Şriftin ölçüsü:
01.10.2012 10:11 | Oxunma sayı: 1737
Sentyabrın 29-da Bakıda Azərbaycanın Mərkəzi Klinik Xəstəxanası ilə ABŞ-ın nüfuzlu səhiyyə ocaqlarından biri olan Mayo Klinikasının birgə toplantısı keçirilmişdir.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təşkilatçılığı ilə keçirilən toplantıda Mayo Klinikasının professorları, ölkəmizdə fəaliyyət göstərən bütün dövlət və özəl klinikaların kardiologiya və ürək-damar cərrahiyyəsi sahəsində çalışan mütəxəssisləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan AÜDCC-nin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev Dünya Ürək Federasiyasının hər il sentyabrın sonuncu həftəsində təşkil etdiyi Dünya Ürək Gününün 100-dən çox ölkədə müxtəlif aksiyalarla qeyd olunduğunu bildirmişdir. Qeyd etmişdir ki, bu əlamətdar günlə əlaqədar Bakıda da silsilə tədbirlər təşkil olunmuşdur. Birinci növbədə AÜDCC tərəfindən əhali arasında tibbi maarifləndirmə işləri aparılmışdır. Dünya Ürək Federasiyasının bukletləri Azərbaycan dilinə tərcümə olunaraq vətəndaşlara paylanılmışdır. Bundan başqa, sentyabrın 27-28-də böyük ticarət mərkəzlərində paytaxt sakinləri Mərkəzi Klinik Xəstəxananın əməkdaşları tərəfindən müayinə olunmuş və onlara məsləhətlər verilmişdir. Həyata keçirilən silsilə tədbirlərdən ən böyüyü və əhəmiyyətlisi isə bugünkü toplantıdır.
Baş həkim demişdir ki, Mayo Klinikası bir ay müddətində Azərbaycanda səhiyyənin vəziyyətini öyrəndikdən sonra bu toplantıya razılıq vermişdir. Toplantı hər iki klinika arasında əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək, yerli mütəxəssislərimizin beynəlxalq təcrübədən yararlanmalarına daha da təkan verəcəkdir.
Toplantıda tibbin kardiologiya sahəsində ən son yeniliklərin müzakirə olunacağını vurğulayan K.Musayev onu da bildirmişdir ki, hər il dünyada 17-18 milyon insan ürək-damar çatışmazlığından həyatını itirir. Ona görə də Dünya Ürək Federasiyası tərəfindən müxtəlif ölkələrdə 200-dən artıq tibb cəmiyyətində insan ölümünün ən başlıca səbəbi olan bu xəstəliyin qarşısının alınması üçün ictimai müzakirələr təşkil edilir.
Açılış mərasimində çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev Azərbaycanda sosial sahələrdə, o cümlədən səhiyyədə əldə edilmiş uğurlardan danışmışdır. Bildirmişdir ki, ölkəmizdə 450-dən çox tibb müəssisəsi əsalı təmirdən sonra, yaxud yenidən tikilərək istifadəyə verilmişdir. Bu səhiyyə ocaqlarının hamısı müasir tibbi avadanlıqla təchiz edilmişdir. Yaxın zamanlarda müasir dünya standartları səviyyəsində qurulmayan tibb müəssisəsi qalmayacaqdır.
Nazir müavini bildirmişdir ki, müstəqil və müasir Azərbaycanda açıq ürək əməliyyatları ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yenidən qurulmuş Mərkəzi Klinik Xəstəxanada keçirilmişdir. Sonradan bu əməliyyatlar Mərkəzi Neftçilər Xəstəxanasında, Gömrük Xəstəxanasında da aparılmışdır. İndi özəl klinikalar da belə əməliyyatlar keçirməyə hazırlaşırlar. Azərbaycanda açıq ürək əməliyyatları, nəinki paytaxt Bakıda, hətta bölgələrdə də həyata keçirilir.
E.Ağayev demişdir ki, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına 3 il əvvəl ölkədə Elmi Tədqiqat Eksperimental Cərrahiyə Mərkəzinin nəzdində Uşaq Cərrahiyə Mərkəzi yaradılmışdır. İndiyədək burada 250 uşaq üzərində ürək əməliyyatları keçirilmişdir. Növbədə dayanmış 300-dən çox uşağın əməliyyatı isə bir il ərzində həyata keçiriləcəkdir.
Azərbaycanda ikinci dəfə səfərdə olduğunu söyləyən ABŞ-ın Mayo Klinikasının direktoru Riçard Dali bir il ərzində ölkədə nəzərəçarpacaq dəyişiklikləri və dinamik inkişafı müşahidə etdiyini bildirmişdir.
R.Dali hazırda Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkələrdən biri olduğunu vurğulamışdır.
Toplantının əhəmiyyətindən danışan Mayo Klinikasının direktoru demişdir ki, bu gün burada Azərbaycan və ABŞ kardioloqları öz təcrübələrini bölüşəcəklər.
Açılış mərasimindən sonra toplantı elmi məruzələrlə davam etmişdir.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.