Azərbaycanda əsaslı surətdə tibb kadrlarının hazırlığına 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra başlanılmışdır ki, bunun da bünövrəsini 1919-cu il sentyabrın 1-də o vaxtkı Parlamentin qərarına əsasən təşkil edilmiş Bakı Universitetinin tibb fakültəsi təşkil edir. Lakin bu fakültədə tədrisin rus dilində aparılması Azərbaycandilli gənclərin öz istedadlarını lazımi dərəcədə nümayiş etdirmələrinə maneələr yaradırdı.
Doğrudur, Bakı Universitetinin təşkilinə qədər Almaniyada, Fransada, Rusiyadakı ali tibb məktəblərində təhsil alaraq ölkəmizə qayıdan və millətimizə, xalqımıza böyük şərəflə xidmət göstərən Nəriman Nərimanov, Mirəsədulla Mirqasımov, Mustafabəy Topçubaşov, Xudadat bəy Rəfibəyli və digərləri kimi korifeylər olmuşdu. Əziz Əliyev kimi bacarıqlı gənc Sankt - Peterburqda Hərbi Tibb Akademiyasına daxil olmuş (1917), lakin məlum səbəblərə görə sonradan təhsili yarımçıq qalmışdı. Şuşadan, Bakıdan, Gəncədən, Qazaxdan, Şəkidən, Şamaxıdan, Laçından, Kəlbəcərdən, Qubadan, Lənkərandan və digər bölgələrimizdən olan gənc həkimlər də təhsillərini xarici ölkələrdə almışdılar. Lakin bütün bunlar dəryada damlaya bənzəyirdi və Azərbaycanda səhiyyənin məqsədyönlü şəkildə inkişafına kifayət etmirdi.
1918-ci il iyunun 17-də Azərbaycan Səhiyyə Nazirliyinin təşkili bu sahədə ümidverici bir stimul yaratdı. Azərbaycanda ilk səhiyyə naziri 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş Xudadat bəy Rəfibəyli oldu. Nazirlik əhali arasında dövlət hesabına tibbi yardım keçirir, ölkədə tibb məntəqələri açdırır, dərman saxlamaq üçün münasib anbarlar tikdirirdi. Lakin bütün bu işləri yerinə yetirmək, həyata keçirmək üçün tibb kadrları çatışmırdı. Ona görə də 1919-cu ildə Bakı Universitetinin tibb fakültəsinin təşkili bu istiqamətdə atılan ən mühüm addımlardan biri oldu. O vaxt Bakı Universitetinin rektoru və normal anatomiya kafedrasının müdiri vəzifələrini yerinə yetirən məşhur rus cərrahı və anatomu, professor V.İ. Razumovski bu tarixi hadisəni belə səciyyələndirirdi:
"Universitetin təsisi haqqında qərar layihəsinin son redaksiyası gurultulu alqışlar altında qəbul edildi və Azərbaycan öz ali maarif ocağını əldə etdi. Türk ("Azərbaycan" - M.A.) xalqının tarixinə yeni, parlaq səhifə yazıldı. Avropa ilə Asiyanın sərhədində yeni məşəl şölələndi. Biz bu böyük tarixi hadisənin şahidi olduğumuza görə özümüzü xoşbəxt hesab edirik". Lakin, qeyd etdiyimiz kimi, tibb fakültəsində dərslər yalnız rus dilində aparıldığına görə, orada təhsil alanların əksəriyyətini heç də azərbaycanlılar təşkil etmirdi. Azərbaycanlı həkim kadrlarının kütləvi hazırlığına başlanılması 1930-cu il may ayının 9-da BDU-nun tibb fakültəsinin bazası əsasında Azərbaycan Tibb İnstitutu (ATİ) təşkil edildikdən sonra mümkün oldu. ATİ-nin təşkilinin ilk illərində daha doğrusu, 1932-1938-ci illərdə milli tibb kadrlarının hazırlanması işinə başlanıldı və bu, daimi xarakter aldı. Bünövrəsi professor Əziz Əliyev tərəfindən qoyulan kadr hazırlığı islahatları hazırda yeni formada, yeni kontekstdə, yeni modifikasiyada davam etdirilir.
Azərbaycanda mütəşəkkil surətdə geniş miqyasda tibb kadrları, səhiyyə işçiləri, mükəmməl tibb alimləri ordusu hazırlığının, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, ölkəmizdə fəaliyyət göstərən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin, Milli Onkologiya Mərkəzinin, Elmi Cərrahiyyə Mərkəzinin, Diaqnostika Mərkəzinin, Elmi - Tədqiqat Urologiya, Elmi - Tədqiqat Kardiologiya, Elmi - Tədqiqat Milli Bərpa, Elmi - Tədqiqat Tibbi - Profilaktika, Elmi - Tədqiqat Qanköçürmə və Transfuziologiya, Elmi - Tədqiqat Travmatologiya və Ortopediya, Elmi - Tədqiqat Ağciyər Xəstəlikləri, Elmi-Tədqiqat Pediatriya institutlarının maddi-texniki bazalarının əsaslı surətdə yeniləşdirilməsi müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində mümkün olmuşdur. 1993-cü il iyun ayının 15-də ümummilli lider Heydər Əliyevin xalqımızın, millətimizin istək və arzusu ilə hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi səciyyələndirildi və bundan sonra dövlət müstəqilliyini bərpa etmiş ölkəmizdəki bütün tibb müəssisələrində, çoxsaylı xəstəxana və poliklinikalarda yeni islahatlar əsasında yaxşılığa doğru ciddi dəyişikliklər baş verdi.
Ulu öndər Azərbaycan Tibb Universitetində milli tibb kadrlarının hazırlığına xüsusi diqqət göstərirdi. Çünki Azərbaycanın səhiyyə ocaqlarında, tibb elmi mərkəzlərində, xəstəxana və poliklinikalarında, digər tibb müəssisələrində çalışan mütəxəssislərin böyük əksəriyyəti ATU-nun məzunlarıdırlar. Məlumdur ki, ölkəmizdə ali təhsilli tibb kadrları məhz bu universitetdə hazırlanır.
Ümummilli liderin yenidən hakimiyyətə gəlişindən sonrakı dövrdə islahatlar yolu ilə xalq təsərrüfatının bütün sahələrində, o cümlədən səhiyyə sistemində ciddi dönüş yarandı. 2001-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə 1918-ci il iyun ayının 17-də Şərqdə ilk demokratik ölkə olan Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təşkil edilən Səhiyyə Nazirliyinin yaranma tarixi şərəfinə 17 iyun günü Azərbaycan tibb işçilərinin peşə bayramı günü elan edilmişdir. Bu bayram artıq 11-ci ildir ki, ulu öndərin sayəsində hər il ölkəmizin tibb işçiləri tərəfindən təntənə ilə qeyd edilir.
Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il iyun ayının 4-də bu münasibətlə imzaladığı sərəncamda deyilir:
"Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alaraq qərara alıram:
Hər il iyun ayının 17-si Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunsun"
Həmin ilin iyun ayının 16-da tibb işçilərinin peşə bayramı ərəfəsində ulu öndər Heydər Əliyev tibb işçilərinə ilk təbrik məktubunu göndərmişdi. Məktubda deyilirdi:
"Hörmətli tibb işçiləri! Sizi müstəqil respublikamızda ilk dəfə qeyd olunan peşə bayramınız münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Tibbin insan cəmiyyəti ilə yaşıd olan bir tarixi var və siz də bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə - insanların sağlamlığının qorunması işinə həsr etmisiniz. Keçid dövrünü yaşayan digər ölkələr kimi, Azərbaycan da hal-hazırda bir çox sosial problemlərlə üzləşmişdir. Belə bir şəraitdə əhalinin sağlamlığının mühafizəsi və tibbi xidmətin yaxşılaşdırılması istiqamətində irəliyə doğru atdığınız addımlar və əldə etdiyiniz uğurlar bizi sevindirir.
Azərbaycan XX əsrdə tibb elminin sürətli inkişafı, çoxprofilli səhiyyə şəbəkəsinin yaradılıb genişləndirilməsi və tibb işçilərinin hazırlanması sahələrində böyük nailiyyətlər qazanmışdır. Hazırda müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycanın çoxsaylı tibb işçiləri ordusu var. Respublikanın sosial inkişafında onun xidmətləri təqdirəlayiqdir. Məhz həmin nailiyyətlər yeni minilliyin və yeni əsrin ilk ilində bu peşə bayramı gününün təsis edilməsi üçün möhkəm zəmin yaratdı. Dövlət müstəqilliyinin 10 illik yubileyini qeyd etməyə hazırlaşan respublikamızın tibb işçilərinin Azərbaycan Xalq Cümhuriyyətindən yadigar qalmış bu günü əziz bayram kimi keçirməyə tam haqları vardır.
Xalqımız 10 ildən artıqdır ki, Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları və hərbi təcavüzü nəticəsində yaranmış bir çox çətinliklərlə üzləşmişdir. Torpaqlarımızın işğal olunması nəticəsində bir milyondan artıq soydaşımız öz ev-eşiyindən didərgin düşərək, olduqca acınacaqlı şəraitdə qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalmışdır. Bu insanlarımızın da sağlamlığı problemlərinin həlli qarşımızda dayanan ən vacib məsələlərdəndir. Belə məsuliyyətli vəzifənin ağırlığının böyük bir hissəsi isə əhalinin öz sağlamlığını etibar etdiyi şəxslərin - siz tibb işçilərinin üzərinə düşür. Əmin olduğumu bildirirəm ki, peşə andınıza sədaqət göstərərək əhalimizin sağlamlığının qorunması naminə bundan sonra da var qüvvə ilə çalışacaq, bu mühüm işin öhdəsindən layiqincə gəlmək üçün bilik və bacarığınızı əsirgəməyəcəksiniz. Belə məsuliyyətli və nəcib bir məqsədə yönəlmiş fəaliyyətinizdə sizə yeni-yeni uğurlar, hər birinizə cansağlığı və xoşbəxtlik arzulayıram".
Ulu öndərin təsis etdiyi bu bayram günündə ölkə Prezidenti cənab İlham Əliyev hər il Azərbaycanın fədakar tibb işçiləri ordusunun bir qrupunu fəxri adlara, orden və medallara layiq görür, bu gözəl ənənəni uğurla davam etdirir. Ölkəmizin bütün səhiyyə ocaqları, tibb işçiləri, o cümlədən Azərbaycan Tibb Universitetinin professor - müəllim heyəti ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edir, bu ildə də öz peşə bayramlarını yeni əmək rəşadətləri, elmdə və təhsildə qazandıqları yeni nailiyyətlərlə qarşılayırlar.
2011-2012-ci tədris ili ATU üçün uğurlu il olmuşdur. Belə ki, həmin tədris ilində bir tərəfdən universitetimizin bütün fakültələri bütövlükdə Avropa təhsil sisteminə - Boloniya təhsil sahəsinin kredit təhsil sisteminə keçmiş, eyni zamanda diplomdansonrakı təhsilin rezidentura sistemi ilə aparılmasına başlanılmışdır ki, bu da Azərbaycanda tibb təhsili sisteminin son illərdə əldə etdiyi ən böyük nailiyyətlərdəndir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin orqanı olan "Tibb" qəzetinin 2011-ci il 30 dekabr tarixli sayında dərc edilən 2011-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası barədə məqalədə qeyd edilir ki, səhiyyə naziri Oqtay Şirəliyev bu ilin də ölkəmiz üçün uğurlu olduğunu, bir çox mühüm hadisələrlə yadda qaldığını dedi. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini bu baxımdan çox əlamətdar hadisə kimi qiymətləndirdi. Prezident İlham Əliyevin xalqa xüsusi qayğı və diqqətindən danışan səhiyyə naziri vətəndaşların sağlamlığını təmin etmək üçün bu ildə çox sayda fərmanların, sərəncamların imzalandığını vurğuladı.
Çıxış zamanı tibb təhsili sahəsində aparılan islahatlara da toxunan nazir bu istiqamətdə inqilabi dəyişiklər həyata keçirildiyini vurğuladı: "Artıq Azərbaycanda da inkişaf etmiş ölkələrin təhsil sistemi qəbul edilib. Bu ildən ilk dəfə Azərbaycan Tibb Universitetində rezidenturaya qəbul başlayıb. Bu, tarixi hadisədir. Biz deyə bilərik ki, Azərbaycanda səhiyyə sahəsində təhsil sistemi tamamilə dəyişdi".
Daha sonra Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov 2011-ci il ərzində səhiyyə sahəsində tərəqqidən danışdı, həmçinin tibb təhsilinin inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirdi. Sertifikasiya işinin çox uğurla, yüksək səviyyədə təşkil edildiyini, bunun tibb ictimaiyyəti tərəfindən müsbət qarşılandığını vurğuladı: "Sertifikasiya imtahanları həkimləri oxumağa, yeni məlumatlar, biliklər əldə etməyə sövq edir. Sertifikasiya kadr islahatları sahəsində atılmış ən uğurlu addımlardan biridir".
Akademik Ə. Əmiraslanov rezidentura sisteminə keçidlə bağlı fikirlərini bölüşdü və ATU-da təkcə diplomdansonrakı yox, diplomaqədərki təhsil sahəsində də islahatlar aparıldığını bildirdi. O, səhiyyə nazirinin təşəbbüsü ilə Dünya Bankının vəsaiti hesabına ATU-da Boloniya sisteminə keçildiyini diqqətə çatdırdı. ATU-nun rektoru Ə.Əmiraslanov bu gün səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi sahəsində görülən işlərin nəinki ölkə əhalisini eləcə də xarici ölkələrdən Azərbaycana gələn aparıcı mütəxəssisləri heyrətə saldığını dilə gətirdi".
Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Respublikası səhiyyə sisteminin tərkib hissəsi olan Azərbaycan Tibb Universitetinin təhsil sistemində islahatlar yolu ilə əldə edilən müvəffəqiyyətlər dahi Heydər Əliyevin ruhu qarşısında ehtiramın və ulu öndərimizin tibb işçilərinə bəxş etdiyi peşə bayramına həsr edilən töhfənin təcəssümüdür.
{nl}
Mübariz ALLAHVERDİYEV, ATU-nun mətbuat xidmətinin rəhbəri, əməkdar müəllim, tibb elmləri doktoru, professor
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.