Xeyirxahlıq mücəssəməsi

Həyatda elə adamlar olur ki, Allah-Təala sanki onları bu dünyaya insanlara yaxşılıq və xeyirxahlıq etmək, dara düşənin dadına çatmaq, imkansıza əl uzatmaq, el-obanın dərd-sərinə yaramaq, bir sözlə, insanlıq nümunəsi olmaq üçün gətirmişdir. Məhz belə bir nümunəvi həyat amalı ilə ömür sürüb, gözlərə nur, ürəklərə sevinc bəxş edən, hələ sağlığında ikən milyonların qəlbində öz heykəlini ucaldan xoşbəxt insanlardan biri də Azərbaycanın görkəmli oftalmoloq alimi, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevadır.
Zərifə xanım Əliyeva Azərbaycan səhiyyəsinin təşkilatçılarından biri, dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açmışdır. Bu ailədə uşaqların tərbiyəsinə böyük diqqət yetirilirdi. Azərbaycanın görkəmli dövlət, elm və mədəniyyət xadimlərinin bir çoxu, o cümlədən Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və başqa məşhur şəxsiyyətlərlə ailəvi və mənəvi yaxınlıq telləri ilə bağlı olan bir mühitdə boya-başa çatmış Zərifə Əliyeva özündə xanım-xatın azərbaycanlı ziyalı qadının ən gözəl nümunəsini təcəssüm etdirirdi.
Tale elə gətirdi ki, Zərifə xanım sonradan özünə layiq olan bir şəxsiyyətlə - Azərbaycan xalqının xilaskarı, müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı, ümummilli lider Heydər Əliyevlə xoşbəxt ailə həyatı qurdu. Həyatının bundan sonrakı dövründə Zərifə xanım Vətəninə, xalqına, insanlara olan məhəbbətinin, respublika səhiyyəsinin, bütövlükdə tibb elminin inkişafına göstərdiyi danılmaz xidmətin sevincini ulu öndərlə birgə yaşadı. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin möhtəşəm uğurlarında, gördüyü bütün işlərdə onu hamıdan yaxşı başa düşən sevimli ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın da payı vardır. Burada mənəvi dayağın rolu xüsusi qeyd olunmalıdır. Müasir dövrümüzün böyük sənətkarı, görkəmli heykəltəraş, məşhur "Elegiya" abidəsinin müəllifi Ömər Eldarov Zərifə xanım haqqında xatirələrində deyir: "Mən Zərifə xanımla xoş bir təsadüf nəticəsində tanış olmuşam. Naxçıvan şəhərində iki dəfə Sosialist Əməyi Qəhrəmanı Heydər Əlirza oğlu Əliyevin büstünü hazırlayırdım. Xalqımızın bu böyük oğlunun həmin büstünün kamil və obrazlı çıxması üçün var gücümdən istifadə edirdim. Bu, olduqca məsuliyyətli bir iş idi. Həmin ərəfədə Zərifə xanım iki dəfə mənim emalatxanama təşrif buyurdu. O, uzun müddət büstü seyr edərək hərdən elə təkliflər irəli sürürdü ki, heyrətlənirdim. Axı o, böyük tibb alimi olsa da heykəltəraş deyildi. Mən o vaxtlar təəccübümü gizlədə bilməyərək ondan soruşdum ki, heykəltəraşlığın sirlərini haradan bilir. O, bu zaman gülümsəyib dedi: "Bunun üçün heykəltəraş olmaq lazım deyil. Mərmərdən yaratdığınız insanı məndən yaxşı kim tanıya bilər ki..." Həmin qısa zaman ərzində mən özümdən asılı olmayaraq bir heykəltəraş kimi onun işıqlı obrazını beynimə həkk edə bilmişdim".
Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprel ayının 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Həyata göz açanda qədim Azərbaycan torpağı olan ata yurdu İrəvanı görməməsinə səbəb onun dünyaya gəlməsindən bir neçə il əvvəl azərbaycanlı ailələrin ermənilər tərəfindən Qərbi Azərbaycandakı doğma torpaqlarından zorla deportasiya edilmələri olmuşdur. 1918-ci ildə Əziz Əliyevin ailəsi digər azərbaycanlı ailələrlə birlikdə erməni millətçiləri tərəfindən İrəvandakı dədə-baba yurdlarından didərgin salınmışdı. Ailə ağır məhrumiyyətlərdən sonra, nəhayət, Şərur rayonunda məskunlaşmışdı. Əziz Əliyevin 1917-1918-ci illərdə Sankt - Peterburq Hərbi Tibb Akademiyasında aldığı ali təhsil erməni vandalizminə görə yarımçıq qalmışdı və o, akademiyanın birinci kursunu bitirdikdən sonra, 1918-1923-cü illərdə 5 il Naxçıvanda, Cənubi Azərbaycanda (Ərəblər kəndində), Şərurda məcburi köçkünlük həyatı yaşamışdır. Çətinlik və məhrumiyyətlər onu ruhdan salmamış, dəmir iradəsini, bilik və bacarığını səfərbər edərək həkim köməkçisi vəzifəsində çalışmış, ağır illərdə bu yolla xalqına kömək göstərmiş, imkansızlara dayaq olmuşdur. Ara sakitləşdikdən sonra Naxçıvan Muxtar Respublikasının rəhbərliyi Əziz Əliyevin bilik və bacarığını, istedadını nəzərə alaraq, onun Bakıya getməsini, orada tibb təhsilini davam etdirməsini məsləhət görmüşdü. Beləliklə, 1923-cü ildə ailə Bakıya köçmüş və Əziz Əliyev təhsilini Bakı Dövlət Universitetinin tibb fakültəsində davam etdirmişdir. Ona görə də Zərifə xanım Şərur rayonunda anadan olsa da, onun həyatının sonrakı dövrü Bakı şəhəri ilə bağlı olmuşdur.
Zərifə Əliyeva 1942-ci ildə Bakı şəhərində orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Onunla bir qrupda, eyni kursda oxuyan məzunların xatirələrində qeyd edildiyi kimi, Zərifə xanım fitri istedada, dərin zəkaya, geniş dünyagörüşünə, yüksək mədəni səviyyəyə malik, təvazökar tələbə olmuşdur. O, tibbi fənlərlə yanaşı, digər fənlərin də tədrisinə eyni dərəcədə maraq göstərir, hərtərəfli biliyə malik həkim kimi formalaşırdı. İnstitutda keçirilən tələbə elmi toplantılarında elmi məruzələrlə çıxışlar edir, sərbəst mülahizələr yürüdür, dəyərli nəticələr çıxararaq, alimlərlə fikir mübadiləsi apara bilirdi. Müasirləri, həmyaşıdları onu, həm də musiqi bilicisi kimi tanıyırdı, çünki Zərifə xanım hələ orta məktəbdə oxuyarkən paralel olaraq musiqi təhsili də almışdı.
Görkəmli oftalmoloq-alim məzunu olduğu Azərbaycan Dövlət Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universitetini) bitirdikdən sonra onu heç vaxt unutmamış, daim sıx əlaqə saxlamışdır. Azərbaycan Tibb Universiteti də məhz belə layiqli məzunları ilə fəxr edir, öyünür, onların nailiyyətləri ilə ucalır, yüksəlir. Azərbaycan Tibb Universitetinin oftalmologiya kafedrasının əməkdaşları özlərini hazırda da Zərifə xanımın yetirmələri, onun yaratdığı elmi məktəbin davamçıları hesab edirlər. Bu qocaman təhsil ocağında onun xatirəsinə həsr olunmuş elmi-praktik konfranslar, yubiley gecələri keçirilir. Azərbaycan Tibb Universitetinin akt zalının və 11 mərtəbəli tədris binasının foyesində akademik Z.Əliyevanın həyat və fəaliyyətini əks etdirən foto-guşə yaradılmışdır. ATU-nun professor-müəllim heyəti və tələbələri hər gün bu guşənin önündən keçərək görkəmli alimin əziz xatirəsini ehtiramla yad edirlər.
Zərifə xanım Əliyeva diplomaqədərki təhsili dövründə bütün varlığı ilə göz həkimliyinə - oftalmologiya elminə bağlanmışdı, səhiyyənin bu çətin, eyni zamanda maraqlı və məsuliyyətli sahəsi onun diqqətini daha çox cəlb edirdi. Ona görə də 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu əla qiymətlərlə bitirdikdən sonra o, tərəddüd etmədən inamla oftalmoloq ixtisasını seçmişdir. Bununla yanaşı, ona aydın idi ki, dar ixtisas üzrə kamil mütəxəssis olmaq üçün institut təhsili kifayət etmir və mütləq bir neçə il də diplomdansonrakı hazırlığa sərf etməlidir. Bu məqsədlə institutu bitirdikdən sonra Moskvaya getmiş və orada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda məşhur alimlərin iş təcrübəsi ilə tanış olmuş, praktiki vərdişlərə yiyələnmiş, oftalmologiya ixtisası üzrə mütəxəssis kimi təkmilləşmə hazırlığı keçmiş, iki ildən sonra Bakıya qayıtmış, 1949-cu ildə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlamışdır. Zərifə xanım fəaliyyət göstərdiyi ET Göz Xəstəlikləri İnstitutunun aspiranturasına daxil olmuş, elmi axtrarışları dövründə özünə rahat yollar seçmək stereotipindən uzaq olmağa çalışmış, Vətənə, xalqa həqiqi mənada xeyir verə biləcək ən çətin sahələrdə özünü sınamağa can atmış və istəyinə nail ola bilmişdir.
İkinci Dünya müharibəsinin təzəcə başa çatdığı illərdə keçmiş SSRİ-nin bir çox regionlarında olduğu kimi, Azərbaycanda da traxoma xəstəlyinin geniş yayılma təhlükəsi yenidən baş qaldırmışdı. Bu xəstəliyə qarşı aparılan ara-sıra mübarizə tədbirləri o qədər də effektli təsir göstərmirdi. Xalqın sağlamlığının vacibliyini ön plana çəkən gənc alim ölkəni bürümüş yoluxucu göz xəstəliklərinin qarşısını almaq və onun ləğvinə nail olmaq üçün yollar axtarırdı. O dövrdə Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 400 milyona qədər insan traxoma xəstəliyinə tutulmuş, bunun nəticəsində 80 milyon insan kor olmuşdu. Çünki traxoma xəstəliyinin müalicəsinə zəmin yarada biləcək o qədər də güclü təsirə malik dərman preparatları hələ mövcud deyildi. Müharibədən yenicə çıxmış ölkənin iqtisadi-siyasi durumu qənaətbəxş olmadığından ölkənin ümumi vəziyyətinin nikbin qiymətləndirilməsinə əsas verən stimul da yox idi. Bu cür problemlərlə üzləşən gənc tədqiqatçı ruhdan düşməyərək axtarışlarını davam etdirmiş, əsl vətəndaş mövqeyində dayanaraq, get-gedə ölkə daxilində yayılmaqda olan traxoma xəstəliyinin qarşısını almaq üçün diaqnostika, müalicə və profilaktika üsullarının kompleks şəkildə tətbiqi istiqamətində mühüm tədbirlər planı hazırlamış və həyata keçirmişdir.
Keçən əsrin 30-40-cı illərində də Zərifə xanımın atası Əziz Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru olduğu dövrdə və ondan sonrakı illərdə xüsusi komissiya təşkil edərək Azərbaycanda tüğyan edən malyariya, traxoma, vərəm və s. kimi yoluxucu xəstəliklərə qarşı mübarizədə əsl fədakarlıq göstərmiş, infeksion xəstəliklərin qarşısının alınmasında fəal iştirak etmişdir. Sonralar XX əsrin 50-ci illərində Azərbaycan miqyasında epidemiya qorxusu olan traxoma xəstəliyinin diaqnostikası, müalicəsi və profilaktikası kompleks şəkildə Zərifə xanım Əliyeva tərəfindən yerinə yetirilmişdir ki, bu da atasının başladığı xeyirxah işlərin davamına çevrilmişdir.
Zərifə xanım traxoma ilə əlaqədar ölkədəki real vəziyyəti əyani olaraq müşahidə etmək üçün Azərbaycanın bütün rayonlarına gedərək göz xəstəliklərinin regional lokallığını müəyyənləşdirir, xəstəliyin epidemioloji xüsusiyyətlərini araşdırır, xəstələrə öz məsləhətlərini verir, bir sıra göz xəstəliklərinin profilaktikası və müalicəsi haqqında maarifləndirici söhbətlər keçirirdi. Alim traxomanın müalicəsində istifadə edilən mövcud kütləvi müalicə üsulları ilə yanaşı, o dövrün güclü antibiotiklərindən hesab edilən sintomisindən isifadə etməklə yeni müalicə üsulu tətbiq etmiş və uğurlu nəticələrə nail olmuşdur. Dəyərli elmi kəşflərdən sayılan "Z.Ə.Əliyeva üsulu"nun kompleks profilaktik tədbirlərlə birlikdə praktik səhiyyədə geniş tətbiqindən sonra traxoma xəstəliyinin müalicəsində əsaslı dönüş yaranmış, xəstəliyin yayılmasının qarşısı alınmış və bu da tədricən xəstəliyin ləğvinə gətirib çıxarmışdır. Beləliklə, Zərifə xanımın fədakarlığı sayəsində yerinə yetirilən tibbi tədbirlər əhalinin dünya işığından məhrum olmasının, onların əlilliyə düçar olaraq əmək qabiliyyətini itirmələrinin, çarəsizlikdən kütləvi depressiya vəziyyətinə düşmələrinin qarşısını almışdır. Yalnız bundan sonra Zərifə xanım dissertasiya müdafiə etməyi qərara almış və 1959-cu ildə sərbəst surətdə yerinə yetirdiyi elmi istiqamətlərin nəticələrinə əsasən "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusu üzrə doktorluq dissertasiyası işinə bərabər tutulan namizədlik işini başa çatdırmış və müvəffəqiyyətlə müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
Apardığı elmi-tədqiqat işələrinin nəticələrinə görə o, daim elmi ictimaiyyətin diqqət mərkəzində olmuş və 1960-1967-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışaraq, fəaliyyət göstərdiyi elm ocağında oftalmologiya elminin bütün sahələrinin inkişafına yaxından kömək göstərmiş, bu istiqamətin tərəqqisinə öz dəyərli töhfələrini vermişdir. Alimin xidmətləri yüksək qiymətləndirilmiş və SSRİ Ali Attestasiya Komissiyası 1963-cü ildə Moskvaya göndərilmiş təqdimat əsasında onun oftalmologiya ixtisası üzrə "böyük elmi işçi" adını təsdiq etmişdir.
Zərifə xanım Əliyeva göz xəstəliklərinin diaqnostikası, müalicə və profilaktikasını səhiyyənin təşkili baxımından düzgün istiqamətləndirməklə yanaşı, yeni elmi laboratoriyalar yaradır, insan sağlamlığı amilini daim ön plana çəkirdi. O, yalnız ölkəmizin paytaxtı Bakı şəhərində deyil, həmçinin Sumqayıt, Gəncə, Bərdə, Mingəçevir, Əli Bayramlı (indiki Şirvan), Salyanda, respublikanın digər şəhər və rayonlarında zərərli iş şəraitlərinin törətdikləri göz xəstəliklərini, eləcə də insan orqanizminin digər xəstəliklərini aşkar edir, həm xəstələrin müalicəsinə, onların iş yerlərində mövcud olan mənfi təsirlərdən qorunmalarına, həm də əmək müəssisələrinin ekologiyasına hərtərəfli diqqət yetirir, onlarda ekoloji prinsiplərə riayət edilməsi konsepsiyalarının həyata keçirilməsi yollarını göstərirdi. Bununla da Zərifə xanım peşə amillərinin törətdikləri göz xəstəliklərinin və bütövlükdə orqanizmi tam şəkildə müalicə edərkən, təkcə məşhur alim-oftalmoloq kimi deyil, həmçinin bacarıqlı alim-ekoloq kimi də şöhrət qazanmışdır. O, ölkəmizdə ilk dəfə olaraq həm oftalmologiyanın peşə etiologiyalı xəstəliklərinin diaqnostikası, müalicə və profilaktikasının, həm də ekoloji təmizlik ideyasının əsasını qoymuş, bu ideyanın praktik səhiyyədə həyata keçirilməsinə nail olmuşdur. Keçmiş SSRİ dövründə peşə amilli göz xəstəliklərinin diaqnostikası, müalicə və profilaktikasında çox böyük uğurlar qazanan Zərifə xanım ekologiya elmi üzrə də böyük müvəffəqiyyətlərə nail olmuşdur.
Akademik Zərifə xanım Əliyeva ardıcıl olaraq yerinə yetirdiyi elmi-tədqiqat işləri ilə yanaşı, pedaqoji fəaliyyətini də yüksək səviyyədə aparırdı. O, 1967-ci ildən etibarən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında pedaqoji fəaliyyətə başlayaraq, əvvəlcə kafedranın dosenti, sonra professoru, daha sonra isə müdiri vəzifəsini yüksək səviyyədə yerinə yetirərək, həkimlərin diplomdansonrakı hazırlıqlarının tədris-metodiki göstərişlərə və digər tələblərə uyğun şəkildə aparılmasına əlverişli şərait yaratmışdır. Onun Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri üzrə təkmilləşmə kursu keçən həkimlərlə apardığı mühazirə və praktik məşğələlərinin əsasını tibb elmində əldə edilən yeniliklərin şərhi, praktik vərdişlərə yiyələnmənin istiqamətləri, müasir tibbi cihazların gündəlik təcrübədə tətbiqi üsullarının dərindən mənimsənilməsi və s. təşkil edirdi.
Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda fəaliyyət göstərərkən, ilk illərdən görmə orqanının patologiyalarına xüsusi diqqət yetirmiş, zərərli sənaye müəssisələrində çalışan insanların oftalmoloji müayinələrdən keçmələrini təşkil etmiş, peşə ilə əlaqədar əmələ gələn göz xəstəliklərinin profilaktikası və müalicəsi ilə ciddi məşğul olmuşdur. O, peşə amili etiologiyalı göz xəstəliklərinin yayılma qanunauyğunluqlarını aşkar etmək üçün Bakı şin zavodunda, neft-kimya və yod sənayesi müəssisələrində, Sumqayıt "Üzvi sintez" İstehsalat Birliyində, Mingəçevir "İzolit" və rezin-texnika məmulatı zavodlarında, Gəncə gil-torpaq kombinatında və digər obyektlərdə işləyənlərin görmə orqanlarına mənfi təsir göstərən amilləri, onların etio-patogenezini diqqətlə öyrənmiş, zərərli peşələrin törətdikləri göz xəstəliklərinin yaranma mexanizmini elmi surətdə əsaslandırmış, onların qarşısını almaq üçün əməli tədbirlər görmüşdür. Zərifə xanım Əliyeva bu xeyirxah işləri yerinə yetirərkən zərərli amillərin təkcə görmə orqanına deyil, bütövlükdə orqanizmə və onun ayrı-ayrı orqanlarına göstərdiyi təsirləri də mükəmməl öyrənmiş, profilaktik və müalicəvi tədbirlərin bu istiqamətdə aparılmasına lazımi şərait yaratmışdır. Alim zərərli müəssisələrdə çalışanların görmə orqanlarını müalicə etməklə, bütövlükdə onların ayrı-ayrı orqanlarını da müxtəlif növ toksinlərin təsirindən mühafizə edərək birbaşa insanların həyatını qoruyurdu.
Görkəmli alimin aktual problemin həlli yollarında apardığı səmərəli işlər tezliklə öz bəhrəsini vermiş və o, 1976-cı il may ayının 27-də M.Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda "Azərbaycanın kimya sənayesinin bir sıra müəssisələrində işçilərdə görmə orqanlarının vəziyyəti" mövzusunda dissertasiya müdafiə edərək, tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Dissertasiya müdafiəsi günü alim özünün tutarlı əyani dəlillərə əsaslanan nüfuzedici çıxışında elmi istiqamətlərinin üstünlüklərini, elmi kamilliyini, cəsarətli eksperimentatorluq bacarığını Moskvada - keçmiş SSRİ-nin məşhur oftalmoloqları qarşısında bir daha təsdiq etmişdir.
Doktorluq dissertasiyası müdafiəsindən bir qədər sonra Zərifə xanım Bakıya qayıdaraq Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda müsabiqə yolu ilə professor vəzifəsinə seçilmiş və qısa müddətdə onun çoxdan layiq olduğu bu elmi adı da təsdiq edilmişdir.
1977-ci ildə Bakıda professor Zərifə Əliyevanın təşəbbüsü ilə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmişdir. Bu plenum alimin daha bir müstəsna keyfiyyətinin, gözəl təşkilatçılıq xüsusiyyətinin üzə çıxmasına imkan yaratmışdı. Bakıda ilk dəfə olaraq belə bir Ümumittifaq miqyaslı plenumun təşkili Azərbaycanda oftalmologiya elminin yeni inkişaf mərhələsinə qədəm qoymasına güclü təkan verdi. Plenumda professor Zərifə Əliyeva elmi məruzəsini başa çatdırdıqdan sonra Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış laboratoriya yaradılması haqqında təklif irəli sürdü və iştirakçılar yekdilliklə bu təklifi müdafiə etdilər. Zərifə xanım 1979-cu ildə Bakı məişət kondisionerləri zavodu nəzdində Azərbaycan Elmlər Akademiyası Fiziologiya İnstitutunun "Görmə orqanının fiziologiyası və peşə patologiyası" adlı unikal bir laboratoriyanın yaradılmasına və onun səmərəli fəaliyyət göstərməsinə nail oldu. Elmin və texnikanın ən son nailiyyətlərinə əsaslanan üç şöbədən ibarət laboratoriya tezliklə yeni cihazlarla zənginləşdirildi, peşə xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi mərkəzinə çevrildi. Şöbələrdən birində görmə orqanının vəziyyəti yoxlanılır, ikincisində diaqnostik-funksional müayinələr aparılır, üçüncüsündə isə cərrahi əməliyyatlar icra edilirdi. Laboratoriyalarda az intensivli toksikliyə malik istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi həyata keçirilirdi. Zərifə xanımın bu təcrübəsi keçmiş SSRİ-nin digər şəhərlərində də bəyənilərək rəğbətlə qarşılanmış və geniş tətbiq edilmişdir. Elmi-tədqiqat işlərinin nəticələri alimin "Şin istehsalında gözün peşə patologiyası", "Xroniki yod intoksikasiyası zamanı oftalmologiya", "Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" kimi monoqrafiyalarında və digər elmi əsərlərində özünün dolğun əksini tapmışdır.
1981-ci ildə ölkəmizin tibb elminin, səhiyyə sisteminin tarixində mühüm bir hadisə baş vermişdir. Moskvadan alınan xəbərdə qeyd edilirdi ki, Azərbaycan alimi Zərifə Əziz qızı Əliyeva silsilə elm-tədqiqat işlərinin dəyərli nəticələrinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına mükafatına layiq görülmüşdür. Bu yüksək mükafata oftalmologiya sahəsində müstəsna xidmətləri olan və beynəlxalq aləmdə tanınan məşhur oftalmoloq-alimlər layiq görülürdü. Diqqəti cəlb edən cəhətlərindən biri də ondan ibarət idi ki, Azərbaycan alimi akademik M.İ. Averbax adına mükafata layiq görülən ilk qadın oftalmoloq-alim olmuşdur. Belə birincilik fədakar əməyin, böyük zəhmətsevərliyin, sənətə vurğunluğun, insanlara olan bəşəri sevginin sayəsində qazanılmışdır.
Zərifə xanım 1982-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri vəzifəsinə seçilmişdir. Burada çalışarkən alimin həm elmi-tədqiqat, həm də pedaqoji fəaliyyətinin təsir dairəsi daha da genişlənmiş, onun xalqın sağlamlığının qorunması naminə tibb elminə və bütövlükdə səhiyyə sisteminə verdiyi töhfələrin həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri xeyli dərəcədə artmışdır.
Zərifə xanım 1983-cü ildə nəzəri və təcrübi təbabətdə qazandığı müvəffəqiyyətlərə, alınan elmi nəticələrinin səhiyyə praktikasında geniş tətbiqinə, yüksəkixtisaslı tibb kadrlarının hazırlanması yolunda göstərdiyi dəyərli xidmətlərinə görə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. O, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk oftalmoloqdur.
Görkəmli alimin elmi-tədqiqat işlərinin mövzu dairəsi çoxşaxəli və genişdir. O, görmə orqanlarının virusla zədələnməsinə, bu səpkidə aparılan müalicə-profilaktika tədbirlərinə silsilə işlər həsr etmişdir. Onun "Herpetik göz xəstəliyi", "Ağır virus konyunktivitləri" və sair əsərləri bu qəbildəndir.
Görkəmli alimin elmi-tədqiqat işlərinin bir qismi görmə orqanının bədxassəli şişlərinin, qlaukomanın etimologiyası, diaqnostikası və müalicəsi məsələlərini əhatə edir. Onun "Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası", "Yaşla bağlı gözün əsəb yollarının dəyişilməsi" və digər monoqrafiyaları göz xəstəliklərinin yaş xüsusiyyətlərinə, "Göz sulanmasının fiziologiyası", "Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi" və digər monoqrafiyaları isə daktriologiyaya həsr edilmişdir. Zərifə xanım Əliyevanın qələmə aldığı fundamental "Terapevtik oftalmologiya", "Oftalmologiyanın aktual məsələləri", "İridodiaqnostikanın əsasları" və sair kitabları bu gün də oftalmoloqların ən çox müraciət etdikləri, oxuyub faydalandıqları əsərlərdəndir.
Zərifə xanım elm və texnologiyaların etikası, həkimlik deontologiyası haqqındakı zərif və saf düşüncələrini öz dəyərli əsərlərində əsaslandırmışdır. Onun qələmə aldığı "Yüksək etimad" kimi dəyərli əsərləri həm bu gün, həm də gələcəkdə gənc həkimlərə düzgün yol göstərən, istiqamət verən, onların bir həkim, bir şəxsiyyət kimi formalaşmalarında ümdə əhəmiyyət kəsb edən əvəzsiz mənbə olaraq qalacaq və aktuallığını heç vaxt itirməyəcəkdir.
Akademik Zərifə xanım Əliyeva çoxsaylı elmi əsərlərin, monoqrafiya, səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifi olmuşdur. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. O, onlarca elmlər doktoru və elmlər namizədinin elmi rəhbəri və məsləhətçisi olmuş, böyük bir elmi məktəb yaratmışdır. Akademik Zərifə xanım Əliyeva oftalmologiya elmində əldə etdiyi nailiyyətlərlə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində göstərdiyi əvəzsiz xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.
Zərifə xanım Əliyeva həm də keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi fədakarcasına çalışmış, bir sıra xarici ölkələrdə səmərəli görüşlər keçirərək, dəyərli çıxışlar, məruzələr etmiş, dünya xalqlarını sülhə, əmin-amanlığa səsləmişdir. O, respublika "Bilik" Cəmiyyəti İdarə Heyətinin, keçmiş SSRİ-nin Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, Moskvada çıxan "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü olmuşdur.
1985-ci ilin aprel ayının 15-də akademik Zərifə Əziz qızı Əliyeva əbədiyyətə qovuşmuşdur.
Görkəmli heykəltaraş Ömər Eldarov akademik Zərifə xanım Əliyevanın xatirəsini əbədiləşdirən "Elegiya" əsərinin təqdimat mərasimindəki çıxışında demişdir: "... Bu abidəyə baxanların hamısı sanki başqalaşır, daha xeyirxah olur, hökmən yaxşı fikir söyləyir. Ona görə ki, Zərifə xanımın obrazı özlüyündə cazibədardır".
İllər bir-birini əvəz etsə də, əvəzolunmaz alimin əziz xatirəsi heç vaxt yaddan çıxmır, daim ehtiramla yad edilir. Qədirbilən xalqımızın, eləcə də ölkəmizin tibb işçilərinin ona olan məhəbbətinin əbədiliyi vaxt və zaman çərçivəsindən çıxaraq sonsuzlaşmış, daimiləşmişdir. Akademik Zərifə Əliyevanın Fəxri Xiyabandakı monumental abidəsi və məzarı önünə hər gün tər çiçəklər qoyulur, xatirəsi əziz tutularaq yad edilir.
Fərəhli haldır ki, akademik Zərifə xanım Əliyevanın adını daşıyan Milli Oftalmologiya Mərkəzi orada çalışan alimlərin, həkimlərin fədakar əməyi sayəsində fəaliyyətini uğurla davam etdirir. Bu möhtəşəm elm, tədris, müalicə-diaqnostika, reabilitasiya mərkəzi öz xeyirxah qapılarını xəstələrin, həkimlərin, tələbələrin, tədris və elmi-tədqiqat işçilərinin üzünə geniş açaraq, regionlarda xeyriyyə müalicə-profilaktika tədbirləri keçirilməsi ənənəsini yaşadan nümunəvi bir tibb müəssisəsinə çevrilmişdir. Mərkəzin əməkdaşları akademik Zərifə Əliyeva ideyalarını daim yaşadır və davam etdirirlər. Onun bəşəri duyğularının saflığından süzülüb gələn şəfqətli ideyaları bu gün də insanlara xoşbəxtlik bəxş etməkdə, qəlblərə nur çiləməkdədir.
Azərbaycan Tibb Universitetinin əməkdaşları tələbə-gəncləri həmişə olduğu kimi, bu il də görkəmli elm xadimi, qayğıkeş müəllim, təvazökar insan kimi qəlblərdə daimi yer tutan, tarixdə əbədiləşən, akademik Zərifə xanım Əliyevanın anadan olmasının ildönümünü geniş qeyd edir, unudulmaz məzununun xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirir.
Akademik Zərifə xanım Əliyeva elm, təhsil, səhiyyə sahələrində, eləcə də ictimai-siyasi həyatda misilsiz xidmətlərinə görə xalqımızın qəlbində, ölkəmizin tarixində görkəmli alim, nümunəvi, qayğıkeş pedaqoq, şəfqətli həkim, nurlu Azərbaycan xanımı kimi qalacaq, daim anılacaq, onun şərəfli ömür yolu və zəngin irsi həmişə örnək olacaqdır.

{nl}

Əhliman ƏMİRASLANOV, akademik, SSRİ Dövlət mükafatı laureatı, Milli Məclisin deputatı

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında