Artıq Azərbaycan ictimaiyyətinə məlum olduğu kimi, sentyabrın 12-də Bakıda Dünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin 61-ci sessiyası öz işinə başlayıb. Tədbirdə dünyanın 53 ölkəsindən, Mərkəzi və Şərqi Avropa, Müstəqil Dövlətlər Birliyi ölkələrindən səhiyyə sahəsində çalışan 400-dən çox nümayəndə iştirak edir.
Belarus, Estoniya, Gürcüstan, Litva, Moldova, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Ukrayna, Almaniya, Türkiyə və s. ölkələr Bakı sessiyasında təmsil olunur. Sessiyada Avropa səhiyyə sisteminin son durumu ilə bağlı hesabat dinlənilib, eyni zamanda, təşkilatda aparılan islahatlar, qarşıda duran vəzifələr müzakirə edilir. Tədbir sentyabrın 15-dək davam edəcək. Bu, çox möhtəşəm bir tədbirdir. Məlum olduğu kimi, BMT-nin nüfuzlu qurumlarından olan Dünya Səhiyyə Təşkilatı dünyanın səhiyyə sistemində olan problemləri araşdırır və onlarla bağlı müvafiq təklif və tövsiyələrini verir. Hazırda Bakıda davam edən növbəti, 61-ci sessiyada da beynəlxalq miqyasda səhiyyə sahəsini əhatə edən problemlər nəzərdən keçirilir, müzakirə edilir, səhiyyədə yeni Avropa siyasətinin işlənib hazırlanması, qeyri-infeksion xəstəliklər, vərəm, şəkərli diabet, narkomaniya və s. kimi mürəkkəb, bütün dünya üçün mühüm əhəmiyyət kəsb edən məsələlərlə bağlı fikir mübadiləsi aparılır.
Bəri başdan onu da qeyd edim ki, Bakı qonaqları özünəməxsus yüksək qonaqpərvərlik ənənələri ilə qarşıladı. Sentyabrın 12-də Səhiyyə Nazirliyinin aparıcı mütəxəssisləri, məsul işçiləri qonaqların qəbul edilməsi ilə məşğul oldu, onları şəhərimizin tarixi və mədəni abidələri, gəzməli, görməli yerləri ilə tanış etdilər. Qonaqlar Bakının son illər ərzində gözəl və müasir bir şəhərə çevrildiyini, iqtisadi inkişaf istiqamətində aparılan ardıcıl və məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycanda çox böyük tərəqqiyə nail olunduğunu qeyd etdilər.
"Gülüstan" sarayında təşkil edilən tədbirdə iştirak edən Azərbaycan Prezidenti cənab İlham Əliyev qonaqları hərarətlə salamladı və Azərbaycanın son illərdə apardığı siyasət, əldə etdiyi sosial-iqtisadi nailiyyətlər haqqında çox geniş və ətraflı çıxış etdi. Bu çıxış qonaqlarda belə bir təəssürat oyatdı ki, Azərbaycan dünyada çox böyük sürətlə inkişaf edən ölkələrdən biridir, bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də böyük islahatlar aparılır, ölkənin bütün regionlarında 400-dən çox səhiyyə ocağı ya tikilib, ya da mövcud tibb müəssisələrində müəyyən yenidənqurma işləri görülüb, respublikanın 14 bölgəsində müasir müalicə-diaqnostika mərkəzləri açılıb. Bu da imkan verir ki, xəstələr birbaşa yaşadıqları yerlərdə tamhəcmli müayinə və müalicə ala bilsinlər. Qeyd olundu ki, bizim gənclər artıq dünyanın bütün inkişaf etmiş ölkələrində təhsil alırlar. Gələcəkdə səhiyyə sistemimizdə çalışacaq gənc mütəxəssislər öz işlərini tamamilə dünya standartlarına uyğun şəkildə qura biləcəklər və əhaliyə yüksək səviyyəli tibbi xidmət göstərəcəklər.
Sessiya zamanı çıxışlarda qeyd edildi ki, belə bir möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq qurumların ölkəmizə çox yüksək münasibətindən xəbər verir və bu, respublikamızda keçirilən geniş miqyaslı, dünya səviyyəli tədbirlər silsiləsindən növbətisidir. Bu tədbir, eyni zamanda, bizim səhiyyənin müstəqillik dövründə, xüsusilə son illərdə genişmiqyaslı islahatlar aparmasının, bu sahədə yüksək nailiyyətlər qazanmasının nəticəsidir.
Səhiyyə nazirimz Oqtay Şirəliyev də Azərbaycan səhiyyəsinin keçdiyi inkişaf yolu haqqında geniş məlumat verərək qeyd etdi ki, bütün bunlar ölkə rəhbərliyinin, eləcə də Heydər Əliyev Fondunun əhalinin sağlamlığı məsələlərinə böyük diqqət yetirməsi nəticəsində mümkün olmuşdur. Nazir bildirdi ki, əvvəllər bizim xəstələr müalicə almaq üçün respublikadan kənara getməyə can atırdısa, indi Azərbaycanda müasir dünya standartlarına uyğun müalicə ocaqları və tibbi avadanlıqlar var. Məhz buna görədir ki, artıq xarici ölkələrdən müalicə üçün Azərbaycana gəlirlər. Belə müasir müalicə ocaqları arasında Milli Onkoloji Mərkəzin, Oftalmoloji Elmi Mərkəzin, Cərrahiyyə Elmi Mərkəzinin, Talessemiya Mərkəzinin, Uroloji Mərkəzin, Travmotologiya İnstitutunun, Ortopediya Mərkəzinin və s. adlarını çəkmək olar. Bütün bu mərkəzlərdə tibb elminin ən son nailiyyətlərinə əsaslanan müasir müayinə-müalicə kompleksi yaradılıb. Azərbaycan bir sıra digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də bu kimi göstəricilərinə görə dünyada nüfuz qazanmaqdadır.
Qonaqlar ictimai səhiyyənin bu və digər problemi ilə əlaqədar çıxışlarında bildirdilər ki, Azərbaycan özünün son illərdəki nailiyyətləri ilə bir çox Avropa dövlətləri üçün nümunə ola bilər. Bu tədbir avropalı qonaqlara, eyni zamanda, Azərbaycanın müasir, mədəni bir dövlət, Azərbaycan xalqının dünya xalqları ilə bir ailədə, mehriban qonşuluq şəraitində yaşamağa qadir bir xalq olduğunu göstərdi. İnanırıq ki, Bakıdan qayıdanda bu qədər qonaq özü ilə Azərbaycan haqqında ən xoş xatirələr aparacaq. Həm də bizim ən ağır problemimiz olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimizi öz ölkələrində yayacaqlar. Biz sessiya çərçivəsində onlarla bu mövzuda da geniş söhbətlər aparmış, münaqişənin səbəbləri və ondan çıxış yolları haqqında məlumatlar vermişik.
Onu da qeyd etmək istəyirəm ki, qonaqlar sessiyanın təşkili ilə bağlı da yüksək fikirlər söyləyirlər. Hətta deyənlər var ki, bilmirik Parisdəyik, Londondayıq, Nyu-Yorkdayıq. Onlar özlərini öz evlərindəki kimi rahat hiss edirlər. Onların qarşılanması, yerləşdirilməsi, otellər, multimedia sistemi, tədbirlərin keçirildiyi zallar o qədər yüksək səviyyəlidir ki, onlar özlərini inkişaf etmiş Avropa ölkəsində olduğu kimi hiss edirlər. Eyni zamanda, Azərbaycan xalqı haqqında da qonaqlarda çox yüksək təəssürat yaranıb. Bunu biz onlarla söhbətlər zamanı görür, eşidirik. Hesab edirəm ki, belə tədbirləri gələcəkdə də davam etdirmək lazımdır. Gələn il Bakının "Eurovizion"a ev sahibliyi etməsi də respublikamızın müsbət imic qazanmasında böyük rol oynayacaq. Hazırkı beynəlxalq səhiyyə tədbirinin Bakıda keçirilməsi isə həm dünya, həm də Azərbaycan səhiyyəsinə böyük töhfə verəcək, Azərbaycan səhiyyəsinin dünya səhiyyəsinə inteqrasiyasına kömək edəcək.
{nl}
Vaqif VERDİYEV, Travmotologiya və Ortopediya İnstitutunun direktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.