Yayın qorabişirən istiləri yeri-göyü yandırıb yaxır. Havaların bu cür qeyri-normal keçməsi isə insanların səhhətində müxtəlif xəstəliklərin daha qabarıq şəkildə özünü gösərməsi ilə müşahidə olunur. Son günlər qan təzyiqinin artmasından, ürək döyüntülərinin stabil olmamasından, baş gicəllənməsi və ürək bulanmasından əziyyət çəkənlərin sayı artıb. Bir çox xəstəxanalara müraciət edənlərin say çoxluğunun məhz havadakı yüksək temperaturla əlaqədar olduğunu deyirlər. Bəs özümüzü, daha doğrusu, sağlamlığımızı necə qoruyaq? Necə edək ki, günəşin zərərli təsirindən qaça bilək? Mütəxəssislərin fikrincə isti havanın orqanizmə təsirindən danışanda öncə yüksək hərarətin insana neqativ təsiri başa düşülür. Biz də belə təsirlərlə bağlı suallarımızı Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Adil Baxşəliyevə ünvanladıq. O dedi:
- Öncə onu qeyd etmək lazımdır ki, qeyri -normal havanın insan orqanizminə təsiri özünü meteopatik reaksiyalarla göstərir. Yəni gün altında qalan insanlarda, ilk növbədə, tez yorulma, süstlük, ürək döyüntülərinin artması, hava çatmaması, əzginlik əlamətləri müşahidə olunur. Ürək qan-damar xəstəlikləri olan şəxslərdə bu əlamətlər daha tez biruzə verir. Havada oksigenin miqdarı az olduğundan həmin insanlarda oksigen çatışmazlığı, bunun nəticəsi olaraq boğulmalar baş verir. İsti hava qan təzyiqinin dəyişməsinə birbaşa təsir edir, ürəyində işemiya xəstəliyi olanlarda stenokardiya tutmalarına gətirib çıxarır. İsti hava insan orqanizmi üçün çox vacib amil olan yuxunun pozulmasına da təsir edir. Yuxusuzluq davamlı olarsa, bu digər xroniki xəstəliklərin meydana çıxmasına səbəb olur. Qorxulu hallardan biri də odur ki, açıq gün altında qoruyucu vasitədən istifadə edilməsə günvurma baş verər. Günvurma ümumi nevroloji əlamətlərlə, eləcə də ürəkbulanması, qusma ilə xarakterizə edilir. Belə hallar baş verməsin deyə daha sivil ölkələrdə yay rejiminə keçirlər. Günorta saat 11-dən 16-ya qədər fasilə edilir. Sonra isə iş saat 22-yə qədər davam edir. Bizdə isə iş rejimi insanların səhhətinə günün birbaşa təsirinə şərait yaradır.
- İllər öncə nə iş rejimi fərqli idi, nə insanlar belə havalarda xəstələnirdilər, nə də günvurmadan ölən vardı. Bu nə ilə əlaqədardır?
- Əvvəllər insanlar günü, onun şüalarını daha asan keçirirdilər. Həm də o vaxtlar psixoloji durum belə səviyyədə deyildi. İnsanların radiasiya, maqnit burulğanları haqda məlumatları, anlayışları yox idi. Bu, bir tərəfdən psixoloji durumla bağlıdırsa, digər tərəfdən geniş yayılan xəstəliklərin xofundandır. Radiasiyanın təsirindən dəri xərçəngi əmələ gəlir fikrini eşidən və gün altında qalan şəxs istər-istəməz, ilk növbədə, pis hallar haqqında düşünür, bu da birbaşa əsəb sisteminə mənfi təsir edir. Xəstəliklərin böyük əksəriyyətində, o cümlədən də damar xəstəliklərinin əmələ gəlməsində sözsüz ki, əsəb sisteminin rolu vardır. Beyində iki əsas proses-ləngimə və oyanma gedir. Oyanmanın ləngimədən üstün olması əsəb sistemində gərginlik yaradır. Simpatik sinir sisteminin aktivliyi artır. Aktivliyin artması qanda həyəcan hormonlarının çoxalmasına gətirib çıxarır. İnsan problemlərlə baş-başa qalanda qanda noradrenalin, adrenalin, dofalin və s. toksiki hormonlar çoxalır. Bunlar damarları büzür və qanın təzyiqi artır. Bu da öz növbəsində ürəyə, beyinə, damar divarlarına toksiki təsir edir. El arasında deyilən "qanı yaman qaraldı" ifadəsi özünü doğruldur. Əsəbiləşən insanın qanında həyəcan hormonları artanda qanın laxtalanma sisteminə təsir edir, tromb əmələ gəlməsini gücləndirir və ölüm baş verir. Hər kəs 40-50 yaşdan sonra qanında laxtalanmanın müddətini, protrombin əmsalını bilməlidir. Bir sözlə, səhhətinə diqqət etməlidir.
- Nə qədər istəsək də, əsəblərimizi lazımi şəkildə qoruya bilmirik. Ətraf mühit də daxil olmaqla bir çox amillər bizə neqativ təsir edir. Bu halların orqanizmə mənfi təsirini hiss etməmək və ya az hiss etmək üçün neyləmək lazımdır?
- Neqativ təsirlər həmişə olub. Sadəcə keçən əsrin əvvəllərində insanlar daha sağlam idilər və informasiyaları az idi. İndi qidamız o dövrün qidası ilə müqayisəyə gəlmir, həm də hər şeyi bilmək istəyirik. Müasir dövrdə kompyuter məişətimizə elə daxil olub ki, bir gün internetsiz, informasiyasız qala bilmirik. Əsəb sistemimiz də əvvəlki insanların sağlıq durumu ilə müqayisədə xeyli dəyişib. Əsəb sistemi qaydasında olmayan insan "maqnit burulğanı olacaq" kəlməsini eşidən kimi ürək döyüntüləri artır, qan təzyiqi qalxır. Ən əsası qida qəbuluna diqqət yetirmək lazımdır. Ət xörəklərindən, ümumiyyətlə, kalorili yeməklərdən uzaq olmaq lazımdır. Qatıq, süd məhsullarına, sərinləşdirici yeməklərə üstünlük vermək məsləhətdir. Bir qədər istilik mübadiləsini tənzimləmək lazımdır.
- İşimizlə, həyat tərzimizlə bağlı günün müəyyən vaxtlarında bayırda oluruq. Belə vaxtlarda günəşin zərərli təsirindən, günvurmadan qaçmaq üçün nə məsləhət görürsünüz?
- Günəşdəki radioaktiv şüalanma, onun zərərli təsiri daim olub. Bu istilər hələ bir müddət davam edəcək, ona görə də yüksək temperatura hazır olmaq, eşitdiyimiz xəbərlərə laqeyd qalmağı bacarmalıyıq. Ürəklə bağlı problemi olanlar günün şüaları altında çox qalmasınlar, yaşıllıq zonasına getsinlər, ənənəvi dərmanlarını bir qədər yüksək doza ilə qəbul etsinlər. İmkan daxilində havanın isti vaxtı evdən bayıra çıxmasınlar. Çıxanda isə soyuducudan su götürsünlər. Özlərini narahat hiss edənlər yaş dəsmalla boyun, sinə, üz nahiyələrini tez-tez silsinlər və ya üzlərinə sərin su vursunlar. Ayran qəbul etsinlər. Bir az da nikbinlyi artırmaq lazımdır. Onda nə xəstəlik, nə günəş şüaları, nə də maqnit burulğanları sizə təsir etməz.
P.S. Sonda bir məlumatı da bildirməyi vacib hesab etdik. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası operativ şöbənin böyük həkimi Zemfira Vahidova ilə əlaqə saxlayıb bu günə qədər günvurma ilə bağlı müraciətlərlə maraqlandıq. Bildirdi ki, ilk müraciət iyunun 5-də olub. Bu günə qədər isə 107 çağırış geyd edilib. Onlardan 30 nəfəri orta ağır və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onların arasında hətta iki nəfər qadında 2-ci, 3-cü dərəcəli yanıq əlamətləri müşahidə edilib.
{nl}
Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.