O, əsl gözəllik mücəssəməsi idi

Mən bu sətirləri yaza-yaza özümü heç cür inandıra bilmirəm ki, Zərifə xanım artıq aramızda yoxdur. (Bir də axı bu necə ola bilər?) Bir insan ki, öz yurduna, öz xalqına bu qədər bağlı ola, onu tanıyan adamların qəlbində əbədi iz sala, bir insandan ötrü ki, biz hamımız bu boyda qürur hissi duyaq, o insanın yoxluğuna necə inanmaq olar.
Zərifə xanımla hər görüş onu tanıyanlara həqiqi sevinc gətirirdi. Elə birinci görüşdən insanlarda yaratdığı xoş təəssürat uzun illərin ünsiyyəti boyunca sabit qalar, dəyişməzdi. Çünki o, insanlara münasibətində sabitqədəm idi. Həmsöhbətini dinləmək, yerinə çatmamış hər hansı bir məsələdə nəticə çıxarmağa tələsməmək bacarığı, imdad istəyənlərin taleyində şüurlu və xeyirxah rol oynamaq onun şəxsiyyətinin səciyyəvi xüsusiyyətlərindən sayılırdı. O, elə bir qadındı ki, bütün müsbət keyfiyyətləri öz şəxsində ahəngdar bir tərzdə cəmləşdirə bilmişdi. Yüksək erudisiyası, mənəvi məziyyətləri, gözəllik duyğusu ilə hər kəsi heyrətə sala bilərdi. "İnsanda hər şey gözəl olmalıdır - qəlbi də, sifəti də, fikri-düşüncəsi də, geyimi də". Bu məşhur kəlam sanki ondan ötrü deyilmişdi. İrili-xırdalı bütün görüşlərimiz ərzində mən bir şeyi dəqiq müəyyənləşdirmişdim ki, Zərifə xanımın gördüyü bütün işlərdə xeyir başlanğıc nöqtəsi, əsas istinadgah idi. Onun təbiətinə xas olan ən mühüm cəhətlər xeyirxahlıq və humanizm, insanlara sevinc bəxş etmək arzusu idi.
Zərifə xanımın işi ilə bağlı bir sıra hadisələr yaddaşımda əbədilik həkk olunub. İndiki kimi yadımdadır, bir dəfə onunla görüşmək üçün iş yerinə getmişdim. Xəstələrlə məşğul olduğu üçün oturub gözləməli oldum. Birdən Zərifə xanım çöhrəsində işıqlı təbəssüm otağa daxil oldu. Üzündən bəxtəvərlik yağırdı. Sanki dünyanı ona bağışlamışdılar. Sən demə, ağır xəstələrindən birinin qızı ona böyük bir gül dəstəsi gətiribmiş. Zərifə xanım isə al qərənfilləri qızından alıb, xəstənin özünə bağışlayıb. Ağır göz xəstəliyindən sonra bu güllərin gözəlliyini bir daha görən xəstənin xoşbəxtliyi Zərifə xanıma ləzzət verirdi. Əlbəttə, bu, yüksək peşəkar ustalığa malik hər bir həkim üçün uğurlu fəaliyyətin adi bir təzahürü idi, ancaq inanmaq olmurdu ki, bütün həkimlər xəstələrə bəxş etdikləri səadətdən Zərifə xanım kimi sonsuz həzz alsınlar. Yadımdadır, o vaxt Lev Nikolayeviç Tolstoyun sözlərini xatırlamışdım: "Həyatda şəksiz-şübhəsiz, bircə həqiqi xoşbəxtlik var - başqaları üçün yaşamaq səadəti". Mən bu sözləri söyləyəndə Zərifə xanım gülümsəyib, bu müdrik kəlamı təsdiqləmişdi. Mənə elə gəlir ki, bu sözləri onun həyat devizi də saymaq olardı: Zərifə xanım gözəl ana, qayğıkeş bacı, fədakar ömür-gün yoldaşı və etibarlı dost idi. Xatırladığım bu epizod da onun insanpərvərliyini, adamlara sevinc bəxş etməkdən doymadığını bir daha göstərir.
Həddən artıq nizam-intizamlı adamdı. Ciddi və özünə qarşı tələbkar idi, başqalarından da bunu umurdu. Mənəvi borc və məsuliyyət duyğuları onu bircə an da tərk etmirdi. Vədinə xilaf çıxmaq ona yad idi. Kifayət qədər nüfuzlu bir şəxsiyyət kimi, ətrafındakıların böyük hörmət və ehtiramını qazansa belə, həmişə özünü sadə və təvazökar tutardı. Başqalarının vaxtına qiymət verməyi də bacarırdı, ünsiyyətdə olduğu insanlarda yalnız yaxşı keyfiyyətlərə də. Mən elmi işimlə əlaqədar onun yanına tez-tez gedib-gəldiyim üçün bunu başqalarından yaxşı bilirəm: Zərifə xanımın sənədləri, yazıları həmişə təkmil olar, savadlı tərtib edilər və öz vaxtında ünvanına çatdırılardı. Bütün qapılar onun üzünə açıq olsa da, həmişə işdən ötrü bir yerə getmək istəyəndə əvvəlcədən razılıq alardı.
Mən Zərifə xanımı ölkənin görkəmli qadın alimləri arasında da müşahidə etmişdim. O, söhbəti peşəkar səviyyədə aparmağı da, sözün ən yüksək mənasında qadın olaraq qalmağı da bacarırdı. Belə görüşlərdən birində akademik Valentina Aleksandrovna Nasanovanın dediyi sözləri öz qulaqlarımla eşitmişəm: "Mən məsul vəzifələrdə işləyən çoxlarının xanımları ilə tanış olmuşam. Ancaq sizinlə təmasdan sonra heyrətə gəlməyə bilmirəm ki, siz bu qədər müdrik, yüksək mədəniyyət və elm sahibi olmaqla yanaşı, həm də bu qədər incə hissiyyata maliksiniz. Zərifə xanım, qınayan olmasaydı, mən deyərdim ki, siz ərinizin sadəcə qadını və dostu yox, tən yarısısınız".
Bu lətafətli qadın mənim yaddaşımda həm də ən çətin məqamlarda insana kömək əli uzada bilməsi ilə həkk olunub. O, insan kimi ömrünün mənasını bunda görürdü. Mən özüm də çıxılmaz anlarımda ona müraciət etmişəm. Zərifə xanım məni təmkinlə axıra qədər dinləyib, qiymətli məsləhətlər verib, inandırıb ki, belə həll olunan şeylərdən ötrü bu qədər həyəcanlanmağa dəyməz, gərginliyimi götürüb, məni ruhlandırıb. Belə vaxtlarımdan birində nikbin söhbətdən sonra təzəcə çapdan çıxmış monoqrafiyasının üstünü yazaraq mənə bağışlamışdı. Yadımdadır, o vaxt evə döndükdən sonra mən uzun müddət bu qadındakı insanların qəlbinə yol tapmaq, onların dərdinə-sərinə şərik olmaq, səmimiyyətlə kömək göstərmək kimi qeyri-adi məziyyətlərinin təsiri altından çıxa bilməmişdim.
İndinin özündə də Zərifə xanımın könül hərarətinin bir parçası kimi həmin kitabı ən əziz bir xatirə kimi saxlayıram.

{nl}

T.HÜSEYNOVA, professor

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında