Elmi əməkdaşlıq üçün yeni üfüqlər açılır

Azərbaycan Respublikası öz müstəqilliyini yenidən bərpa etdikdən sonra ulu öndərimiz Heydər Əliyev türkdilli xalqların yaxınlaşmasına böyük əhəmiyyət vermişdir. Hazırda bu siyasət ümummilli liderimizin layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Türkdilli xalqların ictimai-siyasi və elmi-mədəni əlaqələrinin möhkəmləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Bu baxımdan türkdilli ortoped-travmatoloqlar arasında yaradılmış səmərəli elmi əməkdaşlıq da böyük önəm daşıyır. Bir müddət əvvəl Azərbaycan ortoped-travmatoloqları Türkiyə Ortopedlər və Travmatoloqlar Birliyi Dərnəyinin sədri, professor Mahmut Nedim Dorala məktub yazaraq türkdilli ortopedlərin əlaqələrinin yaxınlaşması, birgə əməkdaşlığın təmin edilməsi ilə bağlı müraciət etmişlər. M.Doral Qırğızıstan, Qazaxıstan və Türkiyə ortopedlərinin konqreslərində iştirak etməklə bu istiqamətdə işin başlanmasını zəruri hesab etmişdir.  
Beləliklə, ilk birgə toplantı 6-9 iyul 2011-ci ildə Qırğızıstanın füsunkar İsık-Kul gölünün sahilində baş tutmuş, travmatoloq və ortopedlərin 2-ci Avrasiya konqresi, Qırğızıstan travmatoloq-ortopedlərinin 2-ci qurultayı keçirilmişdir. Konqresdə Azərbaycan Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru, əməkdar elm xadimi, professor Vaqif Verdiyev konqres prezidentinin müavini qismində iştirak etmişdir. Tədbirdə 12 ölkənin nümayəndələri - Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunun direktoru, akademik S.P.Mironov (Moskva), Qazaxıstanın Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru N.J.Batpenov, Özbəkistanın Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru, professor M.J.Əzizov, Tacikistan Respublikasının baş travmatoloqu, professor A.A.Razokov, Türkiyənin Ortopedlər və Travmatoloqlar Birliyi Dərnəyinin (TOTBİD) sədri, professor Mahmut Nedim Doral, almaniyalı professor Volker Atzrodt, italiyalı professor Mario Mercuri, polşalı professor Krisztof Kwiatkowski və s. iştirak edərək maraqlı və aktual problemlərə aid məruzələrlə çıxış etmişlər. Ümumiyyətlə, travmatologiya və ortopediya sahəsində adı çəkilən ölkələrin nümayəndələri 70-dən artıq məruzə ilə çıxış etmişdilər.
Azərbaycanı təmsil edən professor Vaqif Verdiyev ortopediyanın ən mürəkkəb sahələrinə aid 3 maraqlı məruzə ilə çıxış etmişdir. Bunlar döşün anadangəlmə qıfvari deformasiyasının cərrahi müalicəsi, sümük kistalarının təklif edilmiş distraksion osteogenez üsulu ilə müalicəsi və onurğanın ağır deformasiyalarının cərrahi müalicəsinə həsr edilmişdir. Məruzələr iştirakçıların böyük marağına səbəb olmuş, konqresin prezidenti, Qırğızıstanın səhiyyə naziri, professor S.A.Cumabekov və digər iştirakçılar Azərbaycanla ortopediya və travmatologiya sahəsində birgə çalışmaların qurulmasında və toplantıların aparılmasında maraqlı olduqlarını bildirmişlər. Yüksək elmi səviyyədə təşkil edilmiş konqresdə türkdilli ortopedlərin birgə fəaliyyət göstərməsi məsələsi ilə bağlı ilk dəfə ətraflı müzakirələr aparılmışdır. Növbəti konqresin İtaliyada təşkil olunması nəzərdə tutulur.
Bundan sonra 2011-ci il oktyabrın 13-14-də Qazaxıstanın yeni paytaxtı Astana şəhərində ölkənin müstəqilliyinin 20 illiyinə həsr edilmiş travmatoloq və ortopedlərin beynəlxalq elmi-praktiki konfransı keçirilmişdir. Konfransda həmçinin Qazaxıstan Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun 10 illiyi qeyd edilmişdir. Tədbirdə Almaniya, Avstriya, Çin, Türkiyə, Rusiya, Belarus, Ukrayna, Azərbaycan və digər ölkələrin nümayəndələri iştirak ediblər. Azərbaycanı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru, professor Vaqif Verdiyev, tibb elmləri namizədləri A.Q.Qəhrəmanov və A.F.Mirzəyev təmsil etmişlər. Professor V.Q.Verdiyev konfransda vitse-prezident və həmsədrlərdən biri kimi fəaliyyət göstərmişdir. Beynəlxalq tədbiri Qazaxıstanın Baş nazirinin müavini J.K.Orinbayev və səhiyyə naziri Ş.Kairbəyova açmış və iki gün ərzində 100-ə qədər elmi məruzə dinlənilmişdir.
Azərbaycan konfrans iştirakçılarına iki məruzə təqdim etmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, V.Q.Verdiyev və A.F.Mirzəyevin "Azərbaycanda yol-nəqliyyat travmatizmi və onun xüsusiyyətləri" mövzusunda məruzəsi dinləyicilərdə böyük maraq doğurmuşdur. Təqdim edilmiş materiallar, statistik məlumatlar, digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da yüksəksürətli avtomobillərin və ümumən avtoparkın artması ilə əlaqədar yüksək enerjili travma almış xəstələrin sayının artmasını göstərir. Ancaq Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən yaradılmış 12 regional təcili yardım məntəqəsi, onların ən müasir təcili yardım maşınları və reanimobillərlə təchiz edilməsi, onların əsas avtomobil magistrallarında yerləşdirilməsi, xəsarət alanlara ilk tibbi yardımın birbaşa hadisə yerində göstərilməsi müsbət bir hal kimi qiymətləndirilmişdir. Məruzədə qeyd edilmişdir ki, zərərçəkmişlərin ixtisaslaşdırılmış travmatoloji şöbələrə çatdırılması orta hesabla 20 dəqiqə təşkil edir ki, bu da vacib şərtdir. Həmçinin bildirilmişdir ki, Azərbaycanın bütün bölgələrində müalicə ocaqlarının Avropa səhiyyəsi səviyyəsində təmir və təchiz olunması ağır xəstə qrupuna aid olan zərərçəkmişlərə vaxtında və yüksək səviyyəli yardım göstərməyə imkan yaratmışdır.
Azərbaycanın nümayəndələri, eyni zamanda, türkdilli və digər ölkələrdən olan həmkarları ilə gələcəkdə birgə elmi-praktiki işlər aparılması barədə də razılıqlar əldə etmişlər. Xüsusən Türkiyədən olan 33 nəfər həmkarla yeni texnologiyaların Azərbaycana gətirilməsi və tətbiqi istiqamətində danışıqlara başlanmışdır. Türkiyə Ortopedlər və Travmatoloqlar Dərnəyinin sədri Mahmut Nedim Doralla türkdilli ölkələrin travmatoloq-ortopedlərinin gələcəkdə birgə çalışmaları, əməkdaşlığı, konqreslərin keçirilməsi haqda danışıqlar aparılmış, noyabr ayının əvvəllərində Türkiyədə türk beynəlxalq travmatoloq və ortopedlərin konqresində türkdilli dövlətlərin birgə qurumunun yaradılması qərara alınmışdır. Ümumən konqres yüksək səviyyədə keçirilmiş və ixtisasın bütün sahələrini əhatə edərək innovasiyon texnologiyaların tətbiqi haqqında çoxsaylı yeniliklərlə zəngin olmuşdur.
Türkdilli ortopedlərin növbəti görüşü 31 oktyabr - 4 noyabr 2011-ci ildə Türkiyənin Antalya şəhərinin Belek bölgəsində Türkiyə Ortopedlər və Travmatoloqlar Birliyi Dərnəyinin (TOTBİD) XXII beynəlxalq konqresində baş tutub. TOTBİD konqresi iki ildə bir dəfə keçirilir. Konqresə TOTBİD sədri M.Doral və konqres başqanı, professor S.Siber başçılıq ediblər. Tədbirdə 2600-dən çox travmatoloq-ortoped iştirak edib. Toplantılar 8 konfrans salonunda keçirilib. ABŞ, İngiltərə, Fransa, İtaliya, İsveçrə və Almaniyadan olan dünya şöhrətli ortopedlər müxtəlif sahələr üzrə məruzələrlə çıxış edib, ustad dərsləri və kurslar keçiblər. Konqresə TOTBİD tarixində ilk dəfə olaraq türkcə danışan ölkələrin təmsilçiləri - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Tacikistan, Qərbi Trakiya türkləri (Yunanıstan), Bolqarıstan türkləri, Makedoniya, Bosniya nümayəndələri və dərnək başqanları rəsmi olaraq dəvət ediliblər. Azərbaycandan professor Vaqif Verdiyev dəvət alıb. Ümumiyyətlə isə, tədbirə Azərbaycandan 10-dan çox travmatoloq qatılıb. Türkcə danışan ölkələrin nümayəndə heyətlərinə TOTBİD-in fəxri medalları təqdim edilib, konqresin işində fəal iştirak etmiş həkimlərə, Türkiyədə çoxlu tələbə hazırlamış yaşlı nəslin nümayəndələrinə konqresin fəxri medalları təqdim edilib. Professor M.Doral Azərbaycandan Aydın Qəhrəmanova Hacəttəpə Universitetində yerinə yetirdiyi elmi-araşdırma işinə və toplantının işində aktiv iştirakına görə konqresin fəxri medalını təqdim edib.
Tədbir çərçivəsində türkcə danışan ölkələrin birliyi və travmatologiya-ortopediyanın gələcəyi ilə bağlı panel keçirilib. Paneli professor M.Doral aparıb. Hər bir ölkə təmsilçısı yaradılması nəzərdə tutulan birliyi və elmin bu sahəsinin gələcəyini necə gördükləri haqqında danışıb. Azərbaycandan olan professor E.Abbasov Praqada keçirilən son SİCOT konfransında rusca danışan ortopedlərin panelinin keçirildiyini, eyni konqreslərin və toplantıların türkcə danışan ölkələrdə də təşkil olunmasının və ortaq jurnalın nəşrinin vacıbliyini bildirib. A.Qəhrəmanov üç həftə əvvəl Qazaxıstanda türkdilli ölkələrin dövlət başçılarının toplantısında, eləcə də ondan bir neçə gün sonra Bakıda türkdilli ölkələrin media qurumlarının toplantısında inteqrasiya barəsində alınan vacib qərarlar haqqında danışıb, ortoped və travmatoloqların da ortaq elmi və praktiki platformasının yaradılması zərurətini vurğulayıb. Tədbirdə türkdilli ölkələrin ortopediya və travmatologiya kongreslərinin təqvimləri qəbul edilib. Təqvimə əsasən, konqreslər Türkiyədə 2012-ci, Qırğızıstanda 2013-cü, Azərbaycanda 2014-cü, Qazaxıstanda 2015-ci, Tacikistanda 2016-cı, Şimali Kiprdə 2017-ci və Qərbi Trakiyada 2018-ci illərdə keçiriləcək.
Tədbir çərçivəsində, eyni zamanda, türkdilli ölkələrin nümayəndələrinin məruzələri ilə bağlı panel keçirilib. Azərbaycandan professor V.Q.Verdiyevin hazırladığı iki məruzə təqdim edilib. Azərbaycan və Türkiyə travmatologiya-ortopediyasının 20 illik tarıxi və gələcəyi ilə bağlı A.Q.Qəhrəmanov, döş qəfəsinin qıfvari deformasiyalarının cərrahi müalicəsi ilə bağlı isə Türkiyənin Ege Universitetində uzmanlıq təhsili alan doktor Fərhad Verdiyev məruzə ediblər.
Konqresin gedişi yerli mətbuat və televiziya tərəfindən geniş işıqlandırılıb. "TRT Avaz" televiziyası türkdilli ölkələrin nümayəndələrinin çıxışlarını təqdim edib. Hər gün konqresin rəsmi qəzeti yaymlanıb. Türkdilli ölkələrin birliyi və travmatologiya-ortopediyanın gələcəyi ilə bağlı panel qəzetdə konqresin ən vacib paneli olaraq qeyd edilib.

{nl}

Paşa ƏMİRCANOV, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında