İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin qanköçürmə müəssisələrinin rəhbərləri Bakıda toplaşmışlar

 

Fevralın 14-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin qanköçürmə müəssisələri rəhbərlərinin 3-cü iclası öz işinə başlamışdır. AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə İƏT-ə üzv olan 10 ölkədən 8-nin nümayəndələri iştirak etmişlər.

 Qan xidməti rəhbərlərinin əvvəlki iclasları İran İslam Respublikasının paytaxtı Tehranda və Türkiyənin paytaxtı Ankarada keçirilmişdir. Bu il isə İƏT-də sədrlik Azərbaycana keçmişdir.

İclası giriş sözü ilə səhiyyə nazirinin müavini Elsevər Ağayev açaraq Azərbaycanda qan xidməti sahəsində görülən işlərdən danışmışdır. Bildirmişdir ki, insanların sağlamlıqlarının qorunması Azərbaycan dövlətinin prioritet vəzifəsidir.

Ölkəmizdə qan xidmətinə xüsusi diqqət yetirildiyini bildirən E.Ağayev məlumat vermişdir ki, Milli Məclis “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul etmişdir. Bu qanun Azərbaycan Respublikası Prezidenti tərəfindən 2005-ci ilin mayın 3-də təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 18 yanvar tarixli qərarı ilə “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı(2006-2010)” təsdiq edilmişdir.

Nazir müavini  ölkəmizdə qan xidməti göstərən müəssisələrin  tibbi avadanlıq, qan torbaları və qanı yoxlamaq üçün reaktivlərlə dövlət tərəfindən tam təmin olunduğunu diqqətə çatdırmışdır. Vurğulamışdır ki, dövlət proqramının müvəffəqiyyətlə yerinə yetirilməsi nəticəsində qan donorlarının sayı 2 dəfədən çox artmış, qan komponentlərinin miqdarı, keyfiyyəti və təhlükəsizliyi xeyli yüksəlmişdir. Azərbaycanda könüllü donorların sayının əhəmiyyətli dərəcədə artması pullu donorluqdan tam imtina edilməsinə imkan yaratmışdır.

Tədbirdə İƏT-in baş katibi Şamil Ələsgərov yaradılan şəraitə görə Azərbaycan dövlətinə minnətdarlıq etmiş, iclasda qan xidməti üçün çox vacib məsələlərin müzakirə olunacağını bildirmişdir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov və B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Soltan Əliyev çıxış edərək qanköçürmə sahəsində əməkdaşlıq baxımından İƏT-in böyük rol oynadığını qeyd etmişlər.

Bildirilmişdir ki, qan xidmətinin dinamik inkişafı olmadan cərrahiyyə, reanimasiya, doğuşayardım, hematologiya, onkologiya, travmatologiya kimi sahələrdə ixtisaslaşdırılmış tibbi yardımın uğurla həyata keçirilməsi mümkün deyildir.

Sonra  İƏT-ə üzv ölkələrin qanköçürmə müəssisələri rəhbərlərinin hesabatları dinlənilmişdir.

Fevralın 15-dək davam edəcək iclasda  İƏT-ə üzv ölkələrdə könüllü donorların cəlb edilməsi və saxlanılması, transfuzion terapiya, informasiya texnologiyalarının qan xidməti sahəsində tətbiqi və plazmanın fraksiyalaşdırılması kimi məsələlərlə bağlı müzakirələr aparılacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında