Gənc azərbaycanlı həkim təbabət elmində yeni uğurlara imza atır

Müxtəlif sənət sahibləri ilə bağlı yazılarımızın bir məramı var: istedadlı həmvətənlərimizi geniş ictimaiyyətə tanıtmaq. Bu baxımdan qardaş Türkiyədə təhsil almış istedadlı soydaşımız, həkim Fərid Əliyevin də qazandığı uğurlar diqqətimizi cəlb etdi.
Gənc olmasına baxmayaraq, onun müasir dünyada sürətlə inkişaf edən tibb elminin yeniliklərini mənimsəməsi, kardiologiya sahəsində qazandığı elmi biliklər, insanlara göstərdiyi nümunəvi tibbi xidmətlə tanışlıqdan sonra düşündük ki, onun haqqında yazmağa dəyər.
Fərid Əliyev Bakıda dünyaya göz açmışdır. 82 nömrəli orta məktəbi bitirdikdən sonra 1995-ci ildə Türkiyənin Samsun şəhərindəki Ondokuz Mayıs Universitetinin tibb fakültəsinə daxil olmuşdur. Bu ali təhsil ocağını bitirdikdən sonra 2002-2006 illərdə İstanbul Universitetinin cərrahpaşa tibb fakültəsinin kardiologiya kafedrasında təhsilini davam etdirmişdir.
F.Əliyev sonra İstanbul Universiteti Kardiologiya İnstitutunun elektrofiziologiya (aritmologiya), pacemaker və ICD (ürəkdaxili defibriliator) şöbəsində biliyini bir qədər də təkmilləşdirmişdir. Qazandığı elmi biliklər Fərid Əliyevi heç də arxayın salmamış, o, seçdiyi ixtisas üzrə ən son yenilikləri müasir tibbi texnikanın imkanları çərçivəsində mənimsəmək üçün ABŞ-a üz tutmuşdur. F.Əliyev Nyu-York şəhərində yerləşən nüfuzlu klinikalarda bir müddət təcrübə keçmiş və ixtisası üzrə elmi biliklərini daha da artırmışdır.
Azərbaycan Kardiologiya Cəmiyyətinin aritmiya işçi qrupuna rəhbərlik edən Fərid Əliyev bu il Avropada akkreditasiya imtahanlarını müvəffəqiyyətlə tamamlayaraq, özünü bir daha təsdiqləmişdir. Hazırda o, gənc mütəxəssis kimi Bakıdakı Mərkəzi Klinik Xəstəxananın ürək mərkəzinin aritmologiya şöbəsində çalışır. Bundan əlavə, Fərid Əliyev beynəlxalq jurnallarda nəşr olunmuş 50-dən çox elmi məqalənin və Türkiyədə çapdan çıxmış iki kitabın müəllifidir.
Həmsöhbətimiz ötən müddətdə təhsil aldığı tibb müəssisələrində həm də praktiki həkim kimi çalışmışdır. Fəaliyyəti dövründə o, ümumilikdə 3 mindən çox xəstə üzərində əməliyyat aparmışdır. Bu xəstələrin 400-ü azərbaycanlıdır.
F.Əliyev deyir: "Aritmiyaya səbəb olan yüzlərlə xəstəlik vardır. Ona görə də xəstəliklərin müalicəsi və proqnozları dəyişir. Ən vacib nöqtə isə gözlənilməz ürək dayanmalarının qarşısının alınmasıdır. Vaxtında aparılan müayinələr nəticəsində bu riski təyin etmək mümkündür və mövcud fəsadların qarşısının alınması üçün müasir müalicə metodlarından istifadə olunmalıdır".
İnsan ürəyinin normadan artıq döyünməsi və həmin prosesi törədən səbəbləri araşdıran gənc həkim bu sahədə mövcud olan problemləri belə şərh edir: "Ürək döyüntüsü problemləri ilə bağlı ölüm halları son illər daha da çoxalmışdır. Ölüm hallarının ən azı yüzdə əllisi əvvəllər ürəyindən heç bir şikayəti olmayan xəstələrdə baş verir. Onun üçün də bu riskin təyin edilməsi böyük əhəmiyyət kəsb edir".
Fərid Əliyevin sözlərinə görə, son illərdə ürək çatışmazlığı olan xəstələrdə tətbiq edilən ürəyin resinxronizasiyası adlı müalicə metodu da ilk dəfə Mərkəzi Klinik Xəstəxanada tətbiq edilmişdir. Bu əməliyyatlardakı müvəffəqiyyətlər bir daha göstərir ki, haqqında söhbət açılan müalicə metodunun tətbiqi xəstələrin ürək yığılması funksiyalarında düzəlmə və həyatlarının normallaşmasında ciddi irəliləyişə səbəb olmuşdur. Bu metodla müalicə xəstələrdə qəfil ölüm riskini də azaltmışdır.
Yeri gəlmişkən qeyd edək ki, aritmiya sahəsində əməliyyatlar Azərbaycanda ilk dəfə Mərkəzi Klinik Xəstəxanada Fərid Əliyev tərəfindən 3 il əvvəl aparılmışdı. Bütün bu sadalananlar bir daha əminliklə deməyə əsas verir ki, Azərbaycan tibb elmi F.Əliyev kimi aparıcı mütəxəssislərin səyi və bacarığı sayəsində hələ çox uğurlara imza atacaqdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında