Beş il qabaq rayonda il ərzində 4-5 cərrahiyyə əməliyyatı həyata keçirilirdisə, indi onların sayı 1500-ə çatmışdır
{nl}
Tovuzda son illər həyata keçirilən böyük abadlıq-quruculuq işləri rayonun simasını tanınmaz dərəcədə dəyişdirib. İndi bu rayon sözün əsl mənasında, özünün yüksəliş dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuz rayon ictimaiyyətinin nümayəndələri ilə görüşərkən demişdir: "Bütövlükdə, Tovuz rayonunda gedən işlər məni çox sevindirir. Bilirsiniz ki, mən dəfələrlə Tovuz rayonunda olmuşam, müxtəlif tədbirlərdə iştirak etmişəm. Məsələn, olimpiya mərkəzinin təməlini biz üç il bundan əvvəl qoyduq, indi gözəl bir mərkəz yaranıbdır. Tovuzda sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatının inkişafı, infrastruktur layihələrinin icrası, abadlıq-quruculuq işləri - siz tovuzlular bunları yaxşı bilirsiniz. Son illər burada görülən işlər Azərbaycanda gedən işlərin bir hissəsidir".
- Rayonun bugünkü inkişafı birbaşa ölkə Prezidenti İlham Əliyevin qayğısı sayəsində mümkün olub, - rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov Tovuzda son illər həyata keçirilən işlərlə əlaqədar söhbətimizə bu sözlərlə başladı. - Görün bizim rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı dövlət başçısı nə qədər sərəncam imzalayıb, vəsait ayırıb! Bütün bunlar " Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"ndan əlavə Tovuza göstərilən köməkdir. Bunun müqabilində biz tovuzluların haqqı yoxdur ki, passiv olaq, fədakarlıq, təşəbbüskarlıq, işgüzarlıq göstərməyək. Sevinirəm ki, Tovuzda uşaqdan böyüyə hamı bu qayğını yüksək qiymətləndirir və rayonun inkişafı üçün öz köməyini əsirgəmir. Elə təkcə səhiyyədəki uğurlar, qısa zaman kəsiyində bu vacib sahənin inkişafı kifayətdir deyək ki, Tovuz 5-6 il qabaqkı Tovuz deyil. Təbii ki, biz hələ rayonumuzun səhiyyəsini daha da inkişaf etdirmək barədə fikirləşirik və konkret iş planımız, perspektivimiz var. Bu işdə bizə səhiyyə naziri Oqtay Şirəliyev daim dəstək olur. Əminik ki, tezliklə Tovuz səhiyyəsində daha böyük uğurlar əldə ediləcək.
Tofiq Zeynalovla söhbətimizdə bir maraqlı məqam diqqətimizi cəlb etdi. Başçı bəzən tibb sahəsində elə incə detallara toxunur, misal çəkirdi ki, sanki ixtisasca həkimdir. Digər tərəfdən xəstəxana və tibb məntəqələrinin vəziyyəti barədə, hətta necə cərrahiyyə əməliyyatı aparılması, stasionarda neçə xəstə olması haqqında məlumatlı olması diqqətimizdən yayınmadı. Sonradan rayon mərkəzi xəstəxanasının baş həkimi Paşa Muradov dedi ki, Tofiq müəllim hər gün, hər saat bizim işimizlə maraqlanır. Deyir ki, əhali sağlam olarsa, bütün işlər də uğurla həll olunar. Tez-tez tibb ocaqlarına baş çəkir, xəstələrin müalicə olunduğu palatalara, kabinələrə baxır, öz məsləhətlərini verir, lazım gəldikdə konkret köməklik göstərir. Keçən il istifadəyə verdiyimiz mərkəzi rayon xəstəxanası üçün müasir binanın tikintisində az qala hər gün olub, maraqlanıb. Bilirsiniz, bütün bunlar bizi həvəsləndirməklə yanaşı, məsuliyyətimizi artırır.
Rayonda ciddi, həm də çox səmərəli islahatlar aparılıb. Səhiyyə naziri Oqtay Şirəliyevin "Tovuz rayonunun tibb müəssisələri şəbəkəsində dəyişikliklər edilməsi barədə" 11 sentyabr 2009-cu il tarixli 128 saylı əmrinə əsasən səhiyyə müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, səmərəliliyin artırılması, çarpayıların real tələbata uyğunlaşdırılması, ayrılan büdcə vəsaitindən daha səmərəli istifadə olunması məqsədilə bir-birini təkrarlayan ştat vahidlərinin təyinatının dəyişdirilməsi, səmərəsiz çarpayı yükünün azaldılması, stasionar xidmətin keyfiyyətinin yüksəldilməsi, çevik təcili yardım və ambulator xidmətin göstərilməsi üçün müvafiq struktur dəyişikliyi aparılmışdır. İslahata qədər 1310 çarpayı yükü olan rayon mərkəzi xətəxanası sistemində 21 xəstəxana, 17 həkim ambulatoriyası, 50 feldşer-mama məntəqəsi fəaliyyət göstərirdi. Dəyişikliklər zamanı yuxarıda qeyd olunan tələblərlə yanaşı yaşayış məntəqələri ilə rayon mərkəzi arasında olan məsafə, əhalinin sayı nəzərə alınmış, rayonun bütün kəndləri əhatə edilməklə mobil səhiyyə strukturu yaradılmışdır. Hazırda rayonda 427 çarpayısı olan 9 xəstəxana, 26 həkim və 19 tibb məntəqəsi fəaliyyət göstərir. Rayon mərkəzi xəstəxanasının tabeliyində olan tibb müəssisələrində 365 həkim, 997 tibb 498 texniki və kiçik tibb, 262 sair texniki işçi olmaqla cəmi 2122 nəfər çalışır.
Səhiyyə müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması üçün son illər xeyli iş görülmüşdür. Mərkəzi rayon xəstəxanasının cərrahiyyə və poliklinika şöbələri əsaslı şəkildə təmir edilmiş, bütövlükdə binanın su-istilik sistemi yenidən qurulmuşdur.
Hazırda yardımçı binalarla birlikdə mərkəzləşdirilmiş istilik sisteminin yenidən qurulması istiqamətində işlər davam etdirilir. Bir neçə qəsəbə və kənd xəstəxanaları, həkim və tibb məntəqələrində cari təmir işləri aparılmışdır. Qeyri-hökumət təşkilatları ilə həyata keçirilən təbliğati və təşkilati işlər nəticəsində 2010-cu ildə rayonun Hunanlar və Cilovdarlı kəndlərində müasir tələblərə uyğun həkim məntəqələri, 2011-ci ildə Dövlət İnvestisiya Fondu hesabına 80 çarpayılıq mərkəzi rayon xəstəxanası üçün yeni bina tikilmiş, ən yeni tibb avadanlıqlar və ləvazimatlarla təchiz edilərək əhalinin istifadəsinə verilmişdir. Yeni müalicə-diaqnostika mərkəzinin tikintisi sürətlə davam etməkdədir.
Stasionarlarda xəstələrə pulsuz veriləcək ən vacib dərman preparatlarının sayı 166-ya çatdırılmış və bu dərmanlarla təminatda heç bir problem yoxdur.
Görülən işlərin nəticəsidir ki, 2012-ci ilin birinci rübündə rayonun tibb müəssisələrində aparılan cərrahiyyə əməliyyatlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artaraq 343-ə çatmışdır. Halbuki, beş il əvvəl rayonda il ərzində 5-6 cərrahiyyə əməliyyatı aparılırdı.
Rayonda Dövlət Proqramları çərçivəsində xeyli iş görülmüş və uğurlar əldə edilmişdir. Şəkərli diabet xəstələrinin aşkar edilməsi işi xeyli yaxşılaşıb. Nəzarətdə olan cəmi 2579 xəstə qlukometr, testlər və lazımi dərmanlarla mütəmadi olaraq təmin edilib. Rayonda 399 nəfər onkoloji xəstəyə lazımi tibbi yardım göstərilmişdir ki, onlardan da 34 nəfəri 2012-ci ilin ilk üç ayında qeydiyyata götürülmüşlər. Xroniki böyrək çatmazlığı diaqnozlu xəstələr hemodializ müalicəsi ilə əhatə olunmuşdur. Bir neçə il əvvəl belə xəstələr aylarla növbədə dayansalar da, lazımi səviyyədə müalicə ala bilmirdilər. İndi isə ölkəmizdə 24 belə mərkəz fəaliyyət göstərməkdədir və xəstələr hemodializ seansları və dərman vasitələri ilə tam həcmdə dövlət hesabına təmin olunurlar.
Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdrılması da dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir və son illərdə bu sahədə də mühüm tədbirlər həyata keçirilir. Təqvim əsasında inkişaf etmiş Avropa ölkələrində olduğu kimi 10 xəstəliyə qarşı peyvənd edilir. Epidemioloji stabillik qorunur, yoluxucu xəstəliklərin sayı kəskin surətdə azalıb.
Uşaq və yeniyetmələrin sağlamlığı barədə məlumatların "Vətəndaşların elektron sağlamlıq kartı sistemi"nə daxil edilməsi istiqamətində lazımi işlər görülür. Rayonda 6 yaşadək 16706 nəfər uşaq kontingenti vardır ki, onlardan da 11382 nəfəri belə kartlarla təmin edilmişdir. Ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur.
Vərəmlə mübarizə işinə də xüsusi diqqət yetirilmişdir. Hazırda vərəm şöbəsində 840 nəfər dispanser qeydiyyatındadır.Bu ilin birinci rübündə 10 nəfər yeni qeydiyyata götürülmüşdür. Hər bir vərəmli xəstə pulsuz dərman preparatları ilə təmin olunur.
Ölkə Prezidenti İlham Əliyev diaqnostika, profilaktika, maarifləndirmə işlərinə xüsusi diqqət ayırmağı tövsiyə edir. Onun hər bir vətəndaşın azı ildə bir dəfə tibbi müayinədən keçməsi barədə bu vacib tapşırıqların icrası istiqamətində lazımi tədbirlər görülməkdədir.
Həkimlərin peşə hazırlığı günün ən vacib məsələləri kimi daim diqqət mərkəzindədir və bu məsələyə çox böyük məsuliyyətlə yanaşılır. Rayonda 60-dan artıq həkim iki mərhələdən ibarət test və müsahibə imtahanlarından keçmiş və sertifikat almışdır. Həkimlərin xarici dövlətlərdə ixtisasartırma kurslarından keçmələri üçün aidiyyəti orqanlarla birlikdə müvafiq tədbirlər görülür.
Tovuz səhiyyəsinin bugünkü durumu fərəh doğurur. Onun gələcəyi daha ümidvericidir.
{nl}
Hamlet QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.