“Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı

 Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirilib.

Konfransı giriş sözü ilə İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə açaraq bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Hepatit Birliyi tərəfindən təyin olunan bu günün məqsədi dünya əhalisini hepatit virusları barədə məlumatlandırmaq, bu amansız xəstəliyə qarşı mübarizə səylərini gücləndirməyə çağırmaqdır. Azərbaycanda hepatitlərlə mübarizə sahəsində mühüm addımların atıldığını vurğulayan S.Babazadə ölkəmizdə xəstələrə zəruri dərman preparatlarının dövlət hesabına təqdim edildiyini və müalicə işi aparıldığını, profilaktik tədbirlər baxımından İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən maarifləndirici materialların hazırlanaraq çap edildiyini və əhaliyə paylandığını bildirdi.

Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın sədr müavini Həqiqət Qədirova hepatit virusunun bütün növlərinə yoluxma, xəstələnmə göstəriciləri və bu sahədə görülən tibbi tədbirlər barədə məlumat verib. H.Qədirova həyata keçirilən tədbirlər nəticəsində sağalma faizinin yüksək olduğunu diqqətə çatdıraraq vurğulayıb ki, ölkəmizdə aparılan vaksinasiya, xəstəliyin diaqnostika, müayinə və müalicəsi sahəsində, eləcə də görülən antiepidemioloji tədbirlər bu sahədə vəziyyətin daha da yaxşılaşmasına səbəb olub.

ATU-nun Tədris Terapevtik Klinikasının həkim qastronetroloq-hepatoloqu İlhamə Əmiraslanova çıxış edərək bildirdi ki, hepatit viruslarına hər kəs yoluxa bilər: “Bəli, hepatit viruslarına hər kəs yoluxa bilər, amma bu o demək deyil ki, hepatitdən qorunmaq mümkün deyil. Bunun üçün bir sıra gigiyena qaydalarına əməl etmək, xüsusən şəxsi gigiyena vasitələrindən – diş fırçası, üzqırxan və manikür alətlərindən fərdi qaydada istifadə etmək lazımdır”.

Tədbirin sonunda iştirakçılara İSİM tərəfindən hazırlanmış “İİV və HEPATİT B, C – bunları bilmək vacibdir!” maarifləndirici material paylanılıb.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında