Səhiyyə Nazirliyi postsovet ölkələrinin bəzilərində tibb təhsili alan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edir

Səhiyyə Nazirliyi bir neçə postsovet ölkəsində tibb təhsili alan Azərbaycan vətəndaşlarına xəbərdarlıqla müraciət edib. Trend-in məlumatına görə, Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, bir neçə postsovet ölkəsində tibb təhsili sistemində internatura sistemi hələ də qalır. Bu isə Azərbaycanın hazırkı tibbi tədris proqramına uyğun gəlmir. Ona görə də nazirlik belə diplom almış vətəndaşlara xəbərdarlıqla müraciət edərək bildirir ki, onların yiyələndiyi ixtisaslar Səhiyyə Nazirliyinin işə buraxılma komissiyası tərəfindən qəbul edilməyə bilər.
E.Ağayev deyib ki, 2009-cu ilin sentyabrında qəbul olunmuş "Təhsil haqqında" Qanunda tibbi təhsil iki mərhələyə - baza tibb təhsili və həkim mütəxəssislərin hazırlığını nəzərdə tutan rezidentura mərhələsinə bölünüb.
Nazir müavini bildirib ki, yeni, mərhələli tibb təhsili sisteminə keçilmə bir sıra problemlər yaradır.
"Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş "Rezidenturanın məzmun və formasının təşkili qaydalarında" da göstərilir ki, yeni tədris proqramı qəbul olunmalıdır. Bu da artıq qəbul olunub. İndi artıq digər ölkələrdə tibb təhsili alıb və mütəxəssis kimi yetişmiş həkimlər nazirlikdə işə buraxılma komissiyasında bir daha sınaqdan keçməlidirlər. Çox zaman dünyanın tanınmış universitetlərini bitirmiş həkimlərin ixtisas şəhadətnamələri heç onlar özləri sorğuya dəvət olunmadan qəbul edilə bilir. Ancaq bəzi postsovet ölkələrində hələ də internatura sistemi qalır və bu da bizim bugünkü tədris proqramımıza uyğun gəlmir. Ona görə də bu cür diplom almış vətəndaşlara bir daha xəbərdarlıq etmək istəyirik ki, onların dar çərçivədə yiyələndiyi ixtisaslar bu komissiyadan keçməyə bilər. Çünki onların tədris proqramı Azərbaycanın tədris proqramına uyğun gəlməyəcək. Onlar yenidən rezidenturaya imtahan verib bu ixtisasları almaq məcburiyyətində qalacaqlar. Əsas problem Ukrayna, Rusiyada alınan diplomlarla bağlı olur", E.Ağayev qeyd edib.
Nazir müavini bildirib ki, xarici ölkələrin ali məktəblərində tibb təhsili alan Azərbaycan vətəndaşlarının diplomlarının tanınması Səhiyyə Nazirliyinin səlahiyyətində deyil. Diplomlar Təhsil Nazirliyi tərəfindən tanınır.
"Sadəcə olaraq, Təhsil Nazirliyi tərəfindən diplomu təsdiq olunmuş şəxslərin, həkimlərin işə buraxılmasını Səhiyyə Nazirliyi həyata keçirir. Bununla əlaqədar uzun illərdir ki, nazirlikdə işə buraxılma komissiyası fəaliyyət göstərir. Sadəcə olaraq, "Təhsil haqqında" Qanun qəbul edilənə qədər başqa ölkələrdə, yəni postsovet məkanında klinik ordinaturadan keçənlərin də şəhadətnamələri, vəsiqələri Səhiyyə Nazirliyi tərəfindən tanınırdı. Qanundan sonrakı müddətdə ordinaturadan keçənlərin vəsiqələri isə, yəqin ki, tanınmayacaq. Onlar yenə də hansısa ixtisasa yiyələnmək istəyirlərsə, rezidenturaya imtahan verməyə məcburdurlar", - deyə E.Ağayev bildirib . Onun sözlərinə görə, rezidenturaya qəbulla əlaqədar bu ildən Azərbaycan Tibb Universitetində internaturaya qəbul keçirilməyəcək.
E.Ağayev qeyd edib ki, 2010-cu ilin martında Nazirlər Kabineti tərəfindən rezidenturanın təşkili qaydaları təsdiqlənib. Bu ilin sentyabrında dövlət sifarişi ilə Azərbaycan Tibb Universitetini bitirmiş və digər mütəxəssislər üçün 300 plan yeri üzrə rezidenturaya qəbul imtahanları keçiriləcək "İmtahanlar 40 ixtisas üzrə keçiriləcək. Ancaq ATU-nu bitirənlərin hamısının həkim-mütəxəssis kimi hazırlanmasına ehtiyac yoxdur. Onların əksəriyyəti ailə həkimi, sahə terapevti və Səhiyyə Nazirliyinin müəyyən etdiyi digər sahələrdə fəaliyyət göstərə bilərlər".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında