Qlobal tütün epidemiyasına qarşı qlobal mübarizə
Bu mübarizədə Azərbaycan da var
{nl}
Bəşəriyyət XXI əsrin əvvəllərindən başlayaraq daha bir problemlə - ağ ciyərin xroniki xəstəliklərinin kəskin artması ilə üz-üzə qalmışdır. Ekologiyanın pisləşdiyi, qlobal tütün epidemiyasının genişləndiyi bir şəraitdə bu növ xəstəliklər təkcə sürətlə yayılmır, həm də bu səbəbdən ölüm halları kütləvi şəkildə artır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozları da artıq bəşəriyyətin qlobal tütün epidemiyası ilə üz-üzə qaldığını və qarşısı alınmazsa bunun böyük fəsadlar törədəcəyini konkret rəqəmlərlə gündəmə gətirir. ÜST-nin apardığı təhlillər göstərir ki, son 20 ildə tütündən istifadənin miqyası nəinki azalıb, əksinə bəzi regionlarda kəskin artıb. Xüsusilə gənclər və inkişaf etməkdə olan ölkələrin əhalisi arasında müşahidə olunan bu tendensiya ona gətirib çıxaracaq ki, 2030-cu ilə qədər olan dövrdə hər il tütün tüstüsü 5 milyondan 8 milyona qədər insanı ölümə məhkum edəcək. Bu isə QİÇS-dən, vərəmdən və malyariyadan bir yerdə ölənlərin sayından çoxdur. Nəfəs yollarının patalogiyası səbəbindən həyatını itirənlərin 50 faizinin ölümünə məhz tütün səbəb olacaq. Mütəxəssislər belə nəticəyə gəliblər ki, bu epidemiyanın qarşısının alınması üçün dünya dövlətləri səy göstərməzsə, qarşıdakı 50 ildə tütündən istifadədən 520 milyon insan öləcək. Çünki hazırda bu ziyanlı vərdişdən bir milyarddan çox insan əziyyət çəkir və 2025-ci ilə qədər onların sayı 1,5 milyardı keçəcək.
Bütün dünyada xəstəliklərin inkişafının risk faktoruna görə tütün dördüncü pillədədir. Tütündən istifadəyə görə çəkilən xərclər iqtisadiyyata da dağıdıcı zərbə vurur.
Ən təhlükəli və təşviş doğuran gerçəkliklərdən biri də ondan ibarətdir ki, bu gün məktəb yaşlı və yeniyetmə uşaqlar arasında da bu ziyanlı vərdişə yoluxanların sayı sürətlə artır. Mövcud araşdırmalar göstərir ki, bu gün tütün tüstüsü aludəçilərinin üçdə ikisi məhz yeniyetmə yaşlarından siqaret çəkməyə başlamışlar. Bir sözlə, siqaret - bu sadəcə zərif kağıza bükülmüş tütün yarpağı deyil, asılılıq yaratmaq və öldürmək üçün hazırlanmış yüksək texnoloji məhsuldur. Bu işdə tütün industriyası heç bir millətə və xalqa fərq qoymadan qlobal güc alaraq fəaliyyət göstərir. Bu gün tütünün xeyrinə bir dənə də olsun həqiqi iqtisadi və tibbi arqument yoxdur. O, sadəcə, insanlara qəsd edir və milli xəzinəni boşaldır. Təsəvvür edin ki, tütün sənayesinə və onların marketinqinə gündəlik 11 min yeni tütün istifadəçisi lazımdır ki,bu insanlar onların məhsulu üzündən həyatlarını itirmiş adamları əvəz etsin. Hər səkkiz saniyədə tütünlə bağlı xəstəlikdən bir insan ölür və elə bu müddətə də onu yeni birisi əvəz edir.
Təbii ki, kifayət qədər həyəcanlı və qorxulu bu rəqəmlər və arqumentlər bizim ölkədən, xalqımızdan da yan keçmir. Azərbaycanın göstəriciləri də ürəkaçan deyil. 1999-cu ilin statistikasına görə bizim ölkədə kişilərin arasında tütündən istifadə 30,2 faiz olmuşdursa 2006-cı ildə Azərbaycanda keçirilmiş demoqrafiya və sağlamlıq sorğusunun nəticələrinə görə 15-49 yaş arasında bu zərərli vərdişin aludəçiləri 49 faiz təşkil etmişdir. Unutmaq olmaz ki, bizdə qadınların tütündən istifadəsi də istisna deyil. 1999-cu ilin məlumatına görə qadınların 1,1 faizi tütündən istifadə edirdisə, hazırda bu rəqəm daha böyük ola bilər.
Beləcə, tütünün bütün dünyanın sağlamlığına hücuma keçdiyini görən Ümumdünya Səhiyyə Təşkilatı bu qlobal çağırışa cavab verdi. 1996-cı ildə qlobal tütün epidemiyasının qarşısını almaq məqsədilə 49-cu Ümumdünya Səhiyyə Assambleyası tütünlə mübarizə haqqında beynəlxalq çərçivə konvensiyasının işlənib hazırlanması təşəbbüsü ilə çıxış etməyi Ümumdünya Səhiyyə Təşkilatının baş direktorundan xahiş etdi. ÜST-ün belə presedentsiz təşəbbüsünə səbəb tütündən istifadənin insanların sağlamlığına təsirinin miqyası haqqında real elmi məlumatlar oldu.
21 may 2003-cü ildə Ümumdünya Səhiyyə Assambleyası bütün dünya dövlətlərinin tam hüquqlu nümayəndələrinin işləyib hazırladıqları tütünə qarşı mübarizə üzrə çərçivə konvensiyasının bitmiş mətnini təsdiq etdi.
Konvensiya 2003-cü il iyunun 30-dan 2004-cü il iyunun 29-na qədər BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında bütün dünya dövlətlərinin imzalaması üçün açıq idi. Bu müddətdə konvensiyanı dünyanın 167 dövləti imzaladı. Bu gün onların sayı 192-yə çatır və bu sırada Azərbaycan Respublikası da var.
Bu günə olan məlumata görə Çərçivə Konvensiyasını 160-dan çox dövlət ratifikasiya etmişdir və onların sayı çox sürətlə artır.
Çərçivə sazişi də qeyd etdiyimiz kimi, məhz tütün epidemiyasının qloballaşmasına cavab olaraq yaranmışdır... Bu epidemiya müxtəlif mürəkkəb faktlar - ticarətin liberallaşması və birbaşa xarici investisiyaların sayəsində yayılır. Başqa faktorlar - qlobal marketinq, transmilli tütün reklamı, satışın stimullaşdırılması və sponsorluq, həmçinin, beynəlxalq kontraband və kontrafakt tütün məmulatlarının daşınması da tütündən istifadənin təhlükəli artımına öz xidmətini göstərir.
Çərçivə Konvensiyasının iştirakçı dövlətləri, həmçinin, Azərbaycan öz üzərinə bir tərəfdən tütün məhsullarına tələbatın və istifadəsinin azalması ilə, digər tərəfdən isə tütün məmulatlarının idxalına nəzarətlə bağlı siyasət və qanun işləyib hazırlamaq və qəbul etmək öhdəliyi götürürlər.
Azərbaycan Respublikası 2005-ci il sentyabrın 20-də "Tütünə qarşı mübarizə haqqında" Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyasına qoşulmaq barədə qanun qəbul etmiş və bununla da üzərinə bir çox öhdəliklər götürmüşdür. Beş il müddətində həyata keçiriləcək bu öhdəliklərin ən əsası ÜST-ün Çərçivə Konvensiyasının tələblərinə uyğun tütünə qarşı mübarizə üzrə Milli Strategiyanın və antitütün siyasətinin daha səmərəli tədbirlərinin həyata keçirilməsini də özündə birləşdirən planın qəbul edilməsidir. Qəbul ediləcək Milli Strategiya dövlətin antitütün siyasətinin prioritetlərini göstərəcək və əsasən lobbistlərin destruktiv təsirindən müdafiəyə xidmət edəcək.
Çərçivə sazişi tütün məmulatlarından istifadənin məhdudlaşdırılması və onun təsirinin azaldılması üçün əsasən dövlətlərin hökumətləri qarşısında aşağıdakı vəzifələri qoyur: - əhalini tütünün tüstüsündən müdafiə edəcək qanunun qəbul edilməsi. Bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisində qanun layihəsi hazırlanır və Səhiyyə Nazirliyi də parlamentin müvafiq komissiyasına öz təkliflərini vermişdir.
Qiymətlərin müəyyənləşdirilməsi və vergi tədbirlərinin tətbiqi vasitəsilə insanları tütün məmulatı almaqdan uzaqlaşdırmaq. Konvensiyasının bu tələbi ilə bağlı müvafiq təkliflər işlənib hazırlanmış və respublikanın Taarif Şurasına və parlamentə təqdim olunmuşdur. Bunu zəruri edən bir çox amillər var.
Ekspertlər qiymət amilinin tütünlə mübarizədə xüsusi əhəmiyyət daşıdığını bildirirlər. Müqayisə üçün qeyd edək ki, Aİ ölkələrində aksizlərin minimal məbləği 1,8 dollar təşkil edir, Avropa ailəsindən olan bir çox ölkələrdə isə bu rəqəm 7,5-8 dollara bərabərdir. Məsələn, Polşadakı təcrübə göstərir ki, tütünə olan aksizlərin Aİ-nin minimum səviyyəsinə uyğunlaşdırılması belə, 2008-ci ildə tütünə tələbatı 10 faiz, 2009-cu ilin ilk rübündə isə 2008-ci illə müqayisədə daha 15 faiz aşağı salıb. Nəzərə almaq lazımdr ki, tüstü çəkməyin "qiyməti" - təkcə insan sağlamlığı üçün faciəli nəticələr vermir, həm də böyük sosial iqtisadi xərcdir. Təsəvvür edin ki, bütün dünya ölkələrinin tütün çəkənləri ildə siqaretə 100 milyard ABŞ dolları xərcləyirlər. Məsələn, təkcə Qazaxıstandakı tütün şirkətlərinin illik gəliri 250 milyon dollar təşkil edir ki, bu da ölkənin səhiyyəsinə ayrılan büdcənin tən yarısıdır.
Çərçivə Konvensiyasının digər mühüm tələblərindən biri tütün məmulatlarının reklamının və hərəkətinin, tütün şirkətlərinin sponsorluğunun tam qadağan olunmasıdır. 102 ölkədə aparılmış təhlillər göstərir ki, tütündən istifadənin reklamının tam qadağan olunması istifadənin azalmasına kəskin təsir göstərir. Azərbaycanda bu məsələ bir çox qanunvericilik aktları ilə tənzimlənsə də, elə bilirik ki, tütünün reklamının qanunla tam qadağan olunması onun dolayı yollarla reklamını da aradan qaldırardı. Bu da belə nəticəyə gəlməyə əsas verir ki, respublika parlamenti "Tütünə qarşı mübarizə" haqqında ayrıca bir qanun işləyib hazırlamalı və qəbul etməlidir.
Mühüm tələblərdən biri də tütündən istifadənin təhlükəliliyi haqqında əhalinin məlumatlandırılması və maarifləndirilməsi üzrə proqramın işlənib hazırlanmasıdır. Bu istiqamətdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi müvafiq layihələr işləyib hazırlamışdır. Bununla paralel olaraq mərkəz proqram qəbul edilənə qədər də bir sıra mühüm tədbirlər həyata keçirmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə sosial iqtisadi, o cümlədən səhiyyə sahəsində həyata keçirilən islahatlar biz səhiyyə işçiləri qarşısında da çox ciddi vəzifələr qoyur. İstər regionlarda, istər paytaxtda yeni və müasir tələblərə cavab verən səhiyyə obyektlərinin tikintisi, fəaliyyətə başlayan bu səhiyyə müəssisələrinin ən qabaqcıl texnologiya ilə hazırlanmış tibbi avadanlıqla təchiz edilməsi, səhiyyə nazirinin bilavasitə rəhbərliyi ilə gerçəkləşən səhiyyə islahatları, bir çox xəstəliklərə qarşı mübarizə məqsədilə qısa vaxtda işlənib hazırlanmış və qəbul edilmiş 9 Dövlət Proqramının həyata keçirilməsi üçün büdcədən kənar dövlət vəsaitinin ayrılması onu göstərir ki, əhalinin sağlamlığı dövlətimizin prioritet hesab etdiyi vacib məsələlərdəndir. Azərbaycanın, əvvəldə qeyd etdiyimiz kimi, 2005-ci ildə "Tütünə qarşı mübarizə üzrə" Çərçivə Konvensiyasına qoşulmasının da mahiyyətində məhz respublika vətəndaşlarının sağlamlığının dövlət təminatı durur.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) yarandığı ilk gündən ÜST-ün Çərçivə Konvensiyasının qarşıya qoyduğu vəzifələr istiqamətində müxtəlif istiqamətlərdə bir sıra mühüm tədbirlər həyata keçirmişdir.
Mütəxəssislərimizin və ekspertlərimizin qarşısında qoyduğumuz ilk vəzifə Azərbaycan Respublikasının tütünlə mübarizə üzrə Milli Strategiyasının hazırlanması olmuşdur. İlkin variantı hazır olan strategiyada ÜST-ün Çərçivə Konvensiyasının qaydalarına uyğun olaraq, dövlətin antitütün siyasətinin əsas istiqamətləri və görüləcək tədbirlər əksini tapmışdır. Bunlardan, əsasən, dördü daha səmərəli tədbirlər hesab olunur: tütün məmulatlarına aksizlərin qaldırılması, qapalı yerlərdə 100 faiz tütünsüz mühitin yaradılması, tütünün istənilən reklamının və istehsalçılarının sponsorluğunun tam qadağan olunması, həmçinin, siqaret qutularının üstündə tütünün insan sağlamlığı üçün ziyanını göstərən rəngli şəkillərin yerləşdirilməsi.
Bu gün siqaret qutusunun üstündə tütün çəkməyin ölümcül təhlükəsini göstərən təsvirin verilməsini həyata keçirən 20 ölkənin təcrübəsi göstərir ki, belə təsvirlər bu ziyanlı vərdişin sahiblərini daha ətraflı məlumatlandırır, nəinki bu təsviri siqaret qutusunun üzərində verməyən ölkələrin siqaret çəkənlərini.
Milli strategiyada əksini tapan bu tədbiri bu gün real olaraq həyata keçirmək imkanımız olmasa da, digər kütləvi maarifləndirici tədbirləri müntəzəm həyata keçiririk. Bu tədbirlər sırasında paytaxtda, şəhər və rayonlarda əhali ilə "Siqareti atın", "Tütünsüz həyat", "Tütün və qadınlar", "Tütün və xərçəng - bir yerdə", "İdman tütünə qarşı" mövzularında mühazirə və söhbətlər aparılır, səhiyyə və müalicə profilaktika müəssisələrində tütün çəkməyin ziyanı haqqında sanitar bülletenlər, plakatlar vurulur, yeniyetmələr və gənclər arasında tütün çəkməyin yayılmasının ziyanı mövzusunda konfranslar keçirilir. Tibb işçilərinin iştirakı ilə məktəblilərlə "Tütün çəkmək haqqında bütün həqiqətlər", "Sağlam bədəndə sağlam ruh olar", "Bir damcı nikotin öldürür..." və sair mövzularda söhbətlər aparılır, disputlar keçirilir.
İSİM-in mütəxəssislərinin hazırladıqları "Ziyansız tütün olmur", "Siqaret, yoxsa sağlamlıq", "Sağlamlıq üçün təhlükə" və sair müxtəlif buklet və əyani vəsaitlər ali və orta ümumtəhsil məktəblərində, kütləvi tədbirlərdə əhaliyə paylanır.
Etiraf etmək lazımdır ki, tütünün ziyanı, tütün çəkməyin insan sağlamlığı üçün təhlükəsinin miqyasını geniş əhali kütləsinə çatdırmaq işində kütləvi informasiya vasitələri daha çox köməyimizə gəlir. Müxtəlif qəzet və jurnallarda dərc etdirdiyimiz mütəxəssis yazılarında tütün tüstüsünün təkcə onun birbaşa istifadəçilərinə deyil, ətrafdakı insanların sağlamlığına da ciddi təhlükə törədildiyi geniş əksini tapır.
Televiziya kanallarında "Siqaretə "yox" deməyi bacar", "Siqaretsiz həyat" kimi film-çarxlar vaxtaşırı nümayiş etdirilir.
Lakin biz çox istərdik ki, KİV, xüsusilə, televiziya kanallarımız bəşəriyyət üçün, o cümlədən bizim xalqımız üçün böyük bəlaya çevrilən tütün epidemiyası ilə bağlı materiallar, verilişlər hazırlasınlar, bu tüstünün insan həyatını necə zəhərlədiyini tamaşaçılarına, oxucularına çatdırsınlar. Mənə elə gəlir ki, tütünə qarşı mübarizədə onlar da vətəndaşlıq mövqeyi nümayiş etdirməlidirlər.
Qarşıda 31 may ümumdünya tütündən imtina günü gəlir və bununla bağlı İSİM bir çox tədbirlər nəzərdə tutub. Bu tədbirlər sırasında uşaqlar arasında tütünə qarşı mübarizəni əks etdirən rəsm müsabiqəsinin və jurnalistlər arasında bu mövzuda yaradıcılıq müsabiqəsinin keçirilməsi əsas yerlərdən birini tutur.
Artıq bir ilə yaxındır ki, İSİM-in tütünlə mübarizə məqsədilə hazırladığı www.tobaccocontrol.az saytı fəaliyyət göstərir. Saytda tütünlə mübarizə, onun tarixi, insanlıq üçün törətdiyi bəlalar, mütəxəssis rəyləri və müxtəlif tədqiqat materialları yer almışdır.
Görülən bütün bu tədbirlər tütünə qarşı mübarizə üzrə Milli Strategiyamızın əsas istiqamətləridir. İlkin variantı müzakirə edilən bu Milli Strategiyada Səhiyyə Nazirliyi ilə yanaşı, Təhsil, Kənd Təsərrüfatı, Daxili İşlər, Vergilər, Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin də üzərinə böyük vəzifələr düşür.
Çərçivə Konvensiyası, həqiqətən ictimai səhiyyə sahəsində tarixi bir sənəddir. Bu gün, tütün epidemiyasının qloballaşdığı bir şəraitdə, əgər tütünə nəzarətin milli və beynəlxalq aspektlərinə birgə baxılmazsa bu, tütünə nəzarət üzrə ən yaxşı və hərtərəfli milli proqramı belə məhv edəcək. Məhz buna görə qlobal tütün epidemiyasına qarşı birgə qlobal mübarizə aparılmalıdır.
Azərbaycanın dövlət başçısının da, respublika hökumətinin də bu istiqamətdə mövqeyi ölkəmizdə həyata keçirilən tədbirlərdən aydın görünür. Şübhəsiz ki, Azərbaycan tütünün və tütün məmulatlarının qlobal yayılmasına qarşı mübarizədə həmişə Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyasına qoşulan ölkələrlə birgə olacaq.
{nl}
Aris RÜSTƏMOV, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin kadrlar idarəsinin rəisi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.