Səhiyyəmizin inkişafında mühüm xidmətləri olan görkəmli alim

İnsan dünyaya bircə dəfə gəlir. Və hər kəs Tanrının ona bəxş etdiyi bu ömrü sağlam, ağrı-acısız yaşamaq istəyir. Amma bu da həqiqətdir ki, bir ömürlük Tanrı payını sağlam, xoşbəxt yaşamaq, dəva-dərmansız keçirmək hamıya nəsib olmur. Ona görə də insanlar tez-tez həkimlərə müraciət etməli olur, bu və digər sağlıq problemlərini onların köməyi ilə aradan qaldırmağa çalışırlar. Belə hallar, demək olar ki, bütün insanların həyatında baş verir.
Amma gözü həmişə sərraf olan, tükü-tükdən seçən ellərimiz həkimlərin yaxşısını, pisini ayırmağı da bacarıb. Öz həyatını həmişə yaxşı, bilikli, istedadlı həkimlərə etibar edib. El arasında belə həkimlərə sadəcə olaraq həkim deyil, təbib, loğman kimi adlar verilir.
Xalqımız arasında özünün yüksək bilik və istedadı, hərtərəfli həkimlik bacarığı ilə seçilən belə təbabət adamlarından, görkəmli alimlərdən biri də Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru, İbn-Sina Beynəlxalq Mükafatı laureatı Sərvər Nəriman oğlu Alimetovdur. Yaşı artıq 70-ə çatmış bu təcrübəli alim və həkim uzun illər ərzində tibb elminin ən müxtəlif sahələrində özünü sınamış, ürək-damar, ağciyər, mədə, qaraciyər, öd kisəsi, bağırsaq, böyrək, oynaq, qan, endokrin və allergik xəstəliklər üzrə geniş profilli terapevt kimi yetişmişdir. Düzgün diaqnoz məsələsi isə Sərvər Alimetovun ən böyük önəm verdiyi məsələlərdən biridir.
Sərvər Alimetov İkinci Dünya müharibəsi illərində, 1940-cı ildə Azərbaycanın dilbər guşələrindən biri olan Qusar rayonunun Düztahir kəndində anadan olub. Ağır müharibə illərində keçən uşaqlığı ona hər cür zəhmətə qatlaşmaq, əməksevərlik, vətənpərvərlik, elə-obaya bağlılıq, təhsilə həvəs, insanlara qayğı kimi müsbət keyfiyyətlər aşılayıb.
Sərvər Nəriman oğlunun həyatının sonrakı, gənclik dövrü də beləcə, çətinlik və zəhmət dolu bir mühitdə keçib. Düztahir kəndində həm orta təhsil alıb, həm də ailəsinin güzəranı üçün çalışıb. Amma oxuduğu məktəbdə seçilən şagirdlərdən olub, həmişə dərslərinə hazırlıqlı olmağa çalışıb, müəllimlərinin hörmətini qazanıb. 1956-cı ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra isə Bakıya gələrək Azərbaycan Dövlət Tibb Universitetinə (o zaman N.Nərimanov adına Tibb İnstitutu) daxil olub. Gənc Sərvər burada da özünü zəhmətkeş, qabiliyyətli və istedadlı tələbə kimi göstərə bilib, elmlərə səylə yiyələnməyə çalışıb, gecəsini gündüzünə qataraq tibb elminin dərinliklərinə baş vurub. Həm müəllimlərindən - Azərbaycan tibb elminin o dövrdəki görkəmli nümayəndəlrindən öyrənib, həm də boş vaxtlarını kitabxanalarda keçirməklə, tələbə yoldaşları ilə elmi mübahisələrə qoşulmaqla xəstəliklərin xüsusiyyətlərini və onların müalicəsi yollarını dərindən mənimsəyib. Çünki yaxşı başa düşürdü ki, bundan sonra qarşıda onu insanlarla işləmək, onların itirilmiş sağlamlıqlarını bərpa etmək kimi müqəddəs vəzifə gözləyir və bu məsələdə ancaq və ancaq özünə, öz biliyinə güvənməli olacaq. Beləliklə, çalışqan və yorulmaz tələbə Sərvər Nəriman oğlu 1962-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vururaq həyata atılıb.
Gənc həkim 1962-1970-ci illərdə doğma elinə qayıdaraq Qusar rayonundakı Şirvanovka regional xəstəxanasında həkim, sonra isə baş həkim vəzifələrində çalışmağa başlayıb, burada xəstəliklərlə mübarizənin praktik yollarını mənimsəyib, minlərlə insanın sağlamlığının bərpasında, bir çoxlarının ağır xəstəliklərdən xilas edilməsində, bəzilərinin yenidən dünyaya qaytarılmasında öz bilik və qabiliyyətini göstərib. Və çox keçmədən rayonda savadlı, hər cür xəstəliyin öhdəsindən gəlməyi bacaran bir həkimin peyda olması barədə xəbər bütün rayona, hətta qonşu bölgələrə yayılıb. Artıq öz dərdini hər həkimə etibar etməyən adamlar da Sərvər həkimə müraciət etməyə başlayıb. Beləliklə, Sərvər həkimin adı bütün el-obada məşhurlaşıb. Artıq bir çox həmkarları məsləhət görüblər ki, əyalətdə ilişib-qalmağın mənası yoxdur, Bakıya qayıdıb elmlə məşğul olması gərəkdir.
Sərvər Alimetov Bakıya 1970-ci ildə qayıdaraq Azərbaycanda kardiologiyanın banisi olmuş, akademik C.M.Abdullayevin rəhbərlik etdiyi hospital-terapiya kafedrasında aspirant kimi fəaliyyətə başlamalı olur. 1972-ci ildə isə ciddi səylərdən və gərgin elmi axtarışlardan sonra Tibb Universitetində "Öd kisəsi və ödçıxarıcı yolların xəstəliklərində su və elektrolit mübadiləsinin dinamikası" mövzusunda alimlik dərəcəsini müdafiə edir. Bundan sonra gənc alim hospital-terapiya kafedrasında assistent, elmi işlər üzrə dekan müavini vəzifələrində çalışır, eyni zamanda, ictimai işlərdə fəallıq göstərir. Bir müddət internatura şöbəsinin müdiri, Respublika Tibbi-Məhkəmə Ekspertizası üzrə terapevt-ekspert, səhiyyə maarif müşaviri və digər məsul vəzifələrə irəli çəkilir. 1976-cı ildə Tibb Universitetinin daxili xəstəliklər kafedrasının dosenti vəzifəsinə seçilən alim 1977-1980-ci illərdə Əlcəzairdə xüsusi tibbi ezamiyyətdə olur. Həmin illərdə o, Əlcəzair, Macarıstan, Bolqarıstan, Rusiya, Yaponiya və başqa ölkələrdə keçirilmiş bir çox elmi konfrans və simpoziumlarda fəal iştirak edir, dünya tibb elmi mütəxəssisləri qarşısında özünün elmi nailiyyətləri ilə bağlı hesabatlar verir.
1998-ci ildə "Xronik ürək çatışmazlığında hemodinamik və homeostaz pozğunluqlarının xüsusiyyətləri və korreksiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edən Sərvər Nəriman oğlu hazırda Tibb Universitetinin daxili xəstəliklər kafedrasının professorudur. Sərvər müəllim özünün elmi axtarışları və tapıntıları ilə bağlı mütəmadi olaraq Azərbaycanın dövrü mətbuatında, eləcə də xarici ölkə nəşrlərində çıxışlar edir, kitablar çap etdirir. Onun Azərbaycan, Rusiya, Türkiyə, Avropa ölkələri və Amerika Birləşmiş Ştatlarında çoxlu elmi işləri çap edilib. Sərvər Alimetov 40-a yaxın kitabın, monoqrafiya və dərsliklərin müəllifidir. 300-ə yaxın dərc olunmuş elmi-tədqiqat işləri, məqalələri, metodik tövsiyələri, səmərələşdirici təklifləri mövcuddur. O, qaraciyər və ödçıxarıcı yolların xəstəliklərinə aid diaqnostikada əhəmiyyətli rol oynayan ödün tərkibindəki elektrolitlərin konsentrasiya dəyişikliklərini aşkarlayıb, bronxial astmanın ağır dərəcəli tutmalarında təxirəsalınmaz tibbi yardım məqsədi ilə yeni rasional müalicə üsulu təklif edib, bioloji şirələrdə elektrolitlərin öyrənilməsi sahəsində spektrofotometrik müəyyənləşdirmələri həyata keçirib. Professor Sərvər Alimetov xronik ürək çatışmazlığında rast gəlinən bradiakardiya, hipotoniya və refrakter sindromlarını araşdırmış, onlara qarşı yeni effektiv müalicə tədbirləri işləyib hazırlamışdır. Onun plevral boşluğundan mayenin çıxarılması və duodental zondlamanın təkmilləşdirilməsi ilə bağlı üsulları gündəlik həkimlik təcrübəsində geniş tətbiqini tapıb. Bakı şəhərindəki klinik xəstəxanalarda, təcili tibbi yardım stansiyalarında, elmi-tədqiqat institutlarında, eləcə də rayonlardakı tibb müəssisələrində, sənayedə olan tibbi sanitar hissələrində də görkəmli alimin elmi-tədqiqat işlərinin nəticələrindən istifadə olunur.
Professor Alimetov gənc alim kadrların yetişdirilməsində də öz köməyini göstərməkdədir. O, indiyədək Tibb Universitetində 60-dan çox tələbənin, gənc kadrların elmi işlərinə rəhbərlik edib, Azərbaycan tibb elminin dəyərli elmi işlərlə zənginləşməsi üçün əlindən gələni edib. Məhz bu xidmətlərinə görədir ki, Sərvər Nəriman oğlu bir çox mükafatlara layiq görülüb, elmi-ictimai dərəcələr alıb. Alim eyni zamanda, "Qızıl qələm" mükafatı laureatıdır.
Yaşı 70, həkimliyi 50, müəllimliyi 40 ili haqlayan Sərvər Alimetov elmi axtarışlarını özünün 80 illik yubileyini qeyd edəcək Azərbaycan Tibb Universitetində davam etdirir. Türk, rus, fransız, ingilis və ərəb dillərini yaxşı bilən professor hazırda daxili xəstəliklərin kardiologiya, pulmonologiya, qastroenterologiya, nefrologiya, artrologiya, hematologiya və endokrinalogiya bölmələri üzrə Azərbaycan dilində fundamental dərsliklərin dərci və bir sıra aktual elmi problemlərin həlli üzərində çalışmaqdadır. Son zamanlar Azərbaycanda səhiyyənin inkişafında xüsusi bir dövrün başlandığını və dövlət başçımızın rəhbərliyi ilə uğurla davam etdirildiyini deyən alim yüksək nəticələrə nail olunması üçün öz təkliflərini irəli sürür:
- Bu gün tədrisin təşkilinə, aparılmasına, tibbi kadrların hazırlanması, seçilməsi, yerləşdirilməsi və tərbiyəsinə şərait yaradılması, qayğı və nəzarətin gücləndirilməsi ən aktual məsələlərdən biridir. Bu məsələyə şəxsən nazirin özü tərəfindən mərkəzləşdirilmiş nəzarət olmalıdır. Daxili xəstəliklərin yeddi bölməsi üzrə yeni kafedralar yaradılmalı, onlar müvafiq elmi-tədqiqat institutlarında yerləşdirilməlidir. Tədris, müalicə və elm bir məkanda olmalıdır. Bu, nəticələrin effektivliyinin artmasına gətirib çıxaracaqdır. Əvvəllər ulu öndər Heydər Əliyev səhiyyənin inkişafını diqqət mərkəzində saxlayardı. İndi Prezident İlham Əliyev və Mehriban xanım bu sahəyə daim qayğı göstərir. Biz artıq Avropa səhiyyəsi ilə ayaqlaşmaq gücündəyik. Ona görə də bu inkişaf prosesində heç bir detalın unudulmasına yol verməməliyik.

{nl}

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında