AVROMED xoş məramlar şirkəti

10 il əvvəl 2002-ci ilin aprelində fəaliyyətə başlayan Avromed şirkəti bir qrup təşəbbüskar insanların xoşməramlı niyyəti əsasında yaranmışdır.

 

10 il əvvəl 2002-ci ilin aprelində fəaliyyətə başlayan Avromed şirkəti bir qrup   təşəbbüskar insanların xoşməramlı niyyəti əsasında yaranmışdır. Şirkət təsisçilərinin məqsədi Azərbaycan əhalisinə dünyanın ən nüfuzlu əczaçılıq şirkətlərinin məhsullarını çatdırmaq və Azərbaycan əczaçılıq bazarında mövcud olan vəziyyətin dəyişməsinə stimul yaratmaq idi.

Lakin şirkət təkcə bu xoş niyyətin əsasında yarana bilməzdi. Hələ 2000-ci ildə təşəbbüs ortaya çıxdıqdan sonra gələcək təsisçilər dünya əczaçılıq bazarını öyrənməyə, Azərbaycan əczaçılıq bazarındakı mövcud durumu təhlil etməyə və əhalinin daha keyfiyyətli əczaçılıq məhsulları ilə ən müasir standartlara uyğun təmin edilməsi üçün yollar aramağa başladılar. 2002-ci ilin aprel ayında Avromed şirkəti öz fəaliyyətinə başladı və həmin gündən ölkəmizdə əczaçılıq biznesinin inkişafında yeni bir mərhələ açıldı.

Qafqaz regionunda əczaçılıq ticarəti ilə məşğul olan ən

böyük şirkət

Şirkət qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən transmilli şirkətlərin ölkəmizdə öz nümayəndəliklərini açmağa, onların vasitəsilə dünya tibb elmindəki ən son bilikləri  Azərbaycan əczaçılıq sənayesinin iştirakçılarına çatdırmağa və həm də müalicə prosesinin təkmilləşdirilməsinə rəvac vermiş oldu. Müstəqillik dövründə ilk dəfə olaraq Fayzer (Pfizer), Novartis, Roş, Sanofi, Aventis, Merk, Alkon (Alcon) və onlarla digər dünya şöhrətli şirkətlər Azərbaycanda öz ofislərini açdılar.

Avromed şirkətinin Azərbaycan əczaçılıq bazarına gətirdiyi ilk yenilik idxal olunmuş əczaçılıq məhsullarının birbaşa satış məntəqələrinə çatdırılması kimi mütərəqqi bir infrastrukturun yaradılması oldu. Paytaxtda və ölkənin Sumqayıt, Gəncə, Mingəçevir kimi digər şəhərlərində yaradılan regional satış bazaları ən müasir saxlama və çatdırılma vasitələri (avadanlıqları) ilə təchiz olunmaqla əczaçılıq bazarında ticarətin təşkilinin ən qabaqcıl üsulunu tətbiq etməyə başladı. Yeni şəraitdə həkimlər, apteklər və təchizatçı şirkətlər arasında ən müasir mədəni qaydalara əsaslanmaqla yaranan etibarlı iş birliyi tezliklə öz bəhrəsini verməyə başladı. Daha sonrakı illərdə bu müştərək fəaliyyətin dairəsi daha da genişlənərək Lənkəran, Şəki, Şirvan və Xaçmaz rayonlarını da əhatə etdi.

Üç nəfərin təşəbbüsü ilə başlanan iş həm ölkə daxilində, həm də xarici tərəfdaşlar arasında rəğbət qazanmış yüzlərlə ixtisaslı gəncin çalışdığı böyük bir şirkətə çevrildi. Hazırda Avromed şirkəti Qafqaz regionunda əczaçılıq ticarəti ilə məşğul olan ən böyük şirkət hesab olunur. Öz beynəlxalq fəaliyyətinə bir neçə şirkətlə əməkdaşlıqdan başlamış Avromed hazırda dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən çox tanınmış istehsalçı şirkətlərlə sıx əməkdaşlıq edir. Heç təsadüfi deyil ki, beynəlxalq şirkətlər də Avromed şirkətini etibarlı tərəfdaş və beynəlxalq səviyyəli müasir biznes şirkəti kimi yaxından tanıyır və onun fəaliyyətini təqdir edirlər.

Avromed 10 illik fəaliyyəti nəticəsində...

Bu günlərdə Avromed şirkəti fəaliyyətə başlamasının 10 illik yubileyini qeyd etdi. Şirkətin baş direktoru Elşad Abdullayev yubiley tədbirində millət vəkillərimizin, Səhiyyə Nazirliyi rəhbərliyinin, xarici əczaçılıq şirkətlərinin nümayəndələrinin, yerli əczaçılıq şirkətlərinin, xəstəxanaların baş həkimlərinin, özəl klinika rəhbərlərinin, ziyalılarımızın, əczaçılıq sahəsində çalışan bir sıra tanınmış mütəxəssislərin iştirak etdiyini bildirdi. O  çıxışında qeyd etdi ki, Avromed şirkəti 10 illik fəaliyyəti nəticəsində Azərbaycan əczaçılıq bazarının şərhsiz liderinə çevrilmişdir. Bu gün Avromed 1000 nəfərə yaxın işçisi, 100 milyon manatlarla dövriyyəsi, 150-dən çox nəqliyyat vasitəsi, 15 000 çeşiddə əczaçılıq məhsulunu təqdim edən  9 regional filialları olan nəhəng bir şirkətdir. Avromed şirkəti 10 il ərzində göstərdiyi nəticələrə görə Azərbaycanın ən dinamik inkişaf edən şirkətlərindəndir. Bununla birgə Avromed şirkəti heç  vaxt vətəndaşlarımızın və dövlətimizin qarşısında olan sosial öhdəliklərini də unutmur və hər zaman bu sahəyə xüsusi önəm verir.

Daha sonra çıxış edən satış üzrə direktor İdris İbrahimov, maliyyə direktoru Yusif Qarəhmədov, audit üzrə direktor Azad Əmirov, texniki direktor Mənsur Feyziyev tədbirə qatılmış bütün qonaqları salamlayaraq Avromed şirkəti adından bütün tərəfdaş şirkətlərə təşəkkürlərini bildirdilər.

Yubiley tədbirində iştirak edən qonaqlar - Fransanın Serviye şirkətini təmsil edən cənab Anatoli Ablikov, Pfizer şirkətinin Qafqaz və Orta Asiya regionları üzrə direktoru Haluk Ömer Karabatak, GSK-dən Maykl Krou, Almaniyanın Ştada şirkətindən İvan Qruşkov, Rusiyanın Sintez şirkətindən Vitaliy Pşeniçnikov, Danimarkanın Novo Nordisk şirkətindən Frederik Kier, Ukraynanın Darnitsa şirkətindən Andrey Mironyuk, Rusiyanın  Biosintez şirkətindən Olqa Klıgina,  Ukraynanın  Lekxim şirkətindən Lesya Radkina və Peçayeva Valeriya, ABŞ-nın Alcon şirkətindən Altan Dönməz, Rusiyanın Novofarm müəssisəsinin təsisçiləri Şneyder Aleksandr Borisoviç və Fadeyeva Nataliya Vasilyevna və direktor Bezvetnıy Dmitri Yakovleviç öz çıxışlarında Avromed şirkətinin fəaliyyətini yüksək qiymətləndirdilər.           

Azərbaycan əczaçılıq bazarının təkmilləşdirilməsi

 Ən müasir biznes standartlarını, dünya əczaçılıq sənayesində mövcud olan nou-hau biliklərini öz fəaliyyətində tətbiq edən Avromed şirkəti, böyük və uğurlu bir yol qət etmişdir. Tədbirdə iştirak edən Səhiyyə Nazirliyinin nümayəndələri, Bakı şəhərində fəaliyyyət göstərən Mərkəzi Klinik Xəstəxanadan, Mərkəzi Neftçilər Xəstəxanasından, Leyla Şıxlinskaya Klinikasından, Sərhəd Qoşunları Hospitalından, Tusi adına Klinikadan, Medi-Club özəl klinikasından gəlmiş qonaqlar, eləcə də Gəncə, Şəki, Mingəçevir, Oğuz, Ağstafa, Lənkəran və digər şəhərlərdən gəlmiş səhiyyə idarəsi və mərkəzi xəstəxanaların baş həkimləri Avromed şirkətinin fəaliyyətinin bu sahədə çalışan bütün qurumlar üçün örnək olduğunu bildirdilər. Tədbirə qatılan qonaqlar arasında ölkəmizin adlı-sanlı mütəxəssisləri, elm adamları və ziyalıları da vardı. 

 Avromed öz fəaliyyətində təkcə şirkətin mənafeyi baxımından deyil, eyni zamanda Azərbaycan əczaçılıq bazarının təkmilləşdirilməsi baxımından da novatorluq təşəbbüslərini və səmərələşdirici təkliflərini hər zaman irəli sürmüşdür. Qayda və qanunların təkmilləşdirilməsi ölkəmizdə əczaçılıq fəaliyyətinin inkişafını sürətləndirmiş və nəticə etibarı ilə hər bir vətəndaşın sağlamlığının qorunmasına xidmət etmişdir. Bu qanunların işlənib hazırlanması və qəbul olunmasında əvəzsiz xidmət göstərmiş bir sıra  millət vəkilləri də tədbirə dəvət olunmuşdular. Azərbaycan Respublikası Milli Məclisinin deputatları adından çıxış edən Sosial siyasət komitəsinin üzvü, millət vəkili İlham Məmmədov  Avromed şirkətinin öz fəaliyyəti ilə Azərbaycan əczaçılıq sənayesində sərgilədiyi novatorluq təşəbbüslərinin cəmiyyətimiz və xüsusilə səhiyyə qurumlarının fəaliyyəti üçün faydalı olduğunu bildirdi, ölkəmizdə belə şirkətlərin sayının artmasını arzuladı. Daha sonra tədbir iştirakçıları digər millət vəkilləri– Musa Quliyevin, Qənirə Paşayevanın, Ceyhun Osmanlının təbriklərini dinlədilər.

İnsanlara qayğı

prioritet vəzifədir

Təntənəli gecədə  qonaqların çıxışları bir-birini əvəz edərkən tədbirə dəvət almış Akif Süleymanbəylinin rəhbərlik etdiyi orkestr tərəfindən səsləndirilən milli musiqi sənətimizin inciləri və qərb klassik musiqisinin ən seçmə nümunələri qonaqların zövqünü oxşayırdı. Yubiley təbriklərinin bir qismi isə vaxtaşırı divarlarda quraşdırılmış  monitorlarda göstərilən video-yazılar vasitəsilə canlandırılırdı. Video-çarxlardan ən xoş arzularını seyr edə bildiyimiz tanınmış alimlərimiz və ziyalılarımız arasında görkəmli oftalmoloq, şair Paşa Qəlbinur, Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi Həbib Yüzbaşıyev, Medi-Club-un baş həkimi Sevda Cavadova, tanınmış cərrah Bəxtiyar Musayev, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev,  Tusi adına Klinikanın baş həkimi Teymur Musayev, Mərkəzi Neftçilər Xəstəxanasının kardio-cərrahı Rəşad Mahmudov və başqaları vardı. Azərbaycan səhiyyə sistemində kifayət qədər tanınmış və şöhrət qazanmış bu alimlərin hər biri Avromed şirkətinin fəaliyyəti ilə bilavasitə yaxından tanış olduqlarını, bu fəaliyyəti ürəkdən bəyəndiklərini və Avromed şirkətinin iş üslubunun bütün əczaçılıq müəssisələri üçün dəyərli bir örnək olduğunu söylədilər.

 Biz elə bir zamanda yaşayırıq ki, bütün dünya sürətlə dəyişir və insanlararası münasibətlərdə humanizm meylləri getdikcə güclənir. Avromed şirkəti də öz fəaliyyətində insanlara qayğını prioritet vəzifə hesab edir. Bu barədə danışan şirkətin baş direktorunun müavini Şəhla Mahmudova bildirdi ki, Avromed də on illik fəaliyyəti ərzində bir sıra humanitar tədbirlərin təşəbbüskarı olmuş və qayğıya ehtiyacı olan insanların müraciətinə həssaslıqla yanaşmışdır. Xüsusilə, kütləvi humanitar tədbirlərin həyata keçirilməsi yüzlərlə insanın qarşısında duran problemlərin həllində mühüm rol oynamışdır. Artıq 5-ci ildir ki, şirkətdə mütəmadi olaraq könüllü qanvermə aksiyası keçirilir ki, bu da qan xəstəliyindən əziyyət çəkən insanların fiziki sağlamlığını qorumaq baxımından olduqca önəmlidir. Hər il şirkətin yüzlərlə əməkdaşı bu tədbirlərdə yaxından iştirak edirlər.

Ölkənin bir sıra şəhərlərində - Gəncədə, Şəkidə, Lənkəranda, Sabirabadda Bakıdan aparılmış yüksək ixtisaslı mütəxəssislər tərəfindən əhalinin hepatit və göz xəstəlikləri üzrə pulsuz müayinəsi təşkil olunmuş, xəstəlik aşkar olunan vətəndaşlara Avromed şirkəti hesabına lazımi köməklik göstərilmişdir. Şirkət Bakıda yerləşən Talassemiya Mərkəzi ilə sıx əməkdaşlıq edir və artıq bir neçə ildir ki, ölkənin birinci xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində təbliğat işləri aparır. Son iki ildə Şəki şəhərində yaşayan yüzə yaxın talassemiyalı uşaqların müalicə prosesinin intensivləşməsi üçün lazımi tədbirlər görülür. Hər il onlarla vətəndaş Avromed şirkəti hesabına əməliyyat olunur, yüzlərlə həmvətənimiz üçün lazımi müayinə, müalicə və məsləhət köməkliyi göstərilir.

Yaradıcı ziyalılarımız

da qayğıdan kənarda qalmamışlar

Avromed şirkəti özü gələcəyə boylanan bir şirkət kimi cəmiyyətimizin gələcəyi olan tələbələrə də diqqət və qayğı göstərir. Hər dərs ilində ölkənin müxtəlif bölgələrindən olan onlarla tələbəyə Avromed şirkəti tərəfindən təqaüdlər verilir. Yaradıcı ziyalılarımız da Avromed şirkətinin qayğısından kənarda qalmamışlar. Bu günə qədər onlarla müəllifin elmi və bədii kitabları Avromed şirkətinin dəstəyi ilə işıq üzü görmüşdür. Şirkət eləcə də  cəmiyyətimizin mədəni - estetik dəyərlərini təbliğ edən teatr və incəsənət əsərlərinin yaranmasına öz töhfəsini vermişdir.  Bu barədə çıxış edən Azərbaycan Yazıçılar Birliyi Şəki şəhər bölməsinin sədri Vaqif Aslan dedi ki: “Avromed şirkəti insanlara istər təbabət sahəsində, istər elm və mədəniyyət sahəsində, istərsə də təhsil sahəsində mümkün olan bütün köməklikləri göstərmək əzmində olmuşdur. Bütövlükdə, Azərbaycan fəlsəfəsi tarixində öz yeri olan görkəmli filosof Fərman İsmayılovun  6 cilddən ibarət  seçilmiş əsərlərinin nəşri, dahi mütəfəkkirimiz Bəxtiyar Vahabzadənin 12 cildlik  əsərlərinin tam külliyyatı, eləcə də yazıçılarımız və şairlərimizdən Sadiq Zamanın, Xalid Qocanın, Ramiz Orsərin, Akif Salamın, Veysəl Sərəzin, o cümlədən də şəxsən mənim özümün seçilmiş əsərlərimin ərsəyə gəlməsində Avromed şirkətinin və onun təsisçisi Cavanşir Feyziyevin xidmətləri danılmazdır.”

Avromed şirkətinin istedadlı tələbələrə verdiyi dəstək barədə danışan Almaniya-Azərbaycan Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, professor  Qurbanxan Müslümov rəhbərlik etdiyi cəmiyyət tərəfindən təşkil olunan elmi-praktik konfranslarda Avromed şirkətinin fəal iştirakını, istedadlı tələbələrin Almaniyada təcrübə keçməsi üçün təqaüd ayırdığını bildirdi. Eyni təşkilatın Almaniyadan olan həmsədri, professor Frank Villekenin  təbrikləri və arzuları isə onun tərəfindən Bakıya göndərilmiş  video-çarxdan izlənildi.

 

Buradakı insanlar böyük bir ailənin üzvləridir

Tədbirdə iştirak edənlər onu da hiss etdilər ki, Avromed şirkəti onun əməkdaşları üçün təkcə iş yeri deyil, həm də ikinci evdir. Gənclərimiz böyük həvəslə öz karyeralarını bu şirkətlə bağlayır. Bir sıra hallarda isə həm də öz səadətlərini burada taparaq, yeni xoşbəxt ailə həyatının təməlini  qoyurlar. Tədbirdə nümayiş etdirilən sonuncu video-yazıda şirkətdə işlədikləri müddətdə bir-birini tanıyaraq gələcək həyat yollarını burada birləşdirmiş və xoşbəxt ailə qurmuş gənclərdən bəhs edildi. Abşeron - JW Marriot Hotelinin təmtaraqlı zalında quraşdırılmış iri həcmli ekranlardan İdris və Könül, Elşad və Nigar, Ziya və Ülviyyə, Emin və Elnarə cütlüklərinin xoşbəxtlik saçan simaları seyr edildi, onların arzu və duyğuları, ürək sözləri eşidildi. Onların hər biri öz xoşbəxtliklərini məhz Avromed şirkətində tapdıqlarını və ailələri ilə fəxr etdiklərini dilə gətirdilər.

Saatlar ərzində fərəh və sevinc hisslərinin hökm sürdüyü təntənəli və möhtəşəm bir gecənin başa çatmasını sanki heç kim istəmirdi. Adama elə gəlirdi ki, buradakı insanlar özləri böyük bir ailənin üzvləridir. Bu çox böyük, yüzlərlə, minlərlə insanı xoş məram, xeyirxah niyyət və sağlam gələcək məqsədləri ətrafında birləşdirən bir ailədir. Onun adı Avromed ailəsidir. Bu tədbirin iştirakçısı kimi bir axşamlıq da olsa biz də özümüzü bu böyük ailənin üzvü hiss etdik və burada danışılanlardan belə bir nəticə çıxardıq: Avromed - xoş məram şirkətidir. Avromed - xoş gələcək şirkətidir. Avromed - sağlam ruh şirkətidir.  Bütün Avromed ailəsinə sonsuz gələcək, sağlam ruh və daha böyük uğurlar arzu edirik.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında