Söhbət yüksək səhiyyə xidməti ilə adamların etimadını qazanan tibb işçilərindən gedir
Ulu öndər Heydər Əliyev həkimliyi dünyada ən şərəfli peşələrdən biri saymış, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə səhiyyə işçilərindən qayğı və diqqətini əsirgəməmişdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, səhiyyə sistemində də köklü islahatlar aparılır. Tibb müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni-yeni xəstəxana, klinika və diaqnostika mərkəzləri tikilərək istifadəyə verilir. Təkcə son altı ildə yeni işə salınan və ya əsaslı təmir edilən səhiyyə obyektlərinin sayı 300-ü keçmişdir. 2008-ci ildən Səhiyyə Nazirliyinin tabeliyində olan bütün müalicə-profilaktika müəssisələrində pullu xidmətin ləğv edilməsi insanların sağlamlığının qorunması sahəsində çox önəmli bir addımdır.
Sevindirici haldır ki, müxtəlif profilli 10 şöbəsi olan mərkəzi xəstəxananı,15 sağlamlıq mərkəzini, 15 ambulatoriyanı, 35 feldşer-mama məntəqəsini, vərəm xəstəxanasını, GEM-i, nəhayət elmi-tədqiqat göz xəstəlikləri institutunun filialını əhatə edən Masallı rayonunun səhiyyə sistemi də nazirliyin və icra hakimiyyətinin daimi diqqəti ilə gündən-günə müasirləşir. Rayonun 1130 nəfərlik tibb işçisi heyəti yaradılan şəraitdən səmərəli istifadə edərək xidmətin səviyyəsini günbəgün yaxşılaşdırmağa və bununla da əhalinin ağxalatlılara inamını daha da artırmağa çalışır..
Bu yaxınlarda özlərinin ənənəvi peşə bayramlarını qeyd edən rayonun tibb işçilərinin deməyə sözü də vardı, nümunə göstərilməyə layiq işləri də. Əvəz Cəbiyev adına Masallı Mərkəzi Rayon Xəstəxanasında keçirilən bayram tədbirinda baş həkim Cəlil Nəzərov, Tibb İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin sədri Nazir Rufullayev, tanınmış pediatr Zabit Talıbov, Bədəlan həkim məntəqəsinin müdiri İlqar Qurbanov qazanılan uğurlardan həvəslə söhbət açdılar. Məsələn, qeyd olundu ki, mərkəzi xəstəxananın bir sıra sahələrində, o cümlədən cərrahiyyə, ginekologiya, reanimasiya şöbələrində, qapalı aptek və mətbəx binasında təmir işləri aparılmış, binaların dam örtükləri dəyişdirilmiş, tibb ocağı yeni avadanlıqla, isti su ilə təmin edilmişdir. Bu ildən xəstəxanada maliyyələşmə çarpayıların sayına görə deyil, əhalinin sayına görə aparılır. Əhaliyə tibb xidmətinin isə ailə həkimləri tərəfindən göstərilməsi yönümündə işlər aparılır.
Xəstələrin müayinələrinin səviyyəsini yüksəltmək üçün klinik laboratoriyaya qanı 17 göstərici üzrə yoxlamağa imkan verən analizator alınmışdır. Həmçinin rayona ilk dəfə olaraq kardioloji xəstələrin müayinəsindən ötrü rəngli exo-kardioqrafiya aparatı gətirilmişdir. Türkiyənin məşhur Gülhanə klinikasında ixtisaslaşma keçmiş mütəxəssis həkim tərəfindən burada uğurlu müayinələr aparılır.
Ötən il Masallıda 3055 uşaq doğulmuşdur. Körpələr arasında yoluxucu xəstəliklər qeydə alınmamışdır. Vərəm xəstəliyinin erkən aşkar edilməsi üçün 36100 uşaqda Mantu sınağı aparılmışdır. İl ərzində yeddi mindən artıq uşağa "Elektron sağlamlıq kartı" verilmişdir. Ümumdünya Səhiyyə Təşkilatının rayonda olan ekspertləri mərkəzi xəstəxanada doğuşa yardım xidmətinin təşkilini müsbət qiymətləndirmişlər.
Masallıda uşaq ölümü faktları orta respublika göstəricisindən təxminən iki dəfə yarım az olmuşdur: 11,5 faizə qarşı 4,9 faiz. Ana ölümü olmamışdır. Rayonda 1437 nəfərdə cərrahiyyə əməliyyatı aparılmış, əməliyyatlardan sonra ölüm faktı qeydə alınmamışdır. Rayon üzrə 72 nəfərdə ilkin vərəm aşkarlanmış, gecikmiş formada bu xəstəliyi qeydə alınanların sayı azalmışdır. QİÇS-ə qarşı aparılan əks-epidemik tədbirlər gücləndirilmişdir. Masallıda 2300-ə qədər şəkərli diabet, 452 onkoloji, 12 hemofiliyalı, 38 talassemiyalı xəstə qeydiyyatdadır. Onlara hərtərəfli diqqət və qayğı göstərilir. Xroniki böyrək çatışmazlığı olan 29 xəstəyə həftədə iki-üç dəfə olmaqla Lənkəran Müalicə Diaqnostika Mərkəzində dövlət hesabına hemodializ aparılır.
İmtiyazlı xəstələrə tibb xidməti də Masallı həkimlərinin daimi diqqətindədir. Onlara, habelə qaçqın və məcburi köçkün ailələrinə mərkəzi rayon xəstəxanası tərəfindən dərman preparatlarının verilməsi ilbəil artır. Məsələn, 2009-cu ildə bu qruplardan olanlara 216 min manatadək müxtəlif dərman preparatı verilmişdir. Akademik Zərifə Əliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun və dəgər sahələrin mütəxəssisləri tez-tez Masallıya gəlib burada səyyar qəbullar təşkil edir, yerli həkimlərlə bərabər müayinə və müalicələr aparır, cərrahi əməliyyatlar keçirirlər.
Bütün bunların nəticəsidir ki, Masallıda hamı səhiyyə işçilərinə inanır və öz sağlamlığını onlara etibar edir. Müxtəlif qəzalara düşənlərin bu rayondakı regional təcili yardım stansiyasında xilası, ağır xəstəliklərə düçar olanların şəfa tapması, imkansızların sevindirilməsi ilə bağlı çoxlu faktlar məlumdur. Ağxalatlılar rayonun ictimai həyatında da fəallıq göstərir, abadlıq-quruculuq işlərindən kənarda qalmırlar. "Ekologiya ili" ilə əlaqədar tibb işçiləri çoxlu ağac əkmiş, yaşıllıqlara qulluq göstərilməsində fərqlənmişlər. Elə rayon rəhbərliyi tərəfindən də onların bütün təşəbbüsləri dəstəklənir. Tibb işçiləri onlara mənəvi dayaq olan icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin diqqət və qayğısından daim razılıq edirlər.
Masallı səhiyyəçiləri nəcib işləri ilə öyünməkdə haqlıdırlar. Elə onların peşə bayramına həsr olunmuş tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı tibb işçilərinin örnək əməllərini bir daha xatırlatdı, onlara rəhbərliyin təbriklərini çatdırdı və əminlik ifadə etdi ki, bundan sonra da ləyaqətli davranışları ilə nümunə göstərəcəklər. Sonda əhalinin sağlamlığı keşiyində ayıq-sayıq dayanan tibb işçilərindən bir qrupuna icra hakimiyyətinin və mərkəzi rayon xəstəxanası rəhbərliyinin fəxri fərmanları təqdim olundu.
{nl}
Əli NƏCƏFXANLI, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.