər keçirilir. Simpoziumun ölkəmizdə keçirilməsi isə heç də təsadüfi deyildir. Çünki uzun illər boyu hərbi münaqişə şəraitində yaşayan Azərbaycanın hərbi cərrahiyyəsi inkişaf etmişdir, zəngin təcrübəsi formalaşmışdır. Ötən illərlə müqayisədə hərbi tibb, xüsusilə də hərbi cərrahiyyə sahəsində uzun yol qət edilmişdir. Natiqlər Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizdə hərbi cərrahiyyə sahəsinin inkişafına böyük önəm verildiyini diqqətə çatdırmışlar.
Vurğulanmışdır ki, vaxtilə ulu öndər Heydər Əliyevin müvafiq sərəncamı ilə ölkəmizdə hərbi tibbi xidmətin təşkili istiqamətində uğurlu addımlar atılmış, ATU-da hərbi tibb fakültəsi yaradılmış və hərbi tibb mütəxəssisləri yetişdirilməyə başlanmışdır.
Tədbirdə çıxış edən Ambroise Pare adına Beynəlxalq Hərbi Cərrahiyyə Forumunun prezidenti Zvonimir Lovric hərbi cərrahiyyənin tarixi haqqında danışmış, bu gün yüksək sürətlə inkişaf edən Azərbaycanın hərbi təbabət təcrübəsi ilə də dünyada öz yerini tutduğunu demişdir.
Simpoziumun gedişində hərbi cərrahiyə sahəsində böyük nüfuza malik tibb müəssisələrinin nümayəndələri öz təcrübələrini paylaşmışlar.
Plenar iclaslarla davam edən simpoziumda hərbi cərrahiyyənin tədris prinsipləri, təlim sistemi və perspektivləri, dünyada qlobal cərrahi proqramlar və ictimai mübadilə, inkişaf etmiş ölkələrdə hərbi tibb cərrahlarının hazırlanmasının metodları, hərbi iğtişaşlar zamanı odlu silahdan yaralananların, həmçinin təbii fəlakətlər nəticəsində xəsarət alanların cərrahi müalicəsi, hərbi münaqişələr zamanı zərərçəkənlərə cərrahi xidmətin göstərilməsi üsulları, təcrübəsi və yenilikləri, mülki xəstəxanaların hərbi münaqişələr və təbii fəlakətlər zamanı hərbi hospitala çevrilməsi məsələləri müzakirə olunmuşdur.
Həmçinin təlim prosesində müasir əyani vasitələrin rolu, hərbi münaqişələr və təbii fəlakətlər zamanı cərrahi müalicə sahəsində əldə olunmuş nəticələrin təhlili və toplanmış qabaqcıl təcrübə ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.
Tədbirdə iştirakçılara tibb elmləri üzrə fəlsəfə doktoru, Sərhəd Qoşunları hospitalının rəisi Kənan Yusifzadənin “Cərrahi endoskopiya” adlı kitabı təqdim olunmuşdur.
Simpozium zamanı iştirakçılar üçün kurslar da təşkil ediləcək, onlara beynəlxalq dərəcəli sertifikatlar təqdim olunacaqdır.
Tədbirdə iştirak edən qonaqların Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi və Dövlət Bayrağı Meydanı ilə tanışlığı nəzərdə tutulur.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.