"Adı Azərbaycan tarixinə əbədi həkk edilən ulu öndərin genişmiqyaslı titanik işləri sayəsində 18 il əvvəl parçalanmaqda olan məmləkətimiz bu gün dünyanın diqqət mərkəzində olan dövlətlərdən biridir. Ölkəmizin bu cür inkişafının, regionda liderlik etməsinin səbəbkarı məhz ümummilli liderimiz olmuşdur. Hansı sahənin adamını dindirsən, o sahədəki uğurların başında böyük şəxsiyyət Heydər Əliyevin adının durduğunu təsdiqləyər. 17 iyunun səhiyyə işçiləri günü kimi qeyd olunması da məhz onun adı ilə bağlıdır".
Bu sözləri Binəqədi rayonunun Xocasən qəsəbəsində fəaliyyət göstərən "Xocasən Sağlamlıq Mərkəzi"nin baş həkimi Loğman Əliyev dedi. O bildirdi ki, indi Azərbaycanın hər bölgəsində, ən ucqar kəndlərində belə müasir səhiyyə ocaqları tikilir, təmir edilir və xalqın istifadəsinə verilir. Xocasən, Sulutəpə, 28 May qəsəbələrinin rəsmi qaydada 6 min, qeyri-rəsmi sayı isə 40 mini ötən əhalinin belə tibb ocağına ehtiyacı vardı. Bu gün kənd və qəsəbə sakinlərinin üz tutduğu bu 2 mərtəbəli sağlamlıq mərkəzi zəruri avadanlıq və tibb personalı ilə təmin olunmuşdur.
Baş həkim qeyd etdi ki, ölkə Prezidenti tərəfindən qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına, Bakı və Bakıətrafı qəsəbələrin abadlaşdırılmasına xidmət edən dövlət proqramları əvəzi olmayan sənədlərdir. Bu proqramların icra olunmasının nəticəsidir ki, indi istər regionlarda, istərsə də paytaxtda səhiyyədə aparılan uğurlu islahatlar, onun dünya səhiyyəsinə inteqrasiyasını sürətləndirib. Bu da onu deməyə imkan verir ki, artıq Azərbaycan vətəndaşları əvvəlki illərdən fərqli olaraq müəyyən xəstəliklərlə bağlı xarici ölkələrə üz tutmurlar. Ölkədə lazımi qədər səhiyyə ocaqları fəaliyyətdədir, köhnələr bərpa və təmir edilib yenilənir, yeniləri inşa edilir və hər cür tibbi avadanlıqlar və müasir aparatlarla təmin edilərək xalqın istifadəsinə verilir. Məhz iki il əvvəl, 17 iyun səhiyyə işçiləri günündə bu mərkəz açılaraq ərazi sakinlərinin istifadəsinə verilib. Sağlamlıq mərkəzində həm poliklinika, həm də sutka ərzində təxirəsalınmaz təcili - tibbi yardım stansiyası birgə fəaliyyət göstərir.
Loğman Əliyev ulu öndərin səhiyyəyə göstərdiyi qayğının bu gün böyük əminliklə ölkə Prezidenti İlham Əliyev və Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilməsindən söz açdı. Səhiyyədə aparılan islahatların yerlərdə köklü dəyişikliklərlə nəticələndiyindən danışdı. Regionlarda yeni istifadəyə verilən diaqnostika mərkəzlərinin, xəstəxana, poliklinika və digər tibb müəssisələrinin məhz bu islahatların uğurlu nəticəsi kimi qiymətləndirdi. Səhiyyəyə olan qayğıdan və bu diqqətin nəticəsində getdikcə sayı artan səhiyyə ocaqlarının xalqın sağlamlığı üçün lazım olan müayinə və müalicə üçün gərəkli olan son model aparat və avadanlıqlarla təchiz olunmasını vurğuladı. Qeyd etdi ki, təkcə Heydər Əliyev Fondunun xətti ilə istifadəyə verilən səhiyyə ocaqlarını, onlardakı müayinə üsullarını 20 il əvvəl düşünmək belə mümkün deyildi. Bu gün isə ən ağır xəstələrin belə hətta regionlarda müayinə və müalicəsi üçün istənilən şərait yaradılmışdır.
Sağlamlıq mərkəzində əhaliyə yüksək səviyyəli tibbi xidmət göstərilir. Müxtəlif kabinetlərdə çalışan 21 həkim və 23 tibb bacısı bilik və bacarıqlarından istifadə edərək mərkəzə üz tutanların istək və problemlərinə uyğun müayinə və müalicə aparırlar. Burada müxtəlif müayinələrin dəqiq aparılması üçün xüsusi laboratoriya, ultra səs müayinəsi, rentgen, elektrokardioqrafiya kabinetləri, səmərəli müalicə nəticəsi əldə etmək üçün isə oftolmalogiya, terapiya, cərrahiyyə, travmatologiya, ginekologiya, pediatriya, diş, lor, massaj kabinetləri fəliyyət göstərir.
Mərkəzdə 66 nəfər çalışır. Onların əksəriyyəti Səhiyyə Nazirliyinin və Bakı şəhəri Baş Səhiyyə İdarəsinin birgə təşkil etdikləri komissiya tərəfindən müsabiqə yolu ilə işə qəbul ediliblər. Mərkəzin baş həkiminin müavini, kardioloq Rəhilə Həsənova bildirdi ki, müsabiqə yolu ilə işə qəbul edilən həkimlərimizin hər biri gündəlik fəaliyyətlərində özlərini təsdiqləyiblər. Tibb elmləri namizədi, cərrah Gülər İsrafilova, lor həkimi Vəfa Həsənova, sahə terapevti Səxavət Zülfiyev, ginekoloqlar Səidə Bəndad və Reyhan Əliyeva xəstələrə xüsusi diqqət və qayğı ilə yanaşırlar. Ərazidə yaşayan, gələcəyimiz olan körpələr də unudulmayıb. Baş həkim burada fidan balalara pediatrlar Əsmiyyə Orucova və Səbinə Məmmədovanın böyük həvəslə tibb xidməti göstərmələrindən söz açdı. O, həmçinin Xocasən qəsəbə icra nümayəndəliyinin sədri Əlikram Haqverdiyev və Xocasən bələdiyyəsinin sədri Sara Əbilovanın mərkəzlə sıx əlaqələrini qeyd etdi. 15 İyun Milli Qurtuluş Günündə Binəqədi RİH, YAP Binəqədi rayon təşkilatının mərkəzdə təşkil etdikləri böyük tədbir haqqında məlumat verdi. Bildirdi ki, həmin gün mərkəzdə çalışan 21nəfər işçiyə YAP sıralarına üzvlük vəsiqələri və təşkilat tərəfindən kollektivə fəxri-fərman təqdim olundu. "Xocasən Sağlamlıq Mərkəzi" ərazi ilk partiya təşkilatı yaradıldı. 17 iyun səhiyyə işçiləri günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətində keçirilən böyük tədbirdə rayonun bir sıra tibb müssisələri ilə birlikdə fəaliyyətindən cəmi 2 il keçməsinə baxmayaraq, mərkəzin işi də yüksək qiymətləndirildi və kollektiv RİH-in fəxri fərmanıyla təltif olundu. Baş həkim böyük məmnunluqla qeyd etdi ki, məhz belə tədbirlər və diqqət mərkəzin tibb personalını daha həvəslə işləməyə ruhlandırır.
{nl}
Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.