Ordubad Rayon Mərkəzi Xəstəxanasının yeni binası istifadəyə verilmişdir

Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsinin 20-ci ildönümü ərəfəsində Ordubad Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışı olmuşdur.
Ordubad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hacağa Bağırov və xəstəxananın baş tibb bacısı Elnarə Həmdiyeva göstərilən yüksək qayğıya görə minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, mərkəzi xəstəxananın yeni binasında tibb işçiləri üçün yaradılan şərait, quraşdırılan müasir tibbi avadanlıq rayon əhalisinə göstərilən səhiyyə xidmətinin səviyyəsini daha da artırmağa, onların kənara getmədən rayonun özündə lazımi tibbi xidmətlər almalarına imkan yaradacaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində çıxış edərək demişdir ki, bu il ölkəmizdə müstəqilliyimizin bərpasının 20 illiyi qeyd olunacaqdır. Eyni zamanda, sentyabrın 3-də ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsinin 20 ili tamam olur. Bu, Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ olmaqla yanaşı, həm də ölkəmizdə bütün sahələrdə qazanılan uğurların başlanğıcı, istinad nöqtəsidir. Ümummilli liderimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il 4 sentyabr tarixli sessiyasındakı bəyanatında bu barədə demişdir: "Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm".
Ali Məclisin sədri demişdir ki, ulu öndərimiz o ağır dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsinə razılıq verməsəydi, sonrakı illərdə isə Azərbaycanın siyasi rəhbərliyinə qayıtmasaydı, biz indi müstəqilliyimizin 20 illiyini qeyd edə bilməzdik. Ancaq həmin vaxt tale Azərbaycan xalqının tərəfində idi. Ulu öndər siyasi hakimiyyətə qayıtmaqla Azərbaycanı xilas etdi, inkişaf təmin olundu.
Ali Məclisin sədri bu gün Heydər Əliyev yolunun, Heydər Əliyev ideyalarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, bu yolun uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın bütün bölgələri, eyni zamanda, muxtar respublikamız da inkişaf edir, bütün sahələrdə nailiyyətlər əldə olunur. Belə bir inkişafdan Ordubad rayonuna da pay düşüb, rayonda ən müasir tələblərə cavab verən xəstəxana binası inşa olunaraq istifadəyə verilir. Əlamətdar günlər ərəfəsində xəstəxana binasının istifadəyə verilməsinin özü də bir rəmzi hadisədir. Ona görə ki, bu xəstəxanada müstəqil ölkəmizin ən qiymətli sərvəti olan insanların sağlamlığı qorunacaqdır.
Ali Məclisin sədri Ordubad rayon sakinlərini əlamətdar bayramlar və yeni xəstəxana binasının açılışı münasibətilə təbrik edərək demişdir ki, Ordubad şəhərində ilk həkim məntəqəsi 1920-ci ildə fəaliyyətə başlamış, 1925-ci ildə isə Ordubad şəhərində 10 çarpayılıq xəstəxana rayon sakinlərinin istifadəsinə verilmişdir. Bu xəstəxana 1978-ci ilədək fəaliyyət göstərmişdir. Ulu öndərimizin rəhbərliyi ilə ötən əsrin 70-ci illərində Azərbaycanın hər bir guşəsində yeni sosial obyektlər inşa olunmuşdur. 1978-ci ildə Ordubad şəhərində də xəstəxana binası tikilərək istifadəyə verilmişdir. Bu gün ölkəmizdə Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsi olaraq Ordubad şəhərində rayon mərkəzi xəstəxanasının yeni binası istifadəyə verilir. Demək olar ki, bu gün rayonda səhiyyə xidməti əhatəli şəkildə təşkil olunmuşdur. Rayonda 11 həkim ambulatoriyası, 31 feldşer-mama məntəqəsi, 2 bölmədən ibarət yoluxucu xəstəliklər şöbəsi, mərkəzi xəstəxana fəaliyyət göstərir.
Ali Məclisin sədri Ordubad rayonunun səhiyyə işçilərinin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərini qeyd etmiş, bu münasibətlə rayonun bütün səhiyyə işçilərinə təşəkkürünü bildirmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır.
Rəmzi açılışı bildirən lent kəsildikdən sonra xəstəxana binasına baxış olmuşdur.
Məlumat verilmişdir ki, Ordubad Rayon Mərkəzi Xəstəxanası 66 çarpayılıqdır. Bina əsas və yoluxucu xəstəliklər korpuslarından ibarətdir.
Əsas korpus zirzəmi qatı ilə birlikdə beşmərtəbəlidir. Burada stasionar, poliklinika, təcili yardım, doğum və ginekologiya şöbələri yerləşir.
Ali Məclisin sədri xəstəxananın kollektivinə "Mercedes Benz" markalı təcili tibbi yardım avtomobilinin açarını təqdim etmişdir.
Rayon mərkəzindən xəstəxana binasına qədər olan 650 metr avtomobil yolu yenidən qurulmuş, asfalt-beton örtük salınmış, yol kənarına 2300 metr uzunluğunda səki daşları düzülmüşdür. Həmçinin Dübəndi çayı üzərində 20 metr uzunluğunda, 12 metr enində yeni körpü tikilmişdir.
Açılış mərasimində iştirak edən rayon ziyalıları bildirmişlər ki, Ordubadda belə yüksək şəraitə malik olan xəstəxana binasının istifadəyə verilməsi dövlətimizin insan amilinə, sağlamlığa göstərdiyi diqqət və qayğının ifadəsidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında