Azərbaycan təbabətinin gələcəyi etibarlı əllərdədir

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün elmləri, o cümlədən təbabəti sürətlə inkişaf etdirmək və onu dünya standartları səviyyəsinə çatdırmaq məqsədi ilə genişmiqyaslı iş aparılır. Prezident tərəfindən 2007-ci il aprelin 16-da təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" həm də bu məqsədə xidmət edir.
Ulu öndər Heydər Əliyev hələ 2000-ci ildə daha zəngin biliklərə və vərdişlərə malik olan həkimlərin hazırlanması məqsədi ilə Mərkəzi Klinikanın təməlini qoymuşdur. Bu, ölkədə səhiyyənin inkişafına xidmət edən növbəti addım idi. Xüsusi tibbi xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi Klinika ölkə vətəndaşlarına təbabətin bir sıra sahələri üzrə beynəlxalq standartlara müvafiq xidmətlər göstərir, tibbi kadrların öyrədilməsi üzrə çox geniş və dəyərli iş aparır, onları xarici ölkələrdə təkmilləşmə kurslarına göndərir. İndiyə qədər çoxsaylı həkimlər, tibb bacıları və texniki işçilər ixtisasartırma kursları keçmək üçün xarici ölkələrə göndərilmişlər.
Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin başladığı missiyanı davam etdirərək həkimlərin təhsil alması üçün dövlət səviyyəsində hər cür şərait yaratmış, onların 5-8 illik rezidenturaya göndərilməsi barədə sərəncam vermişdir. 2009-cu ildə bu sahədə yeni proqram hazırlanmış və ilk dəfə olaraq Mərkəzi Klinikanın 9 həkimi dünyada ikinci ən böyük klinikaya - Avstriyadakı AKH klinikasına göndərilmişdir. Eyni zamanda, 2010-cu il üçün ezamiyyə planı tərtib edilmişdir. Bu dəfə təkcə Mərkəzi Klinikada deyil, Azərbaycanın bütün tibb müəssisələrində, həmçinin Tibb Universitetində Almaniyada rezidentura keçmək arzusunda olanlar üçün müvafiq elanlar verilmişdir. Bu məqsədlə müraciət etmiş 200 həkimdən il ərzində 9 nəfəri seçilmişdir.
Seçim proseduru iki turdan ibarət imtahan şəklində keçirilmişdir. Ümumi praktiki həkim səviyyəsində biliklərin və alman dili üzrə biliklərin yoxlanılması üçün imtahanların keçirilməsinə Bakıdakı Höte İnstitutunun əməkdaşları kömək etmişlər. Alman dili üzrə A2.2 səviyyəsində cavab vermiş və ümumi praktiki həkim səviyyəsində imtahan vermiş 25 həkim ikinci tura keçmişdir.
İxtisas üzrə imtahan Mərkəzi Klinikada, alman dili imtahanı isə Tbilisidəki Höte İnstitutu tərəfindən keçirilmişdir. Bu dəfə yalnız 9 nəfər alman dili üzrə sualları B2.2 səviyyəsinə uyğun cavablandırmış və ixtisas imtahanını uğurla vermişdir.
Seçilmiş həkimlər iyulun 1-də Xüsusi Tibbi Xidmət bölməsində Almaniyadan gəlmiş professorlar - doktor Helmut Hann və doktor Bernhard Motzkus ilə görüşmüşlər.
Rezidenturaya göndərilən həkimlər ümumi cərrahiyyə, kardiologiya, travmatologiya, hematologiya, urologiya, ginekologiya, pediatriya, ürək-damar cərrahiyyəsi və başqa ixtisaslar üzrə təhsil alacaqlar. Seçilmiş həkimlərlə keçirilən görüşün məqsədi də bundan ibarət idi. Onlar bu ilin sentyabr ayında Berlindəki "Charite" klinikasına 5-8 illik rezidenturaya yola düşəcəklər. Almaniyadan gəlmiş professorlar onların suallarını inamla cavablandıran, alman dilini gözəl bilmələri ilə əcnəbiləri heyrətləndirən gənclərə xeyir-dua vermişlər.
Görüşdən dərhal sonra təşkil edilmiş müsahibədə iştirak edən gənc həkimlər çox həyəcanlanır, AzərTAc-ın müxbirləri də daxil olmaqla qələm əhlinin yağış kimi yağdırdığı suallara bəzən cavab tapa bilmirdilər.
Bizə məlum oldu ki, rezidenturaya göndərilmək üçün seçilmiş gənc həkimlərdən ikisi - Könül Hüseynova və Nizami Məmmədov praktiki həkimlərdir, Çingiz Dadaşov, Elmina Əminəliyeva, Yusif Əliyarov, Cəvahir Qarabağlı, Orxan İbrahimli, Emin Hacımuradov və Ceyhun Əliquliyev isə Azərbaycan Tibb Universitetinin 6-cı kursunu bitirmişlər. Lakin bütün gənclərin bir arzusu var - seçdikləri istiqamət üzrə mümkün qədər çox bilik və vərdişlər qazanmaq, sonra Vətənə qayıtmaq, Azərbaycan təbabətinin uğurlarını artırmağa xidmət etmək.
Gənc Azərbaycan həkimləri dövlətimizin başçısı İlham Əliyevə respublika gənclərinin xaricdə təhsil alması üçün yaradılmış gözəl imkanlara görə təşəkkür etmiş, əminliklə bildirmişlər ki, onlara bəslənilən ümidləri doğruldacaq və Azərbaycan həkimi adını ləyaqətlə daşıyacaqlar. Onlar, həmçinin bu layihənin müəllifi - Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidmətinin rəisi, Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevə və Mərkəzi Klinikanın baş direktoru Məlikşah Nəcmi Acunerə bütün bu işlərin təşkil edilməsinə, respublikada həqiqətən ehtiyac duyulan yüksək ixtisaslı tibbi kadrların hazırlanmasına göstərdikləri qayğı və köməyə görə təşəkkürlərini bildirmişlər.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında