“İmmunlaşdırma həftəsi”nə dair mətbuat konfransı keçirilib

Azərbaycan 2007-ci ildən “İmmunlaşdırma həftəsi” qlobal kampaniyasına qoşulub. Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən Avropa regionunda keçirilən bu kampaniya zəruri vaksinlərin əhali üçün əlçatan olmasına yönəldilib.

Bu fikirlər dünən  Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzində növbəti Avropa İmmunlaşdırma Həftəsinə həsr edilən mətbuat konfransında səsləndirilib.

Tədbirdə RGEM-in baş direktoru İmran Abdullayev, mərkəzin direktor müavini Afaq Əliyeva, ÜST-nın Azərbaycan nümayəndəliyinin mütəxəssisi Cavahir Süleymanova iştirak ediblər.

Bildirilib ki, səhiyyə nazirinin ölkəmizdə “İmmunlaşdırma həftəsi”nin keçirilməsi haqqında əmrinə əsasən, şəhər və rayonlardakı tibb müəssisələrinin və nazirliyin qurumlarının rəhbərlərinə aprelin 23-dən 29-dək “İmmunlaşdırma həftəsi”nin keçirilməsi tapşırılıb. Həftə çərçivəsində Azərbaycanın bütün sahə tibb müəssisələrində təmizləyici immunlaşdırma – tam peyvənd olunmamış və ya ümumiyyətlə, peyvənd edilməmiş uşaqlara peyvəndlər vurulacaq.

Ölkəmizdə yoluxucu xəstəliklərin profilaktikası üzrə genişmiqyaslı və səmərəli tədbirlər, eləcə də bu xəstəliklərə qarşı mübarizə nəticəsində dayanıqlı epidemioloji sabitlik təmin edilib. Hazırda Azərbaycanda Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi, 11 yoluxucu xəstəliyə (qızılca, məxmərək, parotit, difteriya, göyöskürək, tetanus və s.) qarşı vaksinasiya aparılır, ölkədə bütün uşaqları əhatə edən planlı peyvənd həyata keçirilir. Ölkədə planlı peyvənd və immunlaşdıma işlərinin daim təkmilləşdirilməsi nəticəsində yoluxucu xəstəliklərin azalması halları üzrə sabit dinamikliyə nail olunub.

Ölkəmizdə 1995-ci ildən poliomielit, 2008-ci ildən məxmərək, 2010-cu ildən difteriya, 2013-cü ildən qızılca, 2014-cü ildən göyöskürək və 2016-cı ildən epidemik parotit xəstəlikləri müşahidə olunmur. Bundan əlavə, 2016-cı ilin aprel ayından ölkəmizin bütün şəhər və rayonlarında üçvalentli OPV vaksininin istifadəsi dayandırılıb və onun əvəzinə ikivalentli OPV vaksini tətbiq edilməyə başlanıb. 2014-cü ildən Azərbaycana vaksinlər UNISEF-in xətti ilə daxil olur.

Məlumat verilib ki, dünyada suçiçəyinə qarşı vaksinasiya tətbiq edilməsinə baxmayaraq, Azərbaycanda buna qarşı vaksinasiya olmadığından xəstəliyə yoluxma hallarına indiyədək rast gəlinir. Suçiçəyinə daha çox qış aylarında, xüsusən noyabr və dekabrda rast gəlinir. Lakin əvvəlki illərlə müqayisədə ötən ilin noyabr-dekabr aylarında ölkədə xəstəliyə tutulma halları azalıb. Vurğulanıb ki, rayonlarda peyvəndlərdən kütləvi imtina halları daha müşahidə edilmir. Bəzi hallarda valideynlər uşaqlara peyvənd vurdurmaqdan imtina edirlər, lakin bu, çox aşağı faizdir. Valideynlər övladları ilə xaricə gedərkən çox diqqətli olmalıdırlar. Uşaqlar yoluxa bilər və buna görə də onların vaksinasiyasını keçirmək lazımdır. Həmçinin qeyd olunub ki, Azərbaycanda vərəm və hepatit xəstələrinin sayı azalıb. Vurğulanib ki, immunlaşdırma səhiyyə sahəsində ən uğurlu və iqtisadi cəhətdən səmərəli tədbirlərdən biridir. “İmmunlaşdırma həftəsi”nin məqsədi immunlaşdırmanın vacibliyi barədə əhalinin məlumatlandırılması, habelə uşaq ölümü səviyyəsinin azaldılması və peyvənddən sonra ağır nəticələrin azaldılmasıdır.

Mətbuat konfransında malyariya ilə xəstələnmə hallarını əks etdirən qrafik də nümayiş olunub. Azərbaycanda 2013-cü ildən bu xəstəlik müşahidə edilmir. Vurğulanıb ki, Azərbaycanın bu uğuru Dünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu tərəfindən də qeyd olunub.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında