1962-ci ildə Azərbaycanın Bərdə rayonunda anadan olmuşdur. 1999-cu ildə Türkiyə vətəndaşlığına qəbulu ilə Bərdəli soyadını almışdır. 1979-1985-ci illərdə Azərbaycan Tibb Universitetinin pediatiriya fakültəsində təhsil almış, sonra Moskva şəhərində Rusiya Səhiyyə Nazirliyinin Uşaq Xəstəlikləri İnstitutunda təcrübə keçmişdir. Türkiyə Respublikasında 28 yaşında tibb elmləri doktoru adına yiyələnmişdir.
Professor Afiq Bərdəli Türkiyənin İzmir şəhərində “Şəfa Özəl Xəstəxanalar” şəbəkəsinin Genetik Diaqnostika Mərkəzini qurmuş və rəhbəri olmuşdur. O, eyni zamanda, Egey Universitetində kök hüceyrəsi kafedrasının qurucusu və professorudur, Türkiyə Egey Universiteti tibb fakültəsində molekulyar tibb laboratoriyasının müdiridir. Beynəlxalq dərəcəli tibbi nəşrlərdə dərc olunmuş 25 elmi və araşdırma istiqamətində olan yüzlərlə məqalənin müəllifidir. Tibb sahəsində fəaliyyətinə və tədqiqatlarına görə onlarca sertifikata və 23 medala layiq görulmüşdür. İngiliscə, italyanca, rusca mükəmməl bilir. Evlidir, 2 övladı var.
Haqqında ilk dəfə “Ankara” tibb mərkəzinin baş həkimi Zülfüqar Yusifovdan eşitmişdim. Zülfüqar həkim onun təkcə elmindən yox, həm də qardaş Türkiyədə azərbaycanlıların himayədarı olduğunu söyləmişdi. İzmirin elitar mühitində, elmi mərkəzlərində onun yaxşı tanınması məni də sevindirirdi. Bircə cümlədən ibarət olan təqdimat da bu alimin kimliyini söyləməyə imkan verir: tibb elmləri doktoru, professor Afiq Bərdəlinin (Hüseynov) yaratdığı molyekulyar tibbi laboratoriya bütün Türkiyədə ilk və tək, dünyada 3 elmi mərkəzdən biridir! Mən onunla Türkiyənin 55 min nəfərə qədər tələbəsi olan Egey Universitetinin tibb fakültəsinin dəhlizləri ilə addımladıqca, burada çalışanların-həkimlərin və tibb bacılarının ona necə ehtiram göstərdiklərinin əyani şahidiyəm. Xarakterindəki ilahi səmimiyyət, münasibətlərindəki sadəlik, təmiz və çılğın uşaq təbbəssümü ilə dolu qayğı və davranışı, aurasındakı müsbət enerji onu işindən-gücündən, vəzifəsindən və tutduğu mövqeyindən asılı olmayaraq hər kəsə sevdirir.
Universitetin uşaq xəstəxanasının 2-ci mərtəbəsində, sağ tərəfdəki qapının üstündə “Afiq Bərdəli” lövhəsini görəndə “baş qərargaha” (onun kabinetini belə adlandırırlar) çatdığımızı anladım. Qapıda qələbəlik idi. Növbə ilə sıralanmış adamlara həkimin gəlişi əvəzsiz bir sevinc gətirmişdi. Otaqda divarlardan asılmış sertifikat və diplomları gözucu saymağa başladım. Heç 10-a çatmamışdım ki, fikrimi başa düşən professor: “Özünü yorma, - dedi. - Burada onların sayı yüzdən çoxdur. Mənə “bir Azərbaycan çayı iç, özünə gəl”, -söyləyən molyekulyar tibb laboratoriyasının qurucusu prof. Afiq Bərdəli “Avropada çox yüksək bir bal alaraq akkreditə olmağa haqq qazandıq. Bu, bir molekulyar tibb laboratoriyası üçün böyük bir uğurdur”, - dedi. Əlavə etdi ki, Türkiyədəki bütün universitet və dövlət xəstəxanalarından xəstə qəbul edən laboratoriyamız “Genetik böyrək narahatlıqlarının diaqnozu”nu qoyan yeganə mərkəzdir. Ayrıca olaraq tiroid xərçənginin molekulyar erkən diaqnozunu ilk qoyan mərkəz də bizik. Professor Afiq Bərdəli Türkiyə Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən “Genetik xəstəliklər mütəxəssisi”, “Uşaq xəstəlikləri mütəxəssisi”, “Revmatoloji xəstəliklər mütəxəssisi” kimi 3 diplomun, İtaliyanın Milan Universiteti tərəfindən verilən molekulyar genetika sahəsində fəlsəfə doktoru alimlik dərəcəsinin sahibidir.
Professorun elmi fəaliyyətinə nəzər saldıqca, onun dünya tibb elmindəki uğurları haqqında aydın təsəvvür yaranır: ingiliscə nəşr olunan SCI indeksli jurnallarda 145 məqaləsi yayımlanmışdır. Dünya ədəbiyyatında ən çox xəstə qrupu olan nefrotik sindrom və FMF genetik çalışma işləri birmənalı olaraq professor Afiq Bərdəliyə aiddir. Onun SCI indeksli jurnallarda 62 elmi tezisi dərc olunmuş, professor beynəlxalq konfrans və simpoziumlarda 172 elmi məruzə ilə çıxış etmişdir. Türk dilində nəşr olunan 34 məqalənin müəllifidir və Türkiyədəki konfranslarda 191 elmi təqdimatı vardır. Ümumiyyətlə isə, onun 603 elmi məqaləsinə dünya tibb ədəbiyyatında dərc olunan 1700 elmi işdə istinad edilmişdir. Dünyanın 230 müxtəlif elmi qurumları tərəfindən təsdiqlənmiş genetik layihənin müəllifidir. O, indiyədək 92 elmlər namizədi və tibb elimləri doktoru yetişdirmişdir. Təkcə bu fakt 50 yaşı yenicə tamam olan professor A.Bərdəlinin səhiyyə elmi qarşısında uğurlu xidməti kimi təqdim oluna bilər.
Professor Afiq Bərdəlinin işlədiyi və dəvət aldığı ölkələrin siyahısını təqdim etmək bəs edir ki, onun dünyada çox böyük nüfuz sahibi olduğunu görəsən: ABŞ, Kanada, Avstraliya, Almaniya, Fransa, Hollandiya, İspaniya, Avstriya, Rusiya, Lüksemburq... Üstəlik, İtaliyanın Genova, Milan, Triest, Pisa, Bolonya kimi məşhur universitetləri ilə dörd il işləmişdir.
Rəhbərlik etdiyi laboratoriya Türkiyədə EMQN (European Molecular Genetic Quality Network) akredetasiyasını almış ilk və tək laboratoriyadır. Nefrotik Sendrom geni dunya tibb ədəbiyyatında Berdeli geni (Turkish Gen) olarak tanınır. Ümumiyyətlə isə, müxtəlif tibbi və elmi tədqiqatların nəticəsi olan və müxtəlif səhiyyə reyestrlərində Bərdəli adı ilə qeydiyyatdan keçən bu cur layihələrin sayı onlarcadır. Toplam olaraq, dünya tibb elmində 315 müxtəlif genetik xəstəliyin molekulyar diaqnostikasının hərtərəfli və elmi cəhətdən əsaslandırılmış tədqiqatları bilavasitə professor Afiq Bərdəlinin adı və elmi fəaliyyəti ilə bağlıdır. Yeri gəlmişkən, qeyd edilməlidir ki, səhiyyə sahəsindəki fəaliyyətinə və elmi uğurlarına görə professor 24 nominasiyada müxtəlif elmi mükafatlara layiq görülmüşdür.
Professor Afiq Bərdəli azərbaycanlı iş adamı Adil Pənahov və onun doğmaları üçün ən xeyirxah insandır. Adil belə deyir və davam edir:
- Məni, eləcə də bütün ailəmizi onunla taleyin çox amansız bir hökmü tanış edib və dostlaşdırıb. Daha doğrusu, bu tanışlıq qızım Səbinənin ağır xəstəliyə düçar olması və müalicəsi üçün hər yerdən əlimiz-əlacımız kəsiləndən sonra ona müraciət etməyimizlə başladı. Ağırlığı və amansızlığı sözlə ifadə edilə bilməyən ağır günlərimizin iztirabına son qoyan bu insan indi bizim ailənin ən əziz bir adamıdır. Hərdən fikirləşəndə onun bu əvəzsiz xidməti önündə həmişə özümüzü borclu bilirik. Bu insan haqqında söhbət düşəndə Şəmkirdə yaşayan bütün nəslimizin – atam Şəmistan kişinin, anamın, qardaş-bacılarımın üzünə xoş bir təbbəssüm gəlir. Mənim nəzərimdə professor Afiq Bərdəli kimi həkim və insanın varlığı təkcə Azərbaycan xalqı və türk dünyası üçün yox, həm də bütün bəşəriyyət üçün bir ərmağandır. Allah onu qorusun!
Adil Pənahovun bu fikirləri ilə şərik olanların sayı, bəlkə də, yüzlərcədir. İndi Azərbaycanda, İranda, İraqda, Suriyada, Misirdə, eləcə də Türkiyənin hər bir məkanında professor Afiq Bərdəlini yaradanın onlara tuş etdiyi bir xilaskar kimi dəyərləndirən insanlar yaşayırlar. Egey Universitetinin Uşaq xəstəxanasında yaradılan bu laboratoriya bütün Türkiyənin səhiyyə sistemində barmaqla göstərilən və istinad edilən bir elm mərkəzidir. Bu günə qədər 30 mindən çox xəstə burada müayinədən keçmişdir.
Bərdəlilər isə professor Afiq Bərdəlini ilk növbədə Tapdıq kişinin oğlu kimi, öz soykökünə görə tanıyırlar. Arabaçılar kəndində dünyaya göz açan balaca Afiq 8-ci sinfə kimi doğma kəndlərində, sonra isə Bakıdakı 5 saylı kimya-biologiya təmayüllü məktəbdə oxuyub. Atası Tapdıq kişini erkən vaxtlarında itirib. Bu itki uzun illər onun yaddaşında silinməz və ağrılı izlər buraxsa da, yeniyetmə Afiqin öyrənmək, yaratmaq eşqini söndürə bilməyib. Bəlkə də, bu itki ona həyatın vəfasız və amansızlığını göstərməklə yanaşı, həm də onun mübarizə meydanı olduğunu da anlada bilib.
Professor Afiq Bərdəli deyir ki, ümummilli liderimiz Heydər Əliyev Türkiyə Respublikasına səfəri zamanı burada yaşayan azərbaycanlılarla görüşməyə vaxt ayırdı. Ümummilli liderimiz Heydər Əliyev bizə belə söylədi: “Bu çətin günlərdə fərqli yerlərdə ola bilərsiniz, ancaq harada olursunuzsa-olun, bir azərbaycanlı olduğunuzu unutmayın, bu ada layiq olun”. Bu sözlər məni o illərdə çox təsirləndirdi. O illərdə dünyada genetika sahəsində ağlasığmaz məlumatlara yol açan bir layihədən ciddi söhbətlər gedirdi. Bu, 21-ci əsrin ən əhəmiyyətli müvəffəqiyyəti olaraq qəbul edilən və bu gün dünyaya açıqlanan insan gen layihəsi idi. Belə əhəmiyyətli təklifi həyata keçirmək, genetika sahəsində insanlığa xidmət vermək qərarına gəldim. 2000-ci ildə dünyanın lider ölkələri tərəfindən bütün dünyaya elan olunan bu layihə 2003-ci ildə tamamlandı və insanın DNT-genetik şifrəsi həll edilmiş oldu. 3.250 000 000 000 hərfdən ibarət (nukletit) bu şifrə 30.000 gendən meydana gəlməklə və təxminən 50 000 zülal kodlamkala qəbul edilməkdədir. Genetikanın 21-ci əsrin fərqli bir elm sahəsi olduğunu hər kəs qəbul edir. Bu layihənin nəticələri digər biotexnoloq sahələr ilə yanaşı, tibb sahəsində də yeni diaqnoz və müalicə imkanları ortaya qoymuşdur.
Təkcə həyat bəxş etdiyi insanlar və iş yoldaşları yox, həm də dostları, həmkarları da onu çox sevir, haqqında doymadan danışırlar. Tibb elmləri doktoru, ümumi və laparoskopik cərrah Qurbanxan Müslümov professor Bərdəli haqqında deyir:
- Mən onu genetikanı öyrənən və bu sahədə böyük uğurlar qazanmış yenilikçi alim kimi tanımışam. Düzdür, elə yaxın və işgüzar əlaqələrimiz olmayıb, amma hal-hazırda Azərbaycanın ən məşhur klinikalarında və səhiyyə ocaqlarında çalışan, Türkiyədə təhsil almış onlarca həkim tanıyıram ki, onların hər biri Afiq Bərdəli haqqında fəxrlə və ürəkdolusu danışır. Onların hər biri üçün Afiq Bərdəli öz xeyirxahlığı ilə, dəyərli məsləhət və əməli köməyi ilə yaddaqalan bir insandır. Hər dəfə tanışlarım, həkim dostlarım Afiq Bərdəli haqqında danışanda tibb elminin modern bir sahəsi olan genetikanı öyrənən və bu sahədə böyük uğurlar qazanan Afiq Bərdəlinin etdiyi həyati xeyirxahlıqlar bu söhbətlərin fövqündə durur. Təkcə bu xeyirxahlıqlarına görə o, çox böyük insandır, adamların ürəyində və həyatında illər boyu yaşamağa layiqdir.
Məşhur ürək-damar cərrahı Rəşad Mahmudov deyir:
- Professor Bərdəlinin tibb elmi sahəsində qazandığı uğurlar bu elm sahəsində əvəzi olmayan bir xidmətdir. El arasında “falçılıqla” müqayisə edilən bu sahə, tibb elminin modern bir qolu olmaqla bütün dünyanın diqqət mərkəzindədir. Böyük fəxrlə qeyd etmək istəyirəm ki, bu modern sahənin həm bütün dünyada, həm də elm və səhiyyənin tərəqqi etdiyi Türkiyədə inkişafı bizim hər birimizin müəllimi olan professor Bərdəlinin adı ilə çox sıx bağlıdır.
İndi bu barədə danışdıqca yadıma Türkiyənin İzmir şəhərində təhsil aldığım günlər düşür. Keçən əsrin sonlarına təsadüf edən bu dövr təkcə çətinlikləri ilə yox, həm də böyük bir əzmkarlıq tarixi kimi yaddaşımızda yaşayır. İndi mənim dediyim bu fikirlərlə tanış olanlar üçün ola bilsin ki, çox təəccüblü görünəcək, amma o dövrdə — 90-cı illərdə Azərbaycanı tanıyanlar heç barmaqlarımızın sayı qədər də deyildi. İnanın ki, onda eşitsəydik ki, Türkiyənin 3-cü böyük şəhəri olan İzmirə Azərbaycandan kimsə gəlib, bəlkə də, şəhərin bu başından o başına payi-piyada getməyə hazır idik. Belə bir məqamda Türkiyənin ən ünlü universitetlərindən biri olan Egey Universitetində professor Afiq Hüseynovun işlədiyini eşitmək dünyaya sahib çıxmaq kimi bir fakt idi. Dünyaca şöhrəti olan bu insanı tanıdıqca adam onun sadəliyinə, qayğıkeşliyinə, elminə, əqidə və əməllərinə vurulur, bu böyük insana və nəcib həkimə özünü borclu bilir.
İzmirdə yaşayan iş adamı, iqtisadçı alim Asif Qurbanov üçün də professor Afiq Bərdəli əziz adamlardan, həm də dostlardan biridir. O deyir:
- Elə adamlar var ki, onlar haqqında düşünəndə insanın üzü gülür. Afiq müəllim məhz belələrindəndir, onun haqqında düşünəndə pozitiv enerji alırsan, onu şəxsən tanıyanlar bu xoş əhval-ruhiyyəni hiss edirlər. Neçə illər əvvəl – hələ İzmirdə tələbə olduğum vaxtlarda Afiq həkimi tanımışam. İlk ünsiyyətdə olduğum anlardan da onun böyük bir insan və vətənpərvərliyinin şahidi olmuşam.
Afiq müəllimi istər mənə, istərsə də başqalarına sevdirən və dost edən onun səmimiyyəti, əqidəsidir, gördüyü işlərdir... Heç yadıma gəlmir ki, onunla tanış olduğum 20 ilə yaxın bir müddətdə Afiq Bərdəli öz şəxsi bir işi üçün kiməsə ağız açsın, ya da bir xahiş etsin. Amma İzmirə gələn hər bir azərbaycanlı gənc və ya xəstə üçün Afiq Bərdəli ərki çatıb-çatmasa da, qapılar döyüb, xahişlər edib... Afiq Bərdəlinin məşğul olduğu elm sahəsi ilə bağlı tibb mütəxəssisi olmadığımdan yaxın tanışlığım yoxdur. Amma onun elmi axtarışları və əldə etdiyi uğurlar haqqında bütün Türkiyənin necə maraq və şövqlə danışdığının dəfələrlə şahidi olmuşam. Həmişə yenilikçi alim kimi tanınan və bütün Türkiyədə, o cümlədən İzmirdə elmi uğurları ilə ad çıxaran professorun uğur və qələbəsi, təkcə Afiq müəllimin deyil, bütövlükdə Azərbaycan elminin uğuru kimi böyük dəyərə malikdir. Həmişə bu cür nurlu, dəyərli olasan, Afiq xocam!
Namiq ƏHMƏDOV,
“Xalq qəzeti” Bakı-İzmir-Bərdə-Bakı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.