Şriftin ölçüsü:
13.05.2012 10:08 | Oxunma sayı: 2780
Xeyli vaxt idi ki, şəkər xəstəliyindən əziyyət çəkirdim. Dişimin protezləşdirilməsi ilə mənim əsil bəlalarım başladı. Ötən yay protez dilimi zədələmişdi. Mən bir qayda olaraq həkimə müraciət etdim, lazımi məsləhətlər və müalicə aldım.
Amma dilimdəki zədədə sağalmağa doğru irəliləyiş yox idi, qandakı şəkərin miqdarı yaranın sağalmasını əngəlləyirdi. Getdikcə dilimdə iltihab əmələ gəldi və bu işin mütəxəssisi hesab edilən bir sıra həkimlərlə məsləhətləşdim. Həkimlərin hərəsi bir müayinə üsulu, müxtəlif müalicələrlə yaramı sağaltmağa çalışsa da, heç bir nəticə yox idi. Sonda mən Tibb Universitetinin terapevtik anatomiya kafedrasının dosenti Esmira Tarverdiyevaya müraciət etməli oldum. O da öz növbəsində iki həftəlik müalicə kursu təyin etdi və sonra ağrılarımın bir qədər də artdığını, müalicənin nəticəsiz olduğunu görüb cərrahla məsləhətləşməyi münasib bildi. Artıq dilimdəki yaranın təsirindən qulağımda, sinəmdə, boyun-boğazımda da şiddətli ağrılar başlamışdı. Dilim şişdiyindən danışmağım da çətinləşmişdi. Mənə Səhiyyə Nazirliyi 1saylı Şəhər Mərkəzi Xəstəxanasının professoru Yunis Yusubovu isnad verdilər. Professor əvvəlki müayinə nəticələrinə əsasən aldığım müalicələrlə tanış oldu, məni diqqətlə dinlədi, bir qədər gecikdiyimi bildirdi, amma ürək-dirək verdi ki, hər şey yaxşı olmalıdır. Bir neçə yeni müayinədən keçdikdən sonra xəstəxananın ağız, üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri, professor Yunis Yusubov, tibb elmləri namizədi Məhəmməd Davudov və digər həkimlər birlikdə konsilium keçirib əməliyyat olunmağıma qərar verdilər...
Altı saat çəkən əməliyyatı Yunis Yusubov və Məhəmməd Davudovla birlikdə Yunis həkimin aspirantı, gənc həkim Vüqar Qurbanov apardılar. Çox çətinliklə keçən cərrahi əməliyyatda həkimlər xeyli əziyyət çəkdilər. Özümə gələ bilmirdim, şəkər məni haldan-hala salırdı. Əməliyyatdan sonra keçirdiyim yuxusuz gecələr, ağrılar mənim yaşamağa ümidimi kəsmişdi. Bir gündə neçə cür hala düşürdüm... Deyirlər ki, əməliyyatdan sonra xəstə yeməklə dirçələr. Mənimsə ağızdan qidalanmağım mümkünsüz idi. Xəstəxana həyatımda və elə ondan sonra da yanımdan ayrılmayan bacım məni bir neçə gün zondla yedirtdi. Həmin günlərdə həkimlər bir an belə məni tək qoymadılar. Mən onların əziyyətləri müqabilində bu minnətdarlıq yazısını yazmağı özümə borc bildim.
Xəstəxanada yatdığım müddətdə məndən qayğısını əsirgəməyən və üstümdə haqqı olan həkimlər barədə onu demək istəyirəm ki, professor Yunis Yusubov gənclik illərində Ukraynada - Kiyev Şəhər Mərkəzi Xəstəxanasında cərrahlıq edib. Bu sahədə xeyli təcrübə toplayıb, yenilikləri mənimsəyib və namizədlik elmi işini müdafiə edib. Vətən torpağı onu çəkib, Azərbaycana qayıtdıqdan sonra da elmi araşdırmalarını davam etdirib. Hazırda 1 saylı Şəhər Mərkəzi Xəstəxanasında çalışmaqla bərabər, həm də Azərbaycan Tibb Universitetində tələbələrə cərrahiyyənin sirlərini öyrədir. Bu tələbələrdən bir çoxu tibb elmi üzrə namizədlik və doktorluq elmi işlərini müvəffəqiyyətlə müdafiə edib və onunla çiyin-çiyinə çalışır. Yunis həkimin xəstələrə olan münasibəti, mehribanlığı, psixoloq kimi onlarla ünsiyyəti pasientlərində ona qarşı dərin hörmət və məhəbbət yaradıb. Yaxşı deyiblər ki, həkim xəstəni təkcə dərmanlarla yox, eyni zamanda, şirin dili, mehriban, səmimi münasibəti ilə sağaldır.
Məhəmməd Davudov xəstəxananın baş-boyun onkoloqudur. Bir vaxtlar İranda, Tehran şəhərindəki tanınmış tibb ocaqlarından birində işləyib. İndi isə təkcə xəstəxanada onkoloq cərrah kimi çalışmaqla kifayətlənmir, öz sahəsinin bacarıqlı mütəxəssisi olaraq dünya səhiyyəsində onkologiya sahəsində baş verən yenilikləri öyrənir və tez-tez xarici ölkələrə təcrübə mübadiləsinə gedir.
Vüqar Qurbanov isə hələ gəncdir, Yunis həkimin aspirantı kimi professorun apardığı cərrahi əməliyyatlarda iştirak edir və bacarıqlı əllərin nələrə qadir olduğunu əyani olaraq görür, gələcəkdə bu təcrübələrdən yararlanmaq və onları tətbiq edərkən nələrə diqqət yetirmək lazım olduğunu dərindən mənimsəyir. Mən bu yazımda həkimlərlə birgə çalışan və sonsuz əziyyətlərimi paylaşan tibb bacıları - Telnaz, Səmidə, Fəzilə və Gülüstanın da adlarını çəkmək istəyirəm. Onlar istər sarğımın dəyişilməsində, istər iynə-dərmanların çatdırılmasında, istərsə də başqa qayğılarımın həllində mənə dayaq olublar.
Mən çox sevinirəm ki, xalqımın belə vətənpərvər, savadlı həkimləri var. Çalışdığım "Xalq qəzeti"ndə yazdığım bu yazı vasitəsi ilə məndən bilik və bacarıqlarını əsirgəməyən həkimlərimə və tibb bacılarına minnətdarlığımı bildirirəm.
{nl}
Təranə MƏDƏTOVA
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.