Şriftin ölçüsü:
19.06.2012 10:56 | Oxunma sayı: 2135
Binəqədi rayonunda tibb işçilərinin peşə günü ilə əlaqədar tədbir keçirilmişdir. Rayon icra hakimiyyətinin (RİH) başçısı Xaləddin İsgəndərov səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır.
Başçı çıxışında xalqımızın sağlamlığının və milli genefondunun qorunması baxımından həyati əhəmiyyət kəsb edən bu sahə ilə bağlı ətraflı danışmışdır. Bildirmişdir ki, 2001-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsis edilmiş bu günün tarixə düşməsi təsadüfi deyil. 94 il bundan əvvəl Fətəli xan Xoyskinin rəhbərliyi ilə Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti təşkil edildikdən sonra onun ilk qərarlarından biri Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar olmuşdu. Həmin qərar 1918-ci il iyunun 17-də imzalanmışdı. Müstəqilliyimizin bərpasından sonra milli səhiyyəmizin təməl daşının qoyulduğu günün tibb işçilərinin peşə bayramı kimi qeyd edilməsi isə ümummilli liderin tariximizə olan həssas münasibətinin daha bir bariz nümunəsidir.
X. İsgəndərov vurğulamışdır ki, ölkəmizdə səhiyyənin inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən islahatlar öz bəhrəsini verməkdədir. Yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasından tutmuş, səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə, yeni müəssisələrin yaradılmasına, ən müasir tibb avadanlıqlarının ölkəmizə gətirilməsinə qədər görülən işlər və digər amillər inkişafın əsas göstəriciləridir.
Başçı daha sonra qeyd etmişdir ki, ildən-ilə səhiyyəyə ayrılan büdcə vəsaitinin artırılması, Azərbaycan Prezidentinin Ehtiyat Fondundan verilən vəsait səhiyyənin ən aktual problemlərinin həlli üçün geniş imkanlar açır. Belə ki, son bir neçə ildə ölkəmizdə 417 səhiyyə müəssisəsində tikinti və yenidənqurma işləri aparılmış, onlar müasir tibbi avadanlıq və cihazlarla təchiz olunmuşdur. Xüsusilə əlamətdardır ki, onların böyük bir qismi dövlət rəhbərinin bilavasitə iştirakı və xeyir-duası ilə açılıb istifadəyə verilmişdir.
Yeni səhiyyə ocaqlarının yaradılması prosesi bu il də davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına hazırda Bakı şəhərində müasir çoxprofilli klinikanın - Bakı Sağlamlıq Mərkəzinin, Respublika Uşaq Vərəm Xəstəlikləri Sanatoriyasının, Ağsu və Yevlax rayonlarında yeni xəstəxanaların tikintisi gedir.
Natiq onu da diqqətə çatdırmışdır ki, Azərbaycan səhiyyəsinin bugünkü inkişafı təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də müsbət qarşılanır və Azərbaycanın iqtisadi qüdrətinin və sosial-siyasi nüfuzunun göstəricisi kimi qəbul edilir. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının tarixində yeganə haldır ki, ölkəmiz 2005-ci ildən etibarən ardıcıl olaraq bu qurumun və onun Avropa Regional Bürosunun rəhbər orqanlarında təmsil olunur. Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin 61-ci Sessiyasının ötən il məhz Bakıda keçirilməsi də əslində Azərbaycan dövlətinin əhalinin sağlamlığına göstərdiyi qayğının beynəlxalq aləmdə tanınması deməkdir.
Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səhiyyəyə göstərdiyi qayğı barədə də ətraflı danışılmışdır. Xatırladılmışdır ki, Azərbaycanın birinci xanımı Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq, ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində xüsusi xidmətlərinə görə mükafata, həmçinin genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə 2007-ci ilin mayında Rusiyada "Qızıl ürək" beynəlxalq mükafatına layiq görülmüşdür. Həmin il mayın 17-də Cenevrədə isə Dünya Səhiyyə Təşkilatının ali orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının 60-cı sessiyasında Azərbaycanda səhiyyənin inkişafında, yeni xəstəxanaların açılmasında, onların müasir avadanlıqla təchiz edilməsində Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusi vurğulanmış və ona İhsan Doğramacı Ali Sağlamlıq Fondunun mükafatı təqdim edilmişdir.
Tədbirdə Ə.Məlikov adına 6 saylı poliklinikanın baş həkimi Nəriman Məmmədov, 11 saylı uşaq poliklinikasının baş həkimi Məlahət İbrahimova, Xocasən Sağlamlıq Mərkəzinin baş həkimi Loğman Əliyev və başqaları çıxış edərək bildirmişlər ki, ölkəmizdə vətəndaşların səhhətinə göstərilən qayğı Azərbaycanın həm bugünkü, həm də gələcək nəsillərinin sağlamlığının təminatıdır. Tibb işçiləri bu sahədə həyata keçirilən dövlət siyasətini reallaşdırmaq üçün bundan sonra da var qüvvə ilə çalışacaqlar.
Sonda rayon icra hakimiyyətinin başçısı X. İsgəndərov səhiyyə işçilərinin qayğı və problemləri ilə maraqlanmış, səmərəli fəaliyyətlərinə görə fərqlənən bir qrup işçiyə RİH-in Fəxri Fərmanını və qiymətli hədiyyələri təqdim etmişdir.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.