Azərbaycan xalqı Milli Qurtuluş Gününü böyük təntənə ilə qeyd edir. 1993-cü il iyunun 15-də ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə qayıdışı ilə tariximizə yazılan Milli Qurtuluş Gününün bəhrəsi olaraq, Azərbaycan inkişaf və tərəqqi yoluna çıxmış, respublikamız dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur. İndi hər bir azərbaycanlı öz Vətəni, öz dövləti - müstəqil və çiçəklənən Azərbaycanı ilə qürur duyur. Milli Qurtuluş Gününün işığında Naxçıvan Muxtar Respublikası da böyük inkişaf yolu keçmiş, yeni istehsal və xidmət sahələri yaradılmış, sosial obyektlər tikilərək istifadəyə verilmişdir. Hər il olduğu kimi, bu il də muxtar respublika Milli Qurtuluş Gününü yeni sosial obyektlərin istifadəyə verilməsi ilə qeyd etmişdir.
İyunun 14-də Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Tədbirdə çıxış edən Naxçıvanın səhiyyə naziri Niyazi Novruzov bildirmişdir ki, muxtar respublikada əhalinin sağlamlığının qorunması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, səhiyyə sisteminin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Yeni tikilən xəstəxanalar, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri əhalinin sağlamlığının qorunmasına böyük töhfə verir. Son 17 ildə muxtar respublikada 200-ə yaxın səhiyyə müəssisəsinin istifadəyə verilməsi, onların müasir tibbi avadanlıqla təmin edilməsi, həkimlərin xarici ölkələrə təkmilləşdirmə kurslarına göndərilməsi göstərilən tibbi xidmətin səviyyəsini daha da yüksəltmişdir. Artıq muxtar respublikada yerli həkimlər tərəfindən açıq ürək, göz və angioqrafiya əməliyyatlarının aparıldığını qeyd edən nazir yaradılan şəraitə görə minnətdarlığını bildirmişdir.
Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) ürək-damar xəstəlikləri mərkəzinin rəhbəri Rəşad Mahmudov bildirmişdir ki, Milli Qurtuluş Günü ərəfəsində bu cür yüksək şəraiti olan tibb ocağının istifadəyə verilməsi muxtar respublikada səhiyyə sahəsində həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir. Bu, muxtar respublikada insan sağlamlığına olan qayğının əyani ifadəsidir.
Rəşad Mahmudov demişdir ki, MNX-nin həkimləri bundan sonra da muxtar respublikada ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin müayinə və müalicəsi, cərrahi əməliyyatları üçün səylərini əsirgəməyəcəklər. Burada yaradılan şərait müasir tibb elminə məlum olan istənilən müalicə və cərrahi əməliyyatları aparmağa imkan verir.
Ali Məclisin sədri Vasif Talıbov Kardioloji Mərkəzin binasının ümumxalq bayramı olan 15 İyun - Milli Qurtuluş Günü ərəfəsində istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirmiş, qurtuluş bayramı və yeni binanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: "Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkəmizdə siyasi hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın qurtuluş tarixinin başlanğıcıdır. Ölkəmizin bugünkü inkişafı, bütün sahələrdə qazanılan nailiyyətlər 15 İyun - Milli Qurtuluş Gününün bəhrələridir".
Ali Məclisin sədri demişdir: "Əgər 1993-cü ildə Azərbaycanda xaos hökm sürürdüsə, bu gün ölkəmizdə sabitlik vardır. O dövrdə separatçı qüvvələrin təsiri altında ölkəmizin quberniyalara, əyalətlərə bölünmək təhlükəsi var idisə, bu gün güclü və müstəqil Azərbaycan dövləti mövcuddur. Həmin dövrdə Azərbaycanda iqtisadi tənəzzül hökm sürürdüsə, bu gün ölkəmiz sosial-iqtisadi inkişaf göstəricilərinə görə lider dövlətlərdəndir. Bütün bunlar Heydər Əliyev siyasi xəttinin təntənəsidir. Hazırda Azərbaycan sürətlə inkişaf edir, iqtisadiyyatı güclənir, əhalinin yaşayış səviyyəsi yüksəlir. Müstəqil Azərbaycanda qazanılan hər bir nailiyyət ümummilli liderimizin müəyyənləşdirdiyi siyasi xəttin bəhrəsidir. 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasi xətt ölkəmizin siyasi və iqtisadi gücünü daha da artırmışdır".
Bu gün muxtar respublikada insanların sağlamlığının qorunması, onların müalicə və müayinəsinin yüksək səviyyədə təşkili istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayan V.Talıbov demişdir ki, Muxtar Respublikada kardioloji xidmət ilk dəfə 1977-ci ildə Naxçıvan Muxtar Respublikası Xəstəxanasında yaradılmış şöbə tərəfindən həyata keçirilmişdir. Muxtar respublikada bu sahəyə olan tələbat nəzərə alınaraq 1987-ci ildə şöbənin bazasında Kardioloji Dispanser yaradılmış, 2011-ci ildə dispanser Kardioloji Mərkəzə çevrilmişdir. Hazırda muxtar respublikada 14 mindən çox kardioloji xəstə vardır ki, onların da 2 min 700-dən çoxu Kardioloji Mərkəzdə qeydiyyatdadır.
Binada yüksək tibbi şəraitin yaradıldığını bildirən Ali Məclisin sədri demişdir ki, Kardioloji Mərkəzdə ürək xəstəliklərindən əziyyət çəkən insanlara dərman, fizioterapiya, müalicəvi bədən tərbiyəsi və masaj kimi müalicə xidmətləri göstərilir. Mərkəzdə poliklinika, stasionar, reanimasiya və intensiv terapiya şöbələri yaradılmışdır. Poliklinika şöbəsində səkkiz kabinə fəaliyyət göstərir. Mərkəz lazımi tibbi avadanlıqla təchiz edilmiş, 45 adda 75 yeni avadanlıq alınmışdır. Bütün bunlar xəstələrə keyfiyyətli tibbi xidmət göstərməyə imkan verəcəkdir.
Ali Məclisin sədri muxtar respublikada kardiologiya sahəsindəki səmərəli fəaliyyətinə görə MNX-nin ürək-damar xəstəlikləri mərkəzinin tibbi personalına təşəkkürünü bildirmiş, 15 İyun - Milli Qurtuluş Günü münasibətilə muxtar respublikanın bütün sakinlərini təbrik etmişdir.
Sonra Vasif Talıbov və Rəşad Mahmudov binanın açılışını bildirən lenti kəsmiş, yaradılan şəraitlə tanış olmuşlar.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə dörd mərtəbədən ibarət olan binanın birinci mərtəbəsində laboratoriya, rentgen, fizioterapiya, aptek, reanimasiya şöbəsi və palatalar vardır. Laboratoriyada qurulan müasir avadanlıq analizlərin dəqiqliklə aparılmasına imkan verəcəkdir.
İnzibati bölmə və mərkəzin poliklinika şöbəsi binanın ikinci mərtəbəsindədir. Otaqlarda quraşdırılan elektrokardioqrafiya, exokardioqrafiya, exo tred-mil, mobil rentgen, kardiomonitorlar, böyüklər və uşaqlar üçün süni tənəffüs aparatları xəstələrə yüksək səviyyədə və müasir tibbi avadanlıqla xidmət göstərməyə imkan verəcəkdir. Burada yerləşən sinif otağında ürək xəstəliklərinə dair müxtəlif seminar və dərslərin keçirilməsi üçün lazımi şərait yaradılmış, elektron lövhə quraşdırılmışdır.
Üçüncü mərtəbədə isə stasionar şöbə üçün hər cür şərait yaradılmış, hər biri iki nəfərlik olmaqla, 12 palata və yardımçı otaqlar istifadəyə verilmişdir. Burada stasionar müalicə alan xəstələrin gündəlik müayinəsi, müalicəsi və qidalanması üçün lazımi şərait vardır.
Qeyd olunmuşdur ki, muxtar respublikada insanların sağlamlığına bundan sonra da qayğı göstəriləcək, onlar yüksək tibbi xidmətlə təmin olunacaqlar. Muxtar respublikada səhiyyə sahəsində görülən işlər, tikilən yeni xəstəxana binaları, tibb ocaqlarında yaradılan müasir şərait bu tədbirlərin həyata keçirilməsinə imkan verir.
Zirzəmidə masaj otaqları, camaşırxana, qazanxana, anbar, yeməkxana, müalicəvi bədən tərbiyəsi və digər yardımçı otaqlar yerləşir.
Binada kompyuter şəbəkə sistemi yaradılmış, lift quraşdırılmışdır. Həyətdə də geniş abadlıq işləri aparılmış, gülkarlıq salınmış, istirahət köşkləri, avtomobil dayanacaqları yaradılmış, oturacaqlar qoyulmuşdur.
Həmin gün hərbi xidmət zamanı sağlamlığını itirmiş Naxçıvan şəhər sakininə fərdi ev verilmişdir. Ali Məclisin sədri Vasif Talıbov hərbi xidmət zamanı sağlamlığını itirmiş Naxçıvan şəhər sakini, 2-ci qrup əlil Ramazan Məmmədova fərdi yaşayış evinin orderini və açarını təqdim etmişdir.
Ramazan Məmmədov ailə üzvləri adından minnətdarlıq etmişdir.
Bildirilmişdir ki, hər bir ölkənin qüdrəti onun elan etdiyi məqsəd və vəzifələrin cəlbediciliyi ilə deyil, ilk növbədə, qarşıya qoyulan vəzifələrin real həyatda tətbiqi imkanları ilə ölçülür. Bu mənada Azərbaycan dövlətinin sosial siyasət xəttinin əsasında insan amilinə qayğı və onun yüksək həyat standartları səviyyəsində yaşayışı dayanır. Bu vəzifələr muxtar respublikamızda da uğurla yerinə yetirilir, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara hərtərəfli qayğı göstərilir.
* * *
Naxçıvanda stend və sportinq atıcılığı meydançası da fəaliyyətə başlamışdır.
Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər və idman siyasəti ölkəmizin regionlarında da müasir idman infrastrukturunun yaradılmasını şərtləndirmişdir. İnsanların bədən tərbiyəsi və idmanla məşğul olmaları üçün muxtar respublikada da hər cür şərait yaradılmış, istifadəyə verilən idman mərkəzləri və qurğuları gənc nəslin sağlamlığının qorunmasında mühüm vasitəyə çevrilmişdir. Təkcə 1996-2011-ci illərdə muxtar respublikada 34 müasir idman və sağlamlıq obyekti tikilmişdir.
İyunun 14-də bu idman obyektlərinin sırasına daha biri əlavə olunmuş, Naxçıvan şəhərində stend və sportinq atıcılığı meydançası fəaliyyətə başlamışdır.
Ali Məclisin sədri Vasif Talıbov və Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov yeni yaradılan stend və sportinq atıcılığı meydançasına baxmışlar.
Məlumat verilmişdir ki, bir hektar ərazini əhatə edən meydançada stend atıcılığı və kütləvi idman atıcılığı - sportinq ilə məşğul olmaq üçün lazımi şərait vardır. Ərazidə beş hədəftullayıcı qurulmuş, ayrıca atış zonası və ümumilikdə 5 atış nöqtəsi yaradılmışdır. Atıcılıq stendində silahla davranış üzrə yüksək təhlükəsizlik tədbirləri görülmüş, müasir idman atış silahları gətirilmişdir. Burada müxtəlif səviyyəli idman yarışlarının keçirilməsi üçün lazımi şərait vardır.
Sonra yeni atıcılıq meydançası sınaqdan keçirilmiş, atıcı-idmançılar yaxın və uzaq məsafədəki hərəkətli hədəflərə atəş açmışlar.
Ali Məclisin sədri ölkəmizdə elan olunmuş "İdman ili"ndə Naxçıvanda yeni atıcılıq meydançasının istifadəyə verilməsinin əhəmiyyətini qeyd etmiş, yaradılan şəraitin muxtar respublikada qədim idman növlərindən biri olan atıcılığın inkişafına stimul verəcəyini bildirmişdir.
Qeyd olunmuşdur ki, gələcəkdə muxtar respublikada Atıcılıq Federasiyasının yaradılması da nəzərdə tutulmuşdur.
* * *
Naxçıvanda yeni olimpiya ağırlıqqaldırma qurğuları idmançıların istifadəsinə verilmişdir.
İyunun 14-də Vasif Talıbov və Azad Rəhimov Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinə gəlmiş, yeni alınmış beş dəst olimpiya ağırlıqqaldırma qurğusunu muxtar respublikanın Gənclər və İdman Nazirliyinə təqdim etmişlər.
Bildirilmişdir ki, son illər muxtar respublikada idmanın digər növləri kimi, ağır atletikaya da maraq xeyli artmışdır. Yaradılan şərait bu sahə üzrə peşəkar idmançıların yetişməsinə stimul verir. Gələcəkdə muxtar respublikada Ağır Atletika Federasiyasının yaradılması da nəzərdə tutulur.
Ali Məclisin sədri idmançıların nümunəvi çıxışlarını izləmiş, onlarla xatirə şəkli çəkdirmişdir.
* * *
Uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası, aparılan genişmiqyaslı quruculuq işləri, çəkilən yollar, salınan körpülər, park və xiyabanlar qədim Naxçıvanın bugünkü reallıqlarıdır. Ulu öndər öz xilaskarlıq missiyasına Naxçıvandan başlamış, 19 il bundan əvvəl xalqımız öz nicatını Naxçıvandan başlanan qurtuluşda - ümummilli liderin böyük siyasətə qayıdışında tapmışdır. Bu gün Naxçıvan Milli Qurtuluş Gününü böyük sevinc və fərəhlə, quruculuq və inkişafla qeyd edir. Naxçıvanlılar Heydər Əliyev quruculuq xəttinin işığında açılan hər səhəri yeniliklə qarşılayırlar. Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan şəhərində yeni sosial obyektlərin istifadəyə verilməsi daim Azərbaycanın gələcəyini düşünən ulu öndərin siyasi kursuna sədaqətin daha bir ifadəsidir.
{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.